Dünyanın aparıcı konsaltinq şirkətlərindən biri olan Deloitte qlobal iqtisadiyyatda baş verən son dəyişiklikləri təhlil edib. Şirkətin iqtisadçısı Dr. Ira Kalish tərəfindən hazırlanan həftəlik hesabatda ABŞ əmək bazarındakı vəziyyət, Avrozonada inflyasiyanın sürətlənməsi, İngiltərə Bankının faiz qərarı, Çinin süni intellektə yatırımları və nüvə enerjisinə marağın yenidən artması kimi məsələlərə diqqət yetirilib.
Hesabatda qeyd olunur ki, süni intellektə yatırımlar dünyanın iki ən böyük iqtisadiyyatının – ABŞ və Çinin inkişafına ciddi təsir göstərir. Eyni zamanda, enerji qiymətlərinin artması və inflyasiya mərkəzi bankların pul siyasətini sərtləşdirməsi ehtimalını gücləndirir.
ABŞ-da əmək bazarının vəziyyəti oktyabr ayında gözləntilərdən daha yaxşı olub. Hökumətin açıqladığı məlumatlara əsasən, ay ərzində ölkədə 165 min yeni iş yeri yaradılıb. Bu, analitiklərin proqnozlaşdırdığından xeyli yüksək göstəricidir və cari ildə qeydə alınan ən güclü üç aylıq nəticədən biridir. Yeni iş yerlərinin təxminən 76 faizi iki sahənin – peşəkar və biznes xidmətləri, eləcə də səhiyyə və sosial xidmətlərin payına düşüb.
Peşəkar və biznes xidmətləri sektorunda məşğulluq 70 min nəfər artıb. Bunun 32 900-ü elmi, texniki və peşəkar xidmətlər, 17 300-ü isə idarəetmə və konsaltinq xidmətləri ilə bağlı olub. Səhiyyə və sosial xidmətlər sektorunda da 55 100 yeni iş yeri yaradılıb. Mütəxəssislər məşğulluğun artımının bir hissəsinin data mərkəzlərinin genişlənməsi və süni intellekt texnologiyalarının tətbiqi ilə əlaqəli ola biləcəyini bildirirlər.
Bununla belə, əməkhaqlarının artım tempi zəifləyib. Oktyabrda orta saatlıq əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz artıb. Bu, 2021-ci ilin mayından bəri ən aşağı artım göstəricisidir. Əməkhaqlarının istehlak qiymətlərindən daha yavaş artması əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərir. Bu vəziyyət gələcəkdə istehlak xərclərinin azalmasına səbəb ola bilər.
Hesabatda diqqət çəkən digər məqam işsizlik səviyyəsinin sentyabr ayındakı 4,2 faizdən oktyabrda 4,1 faizə enməsidir. Əmək bazarının güclü göstəriciləri fonunda investorlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) dekabrda faiz dərəcəsini artıracağı ehtimalını daha yüksək qiymətləndirməyə başlayıblar.
ABŞ-ın özəl sektorunda əməkhaqlarının artım tempi zəiflədiyi halda, işəgötürənlərin sosial təminat və tibbi sığorta xərcləri yüksəlir. 2026-cı ilin üçüncü rübündə əməkhaqları və maaşlar ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz artıb. Bu, 2021-ci ilin birinci rübündən bəri ən aşağı artım göstəricisidir.
Eyni zamanda, sentyabrda istehlak qiymətləri 3,7 faiz yüksəlib. Beləliklə, əməkhaqlarının artımı inflyasiyadan geri qalır. Digər tərəfdən, işçilərin sosial təminat xərcləri üçüncü rübdə illik müqayisədə 3,9 faiz artıb. Bu, 2023-cü ilin ikinci rübündən bəri ən yüksək göstəricidir.
Artımın əsas səbəblərindən biri səhiyyə xidmətlərinin bahalaşmasıdır. Özəl sektorda çalışan işçilərin tibbi təminat xərcləri üçüncü rübdə 6,4 faiz artıb. Halbuki əvvəlki rübdə bu göstərici 6 faiz təşkil edirdi. Bu tendensiya göstərir ki, işçilərin qazancı nisbətən zəif artsa da, müəssisələrin işçi qüvvəsinə çəkdiyi ümumi xərclər sürətlə yüksəlir.
Avrozonada inflyasiya yenidən ciddi problemə çevrilir. Avropa Komissiyasının məlumatına görə, 20 ölkədən ibarət Avrozonada istehlak qiymətləri oktyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artıb. Bu, 2023-cü ilin sentyabrından bəri ən yüksək göstəricidir. Xatırladaq ki, Yaxın Şərqdə münaqişə başlamazdan əvvəl, fevral ayında inflyasiya 1,9 faiz səviyyəsində idi.
Bahalaşmanın əsas səbəblərindən biri enerji qiymətləridir. Oktyabrda enerji qiymətləri illik müqayisədə 20,8 faiz, əvvəlki ayla müqayisədə isə 1,4 faiz artıb. Ərzaq və enerji qiymətləri nəzərə alınmadan hesablanan baza inflyasiyası isə 2,5 faiz təşkil edib.
Ölkələr üzrə illik inflyasiya göstəriciləri belə olub:
- Almaniya – 2,8 faiz;
- Fransa – 3,8 faiz;
- İtaliya – 5,6 faiz;
- İspaniya – 4,9 faiz;
- Niderland – 3,3 faiz;
- Belçika – 5,2 faiz;
- Yunanıstan – 5,6 faiz;
- Avstriya – 3,5 faiz;
- Portuqaliya – 3,9 faiz;
- Finlandiya – 3,4 faiz.
İnflyasiyanın sürətlənməsi Avropa Mərkəzi Bankına faiz dərəcələrini artırmaq istiqamətində təzyiqi gücləndirir. Bazar iştirakçıları dekabr ayında faiz dərəcəsinin 0,25 faiz bəndi artırılması ehtimalını 88 faiz qiymətləndirirlər. Aprel 2027-ci ilin sonunadək ən azı iki faiz artımı ehtimalı da gündəmdədir. Bununla belə, neft qiymətlərinin aşağı düşməsi inflyasiya proqnozlarını dəyişə bilər.
İngiltərə Bankı inflyasiyanın yüksək səviyyədə qalması səbəbindən uçot faiz dərəcəsini 0,25 faiz bəndi artıraraq 4 faizə çatdırıb. Bu, 2023-cü ildən bəri ilk faiz artımıdır. Bankın Pul Siyasəti Komitəsinin bütün doqquz üzvü faizlərin artırılmasını dəstəkləyib. Onlardan biri, Ketrin Mann isə daha böyük – 0,5 faiz bəndi artımın tərəfdarı olub. Mərkəzi bank inflyasiyanın əvvəlcə yüksələcəyini, daha sonra isə azalacağını proqnozlaşdırır. Gözləntilərə görə, istehlak qiymətlərinin artımı gələn ilin ikinci rübündə 5 faizə çatacaq. İnflyasiyanın 2 faizlik hədəfə qayıtması isə yalnız 2028-ci ilin sonlarında gözlənilir.
İngiltərə Bankının rəhbəri Endryu Beyli bildirib ki, son faiz artımı uzunmüddətli artımlar silsiləsinin başlanğıcı kimi qiymətləndirilməməlidir. Bununla belə, Yaxın Şərqdəki münaqişə həll olunmasa, əlavə faiz artımları da mümkündür.
Onun sözlərinə görə, münaqişənin davam etməsi enerji qiymətlərinin yüksək qalmasına və inflyasiya təzyiqlərinin güclənməsinə səbəb ola bilər. Mütəxəssislər hesab edirlər ki, pul siyasətinin daha da sərtləşdirilməsi kredit bazarına və ümumi iqtisadi fəallığa mənfi təsir göstərə bilər.
Çin süni intellekt sahəsinə yatırımlarını sürətlə davam etdirir. Lakin bu sahədə ABŞ-la müqayisədə investisiyaların həcmi xeyli aşağıdır. Çin beyin mərkəzlərindən birinin hesabatına görə, ölkənin 2026-cı ildə süni intellektlə bağlı xərcləri 220 milyard dollara çatacaq. Bunun 160 milyard dolları kapital qoyuluşlarına, 60 milyard dolları isə süni intellekt modellərinin hazırlanmasına yönəldiləcək.
ABŞ-da isə bu sahəyə ümumi investisiyaların 840 milyard dollar olacağı proqnozlaşdırılır. Hesabata əsasən, süni intellektə yatırımların ABŞ iqtisadiyyatının artımına töhfəsi 1,3 faiz bəndi, Çin iqtisadiyyatına töhfəsi isə 0,4 faiz bəndi olacaq. Bununla belə, bu rəqəmləri birbaşa müqayisə etmək müəyyən yanlış təsəvvür yarada bilər. Belə ki, ABŞ-ın süni intellekt sahəsindəki investisiyalarının böyük hissəsi serverlər, çiplər və digər texnoloji avadanlıqların idxalından ibarətdir.
Bu səbəbdən idxal xərcləri nəzərə alınmadıqda ABŞ-da süni intellekt investisiyalarının iqtisadi artıma real töhfəsi daha aşağı görünə bilər. Çin isə süni intellektlə əlaqəli məhsulların əsas ixracatçılarından birinə çevrilib. Beləliklə, bu ölkənin iqtisadi artımına töhfə yalnız daxili investisiyalarla deyil, həm də texnoloji məhsulların ixracı ilə bağlıdır.
Deloitte bildirir ki, ABŞ və Çin iqtisadiyyatlarında hazırda qeyri-bərabər inkişaf modeli formalaşır. İqtisadi artımın əsas hissəsi süni intellektlə əlaqəli fəaliyyətlər hesabına təmin edilir, ənənəvi daxili istehlak isə geridə qalır. Hər iki ölkədə süni intellekt şirkətlərinin səhmlərinin son dövrlərdə ucuzlaşması investisiyaların gələcəkdə zəifləyə biləcəyi ehtimalını artırır.
Dünyada elektrik enerjisinə tələbatın yüksəlməsi nüvə enerjisinə marağı yenidən gündəmə gətirib. Bu prosesdə data mərkəzlərinin sürətlə genişlənməsi və süni intellekt texnologiyalarının artan enerji ehtiyacı mühüm rol oynayır. Hazırda dünyada 79 nüvə reaktoru tikilməkdədir. Bu, son 40 ilin ən yüksək göstəricisidir. Növbəti 15 il ərzində fəaliyyətə başlaması gözlənilən reaktorlar da nəzərə alınarsa, tikinti və inkişaf mərhələsində olan layihələrin sayı 201-ə çatır.
Mövcud reaktorların bir hissəsinin istismardan çıxarılacağı nəzərə alınsa da, 2041-ci ilədək dünyada işləyən nüvə reaktorlarının sayının 600-ü keçəcəyi proqnozlaşdırılır. Hazırda bu göstərici 443-dür. Nüvə enerjisinə marağın artmasının başqa səbəbləri də var. Son onillikdə təbii qaz təchizatı iki dəfə ciddi pozulub: ilk dəfə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra, ikinci dəfə isə 2026-cı ildə Yaxın Şərqdə münaqişənin başlanması ilə.
Deloitte hesab edir ki, nüvə enerjisi mövcud enerji mənbələrinin təchizatında yaranan fasilələrdən asılılığı azaltmağa kömək edə bilər. Bundan əlavə, nüvə enerjisi karbon emissiyalarının aşağı səviyyəsi ilə seçilir. Hazırda tikilən 79 reaktorun 38-i Çində, 8-i Hindistanda, 7-si isə Rusiyadadır. Əvvəllər nüvə enerjisinə münasibətin kəskin mənfi olduğu Qərbi Avropada da, Fransa istisna olmaqla, yanaşmanın dəyişdiyi və investisiyaların artdığı müşahidə olunur.
Tərcümə - Lalə Mehralı
Rusiya Sənayeçi və Sahibkarlar Birliyi (RSPP) Rusiyada işsizliyin artacağını proqnozlaşdırdı...
Heç kim risk etmək istəmir...
Rusiya vətəndaşlarının Rusiyanın ÜDM-nin təxminən 20 faizini banklara və mikromaliyyə təşkilatlarına borcu var...
Neft emalı xüsusilə ağır zərbə aldı...
Yaxın günlərdə bunun Nijnekamsk, Perm və Tümenə də çatma ehtimalı yüksəkdir…
ABŞ-ın ikinci dərəcəli sanksiyaları səbəbindən...