Uğurlu islahatlar Azərbaycanın siyasi, iqtisadi və hərbi gücünü artırır
Son illərdə ölkəmizdə müşahidə olunan iqtisadi uğurlar, bütün sferalarda baş verən irəliləyişlər bir daha təsdiqləyir ki, ölkəmiz özünün qlobal inkişaf epoxasında yeni bir mərhələyə qədəm qoyub. Qeyd edək ki, bu ilin reallıqları sırasında diqqəti çəkən əsas məqamlardan biri də, əhalinin gəlirlərinin artması, sosial müdafiənin gücləndirilməsidir. Eyni zamanda, makroiqtisadi sabitliyin qorunması, antiinflyasiya tədbirlərinin güclənməsi dövlət siyasətinin əsasını təşkil edir. Bütün bunlar Azərbaycanda iqtisadi inkişafın sosial inkişafla paralel getdiyinin əyani təzahürüdür.
Son 5 il ölkəmizin həyatında çox mühüm proseslərlə yadda qalıb. Azərbaycanın beynəlxalq mövqeləri xeyli güclənib, iqtisadi artım tempi sabit saxlanılıb, əhalinin sosial problemləri, o cümlədən, məşğulluq problemi, demək olar ki, tam həllini tapıb. Bütün bunların təzahürüdür ki, iqtisadiyyatda və sosial həyatda qazanılan uğurlar arxasınca yeni nailiyyətlər gətirir.
Dövlətimizin başçısı çıxışlarında həmişə qeyd edir ki, ölkəmizin dinamik inkişafı, əhalinin güzəranının yaxşılaşdırılması, sosial həyatın yüksəlməsi artıq reallıqdır. Minimum əməkhaqqının məbləği 5 il ərzində təxminən 8,3 dəfə artırılaraq, 9 man-dan 75 man-a çatdırılıb. Pensiyaların baza hissəsi də ilbəil artırılmış və 75 man-a bərabər olub. Bu isə 2003-cü illə müqayisədə 5,4 dəfə çoxdur.
Tələbələrin təqaüdləri 20 dəfəyə qədər qaldırılıb. Ümumiyyətlə, orta aylıq əməkhaqqı 3,3 dəfə artaraq 254 man təşkil edib. Dövlətimizin həyata keçirdiyi siyasətin əsas məqsədi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin düzgün istiqamətdə aparılmasıdır. Ölkəmizdə yeni iş yerlərinin açılması əhalinin yaşayış səviyyəsini xeyli yüksəldib, yoxsulluğun səviyyəsinin azaldılmasına çox böyük təsir edib. Aztəminatlı ailələrə ünvanlı sosial yardımın verilməsi də vətəndaşların rifah halının yaxşılaşdırilması üçün bir vasitə olub. Bütün bunların nəticəsində, son 5 il müddətində ölkəmizdə yoxsulluğun həddi 45 faizdən 16 faizə enib.
Onu da qeyd edək ki, dövlətimiz öz siyasətində bütün problemlərin həllinə dövlətçilik kontekstindən yanaşır. Cəmiyyətin ümumi inkişaf qanunauyğunluğunu dəqiq şəkildə qiymətləndirən, eyni zamanda, ictimai həyatın müxtəlif sahələrindəki çətinliklər barədə aydın təsəvvürə malik olan ölkə başçısı, məhz bu keyfiyyətləri sayəsində yeni dövrün ən başlıca vəzifələrinin dəqiqliklə müəyyənləşdirilməsinə müvəffəq olub.
Dövlət rəhbərinin atdığı hər bir addımda ölkə vətəndaşlarının milli mənafeyini üstün tutaraq bu yöndə yeni tədbirlər həyata keçirir. Məhz buna görə, ölkəmiz bölgədə liderlik əldə edib. İqtisadiyyatımızın artan tempi ölkəmizi regional əhəmiyyətli güc mərkəzinə çevirərək, bir çox sahələrin inkişafını təmin edib. Ötən 5 il ərzində ümumi daxili məhsulun həcmi 2,7 dəfə artıb. Bütün bunlar son nəticədə dövlət büdcəsinin böyük həcmdə artımına səbəb olub.