PDF Oxu

Müsahibə

  • 9

Sərhədlərin açılması Azərbaycanın maraqlarına qarşı xəyanətdir”

Sərhədlərin açılması Azərbaycanın maraqlarına qarşı xəyanətdir”
Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi yenidən gündəmə gəlib. Bir qədər əvvəl Ermənistan mətbuatı iki ölkə arasındakı sərhədlərin oktyabrın 14-də birgünlük simvolik açılacağı barədə xəbərlər yayıb. Bu günlərdə isə Ermənistan prezidenti Serj Sarkisyan sərhədlərin açılmayacağı təqdirdə, Türkiyəyə futbol matçını seyr etməyə getməyəcəyini bildirib. Ermənistan prezidenti onu da qeyd edib ki, Türkiyəyə yalnız açıq sərhədlər olduqdan sonra gedə bilər. Onu da qeyd edək ki, sərhədlərin açılıb-açılmaması ilə bağlı fərqli versiyalar bu gün də irəli sürülməkdədir. Bu məsələ istər bu gün, istərsə də bundan xeyli əvvəl də Azərbaycan cəmiyyətində hiddətlə qarşılanıb. Qeyd edək ki, eyni münasibət Türkiyə ictimaiyyətində də müşahidə olunmaqdadır. Millət vəkili, professor Fəzail İbrahimli Türkiyə-Ermənistan sərhədlərinin açılmasının Dağlıq Qarabağ probleminin ədalətli həllinə hansı təsiri göstərə biləcəyi barədə fikirini bildirdi:
- Fəzail müəllim, Türkiyənin Ermənistan sərhədlərini açmaq və bu ölkə ilə diplomatik əlaqələr qurmaq istəyini necə qiymətləndirirsiniz?
- Bilirsiniz, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı vəd etdi ki, Azərbaycan torpaqları işğaldan azad olunmayınca, Ermənistanla sərhədlər açılmayacaq. Bundan sonra oktyabr ayında sərhədləri açmaq boş xülyadan başqa bir şey deyil. Eyni zamanda, Türkiyə ilə Ermənistan sərhədlərinin açılması Azərbaycanla yanaşı bu ölkənin özündə də çox ciddi fikirlərin meydana çıxmasına səbəb olub. Nəzərə almaq lazımdır ki, sərhədlərin açılması məsələsini təkcə Azərbaycana qarşı laqeydlik, yaxud münasibətlərin qırılması, taleyüklə məsələlərdə Azərbaycanı tək qoymaq kimi qiymtləndirmək olmaz. Bir anlığa Azərbaycanı bir kənara qoyaq, təsəvvür edək ki, Azərbaycanla Ermənistan arasında heç bir problem yoxdur. Türkiyənin özünün Erəmənistanla kifayət qədər problemləri mövcuddur. Bu problemlər ondan ibarətdir ki, ermənilər Türkiyənin tarixinə ləkə yaxır, türkləri "vəhşi xalq" adlandırır, qondarma "erməni soyqırımı"nı dünyaya qəbul etdirməyə çalışırlar. Təkcə Amerika qalıb ki, bu məsələlərdə öz mövqeyini ortaya qoysun. Bütün bu iftiraların arxasında Türkiyənin 7 vilayətinin Ermənistanın olduğu iddiası durur. Bunu nail olmaq məqsədilə ermənilərin gerbində Ağrıdağın rəsmi var. Ermənilər türklərin vəhşi xalq olduğunu zaman-zaman gələcək nəsillərinə ötürür. Bir il öncə Türkiyə Cümhuriyyətinin prezidenti Azərbaycan parlamentində çıxış edərkən 3 böyük prinsip irəli sürmüşdü. Həmin prinsiplərin ermənilərin soyqırım iddiasından imtina etməsi, Türkiyənin ərazi bütövlüyünü tanıması və Azərbaycan torpaqlarını işğaldan azad etməkdən ibarət idi. Güründüyü kimi, bu üç prinsipdən ikisi yalnız Türkiyənin özünə aiddir. İndi bu 3 prinsipin hamısını Azərbaycanın ünvanına yönəltmək demək olar ki, Türkiyənin xarici siyasətinin ən böyük uğursuz, addımı ola bilər. Bunun arxasınca Ermənistan öz iddialarını reallaşdırmaq üçün daha böyük imkanlar əldə edər. Ermənilər deyə bilər ki, "soyqırımı qəbul etdirdik, indi ərazimizi verməlisiniz", yəni yolumuzu açıb, indi də 7 vilayəti bizə verin ki, Türkiyə ilə qurtaraq. Bütün hallarda ermənilərin belə mübarizəsi davam edəcək. Buna baxmayaraq, Azərbaycan üçün ağır məqamlarda Türkiyənin belə mövqeyi qətiyyən qəbulolunmazdır. Belə bir addımın atılması Azərbaycanın Dağlıq Qarabağ probleminin həlli istiqamətində ən böyük ümidlərindən birinə qarşı xəyanət olardı.
- Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa uğursuzluğa düçar ola bilərmi?
- Dağlıq Qarabağ probleminin həlli məsələsində Azərbaycan yalnız özünə və ordusuna güvənməlidir. Artıq Azərbaycanın xarici siyasətində, o cümlədən, Türkiyə ilə münasibətlərində müəyyən redaktələr olunmalıdır. Çünki Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın regionda təklənməsi ehtimalını artıra bilər. Bəzən Azərbaycanın yeni strateji siyasət işlənməsinin vacibliyi barədə fikirlər səsləndirilir. Əgər burada region dövlətləri ilə münasibət nəzərdə tutulursa, Azərbaycan bu sahədə balanslaşdırılmış siyasət yeridir. İranla münasibət ondan ibarətdir ki, hansı addımın atılmasına baxmayaraq, bu ölkənin Azərbaycanla bağlı öz siyasəti var. Çünki İran vaxtilə Azərbaycanın ikiyə bölünməsinin iştirakçısıdır. Rusiya keçmiş imperiya Rusiyasından heç də imtina etmir, bu, Gürcüstan hadisələrində bir daha aydın şəkildə nümayiş olundu. Region dövlətlərindən Türkiyədən də Azərbaycana qarşı laqeydlik olarsa, Azərbaycan üçün kifayət qədər ciddi problemlər yarana bilər. Amerikaya qaldıqda isə, bu ölkənin atdığı bütün srateji xətlərdə Azərbaycan iştirak edir. Bura Bakı-Tbilisi-Ceyhan marşrutu, terrorizmə qarşı birgə mübarizə, xarici ölkələrədəki sülhməramlı əməliyyatlarda iştirak və sair məsələlər daxildir. Göründüyü kimi, Azərbaycan region və dünya dövlətləri ilə münasibətdə kifayət qədər ağıllı strateji xətt yürüdür. Bu xətt balanslaşdırılmış olduğundan, onu necə dəyişmək olar. Əksinə, bu siyasəti bir az redaktə etmək olar. İranın mövqeyi bəlli, Ermənistan Rusiyanın hesabına iddialarını müdafiə edir, bu halda həmin ölkələrə qarşı hansı yeni strateji xəttdən söhbət gedə bilər. Sadəcə, balanslaşdırılmış siyasi xəttin müəyyən incəliklərini düşünmək olar. Hazırda Azərbaycanın yürütdüyü siyasət həmin balanslaşdırılmış siyasətdir. Əslində, bundan başqa bir forma da görmürəm.
- Hazırkı şəraitdə Dağlıq Qarabağ probleminin həlli məqsədilə Rusiyanın təşəbbüsü ələ almaq ehtimalı nə dərəcədə realdır?
- Kobud şəkildə desək, Rusiya bu məsələdə, sadəcə, "doğduğunu boğa bilər". Vaxtilə ümummilli lider Heydər Əliyev rusiyalı həmsədr Vladimir Kazimirovla görüşən zamanı beli bir fikir səslənmişdi ki, Dağlıq Qarabağın açarı Rusiynın cibindədir. Məsələ arasındadır ki, Rusiyanın müstəqilliyimizə qarşı istəyi o dərəcədə qeyri-obyktivdir ki, onun bu məsələdə Azərbaycanın xeyrinə hansısa addım atacağını qəbul etmək çətindir.
- Türkiyə-Ermənistan sərhədlərinin açılması Türkiyə-Azərbaycan münasibətlərinə hansı təsiri göstərə bilər?
- Yaxşı olar ki, hadisə tarixə çevrildikdən sonra ona qiymət verilsin. Hələ biz bilmirik ki, Türkiyə konkret hansı addımları atacaq. Artıq məsələ ilə bağlı təkziblər verilməyə başlanılıb ki, Azərbaycanın maraqlarına qarşı ciddi hər hansı addım atıla bilməz. Sadəcə, biz gəzən söz-söhbətdən, atıla biləcək addımlardan narahatçılıq keçiririk. Ancaq hələlik, dövlət səviyyəsində bu məsələnin həlli bitməyib. Mətbatda gedən məlumatlar, məsələnin ayrı-ayrı detalları ətrafında gedən müzakirələr narahatçılıq doğurub, dövlət başçısı səviyyəsində isə rəsmi mövqe ortaya qoyulmayıb. Dağlıq Qarabağ üzrə şəxsi nümayəndə açıqlamasında bildirib ki, Türkiyə-Ermənistan sərhədləri hansısa bir əvəzetmə, bəzi rayonların boşaldılması ilə açıla bilər. Bu açılmanın hansısa şəkildə Azərbaycana xeyri olarsa, Dağlıq Qarabağ probleminin həllinə bizim istəyimiz müstəvidə kömək ola bilərsə, biz buna tərəfdar olarıq.

Digər xəbərlər