İqtisadiyyat

  • 3 031

Turizm sektoru: imkanlar, perspektivlər

image

Hər bir insanın yaşadığı dünyanın gözəlliyindən həzz almaq hüququ var və turizm sənayesi insanlara bu imkanı verir. 27 sentyabr Ümumdünya Turizm Günü səyahətçilərin, turistlərin və bu sektorda çalışanların bayramıdır. Bu gün dünyanın 150-dən çox ölkəsində, o cümlədən ölkəmizdə də qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatı tərəfindən müəyyən edilən Ümumdünya Turizm Günü, turizmin beynəlxalq ictimaiyyət üçün əhəmiyyətini vurğulamaq və maarifləndirmək məqsədilə 1980-ci ildən etibarən qeyd edilir.

Turizm dünyanın mədəni sərvətlərini kəşf etmək, fərqli mədəniyyətlər görmək, öz sərvətini tanıtmaq, iqtisadiyyatını gücləndirmək imkanı verir. Bir ölkənin tarixi, incəsənəti, mətbəxi və adət-ənənələri ilə tanış olmaq insanları sosiallaşdırır, mədəni əlaqələri gücləndirir, fərqli mədəniyyətləri kəşf etdirir, yeni dostluqlar qurdurur. Eyni zamanda, turizm yerli iqtisadiyyata təkan verir, yerli əhalinin məşğulluğunu yaradır, ölkənin inkişafına töhfə verir. Ümumdünya Turizm Günü bu sektorun davamlı inkişafını təşviq etmək üçün mühüm fürsətdir.

Hazırda turizm sektoru iqtisadiyyata və məşğulluğa verdiyi töhfələrlə ölkələrin rifah səviyyəsinin yüksəldilməsində mühüm alətə çevrilib. Qlobal turizmin miqyası və onun digər sektorlara təsiri hər gün daha qabarıq görünür. Turizm dinamik və çox yönlü quruluşu ilə təkcə dünyanı və cəmiyyətləri birləşdirən ən böyük və qərəzsiz güc deyil, həm də sərhədləri aradan qaldıran, dostluğun və birliyin ən çox müşahidə edildiyi sektordur. Məlumat üçün qeyd edək ki, dünyanın ilk səyahət agentliyini 1841-ci ildə ingilis sahibkar Tomas Kuk açıb. Agentlik 178 il fəaliyyət göstərib və 2019-cu ildə ləğv edilib.

Elə ölkələr var ki, iqtisadiyyatı tamamilə turizmdən asılıdır. Bu ölkələr əhalisi az olan və ÜDM-i aşağı olan kiçik dövlətlərdir ki, onların əhəmiyyətli bir hissəsi turizmdən gəlir. Belə ölkələrdən Malta, Xorvatiya, Tailand, Yamayka və İslandiyanı misal göstərmək olar. Həmçinin kütləvi turizmin qəti əleyhinə olan ölkələr var. Bu ölkələrin ərazisinə girmək çox çətindir, orada qalmaq isə çox bahadır. Məsələn, Çin və Hindistanla həmsərhəd olan Butanda viza yalnız akkreditə olunmuş agentlik tərəfindən verilə bilər, bu da dünyada çox azdır. Bir turist üçün Butanda maksimum qalma müddəti 15 gündür. Hər gün turist vergisi ödəməlisiniz - mövsümdən asılı olaraq gündə təxminən 200 dollar. Kosmik turizm hazırda dünyada fəal şəkildə inkişaf edir və bu, bu sahədə ən bahalı sənayedir. Orbitə biletin qiyməti 20 - 40 milyon dollar arasında dəyişir.

Azərbaycanın turizm imkanları da şaxəlidir. Xüsusilə müalicəvi turizm sektorunda ölkəmizin böyük potensialı var. İşğaldan azad edilən ərazilərdəki müalicəvi bulaqlar, Naxçıvanın Duz dağı, Naftalan nefti bu baxımdan gəlirli sahələrdir. Kəlbəcərdə, 34 hektar ərazidə salınan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malikdir. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılıb. Qeyd edək ki, Kəlbəcərin İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya yaradılıb.

İstisu işğaldan öncə kurort şəhərciyi sayılırdı, səliqəli sanatoriya, yeni yaşayış binaları, kurortu Azərbaycanın iri şəhərləri ilə birləşdirən yolları vardı. Kurortdan 200 metr hündürlükdə təbii meydança var idi, bu Yak-40 və An-2 təyyarələrinin enməsi və qalxması üçün optimal şəkildə uyğunlaşdırılmış platforma idi. Onların köməyi ilə yerli sakinlər və sanatoriyanın qonaqları daşınırdı. 1970-ci ildə SSRİ hökumətinin qərarı ilə İstisu kurortu ümumittifaq əhəmiyyətli kurortlar siyahısına daxil edildi. Arxiv sənədlərinə və 80-ci illərin statistik məlumatlarına görə, hər mövsüm bura dünya ölkələrindən 50 min insan müalicə almaq üçün gəlirdi.

“İstisu”nun termal bulaqlarından gələn sular xroniki kataral, mədə və bağırsaqların funksional pozğunluqları, xroniki qaraciyər, öd kisəsi, podaqra, piylənmə və yüngül şəkərli diabetlə mübarizədə təsirli idi. İstisu kurortunda mədə-bağırsaq xəstəliyinə, maddələr mübadiləsi pozğunluqlarına, sinir sistemi, hərəkət orqanları və ginekoloji, uroloji xəstəliklərə tutulanlar müalicə oluna bilirlər. Sanatoriya bu gün də insanlara xidmət edə bilərdi, əgər 30 il erməni işğalı altında qalıb xaraba qoyulmasaydı.

Əgər işğalda olmasaydı bu ötən 30 il ərzində “İstisu”da kurort imkanlarının genişləndirilməsi, xarici turistlərin cəlb edilməsi halında Azərbaycan iqtisadiyyatı üçün ciddi gəlir əldə edilərdi. Məsələ təkcə “İstisu”da deyil. Kəlbəcərə dünya şöhrəti qazandırmış 53 çıxımlı Bağırsaq, Yuxarı İstisu, Aşağı İstisu, Keşdək və s. kimi ümumi istismar ehtiyatları gündə 3 min kubmetrdən çox olan termal və mineral su yataqları mövcuddur. 1980-ci illərdə sanatoriyanın tərkibində sudoldurma zavodu tikilib. Burada yerləşən mineral su yataqlarından gündə 800 min litrdən artıq mineral su istehsal edilirdi.

Yeri gəlmişkən, Kəlbəcərin relyefi dünyanın ən çox tələb olunan istirahət məkanlarının, heyrətamiz kanatların inşasına, qış əyləncə növlərinin yaradılmasına imkan verir. Ekspertlər hesab edir ki, yaxın illərdə Kəlbəcər Qafqazın ən böyük turizm mərkəzi ünvanını ala bilər. Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurda turizmin inkişafı ilə bağlı planlar olduqca genişdir. Yaxın 4-5 ildə daxili və xarici turistləri nəzərə alaraq, Qarabağın 1 milyon insanı qonaq qəbul edə biləcək potensiala sahib olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasındakı Duzdağ Fizioterapiya Mərkəzi həm də unikal müalicə vəd edən turistik sağlamlıq obyektidir. 1979-cu ildə 50 çarpayılıq xəstəxana kimi Naxçıvan Duz mədəni bazasında, fəaliyyətə başlayan bu möcüzəvi məkan hazırda 474 çarpayılıq yer ilə fəaliyyət göstərir. Astma xəstəliyinin müalicəsi üçün çox sadə və təbii üsulla müalicə tətbiq edilən bu məkana təlabat hər il artır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin təqribən 10 faizi allergik xəstəliklərdən əziyyət çəkir ki, bunun da 1,5-2 faizi bronxial astmanın payına düşür, bu da orta hesabla 15 milyon nəfər deməkdir. Bir çox xəstəliklərin, həmçinin bronxial astmanın müalicəsində duz şaxtası şəraitində aparılan müalicə çox effektivdir.

Sağlamlıq turizmində əhəmiyyətli paya sahib olan məkanlardan biri də Naftalandır. Naftalan neftinin möcüzəsi dünyaya bəlli olandan bu günədək – təxminən XII-XVIII əsrlərdən bəri bu möcüzəvi məkan haqqında olduqca çox danışlır, haqqında əsərlər yazılıb. Müalicəvi xassəsinə görə dünyada yeganə neft olan Naftalan nefti Azərbaycan Respublikasında Gəncə şəhərindən 50 km aralı Murov dağ silsiləsinin ətəyində yerləşir. Naftalan nefti dünyada yeganə neftdir ki, öz müalicəvi əhəmiyyətinə görə əfsanəvi xarakter daşıyır, həmçinin fiziki-kimyəvi xassəsinə görə başqa neftlərdən fərqlənir. Sovet dövründə müalicə üçün 15 ölkədən insanlar bura axışırdı. İl ərzində müalicəyə gələn 75 min insanın demək olar ki hamısı öz ölkəsinə sağalıb gedirdi. Bu dünyada rekord göstərici hesab olunur. Dünyanın elə bir kurort məkanı yoxdur ki, orada 92 faiz yaxşılaşma əldə edilsin. Amma bu bir həqiqətdir ki, Naftalana gələn hər 100 nəfərdən 92-si sağlamlığına qovuşurdu.

Sağlamlıq turizminə görə gələcək vəd edən bu məkanlar sayəsində Azərbaycan iqtisadiyyatı turizm sekorunda paya sahibdir. Yaxın-uzaq ölkələrdən ölkəmizi səyahətə gələn turistlər onun sağlamlıq turizmindən də istifadə edir. Qarabağın yenidən dirçəldilməsi Azərbaycanın turizm sektoruna da canlanma gətirir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər