Ölkəmizin iqtisadi qüdrəti artdıqca əhalinin sosial müdafiəsinin gücləndirilməsi işinə və infrastruktur layihələrinin tətbiqinə daha çox imkan yaranır. Azərbaycanın sosial-iqtisadi inkişafının prioritetlərinin müəyyənləşməsində sadə insan amili əsas götürüldüyündən, ölkənin bütün regionlarında sosial infrastrukturların yeniləşdirilməsi geniş vüsət alıb. İndi ucqar rayonlarda belə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi böyük vüsət almış, insanlar müasir yeniliklərə asan çıxış imkanları əldə ediblər.
Son illərdə ölkənin bütün yaşayış məntəqələri öz xarici simasını xeyli dəyişib. Nəinki şəhərlərdə, hətta qəsəbə və kəndlərdə də yeni istirahət parkları, idman obyektləri, tibb, təhsil və mədəniyyət müəssisələri tikilir, yollar çəkilir, küçə və meydanlar abadlaşdırılır.
Bütün sahələrdə olduğu kimi, infrastruktur islahatları da yüksək dinamizmlə həyata keçirilir, insanların məişət qayğıları əhəmiyyətli şəkildə azaldılır. Bütövlükdə 2 milyona qədər insan sosial qayğıdan bəhrələnib və bu proses davam etməkdədir.
İstifadəyə verilən mədəni müəssisələr, səhiyyə ocaqları, təhsil obyektləri, nəqliyyat şəbəkələri imkan verir ki, insanlar xüsusi çətinlik çəkmədən öz tələbatlarını ödəyə bilsinlər.
Xatırladaq ki, respublikamızın artan imkanları daxili yolların da yenidən qurulmasına və təmirinə imkan yaradıb. İndi nəinki beynəlxalq əhəmiyyətli, hətta rayonlar və kəndlərarası yollarda da genişmiqyaslı işlər görülür. Ölkə daxilində 800 kilometr respublika əhəmiyyətli şəhərdaxili və kəndarası avtomobil yollarının tikintisi və əsaslı təmiri həyata keçirilib.
Bakı-Oğuz-Qəbələ su kəmərinin tikintisi isə, paytaxt əhalisinin keyfiyyətli içməli suya olan tələbatının ödənilməsi üçün çox əhəmiyyətli layihədir. Bu xəttin istifadəyə verilməsi günü-gündən böyüyən Bakının təmiz və mineral tərkibli su ilə təminatına imkan verəcək.
Mədəni obyektlərin təmir və tikintisinə xüsusi qayğı göstərilir. Azərbaycanın ona qədər teatr və incəsənət muzeylərində, o cümlədən, Dövlət Sirkində, Dövlət Film Fondunda və başqa obyektlərdə təmir-bərpa işləri həyata keçirilib. Yerli muzeylər yeni eksponatlarla zənginləşdirilir, onların saxlama şəraiti yaxşılaşdırılır.
Şəhər və rayon mərkəzlərində xüsusi layihəli yaşayış binaları, kənd yerlərində fərdi evlərin tikintisi vüsət alıb. Şəhid ailələrinin və əlillərin mənzil təminatı əhəmiyyətli şəkildə yaxşılaşdırılıb.
Son illərdə sənayeləşmə prosesi ölkəmizin həyatında öz izini qoyub. Köhnə müəssisələr bərpa edilib, yenilərinin təməlqoyma mərasimləri keçirilib. Dövlət başçısının sənayeni dirçəltmək proqramı tam qüvvəsi ilə işə düşüb. Hazırda müxtəlif təyinatlı müəssisələrdə təsərrüfat ehtiyaclarını, eləcə də, digər sənaye sahələrinin tələbatlarını ödəyən məhsullar istehsal olunur. Bu da həm yerli istehsalın dirçəlməsinə, həm də əhalinin işlə təminatına yeni təkan verib.
Sağlam həyat devizi altında keçirilən tədbirlər də sürətlə davam etdirilir. Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti cəmiyyətin bütün təbəqələri tərəfindən alqışla qarşılanır. Bu ilin fevralından etibarən dövlət səhiyyə müəssisələrində pullu tibbi xidmətin ləğv edilməsi də əhalinin sevincinə səbəb olub.
Ekoloji proqramların icrası dövlət başçısının şəxsi nəzarətindədir. Təbii resurslardan istifadənin ciddi əsasları müəyyənləşdirilir, yeraltı ehtiyatların səmərəli istifadəsi prosedurları işlənilir. Prezident İlham Əliyevin ölkədə ağac kəsilməsinə qoyduğu qadağa ekoloji mühitin sağlamlaşdırılması işinə ən böyük töhfə olub.
Ötən illərdə olduğu kimi, bu ilin perspektivləri də nikbinlik doğurur. İlin əvvəlində əlavə dəyər vergisindən azad olunan malların siyahısının genişləndirilməsi sosial qayğı siyasətinin məntiqi davamıdır. Belə ki, uşaq qidalarının , əlillərin istifadə etdikləri texniki vasitələrin, o cümlədən, protezlərin, eləcə də, demək olar ki, bütün əczaçılıq məhsullarının və bir sıra başqa məhsulların ölkəyə gətirilməsi zamanı əlavə dəyər vergisi ödənilməyəcək. Bu da həmin məhsulların maya dəyərinin aşağı düşməsinə şərait yaratmaqla, insanların öz büdcələrinə qənaət etmələrinə imkan verəcək.
Birmənalıdır ki, Avropa Sosial Xartiyasına qoşularaq ən yüksək səviyyədə sadə insanlara qayğı siyasətini həyata keçirən Azərbaycan bundan sonra da rifah dövləti modelinə üstünlük verəcək.
Prezident İlham Əliyevin dövlətçilik konsepsiyasının mühüm həlqəsi olan sosial siyasətin əsas prinsipi yoxsulluğun tamamilə ləğv edilməsi, yaşayış standartlarının yüksəldilməsidir. Bunun üçün kifayət qədər maddi və intellektual resurslar var.
Dövlət başçısının yürütdüyü sosial-iqtisadi tərəqqi kursunun ümummilli inkişafını təmin edən dinamikası imkan verəcək ki, qarşıdakı illərdə əhalinin yaşayış resursları artsın, mədəni-mənəvi ehtiyacları daha da yüksək səviyyədə ödənilsin.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...