İdxal məhsullarında bahalaşma, yerli məhsullarda ucuzlaşma müşahidə olunur: bu nə ilə bağlıdır?
İlin kənd təsərrüfatı məhsullarının bol olduğu mövsüm bazarlara təsirsiz ötüşməyib. Əksər kənd təsərrüfatı məhsullarında bolluq və ucuzluq müşahidə olunur. Lakin idxal məhsullarında bahalaşma davam edir. Ümumiyyətlə, son illərdə Azərbaycanın istehlak bazarında davamlı qiymət artımı müşahidə olunur. Bəs bazarlarda, ərzaq mağazalarında müşahidə olunan tendensiyanın obyektiv və subyektiv səbəbləri nədir? Hansı məhsullar və niyə ucuzlaşıb və ya əksinə bahalaşıb?
İdxal olunan məhsullarda süni bahalaşma olduğu qeyd olunur, bu əsasən həmin məhsulların mənbə ölkələrində bahalaşması ilə bağlıdır, lakin məsələ burasındadır ki, bəzi məhsullar dünyada ucuzlaşsa da, bizdə hələ də qiyməti yüksək olaraq qalır. Çünki idxal mallarının daşınma, gömrük xərcləri artıb. Elə də yerli ərzaq sənayesi məhsullarının qiymətlərinin artması son illərdə enerji daşıyıcılarının, bitki dərmanlarının, suyun və sair xərclərin artması ilə bağlıdır. Bu halda idxalçıları və istehsalçıları qiyməti ucuzlaşdırmağa məcbur etməyin heç bir yolu yoxdur- heç kim məhsulunu maya dəyərindən aşağı satmaz- bundansa “dükanı” bağlayıb gedər.
Sadəcə, bu sahədə bir nəzarət olmalıdır ki, qiymətlər monopolist səbəblərdən ya da yaranmış vəziyyətdən sui-istifadə səbəbindən artmasın. Tutaq ki, məhsulun maya dəyəri 10 fazi artıbsa, qiyməti də 10 faiz artmalıdır, daha 30-50 faiz yox. Dövlət bunu tənzimləmək üçün bazara nəzarəti gücləndirə, kiçik və orta sahibkarlara müəyyən güzəştlər edə bilər, monopoliyanın qarşısını tam ala bilər və s.
Əlbəttə, hazırki dövrdə qiymətləri tənzimləyən səbəblərdən biri də bazarın tələb-təklif məsələsidir. Bazarda qıt olan məhsullar bahalaşır, bol olanlar ucuzlaşır. Buna görə də dövlət yerli istehsalı olmayan və ya çox az olan məhsullar üzrə gömrük rüsumlarını azalda bilər ki, həmin məhsullara tələb təklifi üstələməsin və qiymət artmasın. Bundan başqa, yerli istehsalı dəstəkləmək üçün əlavə addımlar atıla bilər ki, yerli məhsul istehsalı çoxalsın. Son nəticədə bazarda bolluq və ucuzluq olar.
Lakin, qeyd etməliyik ki, hazırda təkcə bəzi məhsulların bahalaşması yox, həm də bəzi məhsulların ucuzlaşması da müşahidə olunur. Məsələn, müşahidələrimizə əsasən deyə bilərik ki, meyvə-tərəvəz, süd məhsulları, yumurta, paxlalılarda ciddi ucuzlaşma müşahidə olunur, amma ətin, şəkər tozunun, yağın və konservləşdirilmiş məhsulların qiyməti bahalaşır.
Təbii ki, ucuzlaşan və ya bahalaşmayan məhsullar əsasən yerli istehsal məhsullardır. Yerli meyvə-tərəvəz bu il son dərəcə bol və ucuzdur. bahadır. Mövsüm meyvələrindən ərik, şaftalı, gavalı, alça, armud, alma kimi meyvələrin qiyməti 1 manat civarındadır. Tərəvəzlərdən kartof, kələm 50 qəpik, soğan və badımcan 30 qəpik, kök, turp, balqabaq, pomidor, brokoli kimi məhsullar isə 70 qəpik cıvarınındadır. Qoz, fındıq da kilosu 3-4 manat arasında satılır.
Yerli məhsullarda bahalaşma əsasən emal sənayesi qida məmulatlarındadır. Belə ki, kərə və bitki yağları, meyvə və tərəvəz konservləri, bəzi süd məhsulları, ət, kolbasa-sosiska məmulatları və s. bahalaşıb. İndi 15 manatdan aşağı kolbasa, 8 manatdan aşağı pendir, 17 manatdan aşağı kərə yağı (bunun da təbii kərə yağı olması şübhəlidir), 7-8 manatdan aşağı xama, şor, kəsmik yoxdur. Qoyun ətinin kiloqramı 20 manata çatıb.
Email olunmuş yerli istehsal hazır qidalarda bəzi hallarda yerli mallar xarici mallardan bahadır. Amma normal məntiqlə yerli istehsal məhsullar heç bir halda xarici məhsullardan baha ola bilməz. Çünki nə qədər ucuz alınsa da, idxal məhsulların dəyərinə gömrük rüsumları, vergi ödənişləri, nəqliyyat xərcləri və s əlavə olunur. Yerli istehsalçıların isə belə ödənişləri yoxdur. Bəs onda niyə yerli emal məhsulları bahadır? Hesab edirik ki, bunun səbəbi istehsalçıların xərclərinin artması və bəzi sahələrdə monopoliya meyilləridir.
Hazırda yerli kənd təsərrüfatı məhsulları bol və ucuz olmasının əsas səbəbi, son illərdə dövlət dəstəyi ilə salınan çox saylı bağların, tarlaların məhsul verməyə başlaması, bu il yağıntıların bol olması, sərhədlərin bağlı olması nəticəsində ixraca gedən məhsulların azalmasıdır. Maraqlıdır ki, yerli meyvə-tərəvəz sahələrdə çox ucuz alınır, amma paytaxtda bazar-dükanda 3-5 qat baha satılır. Çünki hazırda bazarlarda yerləri alverçilər tutub və fermerlər ora girə bilmir. Nəticədə istehsalçı uduzur, istehlakçı uduzur, qazanan yalnız dəllallar olur.
Uzun illərdir ki, təklif edirik ki, ölkədə məhsul bolluğu və ucuzluq yaratmaq üçün sadə yol var- Aqrar nazirlik bütün şəhərlərdə daimi yarmarkalar təşkil etməli və məhsul istehsal edən kəndliləri, fermerləri ora maneəsiz və pulsuz buraxmalıdır. Bu halda bazarda ucuzluq və bolluq olar. Məhsulunu rahat və normal qiymətə sata bilən kəndli daha çox əkib-becərəcək.
Azərbaycanın aqrar sahədə həm daxili tələbatın ödənilməsi, həm də ixrac potensialı genişdir. Nəzərə alsaq ki, digər ölkələrlə müqayisədə bizim ölkənin daha yaxşı iqlim, həmçinin münbit torpaq imkanları var, o zaman aydın olar ki, mövcud potensialdan düzgün və səmərəli istifadə etməklə buna nail olmaq olar.
Aqrar sahənin inkişafı o qədər də böyük vəsait tələb etmir, sadəcə müəyyən stimullaşdırıcı tədbirlər görülməli, praktik əngəllər, monopoliya halları aradan qaldırılmalıdır. Bunu etsək, hazırda 50 faiz civarında olan idxaldan asılılığımız minimuma düşər, ərzaq təhlükəsizliyimiz təmin olunar.
Dövlət tərəfindən bu məqsədlə milyardlarla vəsait ayrılır, sadəcə həmin vəsaitlərin effektiv idarə edilməsinə ehtiyac var. Bu sahədə kompleks proqramlar hazırlanmalı, vergi güzəştləri tətbiq edilməli, ərzaq istehsalı ilə məşöul olan kiçik və orta sahibkarlara güzəştli və uzunmüddətli kreditlər ayırmaq, sahibkarların işinə yersiz müdaxilələri ləğv etməkdir.
Əgər bu tədbirlər effekltiv şəkildə həyata keçirilsə, bunun ölkəmizin ərzaq təhlükəsizliyinin tam təmin etməsi ilə bərabər, həm də iqtisadi artıma və əhalinin sosial rifahının yüksəlməsinə nail olunar.
Elçin Bayramlı