PDF Oxu

Siyasət

  • 255

Azərbaycan–Böyük Britaniya münasibətlərində Strateji Tərəfdaşlıq güclənir - ŞƏRH

Azərbaycan–Böyük Britaniya münasibətlərində Strateji Tərəfdaşlıq güclənir - ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə keçirdiyi görüş ölkəmizin beynəlxalq əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Görüş çərçivəsində Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin mübadilə olunması iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.
Bu sənədin qəbul edilməsi Azərbaycan ilə Böyük Britaniya arasında uzun illər ərzində formalaşmış etibarlı əməkdaşlığın siyasi və hüquqi müstəvidə daha da möhkəmləndirilməsinə xidmət edir. Görüş zamanı vurğulandığı kimi, Bəyannamənin imzalanmasından əvvəl də ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyırdı. Yeni sənəd isə mövcud əməkdaşlığın geniş imkanlarını rəsmiləşdirərək gələcək fəaliyyət üçün daha aydın istiqamətlər müəyyənləşdirir.
Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin möhkəm təməllərindən biri enerji sahəsində qurulmuş uğurlu əməkdaşlıqdır. Bu əməkdaşlıq otuz ildən artıq müddətdə davam edərək ölkəmizin enerji potensialının beynəlxalq bazarlara çıxarılmasına, enerji təhlükəsizliyinin təmin olunmasına və qarşılıqlı iqtisadi maraqların inkişafına mühüm töhfə verib. Böyük Britaniyanın Azərbaycanda Avropanın ən böyük investoru olması da ölkəmizə və onun iqtisadi imkanlarına göstərilən etimadın bariz nümunəsidir.
Azərbaycanın əlverişli coğrafi mövqeyi, zəngin enerji resursları, sabit investisiya mühiti və həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət xarici tərəfdaşlar üçün geniş imkanlar yaradır. Britaniya şirkətlərinin ölkəmizdə uzunmüddətli fəaliyyəti bu imkanların real nəticələrini ortaya qoyur. Eyni zamanda, enerji sahəsində əldə edilmiş təcrübə digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün də möhkəm zəmin formalaşdırır.
Bu gün dünyada enerji keçidi, rəqəmsallaşma və innovativ texnologiyalar iqtisadi inkişafın əsas istiqamətlərinə çevrilib. Görüşdə bərpaolunan enerji, yüksək texnologiyalar və süni intellekt sahələrində əməkdaşlıq imkanlarının xüsusi qeyd olunması Azərbaycan–Böyük Britaniya münasibətlərinin yalnız ənənəvi sahələrlə məhdudlaşmadığını göstərir. Bu istiqamətlərdə birgə layihələrin həyata keçirilməsi yeni investisiyaların cəlbinə, müasir bilik və texnologiyaların tətbiqinə, eləcə də insan kapitalının inkişafına töhfə verə bilər.
Böyük Britaniyadan Azərbaycana həyata keçirilən yüksəksəviyyəli rəsmi səfərlər və aparılan müzakirələr də tərəflərin əməkdaşlığı daha da dərinləşdirmək niyyətinin göstəricisidir. Siyasi dialoqun davamlılığı, qarşılıqlı etimad və konkret iqtisadi maraqlar əlaqələrin inkişafında mühüm rol oynayır. Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu dialoqun davam etdirilməsi və yeni təşəbbüslərin reallaşdırılması üçün mühüm çərçivə yaradır.
Görüş zamanı beynəlxalq gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsinin aparılması da Azərbaycan və Böyük Britaniyanın regional və qlobal proseslərə dair dialoqa önəm verdiyini təsdiqləyir. Müasir beynəlxalq münasibətlər sistemində qarşılıqlı hörmətə, suverenliyə və əməkdaşlığa əsaslanan tərəfdaşlıqlar xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan özünün müstəqil xarici siyasəti, etibarlı tərəfdaş imici və beynəlxalq təşəbbüsləri ilə bu proseslərdə fəal iştirak edir.
Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və praqmatik xarici siyasət nəticəsində Azərbaycan dünyanın müxtəlif ölkələri ilə qarşılıqlı faydalı əlaqələr qurur, mövcud tərəfdaşlıqları yeni məzmunla zənginləşdirir. Böyük Britaniya ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində rəsmiləşdirilməsi də bu siyasətin mühüm nəticələrindən biridir. Bu addım ölkəmizin beynəlxalq nüfuzunun, iqtisadi potensialının və etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Dublində keçirilən görüş və mübadilə olunan Birgə Bəyannamə Azərbaycan–Böyük Britaniya əlaqələrinin gələcək inkişafında əlamətdar mərhələ olacaqdır. Enerji sahəsində formalaşmış möhkəm əməkdaşlığın yeni texnoloji və iqtisadi istiqamətlərlə tamamlanması hər iki ölkə üçün əlavə imkanlar açır. Bu tərəfdaşlığın genişlənməsi Azərbaycanın davamlı inkişafına, beynəlxalq əməkdaşlığının güclənməsinə və ölkəmizin qlobal iqtisadi proseslərdə mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.

Ayaz Novruzov

Yeni Azərbaycan Partiyası Culfa rayon
Camaldın kənd ərazi partiya təşkilatının sədri

Digər xəbərlər