PDF Oxu

İqtisadiyyat

  • 7 803

Sən belə deyildin əzəl, ay ŞUŞA!

image

İşğaldan viranə halda qurtarılan Şuşada 3 ildə möcüzələr yaradılıb

Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri özündə əks etdirdiyi mədəni nümunələrlə orta əsrləri tərənnüm edir. Tarixi binaları, bulaqları, təbiəti ilə gözəllik mücəssəməsi olan Azərbaycanın nazlı gözəlinin gözəlliyindən işğaldan azad edildikdən sonra əsər-əlamət qalmamışdı.

İlk müəssisə - bərəkət rəmzi çörək

Şuşada ilk istehsal müəssisəsi çörək istehsalı sahəsində oldu. Axı qədimdən bəri çörək bizim evimizin, elimizin bərəkəti hesab olunub. İşğaldan azad olduqdan sonra cəmi 20 günə burada çörək istehsalı zavodu quruldu. Həmin zavodda Şuşanın suyu ilə bişən çörəkdən yemək mənə də qismət olmuşdu, 2021-ci ildə Şuşanı görməyə gedəndə Yuxarı Gövhər Ağa Məscidinə doğru gedəndə burnumuza çörək ətri gəldi. Yaxınlıqda çörəkxana işləyirdi. Kimisi Şuşa çörəyi dedi adına, kimisi Qala çörəyi. Kiçik, yumru, pambıq kimi çörəklər idi. Alıb Bakıdakı şuşalılara gətirdim.

Müəssisə ilk günlərdə gündəlik olaraq 2 çeşiddə 5000 ədəd çörək istehsal edirdi, indi istehsal gücünü artırıb. Çünki əvvəl bölgədə xidmət aparan əsgər və zabitlərimizi çörəklə təmin edirdi, sonralar Şuşada fəaliyyət göstərən dövlət və qeyri-dövlət müəssisələri, otel və iaşə obyektləri üçün istehsalını gücləndirməli oldu. Fasiləsiz işin təşkili məqsədilə müəssisə fərdi generatorla, su sistemi ilə təmin olunub.

Şuşanın müasir yaşayış kompleksi göz oxşayır

Şuşada 23 binadan ibarət yaşayış kompleksi də tikilib. Kompleksin ümumi sahəsi 8 hektara yaxındır.

Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Kompleksin tikintisinin bu ilin sonunda başa çatdırılması planlaşdırılır. Yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq.

Bu kompleksdəki mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Mənzillərin bir hissəsi isə Şuşada çalışan işçilərin xidməti istifadəsi üçün nəzərdə tutulub. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Xan qızı yenə Şuşaya can suyu verir

Şuşanın “Xan qızı” bulağı da yenidən bərpa olundu, Natəvan bulağından yenə su gəlir. Xan qızı bulağı — Şuşada Çöl Qala məhəlləsində Xan qızı Natəvanın sarayının yanında yerləşir. Bulaq XIX əsrdə Xurşidbanu Natəvanın sifarişi ilə tikilib. 1992-ci ilin 8 may tarixində Şuşa işğal edildikdən sonra bulaq baxımsız qalıb. Nəticədə bulağın suyu quruyub, özü isə baxımsız vəziyyətə düşüb.

Bulaq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2020-ci ildə Şuşa İkinci Qarabağ müharibəsi dövründə azad edildikdən sonra bulaqda təmir işləri aparıldı və o yenidən insanların istifadəsinə verildi.

Vaqifin türbəsinə ata-oğul həssaslığı

Bir zamanlar Şuşanın gözəlliyinə gözəllik qatan, təpədə göz olan Vaqif Məqbərəsi Şuşa işğalda olduğu dövrdə vəhşicəsinə dağıdılıb, yerlə-yeksan edilib. Hələ 1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəyıb, ancaq məzarı tapa bilməyib. Axtarış nəticəsində məzar tapılıb, Heydər Əliyev bərbad halda olan, dağılmış məzarı ziyarət edib, onun göstərişi ilə Vaqifin məzarı üstündə abidə və türbə tikilib.

Məqbərənin açılışı 1982-ci ildə olub, açılışda o zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olan Heydər Əliyev özü də iştirak edib. Şuşa şəhəri işğal ediləndə kompleksin binası məhv edilib, daşınması mümkün olan təxminən 80 eksponat isə qənimət kimi Ermənistana aparılıb. Şuşa işğaldan azad ediləndə məqbərənin yalnız daş divarları qalmışdı, böyük şairin məzarı vəhşicəsinə dağıdılmışdı. Ölkə başçısı bir zamanlar atasının göstərdiyi həssaslığı göstərdi, İlham Əliyevin göstərişi ilə məqbərə yenidən inşa edildi, Vaqifin məzarüstü abidəsi ikinci dəfə bərpa edildi. Taleyə bax, iki dəfə, iki bərpa, ata-oğul tərəfindən…

Yuxarı Gövhər Ağa Məscidi də bərpa edilən abidələrdəndir. Məscid Şuşanın mərkəzi meydanındadır. Onun inşası 1850-ci ildə Pənahəli xanın tapşırığı ilə başlayıb, amma fasilələrlə tikilib. Xanın qızı Gövhər Ağanın yardımı ilə tikintisi 1883-cü ildə yekunlaşıb. İşğal dövründə məscidin daş divarlarınadək hər yeri dağıdılıb, əmlakı yağmalanıb. İşğaldan azad edildikdən sonra ölkə başçısının göstərişi ilə təmir edilərək istifadəyə verilib.

Ermənilərin eybəcər hala saldıqları tarixi abidə bərpa edildi

Şuşa şəhərindəki Yaradıcılıq Mərkəzinin hazırkı binası ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır. Binada vaxtilə Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşib. İşğal zamanı yerlə-yeksan edilib, yağmalanıb. Heydər Əliyev Fondu tərəfindən 2022-ci ildən aparılan bərpa işləri zamanı bina ilkin vəziyyətinə qaytarılıb. Sonradan edilən müdaxilələrlə bina çirkinləşdirilib, alçıpanla yeni qeyri-peşəkar arakəsmələr düzəldilib. İşğaldan azad edildikdən sonra bağlanılan qapı, pəncərə, tavan və arakəsmə divarlar sökülərək binanın tarixi formasına qaytarılması işləri yerinə yetirilib.

İndi bina öz tarixi görünüşünü geri qazanıb, Mərkəzdəki ekspozisiya salonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Heydər Əliyev və Qarabağ” sərgisi açılıb. Sərgidə Ulu Öndər Heydər Əliyevin Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf istiqamətindəki xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Eləcə də sərgidə Ümummilli Liderin vaxtilə Qarabağa səfərlərinə, burada keçirdiyi görüşlərə, müxtəlif tədbirlərə aid fotolar yer alıb.

Şuşada Avropa standartlarına uyğun otel

Şuşada “Qarabağ” hotelinin açılışı da oldu. 1980-cı ildə inşa edilən hotelin binası 1992-ci ilin mayında Şuşa şəhərinin işğalı nəticəsində öz fəaliyyətini dayandırıb və baxımsızlıqdan tamamilə yararsız vəziyyətə düşüb. Şuşa şəhəri Ermənistanın işğalından azad edildikdən sonra 2021-ci ildə Prezident İlham Əliyevin tapşırığına əsasən, hoteldə təmir-bərpa və yenidənqurma işləri həyata keçirilməyə başlandı. Müasir səviyyəyə çatdırılan hoteldə Şuşa şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb.

Şuşada “Şuşa Otel-Konqres Mərkəzi” Kompleksi də inşa edildi. Karvansaray konseptini əsas götürərək, Şuşa şəhərinin mərkəzində, Zəfər yolunun üzərində yerləşəcək 5 ulduzlu “Otel və Konfrans Mərkəzi” müasir və milli memarlıq üslublarının sintezi ilə dizayn edilib. Mərkəz 2,8 hektar ərazini əhatə edir. Memarlıq adət-ənənələrini özündə əks etdirən xarici görünüşündə ornamental kompozisiyalar və milli memarlıq elementləri tətbiq edilib. Həmçinin fasadın üzlənməsində Şuşanın tarixi binalarının tikintisində işlənilən yerli daşdan istifadə olunub.

Bundan əlavə, mərkəzin eyvanları, şimal və cənub fasadları ənənəvi memarlıq quruluşunda, Şuşanın tarixi binalarının - XIX əsrə aid Zöhrabbəyovun evi, Üzeyir Hacıbəyovun ev-muzeyinin tikintisində istifadə olunmuş taxta tərkibli materiallardan hazırlanıb. Beş mərtəbədən və 150 nömrədən ibarət “Otel və Konfrans Mərkəzi”ndə otaqlar, restoranlar, konfrans korpusları, daxili həyətlər var.

Şuşanın təhsil ocaqları bərpa edilir

Prezident İlham Əliyev Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam da imzaladı. Sərəncama əsasən Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentinin ehtiyat fondundan üç milyon manat vəsait ayrılıb. Artıq Soquvuşanda məktəb tikintisi başa çatıb. Ümumilikdə azad edilən ərazilərdə 197 məktəbəqədər təhsil müəssisəsi tikiləcək.

Məcburi köçkün məktəblərinin həmin bölgələrə köçürülməsi istiqamətində planlı işlər aparılır. 5-7 il ərzində Azərbaycanda standartdan kənar məcburi köçkün məktəbi anlayışı olmayacaq. Bundan əlavə artıq Şuşa Realnı Məktəbinin bərpasına başlanılıb.

Xəstəxana yox, şəhərcik salındı

Şuşada 90 çarpayılıq Şuşa şəhər xəstəxanasının binasında da tikinti işləri davam edir. Şuşa şəhər xəstəxanasının təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. 3,7 hektara yaxın sahədə inşa edilən xəstəxana binasının tikinti işlərinə bu ilin yanvarında başlanılıb. Xəstəxana binası 4-ü dördmərtəbəli, 2-si isə birmərtəbəli olmaqla 6 korpusdan ibarətdir. Binanın zirzəmi hissəsindən stasionar tibbi xidmət və sığınacaq kimi istifadə olunacaq, zərurət yarandıqda hərbi hospital kimi fəaliyyət göstərəcək. Stasionar xidmət sahəsində qəbul, terapiya, pediatriya, cərrahiyyə, doğuş, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya–reanimasiya, hemodializ şöbələri fəaliyyət göstərəcək.

Ambulator xidmət sahəsində isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin klinik diaqnostik laboratoriya yaradılacaq.

Xəstəxananın Təcili Tibbi Yardım Stansiyası müasir standartlara cavab verən və böyük vəsait tələb edən tibbi avadanlıqlar – 1.5 TL maqnit-rezonans tomoqrafiya və 32 kəsikli kompüter tomoqrafiya aparatları ilə təchiz olunacaq. Stansiyada hər növbədə dörd briqada fəaliyyət göstərəcək. Şuşa şəhər xəstəxanasının ərazisində, eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, yoluxucu xəstəliklər və hemodializ korpusları inşa olunacaq.

“Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacağıq, 100 faiz əmin olun” – bu sözləri Şuşa azad olunandan sonra onu ziyarət edərkn Prezident İlham Əliyev demişdi. O dediyini etdi, Şuşa indi gözəlliyi ilə göz qamaşdırır. Sürətli abadlıq işləri, bərpa və yenidənqurma Şuşanı nəinki işğaldan sonrakı vəziyyətindən, hətta işğaldan əvvəlki vəziyyətindən də gözəl görkəmə gətirdi. Dağlar arxasındakı bu nazlı gəlin indi bütün dünyaya örnək olacaq bir şəhər olub.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər