İqtisadiyyat

  • 9 260

Qarabağ: Laçının Azərbaycan iqtisadiyyatındakı rolu – IV YAZI

image

Hər il may ayında Laçının işğalını yad edirdik, 3 ildir ki, azadlığını qeyd edirik

Qarabağ işğalda olduğu müddətdə Azərbaycan iqtisadiyyatından əhəmiyyətli pay da işğal edilmiş sayılırdı. Çünki Qarabağın təbii ehtiyatlarla zəngin torpağı ölkəmizin iqtisadi gəlirlərində əhəmiyyətli paya malik idi. Belə ki, Dağlıq Qarabağda 5 qızıl, 7 civə, 2 mis, 1 qurğuşun və sink, 1 daş kömür, 6 gəc, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 əlvan və bəzək daşları, 10 mişar daşı, 21 üzlük daşı, 9 gil, 20 sement xammalı, 8 müxtəlif növ tikinti daşları, 6 əhəng xammalı, 10 qum-çınqıl, 4 tikinti qumu, 1 perlit, 8 pemza-vulkan külü, 16 yeraltı şirin su və 11 mineral su yatağı var. Bundan əlavə Qarabağ nadir bitki örtüyü ilə də dünyada məşhur olan bir ərazi olub.

Viran Laçın, abad Laçın...

Laçın rayonu Azərbaycanın cənub-qərbində dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı, qərbdən isə indiki Ermənistanla həmsərhəddir. Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb.1992-ci il mayın 18-də ermənilər tərəfindən işğal edilən rayonun 63 min 341 Azərbaycan vətəndaşı 28 il məcburi köçkün statusu daşıdı. İşğal nəticəsində 1835 kvadrat kilometr ərazisi olan rayon və onun 121 kəndi darmadağın edilib.

Laçın rayonunun iqtisadiyyatının əsasını vaxtilə heyvandarlıq, bitkiçilik, arıçılıq və qismən də bağçılıq və bostançılıq təşkil edib. Eyni zamanda, rayonda 1992-ci ilə qədər yağ-pendir, konserv zavodu, ət tədarükü və qəbulu məntəqəsi, ağac emalı sənayesi, Sumqayıt alüminium və maşınqayırma zavodlarının filialları, iki ədəd asfalt zavodu, yüngül sənaye və yerli sənaye kombinatları, beton zavod, yun və gön-dəri qəbulu müəssisəsi, 23 tikinti idarəsi, mərmər, əhəng, pemoksol və toxuculuq sexləri, avtonəqliyyat müəssisəsi,ticarət, ictimai iaşə, rabitə, iki ədəd daş karxanası və digər müəssisələr fəaliyyət göstərirdi.

İşğaldan öncə Laçın başdan-başa yenilənmişdi

Laçının iqtisadiyyatının əsasını heyvandarlıq təşkil etsə də, işğalından öncəki yaxın tarixində sənaye və kənd təsərrüfatının digər sahələri də geniş inkişaf etmişdi. İqtisadi inkişafın özülünü yolar təkil edir, elə Laçın üçün də belə oldu. Şosse yolu Laçına 1950-ci illərin əvvəllərində çəkilməyə başlamışdı. Paytaxt Bakı ilə Laçının ara məsafəsi 450 km, Xankəndi dəmiryolu stansiyası ilə ara məsafəsi isə 60 km idi. Rayon təbii qaz və elektrik enerjisi təminatı yüksək səviyyətə idi, Laçın rayonunun elektirikləşməsi və radiolaşması işlərinə 1962-ci ildən başlanmışdı.

1992-ci ilə qədər şəhər və kəndlər xeyli abadlaşdırılmış, şəhərdə 1000 nömrəlik avtomat-telefon, televiziya ötürücü stansiyaları qurulmuş, bütün kəndlər başdan-başa telefonlaşdırılmış, radiolaşdırılmış, elektrikləşdirilmiş, şəhərə və rayonun 53 kəndinə təbii qaz çəkilmişdi. Rayonda təhsil, mədəniyyət, məişət, səhiyyə obyektləri, heyvandarlıq kompleksləri və sair sosial-mədəni və kənd təsərrüfatı obyektləri tikilib istifadəyə verilmişdi. Kəndlərə şüşə kimi düz yollar çəkilmiş, Laçın-Şuşa yolu əsaslı surətdə yenidən tikilmiş, zavodlar, fabriklər, iaşə müəəssisələri istifadəyə verilmişdi. Ümumilikdə rayonda 133 idarə və müəsisə, o cümlədən 23 tikinti və 16 sənaye müəssisələri, asfalt-beton zavodu fəaliyyət göstərirdi.

İnfrastruktur və təminat yüksək səviyyədə idi

Laçında bir avtovağzal, 82 avtobus dayanacağı, 92 ədəd körpü, 2130 km uzunluğunda avtomobil yolları, 33 su anbarı, 1187 km su kəməri, 15 km uzunluğunda kanalizasiya xətti, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaqdoldurma stansiyası, 2636 km elektrik hava xətləri, 498 km, qaz kəməri, 10200 km radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər mövcud idi.

Rayonda məktəbəqədər müəssisədə minlərlə uşaq tərbiyə olunurdu. 17 ibtidai, 36 səkkizillik, 36 orta məktəbdə 14652 uşaq təhsil alırdı. Laçının 54 klubu, 67 kitabxanası vardı. Rayonda 470 çarpayılıq 13 xəstəxana, 30 feldşer-mama məntəqəsi, sanitar-epidemioloji stansiya, 52 həkim və 287 orta tibb işçisi var idi.

Laçının işğaldan azad olması iqtisadiyyata böyük fayda verəcək

Laçın rayonun iqtisadiyyatının əsasını heyvandarlıq və əkinçilik təşkil edirdi. Rayonda ermənilərin işğalına qədər 23 sovxoz var idi. Kənd təsərrüfatına yararlı sahə 76 min hektar idi. Bunun 11,1 hektarı şum yeri, 0,3 min hektarı çoxillik bitkilər üçün nəzərdə tutulmuş ərazi, 5,2 min hektarı biçənəklər, 56,7 min hektarı isə otlaqlar idi. 10 min hektar əkin sahəsinin 33%-də dənli və paxlalı bitkilər becərilirdi, 67%-də isə yem bitkiləri əkilirdi. Rayonun ərazisində 46,2 min qara mal, 205,9 min baş xırdabuynuzlu heyvan bəslənirdi.

Dünyada ən nadir ağac sayılan qırmızı dəmir ağac, qırmızı palıd, Eldar şamı meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, boyaq və müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri var idi. İşğalda olduğu illər ərzində erməni vandalları tərəfindən bütün mədəni, maddi sərvətləri talanaraq xarabalığa çevrilən Laçın yenidən dirçəlir, itirdiyi gücünü, sərvətlərini yenidən bərpa edir.

Laçının qiymətli mədənləri və müaliciəvi bulaqları

Laçın rayonunda ümumi civə ehtiyatı 1124, Oton olan üç Nazranlı, Çilgəzçay, Sarıbulaq mədənləri, ehtiyatı 2533 min m3 olan və istismara cəlb edilən, üzlük daşı istehsalına yararlı Hoçaz mərmərləşmiş əhəngdaşı, ümumi ehtiyatı 5125 min m3 olan mişar daşı istehsalına yararlı 2 Ağoğlan və Əhmədli tuf mədəni, təbii ehtiyatı 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı; ehtiyatı 998 min m3 olan və kərpic - kirəmid istehsalına yararlı Novruzlu gil yatağı var idi.

Həmçinin, işğala məruz qaldığı vaxt ehtiyatı 2144 min m3 olan Quşçu Rmza mədəni, ehtiyatı 15794 min m3 olan Yuxarı Həkəriçay qum - çınqıl qarışığı yatağı, ümumi ehtiyatı 10449 min ton otan üç vulkan külü, istismar ehtiyatları 4300 min m3/gün olan Minkənd mineral su yataqları vardı.

Laçın rayonu Alıcan kəndindən başlayaraq şimal-qərb istiqamətində yan suxurları yararaq üzə çıxan maqmatik suxurlara da malikdir. Nağdalı, Mirik, Əhmədli, Hacıxanlı, Minkənd ərazilərində isə narzan tipli müalicə əhəmiyyətli bulaqlar var. İpək- uran yataqları ilk dəfə 1974-cü ildə Sovet arxeoloqları tərəfindən kəşf edilmişdi və əhəmiyyətli sərvət sayılır. Məhz bu sadaladığımız özəllikləri Laçın rayonunu ermənilər üçün havayı gəlir mənbəyinə çevirmişdi. İllərlə bu sərvətlər tapalanaraq ermənilər tərəfindən vəhşicəsinə yağmalanıb.

Dünyada məşhur “Qasımuşağı” xalçaları

Bundan başqa, Laçın rayonunun ərazisində toxuculuq sənəti də inkişaf etmişdi. Burada yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun öz gözəlliyi və orijinallığı ilə seçilirdi. Eyni zamanda, dünyada “Qasımuşağı” adı ilə tanınan xalçanın yaranması Laçın rayonunun adı ilə bağlıdır. Qasımuşağı xalçaları Azərbaycan xalçaçılıq məktəblərindən olan Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən xovlu xalçalardır. “Qasımuşağı xalçaları” Zəngəzur mahalının Hacısamlı nahiyəsinin, yəni indiki Laçın rayonunun inzibati ərazi vahidində yerləşən Qasımuşağı obasının adı ilə bağlıdır.

Qasımuşağı obasına daxil olan kəndlərdə yaxın keçmişə qədər yüksək növ xalçalar istehsal olunurdu. Qasımuşağı xalçaları ilə yanaşı Azərbaycan xalçaçılıq məktəblərindən olan digər xalçaların bir çoxu Qasımuşağı obasında toxunurdu. Qasımuşağı xalçası yüksək keyfiyyətli, parlaq, yumuşaq, əl üsulu ilə əyrilən, təbii boyaqlarla boyadılmış yun iplərlə hanada toxunurdu. Bu xalçalara dünyada maraq böyük idi. Lakin işğal zamanı obanın bütün mədəni sərvəti yağmalandı.

Həm təbii yataqları, həm mədəni sərvətləri, həm də iqtisadi imkanları Laçın rayonunun bölgə iqtisadiyyatının inkişafında önəmli fiqura çevrilməsinə səbəb olacaq. Azərbaycanın ərazi baxımından ən böyük rayonlarından biri olan Laçın ölkə iqtisadiyyatına bir çox sahələrdə töhfə verə biləcək.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər