İqtisadiyyat

  • 1 088

Avrasiyanın ən nəhəng nəqliyyat arteriyasında Heydər Əliyev imzası – ANALİZ

image

Baykal-Amur Magistralının tikintisində ümummilli lider Heydər Əliyevin əvəzedilməz rolu heç vaxt unudulmayıb

Coğrafi mövqeyinə görə Azərbaycandan kifayət qədər uzaqda yerləşən, dünyanın ən uzun və ən böyük dəmiryol xətti şəbəkəsi olan Baykal-Amur Magistralının (BAM) yaradılması haqqında qərar SSRİ rəhbərliyi tərəfindən 1974-cü ildə qəbul edildi. Bugünkü nöqteyi-nəzərdən BAM nəinki Avrasiya nəqliyyat infrastrukturunun mühüm həlqəsi kimi qəbul edilir, həm də Böyük İpək yolunun ən mühüm elementi hesab olunur.

10 illik zəhmət və dünyanın ən böyük magistralı

Sovet İttifaqının iqtisadi möcüzələrindən sayılan Baykal-Amur Magistralının tikinti prosesində İttifaqın bütün ölkələrinin vətəndaşları yaxından iştirak edirdilər. Onların arasında xüsusi canfəşanlıqları ilə seçilən daha bir xalq var idi- azərbaycanlılar. Tikintidə işləyən azərbaycanlılar bu işə o zamanlar Azərbaycan SSR-in rəhbəri olan böyük azərbaycanlı Heydər Əliyevin sayəsində maraq göstərirdilər. 1974-cü ildə tikintisinə qərar verilən layihənin icrası məqsədilə Heydər Əliyevin tapşırığı ilə minlərlə gənc BAM-a yollandı.

BAM-ın 210-cu kilometrliyində Ulkan dəmiryolu stansiyası və yaxınlığındakı eyniadlı kəndin inşasında da azərbaycanlıların əməyi var. Stansiya və kənd təyin edilmiş vaxtdan da iki ay əvvəl azərbaycanlılar tərəfindən tikildi. Bütün işlərə Heydər Əliyev şəxsən nəzarət edirdi. Heydər Əliyevin xüsusi tapşırığına əsasən, Ulkan stansiyasının binasının dekorasiyasında Azərbaycan ornamentlərindən istifadə edilib. Binanın qapısından daxil olduqda hər addımda Azərbaycan nəfəsi, izi hiss olunur. Azərbaycan inşaatçılarının ilk briqadası buraya 1975-ci ilin əvvəllərində gəlmişdi. Ulkan azərbaycanlı fəhlələrin tikdiyi yeganə stansiya deyil. Onlar ikincisini də tikdilər – BAM-ın ən böyük stansiyalarından birinə çevrilən Anqoya, eləcə də eyniadlı kənd inşa edildi.

Baykal-Amur magistral xətti öz dövrünün ən möhtəşəm layihəsi idi. Tikintisinə 1974-cü ildə başlanan layihənin 1980-ci illərin ortalarında başa çatdırılması planlaşdırılırdı. Bu layihəyə 4324 kilometr dəmiryolu, minlərlə körpü, stansiya, yeni şəhər və qəsəbələr daxil olmalı idi.

Heydər Əliyev əsrin nəhəng tikintisi Baykal-Amur Magistralının inşası üzrə yaradılmış dövlət komissiyasının sədri idi və işlərin gedişini tam nəzarətdə saxlayırdı. 1983-cü il martın 4-də SSRİ Nazirlər Sovetinin Heydər Əliyevin sədrliyi ilə keçirilən BAM-ın tikintisi üzrə komissiyasının iclasında onun tikintisinin ən aktual məsələləri müzakirə olundu. Heydər Əliyevin səyi və qətiyyəti sayəsində 1984-cü ildə Baykal-Amur magistral xətti istifadəyə verildi.

Heydər Əliyev zəkasına Putin heyranlığı

Yeri gəlmişkən, bir neçə il əvvəl “Rossiya-24” telekanalında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Rusiyanın “BTS-MOST” Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Ruslan Baysarovla görüşü barədə yayımlanan videomaterialda bu barədə geniş söhbət də yer almışdı. Həmin görüşdə ümummilli lider Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin 1-ci müavini vəzifəsində çalışarkən həmin dövrdə dünyanın ən mürəkkəb tuneli sayılan və xarici ölkələrin şirkətlərinin inşa edə bilmədiyi Baykal-Amur Magistralındakı (BAM) Severomuyski tunelinin ulu öndərin birbaşa rəhbərliyi ilə uğurla tikildiyi xüsusi olaraq vurğulanmışdı. Vladimir Putin layihənin icrasında Heydər Əliyev zəkasından və əzmindən böyük hörmət və heyranlıqla bəhs etmişdi.

Ruslan Baysarov “Bamtonnelstroy”un inşa etdiyi iki tuneldən biri- Severomuyski tuneli ilə bağlı məlumat verərkən belə demişdi: “Xarici mütəxəssislər bu tuneli tikməkdən imtina edirdi və bizim də imtina etməyimizi təklif edirdilər. 1984-cü ildə Sov.İKP MK Siyasi Bürosunun üzvü, Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyev tunel inşaatçılarını dəstəkləmək üçün bu tikintiyə gəlmişdi. O nə qədər çətin bir yükün altına girdiyinin fərqində idi. Amma bildiyiniz kimi, tunelin tikintisi başa çatdırıldı və o, indiyə qədər dünyada ən mürəkkəb tuneldir, çox maraqlı proyektdir.

Biz orada cəmi 45 kilometr tunel tikmişik, bu tunelin uzunluğu isə 15,5 kilometrdir. Rəhbərlik əvvəlcə cəmi 8 tunel planlaşdırmışdı. Heydər Əliyev gələndə mütəxəssislər ona izah etdilər ki, vəziyyət heç də istənilən kimi deyil, əlavə 2 dolanbac tunel tikilməsi də zəruridir. Heydər Əliyev “Bamtonnelstroy” işçiləri ilə birgə elə yerindəcə qərar qəbul etdi. Orada daha 2 dolanbac tunel tikildi. Təsəvvür edirsinizmi? Dünyanın ən mürəkkəb tuneli Heydər Əliyevin rəhbərliyi ilə tikildi. Bu, çox mürəkkəb, çox maraqlı iş idi və indiyə qədər dünyada ən mürəkkəb obyektlərdən biri kimi qalır”.

Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin bu ilin apelində Moskvada BAM-la bağlı keçirilən tədbirdə çıxış edərək deyib ki, mürəkkəb geoloji struktura və sərt iqlimə malik ərazidə magistral və dəmir yollarının çəkilməsi əsl qəhrəmanlıq nümunəsi olub: “BAM-ın ərsəyə gəlməsi Sakit okean regionu və Avropa ölkələri arasında ən qısa marşrut olmaqla Sibirin və Uzaq Şərqin təbii ehtiyatlarından səmərəli istifadə edilməsinə əlverişli şərait yaratdı. Heydər Əliyevin BAM üzrə kurator işlədiyi dövrdə tikinti işləri xeyli intensivləşib, qarşıya qoyulan məqsədlərə tam nail olunmuşdu”.

SSRİ-nin gözünü qorxudan layihə

Heydər Əliyevin birbaşa nəzarət etdiyi BAM-ın tikinti prosesi olduqca çətin və mürəkkəb proses idi. Bu layihə həm miqyasına görə dünyada analoqu olmayan layihə idi, həm də çoxsaylı problemlərə malik idi. Çünki ittifaqda BAM-ın tikintisinə münasibət birmənalı deyildi. O vaxta qədər yenidənqurma, abadlıq və yol infrastrukturunda bu böyüklükdə layihə olmamışdı, dünyanın ən nəhəng layihəsi SSRİ rəhbərliyinin gözünü qorxudurdu. Bu layihəyə qol qoymağa xarici şirkətlər də çəkinirdi.

Ancaq Heydər Əliyev ittifaq sənayesinin inkişafı məqsədilə həyata keçirdiyi bütün işlər kimi bu yükün altından da məharətlə çıxdı. BAM-ın inşasından illər sonra, 2008-ci il iyulun 18-də BAM-ın Anqoya stansiyasında istifadəyə verilən vağzala Azərbaycan xalqının ölməz oğlu Heydər Əliyevin adı verildi. Tədbirdə Moskva, Bakı, Severebaykalsk, İrkutsk və digər şəhərlərdən yüksəksəviyyəli qonaqların iştirakı BAM-ın tikintisində böyük əməyi olmuş böyük azərbaycanlının əziz xatirəsinə olan ehtiramın təzahürü idi.

Düzdür, tikinti prosesində hər şey asan olmadı, çox problem yarandı, gözlənilməyən çətinliklər ortaya çıxdı. Severomuyski tunelinin çəkilişi zamanı fəhlələr böyük problemlərlə üzləşdilər, ağır torpaq, qrunt suları və qaz tullantıları işə mane olurdu. Layihə demək olar ki, dayanmışdı. Heydər Əliyev tikinti sahəsinə gəlir və vəziyyəti nəzərdən keçirdikdən sonra o, mühəndislər və fəhlələr ilə birlikdə iki əlavə döngə tunelinin tikintisinə qərar verir. Bu cür həll yolu ilə Heydər Əliyev bu infrastrukturun hələ də dünyanın ən mürəkkəb obyektlərindən biri hesab olunmasına səbəb olur.

BAM niyə bu qədər əhəmiyyətli idi?

BAM-ın tikintisi 3 əsas problemin həlli demək idi. Birincisi, magistral yolun hərbi-strateji əhəmiyyəti, cənub dövlət sərhədindən nisbətən böyük məsafədə yerləşən Trans-Sibir dəmir yolunun ehtiyat hissəsinin yaradılması idi. İkincisi, nəqliyyat funksionallığı ölkənin şərqində eninə istiqamətli avtomobil yollarının ötürücülük qabiliyyətinin və daşıma qabiliyyətinin artırılmasından ibarət idi. Üçüncüsü, iqtisadi məsələ idi, Rusiyanın şərqində yeni xammal zonalarının istismarı, bu nəhəng ərazilərin məskunlaşması, iqtisadi inkişafı üçün dəmir yolu xətti mütləq lazım idi.

BAM-ın tikintisi Heydər Əliyev zəkasının nəhəngliyini bu gün bir daha sübut edir. BAM gələcəyə hesablanmış nəhəng bir layihə idi. Magistral tikilən zamanlarda ulu öndər Heydər Əliyevin nümayiş etdirdiyi böyük uzaqgörənliyi, bu layihə ilə bağlı göstərdiyi xidmətləri bu gün də yüksək səviyyələrdə etiraf və təqdir olunur. Baykal-Amur magistral xətti öz dövrünün nəinki irimiqyaslı logistika layihəsinə, həm də insan fədakarlığının nümunəsinə çevrildi. Bu fədakarlıqda ən böyük pay Azərbaycanın böyük oğlu Heydər Əliyevə, həmçinin minlərlə azərbaycanlıya düşür.

Bu gün BAM Avrasiyanın ən böyük nəqliyyat arteriyası olaraq şərq və qərb arasında nəhəng bir sistem kimi qalır. Və BAM deyiləndə yada düşən ilk adlardan biri də, bu arteriyanın mərkəzində yerləşən stansiyada əbədiləşdirilmiş Heydər Əliyev adıdır.

Lalə Mehralı

Digər xəbərlər