İqtisadiyyat

  • 3 702

Qarabağın Azərbaycan iqtisadiyyatında payı: talanmış yataqlar – V YAZI

image

Azərbaycanın yeraltı sərvətlərlə ən zəngin bölgələrindən biri də Qarabağdır. Kəlbəcər, Laçın, Zəngilan, Tərtərdə 163 adda müxtəlif qiymətli metal: qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər yataqlar mövcuddur. Qarabağda 5 qızıl, 7 civə, 2 mis, 1 qurğuşun və sink, 1 daş kömür, 16 yeraltı şirin su və 10 müalicəvi mineral su yatağı mövcud olub. Bu sərvətlər işğal dövründə erməni vandalları tərəfindən vəhşicəsinə istismar edilərək dünya bazarında satılıb.

Dünyanın ən bahalı 10 maddəsindən biri Qarabağdadır

Ermənilərin Qarabağ üçün bu qədər mübarizə aparma səbəblərindən biri də torpağının altı da, üstün də sərvət olmasıdır. Qarabağın daşı da, çiçəyi də qiymətlidir. Dünyanın başqa heç yerində bitməyən dərman bitkiləri, nadir təbii materiallar Qarabağ iqtisadiyyatına böyük dəstək verə bilər. Qarabağdakı nadir yataqlardan biri də civə yataqlarıdır.

Civə dünyada yeganə metaldır ki, otaq tempraturunda maye halına düşür. Əvvəllər ondan tibbdə istifadə edirdilər. Lakin sonradan məlum oldu ki, civə buxarlandıqda zəhərli qaza çevrilir və insanı öldürə bilər. İndi civə qeyri-bioloji sahədə istifadə olunur və olduqca bahalı maddə hesab edilir. Ağqaya civə yatağı Kəlbəcər rayonunun ərazisində, Tərtər çayın sağ sahilində, Qarabağ silsiləsinin şimal-şərq yamacında eyniadlı kəndin yaxınlığındadır. Struktur cəhətdən yataq uzununa və köndələn qırılma zonalarının qovşağında yerləşir. Ağqaya civə yatağında hidrotermal dəyişmiş 7 civədaşıyan zona aşkar edilib.

Bu zonaların uzunluğu 300 metrə, qalınlığı isə 10–15 metrə çatır. Ehtimallara görə Ağyataq, Levçay, Çorbulaq, Qamışlı və Ağqaya yataqlarında min tondan artıq civə ehtiyatları var. Civə strateji əhəmiyyətli element, hərbi təyinatlı maddədir. Yatağının doğru istifadəsi və istismarı ölkəmiz üçün faydalı və gəlirli sahə ola bilər. Lakin işğal dövründə digər milli sərvətlərimiz kimi civə yataqları da talana məruz qalıb, qeyri-peşəkar formada istismar edilib. Araşdırmalardan sonra yatağın potensialı, satış faizi barədə nəsə demək olacaq.

30 şirkət 30 il sərvətimizi sümürüb

Torpaqlarımız işğalda olduğu dövrdə işğalçılar yeraltı mineral xammal ehtiyatlarına ciddi ziyan vurub. Regiondakı 4 iri yataq ciddi şəkildə istismar edilib və ətraf aləmə böyük ekoloji ziyan vurulub. Bu işdə erməni işğalçıları tək olmayıb, onlara xarici şirkətlər və investorlar yaxından kömək ediblər. Eyni zamanda həmin şirkətlər təbii ki, istismar edilən yataqlardan öz paylarını alıblar. İşğaldan azad edildikdən sonra regionda hər bir yatağın ayrı-ayrılıqda monitorinqi aparıldı və bərpası istiqamətində işlərə başlandı.

Ümumiyyətlə, Azərbaycanın Dağlıq Qarabağda 5 qızıl, 7 civə, 2 mis, 1 qurğuşun və sink, 1 daş kömür, 6 gəc, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 əlvan və bəzək daşları, 10 mişar daşı, 21 üzlük daşı, 9 gil, 20 sement xammalı, 8 müxtəlif növ tikinti daşları, 6 əhəng xammalı, 10 qum-çınqıl, 4 tikinti qumu, 1 perlit, 8 pemza-vulkan külü, 16 yeraltı şirin su və 11 mineral su yatağı var.

Milyon tonlarla qurğuşun, yüz tonlarla qızıl, 10 milyon tonlarla sink və s. ehtiyatların həcmini düşündükdə Qarabağın Azərbaycan iqtisadiyyatındakı əhəmiyyətli potensialını təxmin etmək olur. Bu səbəbdəndir ki, mənfur qonşuların Qarabağa olan hərisliyi, habelə dünya ölkələrinin bu əraziyə hökmranlıq edən ölkəyə marağı böyükdür.

İşğalda ikən Zəngilan rayonu ərazisində sübut olunmuş sənaye ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis olan Vedjneli qızıl yatağı da işğalçıların əlinə keçdi. Daha dəqiq desək, Azərbaycanın işğal olunmuş ərazilərində sənədləşdirilmiş təsdiq olunmuş sənaye ehtiyatları ilə zəngin 3 qızıl yatağı var idi ki, bunlar da Zəngilan rayonundakı Vedjneli, Ağdərə rayonunda Qızılbulaq və Kəlbəcər rayonundaki Zod yataqlarıdır. Dağlıq Qarabağın işğal olunmuş ərazilərində təbii sərvətlərin talan edilməsi məqsədilə 30-dan çox şirkət yaradılmışdı. Kəlbəcər rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis və qızıl yatağının kəşviyyat və istismar məqsədi ilə ərazidu da inşa edilmişdi.

İşğaldan azad edilmiş ərazilərimizdə olan faydalı qazıntı yataqları həm Azərbaycan iqtisadiyatında önəmli bir paya sahib olacaq, həm də bölgədə məskunlaşacaq insanların iş yerlərinin əsaslı təminatını təşkil edəcək.​ Eyni zamanda bu faydalı qazıntı yataqları o torpaqlara xarici investisiya cəlb edəcək, əraziyə investor axını olacaq və bütün bunlar bölgə iqtisadiyyatının dirçəlməsinə xidmət edəcək.​

Ölkəmizin mineral su ehtiyatının 40 faizi işğalda idi

Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 39.6%-i işğaldan azad olunmuş rayonların payına düşür. Azadlığa qovuşmuş ərazilərdə böyük müalicə əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yataqları var. Bu 7805 m3/gün mineral su təchizatı deməkdir.

Mineral su ehtiyatlarından xüsusilə Kəlbəcər rayonunda Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayonunda İlıqsu, Minkənd, Şuşarayonunda Turşsu, Sırlan və başqa mineral sular vacib əhəmiyyətli təbii sərvət hesab edilir. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə fərqlənir.

İstisu bulağı üstündə keçən əsrin 80-ci illərində iri kurort və mineral sudoldurma zavodu tikilib. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi. Turşsu mineral bulağı Azərbaycanın Şuşa şəhərinin 17 km-lik məsafəsində yerləşir. Turşsu vasitəsi ilə müxtəlif daxili xəstəliklər müalicə olunur, kəmər vasitəsi ilə Şuşa şəhərinə su verilirdi. Şəfalı su bütün şəhər əalisi üçün əlçatan idi.

İşğalda olduğu 30 ilə yaxın müddət ərzində bu bulaqların suyu da vəhşicəsinə istismar edilərək müxtəlif adlarla dünya bazarına ixrac edilib, saxta markalarla ermənilərə küllü miqdarda gəlir gətirib. İşğalı dövründə Qarabağın təbii sərvətlərinə verilən zərər milyardlarla manat dəyərində ölçülür.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər