Müsahibə

  • 10 195

"Molla rejimi məhvə məhkumdur" - MÜSAHİBƏ

image

Abutalıb Səmədov: “İran hakimiyyətinin hələ də üzr istəməməsi onun mahiyyətini ortaya qoyur”

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədovun “Səs” qəzetinə müsahibəsi

- Abutalıb müəllim, Azərbaycanın səfirliyinə olan xain hücum bir daha molla rejiminin terrorçu bir rejim olduğunu əyani təsdiqi sayıla bilər?
- Bu cür hadisələr digər ölkələrin ərazisində də baş verib. Son iyirmi ildə İslamabadda Çexiya səfirinin öldürülməsi, Bağdadda Əlcəzairin diplomatik nümayəndəliyinin rəhbərinin oğurlanaraq edam edilməsi, Nayrobidə Venesuelanın səfirinin boğularaq öldürülməsi və s. hallar hamımızın yaxşı yadındadır. Qardaş Türkiyədə bir neçə il əvvəl Rusiya səfiri Andrey Karlovun qətlə yetirilməsindən sonra heç kimin ağlına gəlmədi ki, Türkiyəni terrorçu dövlət adlandırsın. Ancaq təəssüf ki, İran barədə danışarkən onu ən azından terror çağırışlarına “dözümlü” yanaşan dövlət olduğunu söyləmək məcburiyyətindəyik. Yəqin xatırlayırsınız təqribən bir ay əvvəl bir nəfər azərbaycanlılara və səfirliyimizə qarşı terror çağırışı ilə dolu video yayımladı. Onun haqqında dərhal cinayət işi açmalı olan və onu məsuliyyətə cəlb etməli olan İran dövləti heç bir tədbir görmədi. Bu cür münasibət terroru “həvəsləndirmək” cəhdindən başqa bir şey deyildi. Səfirliyimizə qarşı törədilən terror aktının səbəblərindən biri, bəlkə də birincisi İran hakimiyyətinin terror çağırışlarına vaxtında və kəskin reaksiya verməməsi oldu. Ümid edirəm ki, heç olmasa bu faciədən sonra İran rəhbərliyi bu cür çağırışlar səsləndirənlərin barəsində qəti tədbirlər görəcəkdir.
- Azərbaycan səfirliyi tamamilə fəaliyyətini dayandırdı. Bundan sonra proseslər hansı məcrada inkişaf edə bilər?
- Hadisələrin bundan sonrakı inkişafı İran rəhbərliyinin atacağı addımlardan asılı olacaq. Təbii ki, İran bizim qonşumuzdur, orada bizim on milyonlarla soydaşımız yaşayır və biz Tehranda səfirliyimizin olmasında, normal münasibətlərimizin formalaşmasında çox maraqlıyıq. Ancaq İran hakimiyyəti ilk növbədə diplomatik nümayəndəliyimizin normal fəaliyyət göstərməsi üçün şərait yaratmalı və təhlükəsizliyə tam təminat verməlidir. Terror aktını hazırlayan və icra edən cinayətkarlar haqqında ən qısa müddətdə kəskin cəza tədbirləri görülməlidir. Əgər bunlar baş verməsə və İran hakimiyyəti terror çağırışları ilə çıxış edənlərə yenə də “səbrlə” yanaşmaqda davam etsə Azərbaycan hakimiyyəti tərəfindən ən kəskin addımlar atılmalıdır. İnanıram ki, İran rəsmiləri işin bu həddə gəlib çatmaması üçün əllərindən gələni edəcəklər.
- Molla rejimi etdiyi qanlı terrora görə, Azərbaycan xalqından, dövlətindən hələ də üzr istəməyib. Bu yaramazlıq nə ilə bağlıdır?
- İran hakimiyyətinin törədilən qanlı terror aktına görə, Azərbaycan xalqından, dövlətindən hələ də üzr istəməməsi onun mahiyyətini ortaya qoyur. Normal dövlətlər bu cür hadisə baş verdikdən dərhal sonra qətlə yetirilmiş diplomatın təmsil etdiyi dövlətdən və doğmalarından üzr istəyir və hər cür maddi və mənəvi dəstəyə hazır olduqlarını bəyan edirlər. İran hələ ki, sivil dünyada qəbul olunan bu yolu tutmaq istəmir. Təəssüf ki, İran rəsmiləri bəzi hallarda “orta əsrlər” üçün xarakterik olan davranışlar sərgiləməkdən, bəyanatlar səsləndirməkdən çəkinmirlər. Nəzərə almırlar ki, dünya son illər çox dəyişib və İran da bu proseslərə “ayaq uydurmaq”, normal dövlətə çevrilmək məcburiyyətindədir. Ümid edək ki, normallaşma prosesi nəhayət başlayacaq və çox uzun çəkməyəcək.
- Artıq İsraildə İrana qarşı hərbi əməliyyatlara başladığı deyilir. Regionda yeni bir müharibə ocağı yarana bilərmi?
- Çox təəssüf ki, regionda yeni müharibə ocağının yaranması tamamilə mümkündür. Bunun səbəbi ilk növbədə İran hakimiyyətinin apardığı yanlış siyasət, “nüvə danışıqlarında” tutulan qeyri-konstuktiv mövqedir. İran rəhbərliyi bir şeyi anlamaq istəmir ki, onun nüvə silahına sahib olmasına ABŞ başda olmaqla dünya gücləri imkan verməyəcəklər. Təbii ki, Azərbaycan da İranın nüvə silahına malik olmasını qətiyyən istəmir və bu bizim təhlükəsizlik maraqlarımıza ziddir. Bu səbəbdən İran nəyin bahasına olursa-olsun “nüvə klubu”na daxil olmaq fikrindən imtina etməli və 2015-ci ildə “altılıqla” (BMT TŞ-nın beş daimi üzvü üstəgəl Almaniya) əldə olunan razılaşmaya dönmədən əməl etməlidir. Əks halda İranda və bütövlükdə bölgəmizdə mövcud olan çox təhlükəli qarşıdurma daha da şiddətlənib silahlı toqquşmaya çevrilə bilər. Şənbə günü İranın İsfahan, Rəşt, Dizful, Həmədan və digər şəhərlərində baş verən partlayışlar hadisələrin son dərəcə təhlükəli istiqamətdə inkişaf etməsinin göstəricisidir. İran rəhbərliyi bu “xəbərdarlıqdan” düzgün nəticə çıxarmalı və bölgədə yaranmış gərginliyi azaltmaq üçün real addımlar atmalıdır. İranın hərbi sursat istehsal olunan zavodlarına kimin hücum etməsi hələlik dəqiq məlum deyil. Bir sıra nüfuzlu kütləvi informasiya vasitələri hücumun İsrail tərəfindən edildiyini yazıblar və bu iddialar hələ də nə təsdiq, nə də təkzib olunmayıb. Ancaq bir şey aydındır ki, İran hakimiyyəti öz siyasətində ciddi düzəlişlər etməsə genişmiqyaslı silahlı toqquşmadan yayınmaq mümkün olmayacaq.
- Sizcə, İsrail İran müharibəsi qanlı toqquşmalarla müşayiət olunarsa Azərbaycana hansısa bir formada zərər vura bilərmi?
- Azərbaycan İranın ən yaxın qonşusudur və ona qarşı başlanan hərbi əməliyyatlar bizim üçün təsirsiz ötüşməyəcək. Təbii ki, biz bölgədə hərbi əməliyyatların baş verməməsində, sülhün bərqərar olmasında maraqlıyıq. Ancaq çox təəssüf ki, hər şey bizdən asılı deyil. İran dövləti yeritdiyi aqressiv xarici siyasətdən imtina etməli, öz gücünü və ona qarşı olan dövlətlərin imkanlarını düzgün qiymətləndirməlidir. Əks halda bölgədə qanlı toqquşmalardan qaçmaq mümkün olmayacaq. Bu toqquşmaların zərəri isə bölgə dövlətlərinin hamısına olacaq və Azərbaycanın da vurulacaq zərərdən özünü qoruması mümkün olmayacaq. Əsas zərbə ilk növbədə bölgə ölkələrinin iqtisadiyyatına dəyəcək. Məlumdur ki, Azərbaycan son illər Şimal-Cənub beynəlxalq nəqliyyat koridorunun tam gücü ilə işləməsi üçün əlindən gələni edir. Bu dəhlizin tam gücü ilə işləməsinə Rəşt-Astara dəmiryol xəttinin hələ də işə düşməməsi mane olur. Baxmayaraq ki, bir neçə il əvvəl dövlətimiz bu yolun salınması üçün İrana əlverişli şərtlərlə 500 milyon dollar verib, təəssüf ki, İran dövləti dəmiryolunun tikintisini ləngitməkdə davam edir. Mümkün hərbi əməliyyatlar digər sahələr ki, nəqliyyat infrastrukturuna da ciddi zərbə vuracaq və bundan hamımız zərər çəkəcəyik.
- İran İsrail müharibəsi baş verərsə Ermənistan hansı formada molla rejiminə kömək edəcək?
- İran-İsrail müharibəsi başlayarsa Ermənistanın və ermənilərin satqın mahiyyəti bir daha üzə çıxacaq və molla rejimi qoynunda necə “ilan bəslədiyini” anlayacaq. Müharibə olarsa Ermənistanın İrana köməyindən söhbət belə gedə bilməz. Çətin məqamda cənub qonşumuzu tərk edən və yeni “hamilər” axtarışına çıxan ilk dövlət Ermənistan olacaq. Düşünürəm ki, İran hakimiyyəti yaranacaq bütün təhlükələri ləngimədən, vaxt itirmədən nəzərə almalı, öz xalqına yeni fəlakətlər yaşadacaq siyasi xətdən dərhal imtina etməlidir.
Müəllif: Gülyana

Digər xəbərlər