İqtisadiyyat

  • 6 504

İstehlakçı öz hüququnu bilmirsə…

image

İstehlakçı, şəxsi tələbatını ödəmək məqsədilə mal, məhsul, görülən iş və xidmətlərdən istifadə edən, onları alan, sifarış verən, yaxud almaq və sifarış vermək niyyəti olan şəxsdir. İlk istehlak ittifaqı 1891-ci ildə Nyu-Yorkda yaradılıb. 15 mart 1962-ci ildə ABŞ Konqresinə təqdim edilən bəyannamədə isə, istehlakçıların sağlamlıq və təhlükəsizlik hüququ, məlumat almaq hüququ, sərbəst seçmək və bazarda ilk dəfə təmsil olunmaq hüquqlarının sadalanması ilə bu istiqamətdə ilk mühüm addım atılıb. 1985-ci ildə qəbul etdiyi qərarla Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya İstehlakçı Hüquqları Bəyannaməsini elan etdi və martın 15-ni Ümumdünya İstehlakçı Hüquqları Günü kimi qeyd etməyə qərar verdi.

İstehlakçı anlayışı, ən sadə dillə desək, heç bir kommersiya məqsədi olmadan bəzi əsas ehtiyacların ödənilməsi deməkdir. İstehlakçının müdafiəsi, istehlak prosesinin nəticəsi olaraq yaranıb. Nə qədər ki, cəmiyyət və cəmiyyətin strukturu olan insan faktoru var, istehlak prosesi və ondan irəli gələn bəzi problemlər qaçılmaz olacaq. Əsas istehlakçı hüququ həyatın təmin edilməsi üçün zəruri olan minimum ehtiyacların ödənilməsidir. Məskunlaşma, istilik təminatı, rabitə və nəqliyyat kimi hüquqlar ən əsas ehtiyaclardır. Hər bir istehlakçının minimum əsas ehtiyacları qarşılanmalıdır.

Buraya təhlükəsiz həyat sürmək, habelə sağlamlığı qorumaq baxımından zərərli təsirləri olan, yaxud sonradan yarana biləcək təhlükə və risklərdən müdafiə olunmaq hüququ daxildir. İstehlakçıya seçim etmək və müqayisə etmək imkanı verəcək ən sərfəli qiymətlərlə müxtəlif mal və xidmətlərin təqdim edilməsi, satışdan sonra istehlakçıya lazım ola biləcək hər hansı texniki dəstək və xidmətin göstərilməsi də istehlakçı hüquqlarına daxildir.

İstehlakçının mal və xidmət alarkən düzgün qərar qəbul etməsi üçün lazımi məlumatlara çıxışının təmin edilməsi, onun düzgün məlumatdan uzaq olan reklam və etiketlərdən qorunması mütləqdir. Yəni, yalançı reklamlarla istehlakçının aldadılması, səhv yönləndirilməsi, yalnış seçim etməsinə səbəb verilməsi onun hüquqlarının kobud şəkildə pozulması deməkdir. İstehlakçının öz hüquq və mənafelərini qoruya bilməsi üçün istehlakçıların maarifləndirilməsi də onun hüquqlarına daxildir.

Alınan mal və ya xidmətlərə görə istehlakçı narazı qalırsa ona dəymiş zərərin ödənilməsi və həmin mal və ya xidmətin yenidən istehlakçıya çatdırılması istehlakçının hüququdur. Buraya onların hüquqlarını qorumaq, şikayətlərini aradan qaldırmaq üçün qüvvələri birləşdirmək, bu prosesdə iqtisadi və siyasi siyasətinin nəzərə alınması və dövlət qurumlarında təmsil olunmaq hüququ da daxildir.

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu, istehlakçılar üçün bərabər şərait yaradılması məqsədi ilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını, habelə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin hüquqi əsaslarını və mexanizmini müəyyənləşdirir.

Qanun BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş “İstehlakçıların maraqlarını müdafiə etmək üçün rəhbər prinsiplər” əsasında işlənib və Azərbaycan Respublikasında belə münasibətlərin dünya təcrübəsinə uyğunlaşdırılmasına yönəldilib.

Azərbaycanda tez-tez istehlakçıların hüquqlarının pozulması hallarına rast gəlinir. İstehlakçıların hüquqları pozulduqda bunun 3 həll yolu var. İstehlakçı ya məhsulu aldığı yerə yaxınlaşmalı və ya həmin şirkətə məhsulla bağlı şikayət etməlidir. İkinci yol, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət etmədir. Üçüncü yol isə məhkəməyə müraciət etməkdir. Lakin qeyd etmək lazımdır ki, bütün bunlar üçün sübutların olması vacibdir. Ona görə də mütləq aldığınız malların qəbzini götürün.

İstehlakçıya keyfiyyətsiz ərzaq malı satılan halda, keyfiyyətsizlik malın yararlılıq müddəti ərzində aşkar olunubsa, satıcı həmin malı keyfiyyətli mala dəyişdirməli və ya malın dəyərinin məbləğini qaytarmalıdır. İstehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır.

İstehlakçının tələbi ilə satıcı məişət texnikasının və nəqliyyat vasitələrinin təmir edildiyi və ya dəyişdirildiyi müddət üçün ona əvəzsiz olaraq evinə çatdırmaqla oxşar mal verməlidir. Satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir. Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı da mövcuddur. Bunlar qızıl məlumatları, qiymətli və yarımqiymətli metallar, istehsal qüsurları istisna olmaqla bütün növ parçalar, kosmetika malları, çimərlik paltarları, alt paltarları, məişət kimyası malları, diş fırçaları, daraqlar, uşaq oyuncaqları. dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq mallarıdır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər