İşğalçı Ermənistanın silahlı qüvvələrinin bir gün öncə başlanan güclü hücumu 23 iyul 1993-cü il tarixdə ermənilərin Ağdamı işğal etməsi ilə nəticələndi. Bu, Azərbaycanın I Qarabağ Savaşında Laçın və Kəlbəcərdən sonra üçüncü böyük itkisi idi. Sonrakı döyüşlər nəticəsində rayonun üçdə ikisi işğal edildi. Ağdamın süqutu Dağlıq Qarabağın cənubunda daha 4 rayonunun işğalını labüd etdi.
İşğalla bağlı Azərbaycan rəhbərliyi BMT Təhlükəsizlik Şurasına müraciət etdi və iyulun 29-da 853 saylı qətnamə qəbul edildi. Lakin 16 il keçsə də, bu qətnamə hələ də yerinə yetirilmir. Bu haqda çox yazılıb, çox deyilsə də, burada hələ aydınlaşmamış qaranlıq məqamlar da çoxdur. Həmin dövrdə Milli Məclisin deputatı və o ərəfədə həmin əraziyə ezam olunmuş şəxs Cümşüd Nuriyevlə söhbətimizdə Ağdamın işğalı ilə bağlı bəzi məqamlara aydınlıq gətirməyə çalışdıq...
- Cümşüd bəy, Ağdamın işğalı ərəfəsi ölkədə yaranmış hərbi-siyasi vəziyyəti necə qiymətləndirirsiniz və işğala gətirən əsas səbəblər haqda nəyi qeyd etmək istərdiniz?
- Ağdamın işğal olunmasını ermənilər həddən artıq çox istəyirdilər, çünki Ağdam Qarabağda əsas dayaq nöqtəsi idi. Azərbaycanın bütün bölgələrindən ora könüllü döyüşçülər gəlirdi. Eyni zamanda, orada kifayət qədər ərazini yaxşı tanıyanlar var idi və onlar döyüşçülərimizə kömək edirdilər.
Ağdamı saxlamaq həmin vaxt mümkün deyildi. Ona görə ki, orada 33 ərazi özünümüdafiə batalyonu var idi və bunların çoxu müxtəlif adamların- bəziləri icra hakimlərinin, bəziləri siyasi partiyaların, bəziləri də ayrı-ayrı döyüşçülərin sərəncamında idi.
Onların da arasında daha çox nüfuz davası gedirdi ki, kim-kimdən daha yaxşı döyüşür, kim-kimdən daha yaxşıdır. AXC nümayəndələri, icra hakimləri və mərkəzdə oturanlar xalqa qarşı özlərini həddən artıq həyasız aparırdılar, yəni adamları təhqir edirdilər. Burada ikinci bir məsələ də formalaşırdı ki, bu da Qarabağda Surət Hüseynovun nüfuzu idi.
Bütün bunların da fonunda AXC daxilində yaranan qüvvələrin parçalanması gedirdi. Yəni, Ağdamın işğalının ilkin səbəbi 1993-cü ilin fevral ayının 9-da Xalq Cəbhəsinin verdiyi bəyanat oldu.
- Bu bəyanat və onun nəticəsində baş verənlər cəbhədəki vəziyyətə nə dərəcədə təsir göstərdi?
Həmin bəyanatda Rəhim Qazıyevi və digərlərini satqın kimi göstərdilər və bunun da nəticəsində ilk qarşıdurmalar başlandı. Rəhim Qazıyev vəzifədən azad olundu, bundan sonra isə onun tərəfdarları olan bir neçə ərazi özünümüdafiə batalyonu geri çəkilməyə başladı.
İstər-istəməz Surət Hüseynovun dəstəsi ilə qarşıdurma gücləndi. Onun nüfuzu Xalq Cəbhəsini çox narahat edirdi. Və bütün bunların fonunda Kəlbəcərin verilməsinə də zəmin yarandı. Kəlbəcərin verilməsində məqsəd bundan ibarət idi ki, sonradan bunlar hərbi ekspertiza yolu ilə müəyyən olundu. Yəni beynəlxalq təşkilatların xətti ilə ermənilər Azərbaycan rəhbərlərini inandıra bildilər ki, guya Kəlbəcər getsə, beynəlxalq aləmdə Azərbaycan torpaqlarını, işğal olunmuş ərazi kimi, erməniləri də işğalçı kimi tanıyacaqlar.
- Bəzi hərbi ekspertlər bildirir ki, Ağdam və onun ətrafında böyük canlı qüvvə və xeyli sayda hərbi texnika var idi və bu, rayonun qorunması üçün tam kifayət edərdi. Sizcə, imkanlar hansı səviyyədə idi və işğalın qarşısını almaq mümkün idimi?
- O dövrdə mən Ağdamda idim. O sözləri deyən hərbçilərin öz əlləri ilə tankların çoxu sıradan çıxarılmışdı. Məsələ ondadı ki, meyilli şəkildə bucaq altında saxlayıb işlədəndə tankın mühərriki sıradan çıxır. 14 tankı belə xarab etmişdilər. Sonra Heydər Əliyev bizi millət vəkilləri və hərbçilərlə bərabər göndərdi oraya və müyyən olundu ki, Ağdamda olan texnika niyə döyüşə bilməmişdi. Hamısını bizimkilər sıradan çıxarmışdılar.
17 tankın yanacaq çəninin içinə qum tökmüşdülər. Belə olduqda, həmin qum yanacaqla birlikdə mühərrikə sorulur və mühərrik tam sıradan çıxır. Yəni, hərbi döyüş texnikası Ağdamın işğalı ərəfəsi tam sıradan çıxarılmışdı. Oradakı tanklar və digər döyüş maşınları ancaq arxasında durub güllə atmağa yarayırdı.
Bundan başqa, o vaxt orada belə bir məsələ formalaşmışdı ki, Xalq Cəbhəsindən acıq çıxmaq istəyən qüvvələr- bu daha çox Gəncə batayonundan və cənub batalyonundan qaynaqlanırdı- bunlar Ağdamdan çıxdılar ki, guya sonradan qayıdıb alacaqlar.
Plan belə idi ki, Ağdamı ermənilərə verirlər ki, yenidən ora "ağ atlı oğlan" şəklində girsinlər və Heydər Əliyevi fakt qarşısında qoysunlar ki, bəs biz işğal olunmuş rayonu geri aldıq. Və bununla özlərinin hakimiyyət iddialarını ortaya qoymaq istəyirdilər. Xatirinizdədirsə, Rəhim Qazıyev Milli Məclisdə baş nazir səlahiyyəti istəyirdi.
- İşğaldan sonra Ağdamın geri qaytarılması üçün mərkəzi hakimiyyət hansı tədbirlər görmüşdü və ümumiyyətlə, mərkəzə tabeçiliyi olan kifayət qədər qüvvələr var idimi ki, onlarla bu əməliyyatı keçirmək mümkün olsun?
- Yox, tabeçilik yox idi. Heydər Əliyev Milli Məclisin üzvlərini yığdı və məsləhət gördü ki, daha çox inanılan adamlar bölgələrə göndərilsin. Mən o zaman Ağdama göndərildim. Digər cəbhə bölgələrinə də adamlar göndərildi. Heydər Əliyev hər axşam bizdən hesabat istəyirdi. O zaman rayonun bəzi kəndləri hələ itirilməmişdi, Qərvənddən Göytəpəyədək ərazilər Azərbaycan ordusunun nəzarətində idi.
Orada kifayət qədər təxribatçılar var idi və bəzi salamat qalan tankları da sıradan çıxarırdılar. Mən bu haqda Heydər Əliyevə təcili məlumat verdim və səhər saat 7-də müdafiə naziri artıq Tərtərdə idi. Məsələ onda idi ki, nəzarət yox idi və Ağdam korpusu ilə Füzulidə və Ağcabədidə dayanan qüvvələr arasında qarşıdurma var idi. Çünki bir tərəfdə Əlikramın adamları, bir tərəfdə Surət Hüseynovun adamları, bir tərəfdə də Ağdamın yerli özünümüdafiə batalyonları dayanmışdı.
Nəcməddin Sadıqov o vaxt Tərtər korpusunda idi. Gəncə və Qazaxda olan qüvvələrlə bunların arasında heç bir əlaqə yox idi və heç bir-birini saymırdılar. Müdafiə naziri Məmmədrəfi Məmmədov da təzə gəlmişdi və Azərbaycandakı, həm də ordudakı situasiyadan baş çıxara bilmirdi. Ona görə də, bütün məsələləri Heydər Əliyev özü şəxsən öyrənirdi.
Düz bir aya qədər biz orda oturduq, ancaq onun özünü şəxsən məlumatlandırandan sonra, o, batalyonları buraxdı. Sonradan bildik ki, biz adicə informator rolunu oynamışıq, çünki Heydər Əliyev tək bizim informasiya ilə yox, digər kanallarla da- həm təhlükəsizlik xətti ilə, həm ordunun xətti ilə, həm də özünün əlaqələri ilə- vəziyyəti tam dəqiqləşdirəndən sonra bir-bir bunları ləğv etməyə başladı.
Sonra Əlikramın məsələsi həll edildi. Daha sonra Surət Hüseynov zərərsizləşdirildi. Yəni, bütün bunları görəndən sonra Heydər Əliyev dəhşətə gəlmişdi ki, mənim millətimin arasında bu qədər vəzifəpərəst satqınlar var. O vaxt bu məsələləri danışmaq olmurdu, çünkü dövlət sirri ilə bağlı idi, amma artıq bunun üstündən kifayət qədər zaman keçib, bəzi şeyləri açıqlamaq olar.
Bundan sonra ordu ulu öndər Heydər Əliyevin tam nəzarətinə keçdi və artıq 1994-cü ilin əvvəllərində Horadizə qədər ərazi geri alındı. Beyləqan əməliyyatı, Göy-Göl əməliyyatı keçirildi. Bu əməliyyatları həyata keçirəndə Heydər Əliyev gördü ki, müharibəni davam etdirmək üçün ordunun peşəkar hazırlığı və iqtisadi imkanları yoxdur. Və belə qərara gəldi ki, Azərbaycan iqtisadi cəhətdən güclənməlidir. Elə məhz həmin ilin sentyabrında da "Əsrin Müqaviləsi" bağlandı.
Yəni, ölkə iqtisadiyyatı bərbad vəziyyətdə idi, ölkənin cənubunda və şimalında separatçılar baş qaldırmaq istəyirdi. Cənubda "Talış-Muğan Respublikası", şimalda da "Ləzgistan" məsələsinə həm xaricdən, həm də daxildən dəstək verənlər var idi. Heydər Əliyev görürdü ki, ləzgilərin də, talışların da içində kifayət qədər erməni kəşfiyyatı tərəfindən ələ alınmış adamlar var. Belə bir vəziyyətdə atəşkəsdən başqa yol yox idi.
- Sizin fikrinizcə Ağdamın işğalında əsas günahkarlar kimlərdir və həmin adamlar cəzalarına çatıbmı?
- Həmin vaxt Ağdamda iki hərbi korpus var idi; Əlikramın Ağcabədidə duran korpusu, bir də Ağdamda, səhv eləmirəmsə, Talıb Məmmədovun başçılıq etdiyi korpus. Ağdamdakı korpus da Əlikramın tabeçiliyində idi. Bir də Gəncə korpusu idi. Ağdamlılarla gəncəlilərin arasında qarşıdurma yarandı. Ağdamlılar onları ittiham elədi ki, rayonun getməsində onların soyğunçuluq siyasəti mənfi təsir göstərib. Hərbçilərin, yəni ordakı 3 korpusun günahı bu idi.
Bundan başqa, həmin rayonların icra başçıları ilə özünümüdafiə batalyonları rəhbərləri arasında qarşıdurmalar var idi. Cəbhəçilərlə də ağdamlıların qarşıdurması var idi. Ala Yaqubun öldürülməsi də Ağdamın getməsində mühüm rol oynadı. Onun ödürülməsini Ağdam camaatın tamam ayrı cür qəbul elədi. Bunun ardından Allahverdini, Şirin Mirzəyevi öldürdülər. Özü də onların necə öldürülməsi indiyədək də qaranlıq qalır.
Bilirsiz, Rusiya hərbi kəşfiyyatı kifayət qədər hazırlıq görəndən sonra bu işləri həyata keçirdi. Baxın, rus ordusu Azərbaycandan çıxarıldıqdan sonra ərazilərimizin dalbadal işğalı prosesi baş verdi. Ona qədər, demək olar ki, heç bir ərazi itirməmişdik. Yəni, son nəticədə rus ordusunun Azərbaycandan çıxarılması- baxmayaraq ki, bunu bəziləri böyük qəhrəmanlıq kimi qiymətləndirir- böyük faciələrə yol açdı. Moskva bunu həzm edə bilmədi və Azərbaycanı cəzalandırdı.
- Cümşüd bəy, sizcə, Ağdamın işğalında hansı amil daha böyük rol oynadı: xəyanət, yoxsa hərbi-iqtisadi gücsüzlük?
- Daha çox xəyanət. Hərbi güc var idi. Orda vuruşmağa kifayət qədər güc var idi. Fikir verin- ayın 25-i idi, hələ Ağdam itirilməmişdi. Ermənilər qorxusundan 2 gün ora girə bilmədilər. Qarahacıdan aşağı keçə bilməmişdilər. Ağcabədi tərəfdən Ağdama getdik, hələ erməni yox idi. Məndə məlumat var ki, ayın 30-dək ermənilər Ağdama girməyə cəsarət etməyiblər. Orada hələ də yerli əhalidən və döyüşçülərdən qalmışdı və onlar erməninin qabağını saxlayırdılar. Orada soyğunçuluqla məşğul olanlar da var idi. Konkret desək, bu, Rusiya hərbi kəşfiyyatının azərbaycanlıların əli etdiyi ən böyük xəyanət idi və Moskva ermənilərə güclü dəstək verməklə Azərbaycanı cəzalandırdı. Rusiya öz ordusunun Azərbaycandan çıxarılmasını bizə bağışlamadı...