PDF Oxu

Müsahibə

  • 11

Azərbaycanda bələdiyyələr demokratik inkişafın və vətəndaş cəmiyyəti quruculuğunun nümunəsidir

Azərbaycanda bələdiyyələr demokratik inkişafın və vətəndaş cəmiyyəti quruculuğunun nümunəsidir
- Tahir müəllim, Azərbaycanda bələdiyyə institutunun yaradılmasının 10 ili tamam olur. Ötən dövrə nəzər saldıqda, yerli özünüidarəetmə sisteminin cəmiyyətimiz üçün hansı yeniliklər gətirdiyini demək mümkündür?
- Azərbaycanda bələdiyyələr demokratik inkişafın və vətəndaş cəmiyyəti quruculuğunun bir nümunəsidir. Əgər Azərbaycan müstəqil bir demokratik respublikadırsa, vətəndaş cəmiyyəti quruculuğuna gedirsə və cəmiyyət durmadan inkişaf etdirilirsə, onda bu cəmiyyətdə bələdiyyələrin yeri və mövqeyi möhkəm olmalıdır. Yerli özünüidarəetmə orqanlarının fəaliyyəti səmərəli olmalıdır və bunu təmin etməkdən ötrü lazım olan məsələlər həyata keçirilməlidir. İlk növbədə, bələdiyyələrin hüquqi bazası möhkəm olmalıdır, hüquqi normativ aktlarda boşluqlar olmamalıdır. Qeyd etmək istəyirəm ki, hazırda bu sahədə hüquqi baza yaranıb, ölkədə bələdiyyələrin inkişafına və onların fəailiyyətinin formalaşdırılmasına göstərilən qayğı-diqqət Ulu Öndərimizdən bizə yadıgardır. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyinin nəticəsi idi ki, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasında bələdiyyələrin hüquq və vəzifələrini, onların gələcək fəaliyyətini müəyyən edən bir bölmə yer alıb. Bu, çox əhəmiyyətlidir.
Əksər ölkələrin konstitusiyalarda bələdiyyələrə bir bənd və ya maddə həsr edilib. Azərbaycan Konstitusiyasında isə geniş bir bölmə var. Digər tərəfdən, mart ayında Azərbaycan Konstitusiyasına əlavə və dəyişiliklər edildi. Referendumda bələdiyyə bölməsinə 4 əlavə maddə də əlavə olundu. Bu maddələrdən ən başlıcası da odur ki, bələdiyyələrin üzərində dövlət nəzarəti olmalıdır. Azərbaycan cəmiyyəti kimi demokratik bir cəmiyyətdə heç bir məsələ dövlətin nəzarətindən kənarda olmamalıdır. Nəzərinizə çatdırım ki, bələdiyyələrlə bağlı 25-dən artıq qanun qəbul edilib. 200-dən artıq hüquqi normativ sənədlər var ki, burada da bələdiyyələrin fəaliyyətinin istiqamətləndirilməsi öz əksini tapıb.
Mən deyərdim ki, bələdiyyələrin fəaliyyətinin ilk beşilliyi onların təşkilatlanması üçün bir dövr oldu. Çünki həmin dövrdə bələdiyyə institutu təzə idi, xarici və daxili təcrübəni öyrənmək lazım idi və onu işə tətbiq etmək gərək idi. Bələdiyyə maariflənməsi aparılmalı idi. O zaman bir çoxları bələdiyyələri adi, fəaliyyətsiz, əhəmiyyətsiz orqan hesab edirdilər. Amma həmin dövrdə bələdiyyələr təşkilatlandı. İkinci çağırışda isə bələdiyyələrin formalaşması baş verdi. Həmin dövrdə Avropa Şurası və digər beynəlxalq təşkilatlar təklif edirdilər ki, Azərbaycanda bələdiyyələrin milli assossasiyası yaradılmalıdır. Mövcud reallığı nəzərə alaraq, bu assosiasiyalar vahid sestemdə yox, kənd-qəsəbə-şəhər formasında yaradıldı. Bu da beynəlxalq təcrübələrin öyrənilməsində müsbət rol oynadı.
- İlk dövrlərdə bələdiyyələr bütün ərazi vahidlərində yaradıldı, amma sonradan onların birləşməsi prosesi baş verdi. Birləşmə prosesinin bələdiyyələrin fəaliyyətinin təkmilləşməsində rolu nədən ibarətdir?
- Respublikamızda 2757 bələdiyyə vardı, onların 1039-u birləşdi və bu gün ölkəmizdə 1718 bələdiyyə fəaliyyət göstərir. Bu, təbiidir və qanunauyğundur. Biz xarici ölkələrin bələdiyyə sisteminə nəzər salanda, bu dəyişiklikləri onlarda da müşahidə edirik. Bələdiyyələrə imkan yaradılıb ki, insanlar öz sözlərini desinlər. Lakin sonradan məlum oldu ki, kiçik bələdiyyələr özlərini doğrultmur, ona görə də ləğv edildi. 30-40 nəfər sakini olan ərazidə də bələdiyyə yaradılmışdı. Maddi-texniki bazası olmayan, özünü təsdiqləməyən belə bələdiyyələrə insanlar da formal baxırdı. Bir çox xarici təşkilatlar Azərbaycanda monitorinqlər aparanda, görürdülər ki, bu bələdiyyələr il boyu heç bir işin sahibi olmayıblar. Ona görə də deyirdilər ki, Azərbaycanda bələdiyyələrin fəaliyyəti yoxdur. Bu səbəbdən, birləşmə prosesi düzgün prosesdir.
Nəzərə alsaq ki, Azərbaycanda bələdiyyə institutu təzədir, onlar üçün kifayət qədər maddi-texniki baza yoxdur, bütün bunlara rəğmən bələdiyyələr inkişaf ediblər. Azərbaycan sosial-iqtisadi inkişafda olan bir respublikadır və beynəlxalq aləmdə qazandığımız uğurlar hamıya bəllidir, ona görə də bələdiyyələr fəal olmalıdır. Onların passiv mövqe tutmağa haqları yoxdur. Bütün bunları nəzərə alaraq, qarşıdan gələn növbəti seçkilərdə fəal olmalıyıq.
- Sizcə, bu birləşmə istənilən nəticəni verəcəkmi?
- Təbii ki, yaxşı nəticə verməlidir. Bələdiyyələr birləşəndə, onların resursları da birləşir. Bu, şərait yaradır ki, resurslar düzgün istiqamətləndirilsin. Həm də bələdiyyələrin kadr potensialı güclənir. Biz Norveç, Almaniya, Latviya bələdiyyələrinin təcrübəsini öyrənmişik. Bu ölkələrdə də əvvələr çoxsaylı bələdiyyələr olub. Norveçdə bələdiyyələrin formalaşması hələ də davam edir. Onlarda kiçik bələdiyyələr birləşib iri bələdiyyələr yaranıb, sonra şəhər bələdiyyələri yaranıb, indi də proses gedir ki, regional bələdiyyələr yaransın. Almaniyada da belədir.
Bələdiyyələr yarananda, bizə lazım idi ki, bütün kəndlərdə bələdiyyə olsun. Bunu etməsəydik, beynəlxalq təşkilatlar irad tuta bilərdilər ki, o kiçik kəndlərdə insanların hüquqları pozulur. Ancaq elə bələdiyyələr vardı ki, özləri işləyə bilmədiklərini deyirdilər. Yəni bütün hallarda bu proses getməli idi. Bələdiyyələrin inkişafı üçün ən vacib şərtlərdən biri vətəndaşların təşəbbüsüdür. Vətəndaş-bələdiyyə münasibətləri düzgün qurulmalıdır.Vətəndaş əgər özünün yerli idarəetmə orqanını seçibsə, onun fəaliyyətində yaxından iştirak edirsə, o bələdiyyənin işi yüksək olmalıdır. Əgər vətəndaş bələdiyyəyə laqeyd münasibət göstərirsə, bələdiyyə də ona laqeyd münasibət göstərəcək.
Seçmək hüququ ilə yanaşı, vətəndaşların vəzifələri də var. Vətəndaş vergiləri verməlidir, çünki bələdiyyənin maliyyəsi bununla formalaşır. Vətəndaş fəal olmalıdır, harda problem varsa, gəlib bələdiyyəyə deməlidir ki, gəlin bu problemi həll edək. İcma formasında, bir təşəbbüs qrupu formasında bu insanlar yığışıb müzakirələr aparılmalıdır və bələdiyyələr də bu prosesə qoşulmalıdır.
Bir sözlə, vətəndaş bələdiyyənin fəaliyyətinə nəzarət etməlidir, ondan hesabat istəməlidir. Eyni zamanda, insanlar bələdiyyəyə müəyyən təkliflər verməlidirlər. Bələdiyyə də görəndə ki, vətəndaş maraqlanır, fəaldır, daha yaxşı işləməyə məcbur olur. Hər bələdiyyə üzvü hər 6 aydan bir hesabat verməlidir. İldə bir dəfə bələdiyyənin büdcəsi formalaşdırılanda, əhalinin müəyyən təbəqələrini yığıb hesabat verməlidir. Amma nöqsanlı cəhətlərdən biri də odur ki, insanlar bu işdə yaxından iştirak etmirlər. Elə bilirlər ki, bələdiyyəni seçməklə hər şey həll olacaq.
Bütün bunları sadalayaraq, bir daha vurğulamaq istəyirəm ki, bələdiyyələrin birləşdirilməsi vacibdir. Elə bilirəm ki, seçkilərdən sonra bu məsələyə yenidən qayıdılacaq və hətta sonradan bəzi bələdiyyələrin birləşməsi də zərurətə çevriləcək.
- Seçkilərdən söz düşmüşkən, siz bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsisiniz. Partiyamızın seçkilərə hazırlığı, kampaniyanın gedişi barədə nə deyə bilərsiniz?
- Hakim partiya olaraq Yeni Azərbaycan Partıyası bu seçkilərdə öz sözünü deməkdədir. YAP-ın Sədri, cənab Prezident İlham Əliyevin fəaliyyəti sayəsində ölkəmiz bu gün sürətlə inkişaf edir. Bu seçkilər bələdiyyələrin inkişafında da əsas olacaq. Bələdiyyələrdə kadrların artırılması baxımından da bu seçkilər əhəmiyyətli olmalıdır. Hamıya məlumdur ki, ölkədə gedən sosial-iqtisadi inkişaf ilə bələdiyyələrin fəaliyyəti bir-birini tamamlamır. İnkişaf sürətlə gedir, bələdiyyələr isə bu prosesdə kölgədə qalır. Özünüidarəetmə orqanı olaraq bələdiyyələr inkişaf prosesində öz sözlərini deməlidirlər. Onlara əhali etimad göstərib, bilavasitə, onların da borcudur ki, yerli məsələləri həll etsinlər. Bələdiyyələr ekoloji, iqtisadi, sosial məsələləri həll etməlidirlər, imkansızlara yardım etməlidirlər. Yaşıllaşdırma, su təminatı və s. kimi məsələlərlə məşğul olmalıdırlar. Fikrimcə, bu işlərdə daha təhsilli və bacarıqlı kadrlar fəaliyyət göstərməlidir. Eyni zamanda, ərazilərdə hörmətə, nüfuza malik olan insanlar bələdiyyə üzvü olmalıdırlar. Bələdiyyəni dövlət saxlayacaqsa, onda onun mövcud olmağına səbəb qalmır.
Biz bu seçkilərə çox fəal gedirik. Mənim şəxsən bir vətəndaş kimi ürəyimdəndir ki, YAP bu sahədə bir çox tədbirlər həyata keçirir. YAP-ın bələdiyyələrdə təmsil olunan üzvləri həm savad, həm də dünyagörüşü cəhətdən yüksək səviyyəlidir. Sevinindirici haldır ki, hazırkı seçkilərdə qadınların və gənclərin namizədliyinə də böyük önəm verilir. Bu gün Azərbaycan cəmiyyətində gənclərin rolu çox böyükdür. Yerli özünüidarəetmə orqanları olan bələdiyyələr elə bir qurumdur ki, onlar daimi olaraq insanlarla təmasdadırlar. Bu idarəetmə məktəbi insanları bir növ yetişdirir. Gənclər də burda püxtələşməlidirlər ki, gələcəkdə onlara daha mühüm işlər tapşırıla bilsin. Əgər hər hansı bir gənc yaşadığı regionda sosia-iqtisadi məsələləri təhlil etmirsə, baş verənlərlə maraqlanmırsa, münasibət, ünsiyyət qura bilmirsə gələcəkdə onun yüksək vəzifələrdə işləməsi qeyri-mümkündür. Bu sözləri qadınlara da aid etmək olar. Ölkəmizdə qadınlar ictimai fəaliyyətdə heç də kişilərdən geri qalmırlar. Bəs niyə bələdiyyələrdə qadınların sayı artırılmasın?
- Hazırda seçkilərin təşviqat mərhələsindəyik. Bu mərhələ çərçivəsində səlahiyyətli nümayəndə olaraq seçicilərlə görüşürsünüz. Ümumiyyətlə, vətəndaşların bu seçkilərə, bələdiyyələrin fəaliyyətinə münasibəti necədir?
- Bu gün YAP insanların arasındadır, ünsiyyətdədir. Yerlərə gedib görüşlər keçiririk. Həmin yığıncaqlarda bələdiyyələr haqqında, qarşıda duran vəzifələr haqqında məlumatlar veririk. Fikir mübadilələri aparırıq, hər kəsə öz fikrini demək üçün şərait yaradılır. Bu, o demək deyil ki, biz onlara nə isə öyrədirik. Əslində, biz də onlardan öyrənirik. Ona görə öyrənirik ki, onların qaldırdıqları bir çox məsələlər var ki, gələcəkdə YAP-a öz işini daha səmərəli qurmaq üçün stimul verir.
Bu il 15 min 682 yer uğrunda 35 mindən artıq namizəd mübarizə aparacaq. Mübarizə ciddi olacaq. Çünki siyasi partiyalar və ictimai qurumlar da bələdiyyələrə namizədlərini irəli sürüb. Amma əminəm ki, bu seçkilərdə YAP öz sözünü deyəcək. Keçən seçkilərdə YAP 60 faizlik göstərici ilə bələdiyyələrdə təmsil olunurdusa, hesab edirəm ki, bu dəfə daha yüksək nəticə əldə ediləcək.
Hesab edirəm ki, bütün namizədlərimiz də insanların qarşısına çıxanda faktlarla danışmalıdırlar. Real danışsınlar və dünənlə bu günü müqayisə etsinlər. Söyləsinlər ki, sənin bir neçə il əvvəl bu problemlərin vardı, indi aradan qaldırılıb. Deməli, bir neçə ildən sonra digər problemlərin də aradan qaldırılacaq. Ona görə də, bizim namizədlər bu işdə aktiv olmalıdırlar. Mən düşünürəm ki, bu seçkilər Azərbaycanda bələdiyyə institutunun təkmilləşməsi üçün vacib olacaq. Biz bütün seçkilərdə insanların fəallığına inanmışıq. Seçicilər ən yaxşı namizədlərə səs verəcək.
- Tahir müəllim, hazırda bələdiyyələrin səlahiyyətlərinin artırılması haqqında da təkliflər səslənməkdədir. Sizcə, indiki şəraitdə onların səlahiyyətlərinin artırılması aktualdırmı?
- Qanunvericiliyə baxdıqda, görürük ki, bələdiyyələrə geniş səlahiyyətlər verilib. Ancaq bəziləri elə səlahiyyətlər istəyirlər ki, onları yerinə yetirmək üçün bələdiyyələrin imkanları yoxdur. Müəyyən xidmət sahələri, kommunal məsələlər, yaşıllıq salınması və digər bu kimi sahələrdə bələdiyyələr geniş fəaliyyət göstərirlər. Bələdiyyələrin məşğul olduğu sahələrdə müvafiq dövlət idarələri də var. Onlar da həmin işləri həyata keçirirlər. Biz istəyirik ki, həmin işlər elə birbaşa bələdiyyələrə verilsin. Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqda qanun layihəsi hazırlanıb və Milli Məclisdə birinci oxunuşdan keçib. Hesab edirəm ki, bələdiyyələrin fəaliyyəti qarşıdakı dövrlərdə təkmilləşdikcə, onların səlahiyyətlərinin artırılması məsələsinə də baxılacaq.

Digər xəbərlər