PDF Oxu

Siyasət

  • 334

Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni mərhələ: Strateji Tərəfdaşlıq Bəyannaməsi və gələcək əməkdaşlıq perspektivləri

Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni mərhələ: Strateji Tərəfdaşlıq Bəyannaməsi və gələcək əməkdaşlıq perspektivləri

Azərbaycan Respublikasının xarici siyasətində beynəlxalq tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı etimad və ortaq maraqlar əsasında dövlətlərarası münasibətlərin inkişaf etdirilməsi, eləcə də müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi mühüm yer tutur.
Bu baxımdan, 2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnham tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” iki ölkə arasında münasibətlərin inkişafında mühüm hadisədir. Sözügedən sənəd Azərbaycan ilə Birləşmiş Krallıq arasında uzun illər ərzində formalaşmış əməkdaşlıq əlaqələrinin davamı olaraq, müxtəlif sahələrdə, xüsusilə elm, təhsil və innovasiya istiqamətlərində qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün yeni imkanlar yaradır.
Strateji Tərəfdaşlıq Bəyannaməsi üç əsas istiqaməti – müdafiə və təhlükəsizlik, ticarət, investisiya və artım, eləcə də təhsil və innovasiya sahələrini əhatə edir.
İştirakçıların təhsilin, elmin, tədqiqatın və innovasiyanın uzunmüddətli rifahın, məhsuldarlığın və sosial dayanıqlığın rəqabətə davamlı və inklüziv iqtisadiyyatların təməli olduğunu qəbul etməsi vurğulanmışdır. Həmçinin artan əmək bazarı və idarəetmə ehtiyaclarına cavab olaraq, ali təhsil, peşə təhsili və təlim, rəqəmsal və texniki bacarıqlar, eləcə də icraedici və dövlət sektorunda təlim də daxil olmaqla, təhsil və bacarıqların inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi qeyd olunmuşdur.
Bununla yanaşı, Azərbaycan və Birləşmiş Krallığın bacarıqların inkişafı, şəffaflıq və inklüziv artıma diqqət yetirərək, süni intellekt, rəqəmsal idarəetmə və innovasiya mühiti üzrə təcrübə mübadiləsi vasitəsilə də rəqəmsallaşdırma, inkişafda olan texnologiyalar və həyat elmləri sahələrində əməkdaşlıq edən universitetlər, tədqiqat institutları və sənayeləri arasında tərəfdaşlıq da daxil olmaqla, tədqiqat, innovasiya və texnoloji əməkdaşlığı təşviq edəcəyi sənəddə öz əksini tapmışdır.
İki ölkə arasında təhsil əlaqələrinin inkişafı üçün institusional baza və əməkdaşlıq mexanizmləri mövcuddur. Azərbaycanlı gənclərin Birləşmiş Krallığın ali təhsil müəssisələrində təhsil almaları, dövlət proqramları çərçivəsində yaradılan imkanlar və ikili diplom proqramları bu əməkdaşlığın mühüm istiqamətlərindəndir.
Xüsusi diqqət yetirilməli məsələlərdən biri də elmi tədqiqatların və innovasiya fəaliyyətinin inkişafıdır.
Müasir dövrdə süni intellektin və rəqəmsal texnologiyaların sürətli inkişafı elm və təhsil qarşısında yeni vəzifələr qoyur. Bəyannamədə süni intellekt, rəqəmsal idarəetmə və innovasiya mühiti üzrə təcrübə mübadiləsinin xüsusi qeyd olunması bu sahələrdə əməkdaşlığın gələcək potensialını nümayiş etdirir. Belə əməkdaşlıq rəqəmsal bacarıqların inkişafına, təhsil və tədqiqat proseslərində müasir texnologiyaların tətbiqinə, innovasiya yönümlü təşəbbüslərin təşviqinə və müvafiq sahələr üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına əlavə təkan verə bilər.
Eyni zamanda, peşə təhsili sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi xüsusi aktuallıq kəsb edir. İqtisadiyyatın transformasiyası, yeni sənaye sahələrinin inkişafı və rəqəmsallaşma əmək bazarında yeni kompetensiyalara tələbatı artırır. Birləşmiş Krallığın peşə hazırlığı, işəgötürənlərlə əməkdaşlıq və praktiki bacarıqların inkişafı sahəsində təcrübəsinin öyrənilməsi Azərbaycanda peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində aparılan işlərə faydalı töhfə verə bilər.
Qeyd etmək lazımdır ki, Bəyannamədə nəzərdə tutulan istiqamətlər üzrə əməkdaşlığın davamlılığını təmin etmək məqsədilə illik Strateji Tərəfdaşlıq görüşlərinin keçirilməsi razılaşdırılmışdır. Bu mexanizm əldə olunan irəliləyişlərin qiymətləndirilməsi, yeni prioritetlərin müəyyənləşdirilməsi və praktiki əməkdaşlıq təşəbbüslərinin əlaqələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Nəticə etibarilə, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli münasibətlərin inkişafına xüsusi töhfə verə biləcək sənəd kimi qiymətləndirilə bilər. Bu sənəd siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın möhkəmləndirilməsi ilə yanaşı, elm, təhsil və innovasiyanın strateji tərəfdaşlığın əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir.

Elmira Rzayeva

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin
əməkdaşı, YAP Nərimanov rayon Təşkilatının fəal üzvü

Digər xəbərlər