PDF Oxu

İqtisadiyyat

  • 1 894

Görünməz qəhrəmanlar: kənd qadınları

image

15 Oktyabr Beynəlxalq Kənd Qadınları Günüdür

Birləşmiş Millətlər Təşkilatı tərəfindən qadınların kənd təsərrüfatı istehsalında, resurslardan davamlı istifadədə, ərzaq istehsalı və təhlükəsizliyində əhəmiyyətli payına əsaslanaraq elan etdiyi Beynəlxalq Kənd Qadınları Günü, yaxud Qadın Fermerlər Günü 2008-ci ildən etibarən hər il oktyabrın 15-də qeyd olunur.

Beynəlxalq Kənd Qadınları Günü ideyası ilk dəfə 1995-ci ildə Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən IV Ümumdünya Qadınlar Konfransı zamanı qadınların səlahiyyətlərinin artırılması və onlara hörmət edilməsi ideyası kontekstində müzakirə edilib. Oktyabrın 16-sı Ümumdünya Ərzaq Günü kimi qeyd olunduğundan kənd qadınlarının kənd təsərrüfatı, ərzaq istehsalı və ərzaq təhlükəsizliyinə verdiyi töhfənin tanınması üçün oktyabrın 15-nin Beynəlxalq Qadın Fermerlər Günü kimi qeyd olunması təklif olunub.

Qadın fermerlərin iqtisadiyyatda rolu

Həm dünyada, həm də ölkəmizdə kənd təsərrüfatı istehsalının və kənd həyatının davamlılığının təmin edilməsində ən mühüm rolu kənd qadınları oynayır. Ancaq istər iqtisadi, istərsə də sosial baxımdan kənd qadınları cəmiyyətdə layiq olduqları sosial-iqtisadi mövqeyə çata bilmirlər. Bunun arxasında duran ən mühüm amil kənd həyatında qadınların kişilər kimi istehsalçı və ya fermer kimi görünməməsidir.

Kənd təsərrüfatı işlərində adətən, qadınlar kişilərin köməkçiləridir. Baxmayaraq ki, kənd təsərrüfatı işlərində kişilər qədər əməkləri var, amma qadınların əksəriyyəti özlərini fermer kimi görmürlər. Bundan əlavə, gündəlik ev işləri, həyətyanı sahənin əkib-becərilməsi əsas işdən əlavə qadınların təbii vəzifəsi kimi görülür. Daha aydın desək, bütün günü əkin sahələrində, tarla və bostanlarda işləyən qadın evə qayıtdıqdan sonra da həm evdə, həm də həyətyanı ərazidə təsərrüfatla məşğul olur.

Xüsusilə, qadınların istehsal prosesində fermer kimi görünməməsi, qazanılan gəlirin qiymətləndirilməsi zamanı qadın əməyinin hesablanmaması kənd təsərrüfatı işlərində qadınların iştirakını getdikcə azaldır.

Qadınların fermerdən çox evdar qadın kimi görünməsi onların əməyinin rəsmi statistikada yer almamasına səbəb olur. Halbuki evdar dediyimiz hər kəndli qadın bir təsərrüfat idarə edir. Qadınlar kənd həyatında əvəzolunmaz əhəmiyyətlərinin fərqində deyillər. Xüsusilə, bir çox inkişaf etməmiş və inkişaf etməkdə olan ölkələrdə qida istehsalı, qida məhsullarının mühafizəsi və marketinq bütünlüklə qadınların üzərinə düşür.

Dünyada 500 milyondan çox kənd qadını yoxsulluq həddinin altında yaşayır. Afrikada ərzaq ehtiyaclarının 60-80%-i kənd qadınları tərəfindən istehsal olunur, Asiyada düyü əkinçiliyinin 50%-dən çoxu qadınlar tərəfindən həyata keçirilir, sənayesi inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı işlərinin 30%-i qadınlar tərəfindən həyata keçirilir. Afrikanın bəzi yerlərində qadınlar ailə başçılarının 60%-ni təşkil edir, Afrikada içməli su və yanacağa olan ehtiyacın 90%-i qadınlar tərəfindən qarşılanır və Afrikada əsas qidalar tamamilə qadınlar tərəfindən emal olunur.

Assosiasiya sədri: “Kənd qadınları haqqında çox stereotiplər var”

Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova bildirir ki, Assosiasiya 2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə yaradılıb və bu Assosiasiyanın yaradılmasında məqsəd kənd qadınlarının, regionların sosial və iqtisadi inkişafına olan töhfəsini artırmaq və onu dayanıqlı etmək olub: “Kənd qadınlarının istər sosial, istər iqtisadi inkişafa olan töhfəsini artırmaq üçün onların cəmiyyətə inteqrasiyası lazımdır, onların evdən çıxıb hansısa bir işlə məşğul olması, hansısa bir tədbirə, hansısa iştirakını təmin etmək lazımdır, onların qərarvermədə iştirakının olması lazımdır.

Kənd qadınlarının əsas problemi onların cəmiyyətə zəif inteqrasiya olunmasıdır və bunun da çox səbəbləri var. Kənd qadınları haqqında çox stereotiplər var və o stereotiplərin yaranmasının da səbəbi kənd qadınlarının cəmiyyətdən kənarda qalması, cəmiyyətin qaynar məsələlərinə onların müdaxilə edə bilməməsidir. Biz bunun çıxış yolunu onda görürük ki, kənd qadınlarının bacarıqları artırılmalıdır”.

Assosiasiya sədri bildirir ki, bunun üçün biz çox təşəbbüslər irəli sürüblər: “Bu təşəbbüslərdən biri də kənd qadınlarının rəqəmsal bacarıqlarının artırılmasıdır. İndi zəmanəmiz dövrümüz, rəqəmsallıq dövrüdür. Onlar rəqəmsal aləmdən kənarda qaldıqca ictimaiyyətə qoşula bilmirlər. Kənd qadınları həm təsərrüfat, həm də təsərrüfatdan kənar, qeyri-təsərrüfat bizneslərlə məşğul olurlar və bu bizneslərin inkişafı üçün, onların dayanıqlı olması üçün onların genişləndirilməsi üçün də inteqrasiya lazımdır. Onların əlaqələri olsun və o əlaqələr vasitəsilə onlar məhsul bazara çıxartsınlar, onlar satış eləsinlər və bütün bu işlərdə də məqsəd odur ki, onlar öz ailələrinə iqtisadi dəstək göstərsinlər.”

Müsahibimiz deyir ki, 2021-ci ildən Kənd qadınlarının rəqəmsal gücləndirilməsi kampaniyasına başlayıblar və bu kampaniya çərçivəsində bir çox kəndlərdə bir çox qadınlara qadın qruplarına rəqəmsallıq təlimləri verilib: “Müxtəlif şirkətlərdən smartfonlar, dizüstü kompüterlər rəqəmsal avadanlıqlarla kənd qadınlarını təchiz eləməyə çalışırıq ki, onlar şəbəkələrə çıxa bilsinlər, elektron ticarətə çıxa bilsinlər. İndi kənd qadınlarının inkişafını ləngidən də onların necə deyərlər, rəqəmsal bacarıqlarının zəif olmasıdır”.

Kənd qadınları kollektiv təsərrüfat yaradıblar

Gülbəniz xanım deyir ki, kənd qadınları özləri özlərinə iş qururlar, bir-birinə dəstək olurlar: “Təsəvvür edin, qadınlar qrup şəklində yığışırlar. Onlar belə təsərrüfatla məşğul olanda kənddəki çox sterotipləri qırırlar. Qadınlar var ki qrup şəklində bir ildə 630 ton tərəvəz istehsal ediblər. Məsələn, Bərdənin Böyük Göyüşlü kəndində Fatimə qadın qrupu var. Sonra Goranboyun Boluslu kəndində Şəfa qadın qrupu var. 23 Rayonda 56 qadın inkişaf və müəssisə qrupları yaratmışıq ki, onlar kollektiv bizneslərlə məşğul olurlar və bu onların həyatını dəyişir.

Kollektiv şəkildə məşğul olanda həm ailədə söz-söhbət olmur, həm də onlar bir-birinə dəstək olaraq bu işi görürlər və çox da böyük uğurları olur. Məsələn, ailədə gənc qadın səhər istəyir ki, getsin tarlada işləsin, tutaq ki, tərəvəz əksin, satıb gəlir əldə etsin. Təbii ki, ona deyəcəklər ki, sənin tək nə işin var tarlada, bir təhlükə ola bilər. Amma onlar qrup şəklində gedirlər. Səhər bir-birini səsləyirlər, toplaşırlar, çox şən halda tarlaya gedirlər. İşlərini görürlər, həm də bir-biri ilə ünsiyyətdə olurlar”.

Fermer qadınlar azdır

Qadınlar dünya kənd təsərrüfatında çalışan işçilərin 43%-ni təşkil edir. Onlar dünyada sosial-iqtisadi davamlılığın açarıdır, inkişaf prosesləri üçün əhəmiyyətli və əvəzolunmazdırlar. Hər nə qədər təsərrüfatdakı böyük əməkləri gözəgörünməz olsa da, onların çəkdikləri zəhmət sayəsində ailə təsərrüfatları genişlənir, inkişaf edir.

Hazırda kəndlərdə təsərrüfatla məşğul olan ailələrdə ailə təsərrüfatının davam etdirilməsi məsələsi, əsasən, oğlan övladların üzərinə düşür. Bunun da səbəbi qızın evdə müvəqqəti olduğunu düşünmələri, qızların ata evinin təsərrüfatına faydalı olmayacağını hesablamalarıdır ki, nəticədə qızlar oxumursa ailə qurmağa və ər evində təsərrüfat işləri ilə məşğul olmağa sövq edilir.

Qadınlar kənd təsərrüfatında fəal rol oynamağa, ümumiyyətlə, inamlı və həvəslidirlər. Onlar hesab edirlər ki, passiv həmcinsləri bu sahədə fəal olsaydılar, kişilərdən daha uğurlu olardılar. Bizim xalqımızın yaxın tarixində əmək qəhrəmanı olmuş onlarla qadın fermerimiz, pambıqçı, traktorçu, kombaynçılar olub ki, kənd təsərrüfatının bir çox sahəsində onların öncüllüyü ilə ciddi yenilik və nailiyyətlər əldə edilib.

Hazırda ölkəmizdə heyvandarlıqla məşğul olan təsərrüfatlarda qadınların üzərinə düşən yük böyükdür. Heyvan mənşəli məhsulların qadınlar tərəfindən hazırlanaraq satıldığı bu evlərdə qadınlar heyvanların baxımı və sağılmasında da fəal rol oynayırlar. Ev təsərrüfatlarının şəxsi istehsalı üçün salınan bağlar, meyvə bağları və orada yetişdirilən məhsullar ümumiyyətlə qadınların himayəsindədir.

Alın təri ilə torpağa can, əllərinin qabarı ilə ailə büdcəsinə töhfə verən bütün qadınların günü mübarək!

Lalə Mehralı

Digər xəbərlər