PDF Oxu

İqtisadiyyat

  • 3 726

Yaşıl enerji erasında Azərbaycanın potensialı - ANALİZ

image

Dünyada neft-qaz kimi ənənəvi enerji mənbələri tükənmək üzrə olduğundan, həmçinin ənənəvi mineral yanacaqlar ekologiyaya hədsiz ağır zərərin vurduğundan hazırda bütün inkişaf etmiş dövlətlər bu mənbələrindən asılılığı tədricən azaltmaq və gələcəkdə ondan imtina etmək istiqamətində fəaliyyətlərini gücləndiriblər. Fukusimadakı nüvə qəzasından sonra atom enerjisinin taleyi də şübhə altına düşdü. Bəzi ölkələr AES-ləri azaltdı və hətta tam ləğv etdi (məsələn, Almaniya). Belə vəziyyətdə alternativ enerji mənbələrindən istifadəni artırmaq məsələsi bəşəriyyətin qarşısında qlobal bir problem kimi dayanır.

Konkret sərhədləri və konkret həcmdə bərpa olunmayan ehtiyatlar limiti olan Yer planetinin təbii resursları son 100 ildə daha amansızcasına və daha sürətlə istismar olunur. Hesablamalara görə, əsrin ikinci yarısından etibarən neft-qaz və kömür yataqları tükənməyə başlayacaq. O zamanadək alternativ enerjiyə keçilməsə, bəşəriyyəti ağır günlər gözləyir.

Təbii enerji tükənməzlik və bərpaolunma xüsusiyyəti, həmçinin ekoloji baxımdan təmizliyi ilə fərqlənir. Ekoloqların və fiziklərin hesablamalarına görə, alternativ enerji mənbələri bütün bəşəriyyəti istənilən qədər enerji ilə təmin etmək qüdrətindədir.

Hazırda dünyada istehsal olunan enerjinin yalnız 15 faizi alternativ və bərpa olunan enerji mənbələrinin payına düşür. Azərbaycanda da bu sahədə işlər müəyyən işlər görülüb və getdikcə alternativ enerjinin payı artır. Artıq bir neçə ildir ki, ölkəmizdə külək və günəş enerjisindən istifadəyə başlanıb. Lakin hələlik, bu çox zəif haldadır. Halbuki, Azərbaycanın alternativ enerji imkanlar daha çoxdur. Günəş, külək, hidroelektrik stansiyaları potensialı çox yüksəkdir.

Azərbaycan işğaldan azad edilmiş əraziləri- 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan edib. Artıq bölgədə bir neçə su elektrik stansiyası inşa edilib, fəaliyyətdədir. Günəş və külək elektrik stansiyalarının yaradılması işləri gedir.

Azərbaycanda yüksək potesiala malik 3 enerji sahəsi var- günəş, külək və su enerjisi. Bunların arasında ən külək enerjisi xüsusilə fərqlənir. Hər nə qədər ölkənin az hissəsində küləkli günlərin sayı çox olsa da.

Dünyada ilk 100 kVt gücndə külək elektrik stansiyası keçmiş Sovet İttifaqında (Krımda) istismar olunub. İndi müxtəlif gücdə və fərqli konstruksiyalarda olan külək mühərrikləri dünyanın bir çox yerlərində və hətta daim küləkli dəniz və okeanlarda da quraşdırılaraq istismar olunur.

Təcrübə göstərir ki, Azərbaycanın bir çox rayonlarında külək enerjisi qurğularının tətbiqinin böyük perspektivi var. Azərbaycan külək enerji resurslarına görə, dünyada bəlkə də 1-cidir. Hətta, külək enerjisindən istifadə olunmasında liderlik edən Almaniyada belə küləyin gücü ölkəmizdə olan qədər deyil. Hesablamalara görə, Azərbaycan 800 MVt-a yaxın illik külək enerjisi ehtiyatına malikdir. Bu ehtiyat ildə təxminən 2,5 milyard kVt/saat elektrik enerjisi deməkdir.

Bu isə öz növbəsində ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət, ən əsası isə küllü miqdarda tullantıların, o cümlədən ozondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınması deməkdir. Üstəlik, öz maya dəyərinə görə, külək enerjisi digər alternativ enerji mənbələri ilə müqayisədə daha ucuz başa gəlir.

Külək stansiyaların daha bir üstünlüyü odur ki, o böyük bir sahəni tutmur- bu qüllələrin altındakı torpaqdan aqrar və s məqsədlə istifadə etmək mümkündür. Dənizin içində də belə qurğular quraşdırmaq mümkündür və bu halda quru ərazimizdə torpaq sahəsi istifadə olunmur. Xəzərsahili bölgələrimizdə külək enerjisinin çox böyük potensialı var.

Günəş enerjisi sarıdan da biz şanslı ölkəyik. Azərbaycanda ildə 300 günəşli və 270 küləkli günün olmasını nəzərə alsaq demək olar ki, bu regionda külək və günəş energetikasının inkişafı çox perspektivlidir.

Azərbaycanda günəşli saatların miqdarı il ərzində 2400-3200 saatdır. İl ərzində 1m2 yer səthinə düşən günəş enerjisinin miqdarına görə Azərbaycan (1500-2000 kVts) ABŞ, Rusiya, Fransa, Çin kimi ölkələrdən qabaqdadır ki, bu da günəş enerjisindən istifadənin tətbiqinə sərmayələrin cəlb edilməsinin səmərəlilik meyarlarından biri kimi qiymətləndirilə bilər.

Azərbaycanın ümumi enerji sistemində su elektrik stansiyalarının istehsal gücünün xüsusi çəkisi hazırda 18 faiz təşkil edir. Ölkədə indiyə qədər istifadə edilməmiş hidroenergetika ehtiyatlarının mənimsənilməsi üçün geniş imkanlar var.

Bu istiqamətdə aparılmış tədqiqat işləri nəticəsində Azərbaycandakı çayların tam hidroenerji potensialının 40 mlrd. kVt.s, texniki cəhətdən əlverişli potensialının isə 16 mlrd. kVt.s olduğu müəyyən edilib ki, bunun da 5 mlrd kVt.s kiçik SES-lərin payına düşür.

SES-lərin tikintisi sel sularının tənzimlənməsi, ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsalı və yeni suvarma sistemlərinin yaradılması kimi önəmli məsələlərin həllində də mühüm rol oynayır.

Azərbaycanda çaylar üzərində və su təsərrüfatı obyektlərində onlarla kiçik SES yerləşdirmək olar ki, onların da istehsal etdiyi elektrik enerjisi ildə azı 3 mlrd kVts təşkil edə bilər.

Azərbaycanın ümumi enerji sistemində su elektrik stansiyalarının xüsusi çəkisi son illər 11-12 faiz təşkil edir. Qeyd edək ki, hökumət yaxın perspektivdə 50-dən artıq kiçik SES-in tikintisini məqsədəuyğun hesab edir.

İşğaldan azad olunmuş ərazilərdəki dağ çayları və yeni yaradılan su anbarları üzərində SES-lərin qurulması böyük həcmdə əlavə enerji isehsalına gətirib çıxaracaq.

Geotermal və biokütlə enerjisi potensialımız da az deyil. Yer təkinin istiliyi bir çox ölkələrdə sənaye, kənd təsərrüfatı, məişət və kommunal sahələrdə və təbabətdə geniş istifadə olunur. Enerji istehsalında və istehlakında geotermal enerji mənbələrindən istifadənin üstünlüyü ondan ibarətdir ki, onların tətbiqi iri həcmli maliyyə vəsaiti tələb etmir.

Azərbaycanda sənaye, kənd təsərrüfatı və sosial xidmət sahələrinin sürətli inkişafı biokütlədən istifadə etməklə enerji istehsalı üçün yeni imkanlar açır. Ölkədə biomaddələrin böyük mənbələri mövcuddur.

Hər il tullantıların zərərsizləşdirilməsi poliqonlarına 2 milyon tondan çox bərk məişət və istehsalat tullantıları atılır. Bakı və ölkənin iri sənaye şəhərlərində bərk məişət və istehsalat tullantılarının utilizasiya olunması ictimai binaların qızdırılmasındakı çətinliklərin qismən aradan qaldırılmasını təmin etmiş olardı.

Bundan başqa, bioqaz qurğularından kənd təsərrüfatında və ya böyük heyvandarlıq fermalarında istifadə səmərəlidir.Artıq bəzi vətəndaşlarımız bu qurğularda peyindən istifadə edərək qaz və gübrə istehsal edir. Bu, tamamilə zərərsiz, faydalı bir texnologiyadır.

Azərbaycanın irihəcmli neft-qaz ehtiyatları olsa da, hesablamalara görə, yeni yataqlar kəşf olunmazsa, uzağı 2050-ci ildən sonra bu ehtiyatlar tükənməyə başlayacaq. Bu isə ölkənin alternativ enerji mənbələrinə keçidini sürətləndirməsini zəruri edir.

Azərbaycan hər il 20 milyard kVt\saat elektrik enerjisi istehsal etmək üçün təxminən 5 milyard kubmetr təbii qaz və 700 min ton civarında mazut işlədir. Bu isə həm ekoloji, həm iqtisadi problemlər yaradır. Alternativ enerji investisiyalar artırılsa, həm ekologiyamız sağlam qalar, həm də tükənməyən enerji mənbələrinə sahib olarıq.

Azərbaycan enerji ölkəsidir, bu torpağın altı da, üstü də enerji mənbəyidir. Hər halda, tükənən yeraltı enerjilərimizin əvəzinə tükənməz yerüstü enerji ehtiyatlarımızdan yararlansaq daha doğru olar. Çünki bu, daha təhlükəsiz, daha sağlam və ən əsası tükənməz enerjidir...

Elçin Bayramlı

Digər xəbərlər