İqtisadiyyat

  • 2 497

“Əsrin Müqaviləsi”- Azərbaycanın neft strategiyasının təməli - ANALİZ

image

Ümummilli lider Heydər Əliyevin dünyanın inkişaf etmiş dövlətləri ilə imzaladığı bu müqavilə ilə ölkəmizin davamlı və sürətli inkişaf tendensiyasının əsasını qoydu

Sentyabrın 20-i “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında sazişin imzalanmasının 29-cu ildönümüdür. Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış, sonradan isə beynəlxalq aləmdə yüksək qiymətləndirilmiş və haqlı olaraq “Əsrin müqaviləsi” adını qazanmış bu saziş respublikamızın tarixinə qızıl hərflərlə həkk olunub və Heydər Əliyevin neft strategiyasının şanlı səhifəsinə çevrilib.

Milli sərvətlərimizdən müstəqil dövlətimizin və xalqımızın rifahı naminə istifadə olunması, on illərlə imperiya maraqlarına xidmət etmiş karbohidrogen ehtiyatlarının qüdrətli və inkişaf etmiş Azərbaycanın formalaşması üçün istismarı, bu məqsədlə xarici investisiyaların cəlb olunması üçün cəsarətli siyasi addımlar atılıb.

Elə ilk günlərdən o vaxt ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev danışıqlar prosesinə cəlb edilib, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçısı olub. Bu saysız-hesabsız görüş və danışıqlarda, ilk növbədə, Azərbaycan xalqının və dövlətinin maraqları əsas götürülürdü. Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafelərinə uyğun hazırlandı.

Təxminən 400 səhifə həcmində və 4 dildə hazırlanmış razılaşma öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin Müqaviləsi” adını alıb. “Əsrin Müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Rusiya, Böyük Britaniya,Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, bp, LUKoyl, MakDermott, Yunokal, ARDNŞ, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) imza atdı. Bununla da müstəqil dövlətimizin neft strategiyası və doktrinası uğurla həyata keçirilməyə başladı.

“Əsrin Müqaviləsi”nin ilk günlərindən Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu, dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bağlanmış bu müqavilə Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasında yeni dövrün əsasını qoydu. “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində milli neft strategiyası həyata keçirilməyə başladı. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi.

Neft strategiyasının mühüm tərkib hissəsini xarici şirkətlərlə birlikdə hasil olunan neftin və qazın nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edir. Neft strategiyasının həyata keçirilməsinin ilk illərində əvvəlcə Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri yenidən quruldu, daha sonra neftin və qazın etibarlı və irimiqyaslı ixracını təmin etmək məqsədi ilə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac və Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərləri tikilərək, istismara verildi.

Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəmərlərinin fəaliyyət göstərməsi Azərbaycan, Gürcüstan, Türkiyə ilə Mərkəzi Asiya regionu arasında idxal-ixrac münasibətlərinin və iqtisadi əlaqələrin inkişafına təkan verildi.

“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda mövcud ehtiyatların son qiymətləndirilməsinə görə, burada ilkin geoloji neft ehtiyatları 2,2 milyard tondur. Yataqlar blokunda səmt qazı üzrə geoloji ehtiyatlar isə 632 milyard kubmetrə bərabərdir.

Milli neft strategiyasının uğurla reallaşması şəraitində karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə istismarı və ixracı ildən-ilə genişlənir və bunun sayəsində dövlətimizin valyuta daxilolmaları sürətlə artmaqdadır.

Azərbaycana daxil olan böyük neft gəlirlərinin toplanması və məqsədyönlü şəkildə istifadəsini təmin etmək məqsədi ilə 1999-cu ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə Dövlət Neft Fondu yaradıldı. Neft Fondunun təsis olunması ilə neft sərvətlərinin nəsillər arasında ədalətli bölgüsü, onların səmərəli və məqsədyönlü idarə edilməsi üçün əsaslı təminat yaradıldı. Yaradılarkən 271 milyon ABŞ dollarına bərabər olan Dövlət Neft Fondunun aktivlərinin həcmi hazırda 55 milyard ABŞ dollarını keçib. Bu vəsait ildən-ilə artır.

Dövlətin artan maliyyə imkanları hesabına ölkədə mühüm investisiya, o cümlədən regional proqramların və infrastruktur layihələrin maliyyələşdirilməsinə şərait yaranıb. Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət proqramları çərçivəsində ölkənin bütün bölgələrində və Bakı şəhərində müxtəlif infrastruktur layihələri həyata keçirilir, təhsil, sosial və digər obyektlərin inşası uğurla davam etdirilir.

Ölkənin maliyyə potensialının artması nəticəsində qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi üçün əlverişli zəmin yaranıb. Bununla əlaqədar Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi kursun prioritet istiqaməti olaraq Azərbaycanda neft sektoru ilə bərabər qeyri-neft sektorunun inkişaf etdirilməsinə bu gün xüsusi diqqət yetirilir.

Azərbaycanın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılır, elektrik stansiyaları tikilir, qaz və su kəmərləri çəkilir, yollar salınır. İnfrastrukturun yeniləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər eyni zamanda insanların rahatlığı, firavan yaşayışı üçün həyata keçirilən sosialyönümlü tədbirlərin mühüm tərkib hissəsidir.

Ölkənin artan maliyyə imkanları hesabına, beynəlxalq əhəmiyyətli strateji infrastruktur layihələri də uğurla həyata keçirilir. Bu layihələr təkcə Azərbaycanın deyil, bütövlükdə regionun nəqliyyat infrastrukturunun modernləşdirilməsinə şərait yaradır.

Bu layihələrdən biri olan Bakı-Tbilisi-Qars yeni dəmir yolunun inşası Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadi münasibətlərin inkişafına şərait yaradacaq. Bakı-Tbilisi-Qars yeni dəmir yolu regional əhəmiyyətə malik olmaqla bərabər, Asiya ilə Avropanı birləşdirən nəqliyyat dəhlizinə çevriləcək.

Neft müqavilələrinin 2003-cü ildən sonra Azərbaycana gətirdiyi gəlirlər nəticəsində son 15 il ərzində;

· Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 3 dəfə, sənaye istehsalı 2,8 dəfə, kənd təsərrüfatı 2 dəfə artıb, qeyri-neft ixracı 4,5 dəfə çoxalıb;

· ümumi daxili məhsul 3 dəfədən çox artıb, ölkə iqtisadiyyatına son 300 milyard dollardan çox sərmayə qoyulub;

· ölkədə 2 milyon yeni iş yeri açılıb, işsizlik səviyyəsi 5 faizə, yoxsulluq isə 49 faizdən 5 faizə endirilib.

· son 15 il ərzində əməkhaqqı və pensiya 10 dəfəyə yaxın artırılıb;

· 3200-dən çox məktəb, 640-dən çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib;

· Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün milli ordumuzun dünyanın ən qüdrətli orduları sırasına daxil olmasına imkan yaradıb və ordumuz dünyanın ən güclü 50 ordusu sırasındadır;

· Azərbaycanın valyuta ehtiyatları 2003-cü ildə 1,8 milyard dollar idisə hazırda 55 milyard dollar səviyyəsindədir;

· 2008-ci ildə Azərbaycan peykinin orbitə çıxarılması haqqında qərar verilib və 2013-cü il fevralın 8-də Azərbaycanın ilk süni telekommunikasiya peykinin- “Azerspace-1”-in orbitə çıxarılması ölkəmizin həyatında çox əlamətdar, tarixi bir gün, böyük nailiyyət olmaqla yanaşı, Azərbaycanı kosmik ölkələr sırasına daxil edib. 2014-cü ildə Azərbaycan ikinci müşahidə peykinə sahib olub, bu peyk - “Azersky” ölkəmizə təhvil verilib. Bu il sentyabrın 26-da isə daha bir telekommunikasiya peyki - “Azerspace-2” orbitə çıxarılıb;

· Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır;

· Azərbaycanda 8 beynəlxalq hava limanı yaradılıb;

· respublikamızda 20 min kilometrdən çox avtomobil yolu yenidən qurulub, bərpa və təmir edilib;

· qazlaşdırmanın səviyyəsinə görə Azərbaycan dünyada lider ölkələrdəndir, qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb;

· Azərbaycan vətəndaşlarının fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə görülmüş işlərin real nəticəsi olaraq mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunan əhalinin sayı 2 dəfə, fasiləsiz su alanların xüsusi çəkisi isə 4,8 dəfə artıb;

· ötən 15 ildə 33 yeni elektrik stansiyası tikilib, 3000 meqavatlıq yeni enerji gücü yaradılıb.

Onu da vurğulayaq ki, 2017-ci il sentyabrında “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzaldılıb. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna $3.6 milyard bonus ödəyəcəklər. 2050-ci ilədək AÇG-yə $40 milyarddan artıq sərmayə qoyulması potensialı var.

Prezident İlham Əliyevin qətiyyəti, milli maraqlara əsaslanan düşünülmüş və prinsipial siyasəti ilə daha bir mühüm layihənin- “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi təmin edilib.

“Əsrin müqaviləsi” ilə əsası qoyulmuş milli neft strategiyasının uğurlarının nəticəsi olaraq Azərbaycanın regionun lider dövləti, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınmasına şərait yaranıb. Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanğıcında məhz milli neft strategiyası, bu strategiyanın ilk şanlı səhifəsini və təməl daşını isə ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” təşkil edir.

Elçin

Digər xəbərlər