PDF Oxu

İqtisadiyyat

  • 8 000

Avtoparkımızı necə təzələyə bilərik? – ARAŞDIRMA

image

Köhnə maşınlara məhdudiyyət qoymazdan əvvəl təzə maşınlara güzəştlər edilməlidir

.

Xəbər verildiyi kimi, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb. Qərarda məqsədin ölkənin avtomobil parkının yenilənməsi olduğu göstərilsə də, bu məsələ icitmiayyət arasında birmənalı qarşılaşnmayıb. Bir çoxları bu qərarın istismardan çıxmaqda olan maşınların bərpa olunaraq yenidən dövriyyəyə daxil edilməsinə və köhnə maşınların qiymətinin bahalaşmasına səbəb olacağını düşünür. Bu sahədə real vəziyyət necədir, belə bir qərarın verilməsi avtoparkımızın yenilənməsinə hansı dərəcədə təsir göstərəcək? Bu yazımızda bunu araşdırmağa çalışmışıq.

.

Avtoparkımızın real vəziyyəti qənatbəxş deyil

.

Hazırda Azərbaycanda təxminən 1,5 milyona avtomobil istismardadır. Təxminən 1 milyon minik avtomobilinin yaşı (ölkə avtoparkının 70%) 10 ildən yuxarıdır. 20 faizinin isə yaşı 30 ildən çoxdur. Azərbaycanın avtomobil parkında 100 mindən artıq yaşı 40 il və daha yuxarı, 125 mindən artıq yaşı 30-dan yuxarı, 300 mindən artıq yaşı 20-dən yuxarı müxtəlif tip avtomobil var.

Yollarda xeyli sayda istismar müddətini başa vurmuş, texniki cəhətdən yararsız və təhlükəli maşınları görmək mümkündür. Köhnə maşınların sayının çox olması ekologiyanın korlanmasına da gətirib çıxarır. Belə ki, Azərbaycanda hava çirklənməsində avtomobil sektorunun payı 80 faizdən çoxdur. Bu da dəm qazı, karbohidrogenlər, azotoksidləri və digər zərərli qazların həcmdə buxarılması deməkdir.

Köhnə və xarab maşınların yaratdığı digər təhlükəyə gəldikdə deməliyik ki, yol qəzalarının 70 faizi məhz bu avtomobillərin payına düşür. Nəticədə hər il yüzlərlə insan bu qəzalarda həlak olur, yüzlərlə insan isə ağır xəsarət alır.

.

Köhnə maşınları necə yığışdırmaq olar?

.

Bir neçə ildir deyilir ki, Azərbaycanda avtomobil parkı yenilənəcək, istismar müddətini başa vuran yararsız maşınlar utilizasiyaya göndəriləcək. Bunun əvəzində vətəndaşlara ucuz qiymətə və güzəştli şərlərlə yeni avtomobil almaları üçün şərait yaradılacaq.

Bu, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın 7.3.7.1-ci bəndində nəzərdə tutulub. Bu il artıq bu dövlət proqramının sonuncu ilidir, lakin proses hələ də başlamayıb.

Bu layihənin həyata keçirilməsi zamanı vətəndaşları maraqlandıran məsələlərdən biri köhnə avtomobillərin hansı qaydada utilizasiyaya göndəriləcəyi, hansı şərtlərlə yeni avtomobilləri ala biləcəkləridir. İqtisadiyyat Nazirliyi bildirib ki, “Nəqliyyat vasitələrinin utilizasiyası proqramının hazırlanması və tətbiqi” layihəsi çərçivəsində nəqliyyat vasitələrinin utilizasiyasının tam könüllülük əsasında həyata keçirilməsi, o cümlədən bu istiqamətdə müəyyən stimullaşdırıcı tədbirlər nəzərdə tutulur.

Belə ki, vətəndaş könüllü şəkildə nəqliyyat vasitəsini utilizasiyaya verdikdən sonra ona təqdim ediləcək təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş avtomobil almaq istədikdə müəyyən qədər güzəşt əldə edəcək. Bundan başqa, təsdiqedici sənəd əsasında müəyyən məbləğin birdəfəlik ödəniş kimi alınması imkanı da nəzərdə tutulub.

.

Avtoutilizasiya proqramı haqda xarici təcrübə

.

Bir çox ölkələr avtoutilizasiya proqramı həyata keçirərək öz avtomobil parklarını yeniləyib və nəticədə həm yol qəzalarının sayı, həm də ekoloji çirklənmə xeyli azalıb. Məsələn, Rusiyada demək olar ki, 13 ildir köhnə avtomobillərin utilizasiyası proqramı qüvvədədir. Dövlət bu proqramın həyata keçirilməsi üçün federal büdcədən hər il böyük məbləğdə vəsait ayrılır.

Hər il vətəndaşlara Rusiya istehsalı olan 100 mindən çox müasir avtomobil satılır, dövlətin utilizasiya proqramının büdcəsi isə 50 milyard rubl (təxminən 1,5 milyard manat) civarındadır.

Dövlət texniki vəziyyəti bərbad olan maşınları münasib qiymətə alır və vətəndaşa yeni avtomobil almaq üçün güzəştli və uzunmüddətli kredit verir. Yerli avtomobillər belə vətəndaşlara daha ucuz qiymətə təklif olunur. Beləliklə, Rusiya öz vətəndaşlarını yerli markalara aid avtomobilləri almağa həvəsləndirir. Nəticədə son 10-12 ildə Rusiyanın avtomobil parkının yarıdan çoxu yenilənib.

.

Köhnə maşından təzəsinə keçidin problemləri

.

Azərbaycanda ən ucuz avtomaşınların qiymətləri 17-20 min manatdır. Bu halda vətəndaş özünün hazırda bazar dəyəri 3-5 min manat olan avtomobilini verib 4-5 qat qiymətə yeni maşın ala bilməyəcək, çünki dövlət onun köhnə maşınına uzağı 1-2 min manat ödəyəcək. Qalan fərqi hətta kreditə bölsələr belə vətəndaş uzun illər ayda 300 manatdan az olmayaraq vəsait ödəməlidir ki, bu da böyük əksəriyyət üçün mümkün deyil.

Bu halda yeganə çıxış yolu, dövlətin həmin maşınları real bazar dəyərinə alması, ölkədə yığılan maşınları və xaricdən gətirilən maşınları onlara maya dəyərinə verməsidir. Həm də faizsiz və uzunmüddətli kreditlə. Yalnız bu halda bu proqram effektli və ədalətli ola bilər. Üstəlik, həmin avtomobillərin detallarının güzətşli satışı təşkil olunmalıdır. Çünki yeni model maşınların ehtiyat hissələri çox bahadır, demək, məsələ təkcə maşını almaqla bitmir, onu saxlaya bilmək də var.

Avtomobillərin gömrük rüsumu yüksək olduğundan əhalinin 90 faizinin yeni və az işlənmiş maşın almaq imkanı yoxdur. Normal bir təzə və ya az işlənmiş maşın ölkəyə gömrük rüsumları ilə birgə 30 min manata gəlib çıxacaq. Lakin 10-15 min manata daxili bazardan saz vəziyyətdə 10-15 ilin maşınlarını almaq mümkündür.

Yeni avtomobillərin satışına zərbə vuran amillər

.

2015-ci və 2017-ci illərdə tətbiq olunmuş yeni aksiz vergiləri, 2018-ci ilin yanvar ayında yeni gömrük rüsumu və 2019-cu ilin yanvar ayında daha bir yeni aksiz vergisi oldu. Nəticədə təzə modellərin qiyməti əhalinin əksəriyyəti üçün əlçatmaz səviyyəyə qalxdı.

Daha bir məqamı nəzərə almaq lazımdır ki, bir sıra vətəndaşlarımız ucuz və köhnə avtomobillə yük daşıyır, xidmət göstərir, öz təsərrüfatı üçün istifadə edir və bununla dolanır. Salondan alınmış təzə maşınla, ya da istehsalı 5-10 il arasında olan 20-30 min manatlıq maşınla o bunu edə bilməyəcək.

Yeni maşınların təmir və servis xərcləri dəfələrlə baha başa gəldiyindən bu maşınlarla həmin işi görməsi mümkün olmayacaq. Demək belə vətəndaşlara dövlət uzun müddətli kredit verməlidir ki, o ili nisbətən yeni olan və texniki cəhətdən daha yaxşı vəziyyətdə olan başqa bir işlənmiş maşın ala bilsin. Məsələn, 3 min manatlıq xarab maşınının əvəzinə 10 min manata daha yaxşı vəziyyətdə olan işlənmiş maşın ala bilsin. Bu halda dövlət onun maşınını bazar dəyərinə- 3 min manata qəbul etməli, ona 7 min manat krediti 5-10 il müddətinə cüzi faizlə verməlidir. Yalnız bu halda köhnə və yararsız avtomobil sahibləri bunda maraqlı ola bilərlər.

.

Köhnə yox, nasaz maşınlar yığışdırılmalıdır

.

Bir çox maşınların istehsal ili çox köhnə olsa da, texniki vəziyyətləri sazdır və ya demək olar ki, ideal vəziyyətdədir. Hətta yaşı 50 ildən çox olan retro avtomobillərin qiyməti çox bahadır. Dünyanın bütün ölkələrində 50-100 arası yaşı olan avtomobillər istifadə olunur, əlbəttə, texniki vəziyyətləri normal halda. Demək avtomobillərə yaşına görə yox, texniki vəziyyətinə görə yanaşılmalıdır. Əgər avtomobil texniki baxışdan keçirsə demək istifadəyə yararlıdır.

Və ya əksinə, elə maşınlar var ki istehsal ili nisbətən yenidir, amma ağır qəza keçirib və ya çox pis istifadə edildiyindən texniki vəziyyəti bərbad haldadır. Yəni, 10 ilin maşını 30 ilin maşınından daha pis vəziyyətdə ola bilər. Lakin bazar dəyəri 10 min manatdan aşağı deyil. Bu halda həmin maşın dövlət necə, hansı qiymətə qəbul edəcək? Sahibi o maşını 1-2 min manata verməyəcək. Bundansa detallarını söküb satsa dəfələrlə çox gəlir əldə edər.

Göründüyü kimi, bu proqramla bağlı hələ də aydın olmayan xeyli mürəkkəb məsələ var. Elə bir optimal yol tapılmalı və şərtlər elə ədalətli olmalıdır ki, köhnə avtomobil sahibləri bunda maraqlı olsun.

.

Avtomobil istehsalı, idxalı və satışı haqda

.

Son dövrlərdə hər il ölkəyə 50 mindən çox avtomobil gətirilir. 2021-ci ildə bu rəqəm 85 minə yaxın olub. Son 5 ildə hibrid maşınların idxalı 40 dəfə artıb. Təəssüf ki, belə bir böyük bazarda yerli yığımın payı çox azdır.

Əgər vaxtında burada hibrid və elektromobil yığımı təşkil olunsaydı indi yerli zavodlar on minlərlə maşın satmış olardılar. Yenə də gec deyil. Bu maşınlara böyük tələbat var. Xüsusən də, taksi sahəsində.

Yerli avtomobil sənayesinin inkişafı üçün 2 yol var. Birincisi qeyd etdiyimiz dövlət proqramının qəbul olunması, geniş miqyasda və sərfəli şərtlərlə tətbiqi, digəri isə bütün dövlət orqanlarının yalnız yerli yığım avtomobilləri almasının xüsusi qərarla məcburi xarakterə salınması.

Ən əsası, bu proqram optimal və ədalətli şəkildə həyata keçirilsə, ölkənin avtomobil parkı 5-10 il ərzində əsaslı şəkildə təzələnə bilər. Nəticədə həm qəzaların və ölümlərin sayı azalar, həm də ekologiyamız daha az korlanar.

Azərbaycanda İran, Rusiya və Çin avtomobillərinin yığım zavodları var. Yeni zavodlar açmaq da olar. Yerli yığımı genişləndirmək və ölkənin tələbatını tam ödəməklə yanaşı, digər ölkələrə ixrac da etmək olar. Sürücülərin çoxu qeyd edir ki, bu maşınlar arzuolunan keyfiyyətdə deyil, üstəlik kredit şərtləri uyğun deyil. Əgər bu məsələ həll edilsə, yerli maşınları alanların sayı artar.

.

Dövlət orqanları yerli maşınları almalıdırlar

.

Yerli avtomobillərin ən böyük payı dövlət orqanlarında ola bilərdi ki, bu da müxtəlif səbəblərdən baş tutmadı. Bir neçə il əvvəl ölkə prezidenti dövlət orqanlarını yerli maşınları almağa çağırdı. İlk vaxtlar bu çağırışa cavab olaraq bəzi dövlət orqanları öz ehtiyacları üçün yerli yığım maşınları alsalar da, sonralar bu proses dayandı. Sanki qısa müddətli bir kampaniya xarakterli olaraq qaldı. Bu gün biz əksər dövlət orqanlarının, idarə, təşkilat və müəssisələrinin maşınlarının xarici istehsal olduğunu görürük. Halbuki bu avtomobillər yerli maşınlardan 3-5 dəfə bahadır.

Hansısa müdirin və ya məmurun 50-100 minik maşında gəzməsi vacib deyil, dövlətin pulunu buna xərcləməyə dəyməz. Ona görə də, hesab edirik ki, bu tələb rəsmi və qəti olmalıdır. Bütün dövlət təşkilatları yerli avtomobil almalıdırlar. Bu halda avtomobil sənayesi sürətli inkişaf edər. Getdikcə ehtiyat hissələrinin çoxunun ölkəmizdə istehsalı tətbiq oluna və böyük bir sənaye sahəsi yaranar. Qeyd etmək lazımdır ki, Azərbaycanda demək olar ki, əksər sinif maşınlar yığılır- sedan, krossover, pikap, universal, xeçbek və s. Əgər dövlət orqanları, məmurlar, nüfuzlu şəxslər nümunə göstərib bu maşınları alsalar, adi vətəndaşlar da alar.

Elçin Bayramlı

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...