PDF Oxu

Müsahibə

  • 4 955

BRİCS birliyi nə dərəcədə effektlidir? - MÜSAHİBƏ

image

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Polad Mehdiyevin SİA-ya müsahibəsini təqdim edirik:

- Oktyabrın 22-də Kazanda öz işinə başlamış 16-cı BRİCS sammitinin Rusiya üçün son dərəcə önəmi var. İstər mənəvi, istərsə də diplomatik cəhətdən Moskva üçün böyük əhəmiyyətə malikdir. Bəs BRİCS sammiti Azərbaycan üçün hansı dividentləri qazandırıb?
- BRİCS sammiti dünyada mövcud olan əhəmiyyətli beynəlxalq qurumlardan biridir. Bunun əhəmiyyəti onun iqtisadi potensialı ilə əlaqədardır. Yaxın keçmişimizə münasibət bildirdikdə 1945-ci il Yalta konfransından etibarən dünyanın siyasi nizamında yeni konyunktura qurulmağa başladı. Bu konyunkturaya əsasən dünya ölkələrini şərti olaraq üç qrupa bölmək olar. Birinci qrup Qərb bloku təmsil edən ölkələr başda ABŞ olmaq şərtilə, digər qrupa Sovet quruluşu üzvlərini və sovetlərə ideoloji, iqtisadi və siyasi cəhətdən yaxın olan ölkələr aiddir. Üçüncü qrup ölkələrə başda Hindistan olmaqla digər ölkələr aiddir. Bu cür konyunktura beynəlxalq münasibətlərdə 1989-cu ilin Malta konfransına qədər davam etdi. Qarbaçovun iştirakı ilə keçirilmiş həmin Malta konfransı Berlin divarının uçması ilə əlaqədar idi. Nəticədə dünyada artıq ikitərəfli qütb və şərti böldüyümüz üç qrup dünya ölkələri arasındakı bu nisbət dağıldı. Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi təkqütblü sistemin əlamətləri görünməyə başladı. Bu proses uzun müddət davam etdi.Bir çox beynəlxalq münaqişələrə və nizama salınmağa ehtiyacı olan məsələlərə, o cümlədən ABŞ-ın öz maraqlarını əhatə edən məsələlərə münasibətdə ABŞ “Yumşaq güc” tətbiq etməklə prosesləri həll edə bilirdi. Bu dünyadakı digər dövlətlərin – Rusiya, Çin, Hindistan, Cənubi Afrikanın və regional dövlətlərin – Türkiyə, İranın dünya siyasətinə təsirləri artmağa başladıqca Qərb tərəfindən “Yumşaq güc” tətbiq etməklə məsələlərin həlli çətinləşdi. Bu baxımdan “Yumşaq güc”lə yox, birbaşa aktiv müdaxilələrlə maraqların qorunması prosesi başladı. Biz bunun təzahürlərini Ukrayna-Rusiya münaqişəsində, yaxın şərqdə İsrail vasitəsilə baş verən hadisələrdə görürük. Eyni zamanda bunun əlamətlərindən biri də Cənubi Qafqazdadır. Düzdür, Azərbaycan rəhbəri cənab İlham Əliyevin və Azərbaycan ordusunun çox güclü və yerində həmləsi ilə Cənubi Qafqazda münaqişə ocağı yatırıldı. Ancaq maraqların toqquşması baş verir və davam edir.
Eyni zamanda Tayvanda da bu toqquşma gözlənilir. Həmin bu təktərəfli dünya artıq Qərbin çoxtərəfli qüvvələrinin iştirakı ilə maraqların toqquşması nəticəsində görünür ki, çoxtərəfli qütbə doğru çevrilməkdədir. Artıq bir tərəfin maraqları ilə yox, bir neçə tərəfin marağı nəzərə alınmalıdır. Bu fonda Qərbin inhisarında olan beynəlxalq təşkilatlardan kənar BRİCS kimi, Qoşulmama Hərəkatı kimi beynəlxalq münasibətləri və iqtisadi münasibətləri özündə ehtiva edən təşkilatların formalaşması olduqca əhəmiyyətlidir. Nəzərə alsaq ki, BRİCS-də kifayət qədər ciddi iqtisadi resursa malik olan dövlətlər var. Misal üçün, dünya iqtisadiyyatının dörddə biri hal-hazırda BRİCS üzvləri olan ölkələrdədir. Eyni zamanda ciddi əhali kütləsi var. Təxminən dünya əhalisinin 50 faizi BRİCS ölkələrinin payına düşür. Bu baxımdan bu cür təşkilatın Azərbaycanın iştirakı, münasibətlərin formalaşması olduqca əhəmiyyətlidir.
- BRİCS birliyi nə dərəcədə effektlidir?
- Birincisi, bilavasitə həmin birliyin effektindən daha çox çoxtərəfli beynəlxalq münasibətlərin Azərbaycana effekti nə dərəcədədir, hansı imkanları yaratmasına, ardınca isə bu təşkilatın faydalılıq əmsalına baxaq. Azərbaycanın həyata keçirdiyi siyasət müstəqillik dövründən etibarən Azərbaycanın nə Qərb, nə Şərq üzərində, Azərbaycan maraqları üzərində qurulub. Azərbaycanın dövlət maraqları var. Azərbaycanın iqtisadi maraqları, təhlükəsizlik maraqları və enerji maraqları var. Azərbaycanın bu maraqlarına hörmət edərək, bunları qəbul edərək əməkdaşlıq qurulmalıdır. Bunu nəzərə alıb Azərbaycanla əməkdaşlıq edən istənilən tərəflə Azərbaycanın çox uğurlu əməkdaşlığı olub. Qərblə iqtisadi, enerji layihələrimiz bu istiqamətdə olub. Siyasi əməkdaşlıqlarımız olub. Biz NATO-nun tərəfdaşıyıq, Avropa Şurasına üzvük, Rusiya ilə müttəfiqlik haqqında saziş bağlamışıq. Çinlə strateji əməkdaşlıqla bağlı saziş bağlamışıq, İsraillə münasibətlərimiz yüksək səviyyədədir. Azərbaycanın siyasi dövlət maraqları, iqtisadi enerji maraqları təmin olunacağı təqdirdə Azərbaycan bütün tərəflərlə əməkdaşlıq edir, işləyir.
- Cənab Prezident İlham Əliyev bir çox dövlət başçısı ilə ikitərəfli görüşlər keçirdi. Ən maraq doğuran məqam isə iclas ərəfəsində Prezident İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüşü idi. Hətta görüşə hər iki dövlətin nazirləri də cəlb olunmuşdu. Mətbuata açıqlanmasa da, sosial şəbəkələrdə istər-istəməz müzakirə obyektinə çevrilib. Hansı mövzularda müzakirələr gedirdi?
- Ermənistan-Azərbaycan arasında sülh sazişi ilə bağlı məsələlər kifayət qədər çox müzakirə olunub. Kifayət qədər bəzi ictimaiyyətə açıq detallar hər kəs üçün məlumdur. Azərbaycan sülh tərəfdarıdır. Azərbaycan qələbəsini sülh sazişi ilə rəsmiləşdirmək istəyir. Əgər biz bu gün sülh sazişindən danışırıqsa, bu bilavasitə Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə riayət edərək legitim güc tətbiq etməsi nəticəsində olub. 44 günlük Vətən müharibəsi, ardınca anti-terror tədbirləri olmasa idi bu gün Qafqazda sülhdən heç kəs danışmazdı. Necə ki, 30 il ərzində danışmayıblar. Sülh danışırıqsa, Azərbaycanın birinci qanuni müdaxiləsidir, ikincisi isə, müharibədən dərhal sonra Azərbaycan tərəfindən sülh sazişi ilə bağlı 5 baza prinsipi təklif olundu. 5 baza prinsiplərinə çoxlu sayda şərhlər verərək geri qaytardılar. Kifayət qədər uzun müddətə sonuncu təkliflərimizi 70 gün gözlədilib sonra münasibətlərini bildirdilər. Azərbaycan sülh tərəfdarıdır və sülhlə bağlı lazım olan bütün addımları atır.
- Azərbaycan tərəfi sülhə doğru bütün addımları atıb. Ermənistan tərəfi hələ də tərəddüd içindədir. Proseslər nəyi göstərir? Yaxın zamanda sülhə doğru addım atıla bilərmi, yoxsa Ermənistan yenidən müharibə aurasındadır?
- Sülhlə bağlı Azərbaycanın təşəbbüsü ilə ikitərəfli platformaya keçdik. İkitərəfli platformanın həm də əhəmiyyəti ondan ibarətdir ki, bu münaqişəni biz beynəlxalq güclərin maraq dairəsindən çıxardaraq ikitərəfli müstəviyə salırıq. Bunun əhəmiyyəti ona görədir ki, əgər hər hansı sülh sazişində xarici dövlətlərin maraqları varsa, o zaman maraq əsas götürülür və sülh sazişi o marağın kölgəsinə keçir. Amerika Birləşmiş Ştatlarının səlahiyyətli şəxsi C.Obrayn çıxışında bildirir ki, sülh sazişi bağlamaqla Rusiyanı regiondan sıxışdırıb çıxarmaq lazımdır. Burada söhbət ondan gedir ki, əgər sülh sazişinin bağlanmasında məqsəd hansısa bir gücün bölgədən çıxarılıb digər bir gücün yerləşməsidirsə, o zaman sülh müqaviləsi tez baş verməyəcək. Bu baxımdan ikitərəfli danışıqlar çox əhəmiyyətlidir. Biz bununla bağlı kifayət qədər uğurlu addımlar atmışıq, nəticəyönümlü işlər görmüşük. Göstərə bilərik ki, delimitasiya prosesinin sürətləndirilməsi ilə bağlı komissiyanın yaradılması üçün əsasnamənin təsdiq olunması uğurlu addımdır. Lakin razılaşmadığımız müəyyən detallar var. Azərbaycanın haqlı tələblərinə adekvat olmayan müəyyən addımlar var. Zəngəzur dəhlizi, dəhlizlərin açılması ilə bağlı Ermənistan tərəfinin üzərinə düşən öhdəliyi yerinə yetirməməsi, Ermənistan qanunvericiliyinin Azərbaycana qarşı ərazi iddiasının aradan qalxması, bununla bağlı normativ hüquqi aktlarda dəyişiklik etməməsi, münaqişə ilə bağlı yaranmış olan keçmiş ATƏT-in Minsk Qrupunun ləğv edilməsi məsələsi, o cümlədən sərhədlərin delimitasiyasında mübahisəli məqamlar var. Bu vacib məsələlər həllini tapmalıdır. Bunu Qərb də, Rusiya da, ermənilər də bilir.
- BRİCS ölkələrinin ortaq və fərqli cəhətləri nədir?
- İlk olaraq iqtisadi maraqlar bu ölkələri birləşdirir. BRİCS üzvlərinə – Rusiya, Çin, Hindistan, Cənubi Afrikaya, Braziliyaya baxdıqda bunların böyük iqtisadi potensialları var və iqtisadi potensialların qarşılıqlı əməkdaşlıq çərçivəsində artırılması əsas məqsədlərdən biridir. Bilirik ki, müasir dövrümüzdə alət kimi sanksiyalar tətbiq olunur. Dünyada sadəcə siyasi və beynəlxalq münasibətlər nöqteyi-nəzərdən institutlar Qərbdə formalaşmayıb. Eyni zamanda beynəlxalq iqtisadi sistemlə, beynəlxalq maliyyə sistemi də, təəssüflər olsun ki, inhisarlaşmış formadadır. Bu baxımdan hər hansı bir dövlətin atacağı istənilən fərqli addıma görə sanksiya ilə üzləşmə ehtimalları var. Təsadüfi deyil ki, Azərbaycana qarşı da mütəmadi sanksiya ilə hədələmələr var. Birinci növbədə iqtisadi əməkdaşlıq, bunun ardınca vahid maliyyə sisteminin əmələ gəlməsi məsələsi var. Yeni iqtisadi sistem formalaşdırıla bilsə, dollar inhisarçılığına son qoymaq deməkdir. İkinci əhəmiyyətli cəhəti nəqliyyat nöqteyi-nəzərdən əhəmiyyətlidir. Çünki böyük infrastruktur var. Coğrafiya ona imkan verir. Misal üçün Hindistanla Rusiyanın, Orta Asiya ilə Çinin və Qərbin əməkdaşlığını deyə bilərik. Bu platformanı Qərbə qarşı görmək düzgün deyil. Yaxud da, Qərbi buna qarşı qoymaq düzgün deyil. Doğrusu budur ki, siyasi, iqtisadi inhisarçılıq aradan qalxsın. Çoxqütblü, çoxtərəfli münasibətlər yaransın. Bu baxımdan o təşkilatın qurulması, inkişafı çox əhəmiyyətlidir.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər