Aparılan islahatlar nəticəsində ölkə iqtisadiyyatında qazanılan uğurların sayı artır, regionların tarazlı sosial-iqtisadi inkişafı təmin edilir və bu sahədəki problemləri həll olunur, eləcə də, əhalinin güzəranı daha da yaxşılaşır. Bütün bunlar 2003-cü ildə xalqın etimadını qazanıb Prezident seçildikdən sonra İlham Əliyevin qarşıya qoyduğu əsas məqsədlər idi. Çünki iqtisadiyyatın regional baxımdan inkişafının zəifliyi sosial-iqtisadi, demoqrafik və ekoloji vəziyyətə mənfi təsir göstərirdi. Bu hədəflərə çatmaq üçün regionlarda mövcud potensialdan istifadənin səmərəsini artırmaq, yeni iş yerlərinin açılmasını, iqtisadiyyatın və sənayenin ayrı-ayrı sahələrinin, aqrar sektorun inkişafını, kənd təsərrüfatı məhsullarının emalının genişləndirilməsini təmin etmək və digər tədbirləri həyata keçirmək zərurətə çevrilmişdi.
2004-2008-ci illərdə ölkəmiz sürətli inkişaf dövrünə qədəm qoydu
Prezident İlham Əliyevin 2004-cü il fevralın 11-də təsdiq etdiyi "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" ölkəmizin sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcını qoyaraq regionların inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırdı. Regionlarda iqtisadiyyatın inkişafını sürətləndirən amillərin, bununla bağlı dövlət siyasətinin və dəstəyinin əsas istiqamətlərinin müəyyən edildiyi Dövlət Proqramı nəzərdə tutulduğu müddətdə uğurla icra edildi.
Makroiqtisadi göstəricilər də birinci proqramın uğurla icrası nəticəsində ölkəmizin dinamik inkişaf yoluna qədəm qoymasını təsdiq edir. Bütün bu uğurların davamlılğını təmin etmək üçün isə II Dövlət Proqramının qəbul edilməsi artıq zərurətə çevrilmişdir.
- Aydın müəllim, Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının 1-ci mərhələsini necə dəyərləndirirsiniz ?
- Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının qəbul edilməsi ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi islahatların tərkib hissəsidir. Bu proqramın qəbul olunmasında əsas məqsədlərdən biri ölkə daxilində miqrasiya meyillərinin qarşısının alınması idi. Çünki ötən əsrin 90-cı illərindən başlayaraq Bakı şəhəri hədsiz dərəcədə yüklənmişdi. Bunun da əsas səbəbi o idi ki, regionlarda, ümumiyyətlə, respublikada iqtisadiyyat tənəzzülə uğramışdı. Sovet təsərrüfat sistemində sovxozlar, kolxozlar fəaliyyət göstərirdi. Bu infrastruktura uyğun olaraq digər çoxlu sayda müəssisələr də var idi. SSRİ süquta uğradıqdan, yəni ölkəmiz müstəqillik əldə etdikdən sonra bu sistem tamamilə aradan qaldırıldı. Torpaqlar özəlləşdirildi, yeni özəl müəssisələr yaradılmağa başlandı. Bu işlər ilkin dövrlərdə dağınıq və pərakəndə şəkildə həyata keçirilirdi. Yeni iş yerlərinin sayı olduqca az idi. Bu bölgələrdə açıq-aşkar halda özünü büruzə verirdi. Bütün bunlar da əhalinin böyük hissəsinin qazanc dalınca ölkənin paytaxtına üz tutmasına səbəb olurdu. Ölkədə bu kimi halların qarşısını almaq məqsədilə ilk əvvəl konkret iqtisadi islahatlar həyata keçirilməli, layihələr ortaya qoyulmalı idi.
Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının 1-ci mərhələsinin icrası zamanı ilk əvvəl miqrasiya meyilləri aradan qaldırıldı. Burada nəzərdə tutulurdu ki, ölkənin inkişafı proporsional formada aparılmalı idi. Yəni hər bir bölgənin xüsusiyyətləri nəzərə alınaraq həmin rayonda iqtisadi inkişafın əsası qoyulmalı idi. Buna uyğun olaraq hər bir regionun xüsusiyyətləri nəzərə alınaraq onların inkişaf layihələri hazırlandı və həyata keçirildi. Digər tərəfdən, bu layihələrdə regionlarla yanaşı Bakı və onun ətraf kəndlərinin də inkişaf proqramı həyata keçirildi. Burada əsasən yol infrastrukturunun yeniləşməsi, modul elektrik stansiyalarının tikintisi, su təhcizatının yaxşılaşdırılması, eləcə də içməli su probleminin aradan qaldırılması istiqamətində işlər görüldü . Bütün bunlar əhalinin həyat şəraitinin yüksəlməsinə təkan verməklə yanaşı, ölkənin mərkəzinə miqrasiya meyillərini azaltdı və demək olar ki, aradan qaldırdı. Azərbaycanda yetişdirilən, istehsal olunan kənd təsərrüfatı məhsulları öz keyfiyyəti, dadı-tamı ilə həmişə seçilib, yüksək səviyyədə olub. Dövlət Proqramının icrası sayəsində aqrar sahədə də nailiyyətlər əldə olundu. Xüsusilə də, taxıl istehsalında böyük artım, inkişaf müşahidə olundu. Əvvəllər biz taxılı idxal edirdik. Bu gün isə əhalinin taxıla olan tələbatı ölkədaxili istehsal hesabına ödənilir. Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının icrası ilə paralel olaraq Ərzaq Təhlükəsizliyi Proqramı da həyata keçirildi. Bütün bunlar da kənd təsərrüfatı məhsullarının müasir texnologiya əsasında istehsalına və ölkədən kənarda satılmasına şərait yaratdı. Aqrar sahə inkişaf etdikcə bu sahədə qazanılan uğurlar, əldə olunan gəlirlər dövlət büdcəsinə də yaxşı mənada öz təsirini göstərməyə başladı. Ümumiyyətlə, bu proqram bütün sahələri əhatə edirdi. Bölgələrdə səhiyyə, mədəniyyət, elm və təhsil ocaqları üçün yeni binalar inşa olundu. Yeni idman qurğuları, olimpiya kompleksləri tikildi. Artıq bölgələrdə yaşayan insanlar sağlamlıqlarında olan hər hansı bir problemi aradan qaldırmaq üçün paytaxta gəlmək məcburiyyətində qalmırlar. Çünki bölgələrdə müasir tibbi avadanlıqlarla təmin edilmiş xəstəxanalar, diaqnostika-müalicə mərkəzləri fəaliyyət göstərir.
- 2009-2013-cü illəri əhatə edəcək Dövlət Proqramının icrası istiqamətində hansı işlər görülür ?
- Ümumiyyətlə, Azərbaycanda aparılan iqtisadi islahatlar kompleks şəkildə həyata keçirilir. Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramları da ölkənin ümumi inkişaf konsepsiyasının tərkib hissəsidir. Azərbaycanda aparılan iqtisadi islahatların ən böyük xüsusiyyəti ondan ibarətdir ki, ölkənin iqtisadi potensialı, təbii resursları nəzərə alınıb. Bütün bunlar da düzgün proqnozlaşdırılıb, düzgün elmi-metodik əsaslara söykənib. Bu isə, birbaşa olaraq Prezident İlham Əliyev tərəfindən iqtisadi islahatların həyata keçirilməsinə və eləcə də bu proqramların tərtib olunmasına xüsusi diqqət göstərilməsinin nəticəsidir. Aparılan iqtisadi islahatların nəticəsi özünü o zaman büruzə verir ki, ölkədəki makroiqtisadi göstəricilərə təsir etsin. 2008-ci ilin ortalarından başlayaraq 2009-cu ilin əvvəllərinə qədər dünyadakı iqtisadi böhran özünün kulminasiya nöqtəsinə çatıb. Bununla belə, Azərbaycanda 2008-ci ilin yekunlarına görə, ümumdaxili məhsulda artım 4,4 faiz qeydə alındı. Bu isə, o deməkdir ki, düzgün aparılan iqtisadi islahatlar makroiqtisadi göstəricilərdə özünü büruzə verir. Halbiki iqtisadi böhran zamanı ən inkişaf etmiş ölkərədə belə bu tərzdə olmadı. Əksər ölkələrdə, nəinki artım baş vermədi, əksinə, azalmalar müşahidə olundu. İndi Azərbaycanda sənaye kompleksinin formalaşması da həyata keçirilir. Dövlət Proqramının birinci mərhələsində əsasən sosial sahələrin, eyni zamanda, bu sahələrdə infrastrukturun bərpasına, yeniləşməsinə, müasirləşməsinə diqqət ayrılmışdısa, indi isə investisiya yönümlü proqramların həyata keçirilməsi nəzərdə tutulub. 2-ci Dövlət Proqramının əsas məqsədi də məhz investisiya yönümlü proqramlardır ki, bunlar daha çox gəlir gətirməlidir, ölkənin iqtisadiyyatında mühüm rol oynamalıdır.
- Aydın müəllim, dünyada hökm sürən maliyyə böhranı ilə əlaqədar olaraq növbəti Dövlət Proqramında inkişafı nəzərdə tutulan hər hansı bir sahənin təxirə salınması ehtimalı ola bilərmi ?
- Təxirə salına bilməz. Çünki ölkənin daxilində dövlət büdcəsindən ayrılmış vəsaitin hesabına hansı işlər görüləcəksə, onun təxirə salınmasından söhbət gedə bilməz. Dövlət büdcəsinin gəlirləri hər rübün nəticələrinə görə normal qaydada həyata keçirilir. Bizim dövlət büdcəmiz 12 milyarddır, eyni zamanda, buna paralel olaraq bizim təhlükəsizlik yastığı adlandırılan ehtiyat fondumuzda 18 milyard manata yaxın vəsait var. Ölkənin dövlət büdcəsi təsdiq olunarkən neftin qiyməti bugünkü qiymətlərə yaxın proqnozlaşdırılmışdır.
- Bu il ümumdaxili məhsulun artını 4,4 faiz təşkil edib. Bu isə ötənilki göstəricidən azdır. Bunu nə ilə izah edərdiniz ?
- İstənilən inkişaf etmiş ölkələrdə ÜDM-in artımı ən çox 2-3 faiz olanda bu böyük göstərici, artım tempi sayılır. Azərbaycanda isə ÜDM-də 2007-ci ildə daha çox artım qeydə alınmışdı. 2008-ci ilin nəticəsinə görə 4,4 faiz olmuşdur. Digər ölkələrdə isə artım, demək olar ki, qeydə alınmadı. Ötən illə müqayisədə isə onlarda azalma müşahidə edildi. Dünyadakı maliyyə böhranı isə Azərbaycana kəskin təsirini göstərmədi. Yəni bizdə azalma olmadı. Yalnız ötən illə müqayisədə bu fərq ortaya çıxır.
- Bu il Azərbaycana xarici investisiyaların qoyuluşunda azalma var. Bunu dünyadakı maliyyə böhranı ilə əlaqələndirmək olarmı ?
- Bunu çox vaxt başqa səbəblər ilə əsaslandırılar. Xarici investisiyaların azalmasının ən başlıca səbəbi odur ki, artıq Azərbaycanın daxili investorları ölkəyə investisiya yönəldir, həm dövlət, həm də özəl sektor tərəfindən investisiya qoyuluşu artır, bu da, istər-istəməz xarici investisiya qoyuluşlarına öz təsirini göstərir. Ümumilikdə isə, sərmayə qoyuluşlarının sayı artıb. Yəni xarici sərmayələrdə azalma yoxdur. Əksinə olaraq, yerli investorların sayı artıb. Bu isə, çox müsbət bir haldır.
- Aydın müəllim, yeni Dövlət Proqramında infrastruktur layihələrinin, xüsusilə, yolların, körpülərin salınması istiqamətində hansı tədbirlər nəzərdə tutulub ?
- Ümumiyyətlə, yollar, nəqliyyat daşımaları istənilən məhsulun maya dəyərinə təsir edən ən böyük amillərdən biridir. Sözsüz ki, Dövlət Proqramının regionlarda həyata keçirilməsi zamanı işin sürəti ilə yanaşı effektliyinə də böyük diqqət ayrılmalıdır. Bunun üçün də, ilk növbədə, yol infrastrukturu yaxşılaşdırılmalıdır. Böyük iqtisadi anlamda qəbul etməliyik ki, yollar məhsulun maya dəyərinə təsir edən ən böyük amildir. Bir sözlə, yol infrastrukturunun gücləndirilməsi istiqamətində ötən Dövlət Proqramında olduğu kimi, hazırda da tədbirlər həyata keçirilir. Bakı-Qazax, Bakı-Astara, eyni zamanda, qərb, cənub, şimal istiqamətlərində olan magistral yollarımız çox əsaslı şəkildə həm təmir olunur, eyni zamanda, yeni yollar salınır, körpülər tikilir.
- Yeni Dövlət Proqramında əhalinin işlə təminatı ilə bağlı statistik göstəricilər haqqında nə deyə bilərsiniz ?
- Əhalinin işlə təminatı 1-ci Dövlət Proqramında nəzərdə tutulduğundan da daha effektli olacaq. Çünki növbəti Dövlət Proqramında bir çox yeni sənaye müəssilərinin qurulması, fəaliyyəti nəzərdə tutulub. Bu da, öz növbəsində, yeni iş yerlərinin açılması, insanların davamlı işlə təminatı deməkdir.