Bəşəriyyət var olandan bəri planetdə olduqca çox təbii fəlakətlər, daşqınlar, qasırğalar, torpaq sürüşmələri, zəlzələlər baş verib. Ən böyük təlafatlar, ən çox zərərlərlə nəticələnən bu fəlakətlər insanlıq tarixində də dərin izlər qoyub. Dünya tarixində ən böyük iz qoyan fəlakətlər var ki, maksimum tələfatla nəticələnib.
Statistik hesabatlara baxdıqda məlum olur ki, dünyada baş verən 31 növ təbii fəlakətdən 28-i meteoroloji fəlakətlərdir. Təbii fəlakətlərin növləri, zərərləri, təhlükələri və nəticələri ölkədən ölkəyə dəyişir. Məsələn, Aralıq dənizi regionunda ən çox baş verən fəlakətlər təbii fəlakətlər quraqlıq, daşqınlar, meşə yanğınları, torpaq sürüşmələri, dolu və qar fırtınaları, uçqunlar və şaxtalardır. Bizim ölkəmizdə xoşbəxtlikdən o qədər də çox təbii fəlakət baş vemir, ən çox rast gəlinən meteoroloji təbii fəlakətlər dolu, sel, güclü külək, şimşək çaxması, ildırım düşməsidir. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, təkcə 1980-ci ilin əvvəlindənm sonunadək dünyada 700.000 insan meteoroloji fəlakətlər nəticəsində həyatını itirib.
Təbii fəlakətlər baş vermə tezliyinə və səbəblərinə görə də dəyişir. Tədricən gələn təbii fəlakətlər var ki, onlar yavaş-yavaş şiddəti artan şaxta, quraqlıq, aclıq kimi fəlakətlərdir. Onlarla mübarizə və ya maksimum tədbir görmək üçün müəyyən vaxt olur. Lakin qəfil təbii fəlakətlər var ki, onlar ən töhlükəli olanlardır. Zəlzələ, sel, sürüşmələr, qaya və dağ uçqunları, fırtınalar, sunamilər, tornadolar, vulkanlar, yanğınlar və bu tip qəfil fəlakətlər daha çox dağıntıya və insan itikisinə səbəb olur. Bunlardan başqa, insanların əli ilə törədilən süni fəlakətlər də var ki, o fəlakətlər də böyük təlafatlara və itkilərə səbəb olur. Nüvə, bioloji, kimyəvi silahlarla “qəzalar”, nəqliyyat qəzaları, istehsalat qəzaları da insan təlafatlarına səbəb ola, təbiətə zərər verə bilir.
Tarixin ən böyük sunamisi bizim əsrdə baş verdiyi üçün hamımız bunun şahidi olduq. 2004-cü ildə Hind okeanında, Sumatra adasının sahillərində baş vermiş 9 bal gücündə zəlzələ nəticəsində 2 milyona yaxın insan evsiz qalmış, 230 min insan həyatını itirmişdi. 1815-ci il aprelin 10-da İndoneziyanın Sumbava adasındakı Tambora vulkanının püskürməsi, lava püskürməsi nəticəsində 12.000 insan həyatını itirdi, daha sonra isə kül səpələnməsi səbəbindən kənd təsərrüfatı məhv olduğu üçün 90.000-dən çox insan həyatını itirdi. Partlayış səbəbindən həmin il Şimal yarımkürəsində yay olmadı və buna görə də kənd təsərrüfatı işləri tamamilə dayandı.
İndiyə qədər məlum olan ən ölümcül siklon olan Bhola 1970-ci ildə baş verdi və təxminən 500.000 insanın ölümünə səbəb oldu. Həmin vaxt Pakistan və Banqladeşin əksər hissəsi bundan zərər çəkdi. Siklonun keçdiyi yerlərdə evlərin 80%-i dağıldı və 3,5 milyon insan bu qasırğadan zərər çəkib. Bilinən ən böyük zəlzələ isə 22 may 1960-cı ildə Çilidə baş verib. 9.5 gücündə baş verən zəlzələdə 220 min adam ölüb.
1920-ci il dekabrın 16-da baş verən Rixter cədvəli ilə 8,5 bal gücündə zəlzələ nəticəsində Çinin Kansu əyalətində nəhəng sürüşmə baş verdi və insanlar nə baş verdiyinin fərqinə varmadan tonlarla torpaq qalaqları altında qalıb öldülər. 200 min insanın öldüyü hadisə tarixin ən böyük sürüşmə fəlakəti olub. Şaansi zəlzələsində də bu şəhərin əhalisi bəşər tarixində ən böyük zəlzələlərdən birini yaşayıb. 1556-cı ildə Çində baş verən 8 ballıq zəlzələdə ümumilikdə 830 min insan həyatını itirib.
1972-ci ildə İranda 4000 nəfərin ölümünə səbəb olan qar fırtınası 200 kəndi xəritədən silib. Fevralın 3-də başlayan fırtına fevralın 9-da başa çatanda qarın qalınlığı 8 metr olub. Bu, məlum olan ən ölümcül çovğun kimi tarixə düşdü. 2023-cü il Türkiyə üçün də unudulmaz il oldu. Fevralın 6-da 7,7 bal gücündə baş verən zəlzələdə 53 mindən çox insan həyatını itirdi. Zəlzələ Suriyada da böyük dağıntılara səbəb oldu və bölgədə ən azı 5800 insanın həyatını itirdiyi məlum oldu.
Nə zəlzələ, nə sel, nə sunami, nə tornado, nə də quraqlıq – bunlardan böyük fəlakət olan aclıq və xəstəlik də dünyada böyük qırğınlara səbəb olub. 1845-1852-ci illərdə İrlandiyada baş verən kartof qıtlığı ölkə əhalisinin dörddə birinin ölümünə səbəb oldu -7 ildə 1 milyon insan! Bəşər tarixində ən ölümcül təbii fəlakət isə ispan qripi hesab edilir. 1918-1919-cu illərdə baş vermiş bu fəlakətli epidemiya ticarət gəmiləri vasitəsilə demək olar ki, bütün dünyaya yayıldı. Hindistanda 16 milyon insan öldürən ispan qripi Amerikada 650.000 insanın və bütün dünyada 100 milyona yaxın insanın ölümünə səbəb olub.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “fikir ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb
Bir ekosistem ictimaiyyətə təqdim olundu