Türkiyə istənilən vəziyyətdə Azərbaycanın yanındadır
- Fazil bəy, Moskvada Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşün nəticələri ilə Sankt-Peterburq görüşünün nəticələrini necə şərh edərdiniz?
- Sankt-Peterburq görüşü ərəfəsində Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində geniş irəliləmə müşahidə olunmurdu. Xüsusilə, dünyanın aparıcı dövlətlərinin zirvə görüşündə 6 bənddən ibarət müddəanın qəbul olunması, Madrid görüşlərinin hazırlanması və inkişaf etmiş dövlətlərin Qarabağ probleminə münasibətinin əks etdirilməsi Moskva görüşü ərəfəsində yeni situasiya yaratmışdı. Bu situasiyanı qiymətləndirməyə Moskvanın marağı olmadı. Rusiya, üzdə bu görüşləri təşkil etməsinə baxmayaraq, arxa planda Ermənistanı dəstəkləməkdə davam edir və bölgədən çəkilmək niyyətində deyil. Ona görə, situasiya nə qədər irəliləmiş olsa da, Sankt-Peterburq görüşündən tətbiqi nəticə ortaya çıxmadı. Qeyri-müəyyənlik hələ də qalmaqda davam edir.
- ATƏT-in Minsk Qrupu həmsədrlərinin fikirlərinə görə, münaqişə ilə bağlı artıq daha mürəkkəb məsələlərin həlli yönündə danışıqlar aparılır. Sizcə, buna qədər ancaq sadə məsələlər müzakirə olunub?
- Məncə, burada daha ciddi məsələlərin müzakirə olunmasını söyləmək olmaz. Çünki dünyanın aparıcı ölkələrinin cəhdləri ilə daha geniş irəliləmə nəzərdə tutulmalı idi. Həmsədrlərin açıqlamaları pessimist açıqlamalardır. Onlar bildirirlər ki, Moskvada keçirilən hər hansı görüşün nəticəsi olmayacaq və budəfəki görüşdə də heç bir yenilik olmadı.
- Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyaya səfəri zamanı verdiyi məlum bəyanatdan sonra Ermənistanın hakim dairələri də öz mövqelərindən geri çəkilməyəcəklərini və Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə razılaşmayacaqlarını bəyan ediblər. Bu baxımdan, demək olar ki, aparılan sülh danışıqları formal xarakter daşıyır?
- Prezident İlham Əliyevin bəyanatı real vəziyyəti Azərbaycan cəmiyyətinin və dünya ictimaiyyətinin diqqətinə çatdırırdı. Həmin bəyanatda bildirilirdi ki, bütün hallarda məsələnin geçikməsi hesabına belə olsa, torpaqlarımızdan imtina etmək niyyətində deyilik. Ermənistan tərəfi də, təbii ki, buna adekvat olaraq, bu cür sərt bəyanat verməli idi.
- Əgər Ermənistan öz mövqeyindən geri çəkilmək fikrində olmadığını bildirirsə, o zaman əlavə danışıqları aparmağa lüzum varmı?
- İndiki vəziyyətdə diplomatik səylərimizi artırıb, tərəfdarlarımızın sayını çoxaltmalıyıq. Mövqeyimizə dəstək verən qüvvələri istiqamətləndirməyi bacarmalıyıq.
- Fazil bəy, beynəlxalq təcrübə tarixdə bu cür problemlərin həllinə nail olubmu?
- Əlbəttə, beynəlxalq təcrübə bu cür və bundan daha mürəkkəb münaqişələrin həllinə nail olub. Amma burada ilk dəfə olaraq işğalçı ölkənin prinsipləri müəyyən olunub. Bunun üçün öncə Ermənistanın işğalçı dövlət olması tanınmalıdır. Hər şey adı ilə tanınsa, münaqişəni həll etməyə heç bir maneə qalmaz.
- Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, Ermənistanı işğalçı ölkə kimi tanımır. Bu ziddiyyəti necə izah etmək olar?
- Bu torpaqları Rusiya Ermənistanla birgə işğal edib. Belə olan halda, Rusiya öz quldur həmkarına necə işğalçı deyə bilər. Bu məsələdə Rusiyanın mövqeyi bəllidir. Ona görə Dağlıq Qarabağ məsələsində onun səmimiyyətinə inanmaq olmaz. Rusiya ilə hesablaşa bilərik, amma bu prosesdə, onun diqtəsi ilə hər hansı addım atmağımız bizim ziyanımıza olar. Rusiya ilə münasibətimizdə həmişə ehtiyatlı olmaqla yanaşı, həm də onun bizimlə hansı həddə qədər səmimi olacağını bilməliyik. Çünki Rusiya son məqamda yenə də bizə zərbə vura bilər.
- Bəzi KİV-lərin yazdığına görə, avqust ayında Rusiya Gürcüstana yenidən həmlə etməyi planlaşdırır. Proses təkrarlanarsa, bölgədə vəziyyət dəyişə, yaxud başqa problemlərin yaranması təhlükəsini ortaya çıxara bilərmi?
- Bu, mümkündür. Ancaq indiki vəziyyətdə Rusiyanın Gürcüstana yenidən hücum etməsi inandırıcı deyil.
- Nə üçün?
- Ona görə ki, Rusiya artıq öz istədiyini edib. Yəni, başqa dövlətləri açıq şəkildə işğal etmək, artıq dünyanı öz qarşısında tam şəkildə görmək deməkdir.
- Rusiyanın özünə problem kimi gördüyü Gürcüstan prezidenti Mixeil Saakaşvili hələ də hakimiyyətdə qalmaqdadır?
- Əksinə, Saakaşvilinin hakimiyyətdə qalması bütün hallarda Rusiyaya sərf edir ki, bölgədə bəhanəsini qoruyub saxlayır.
- Bu məcraya yönələn proseslərə Qərbin münasibəti necədir?
- Qərb Azərbaycana və Gürcüstana görə Rusiya ilə əlaqələrinin pozulmasını və qazının kəsilməsini istəmir. Qərb öz maraqlarından çıxış edir. Ona görə də, daha təhlükəsiz yol seçərək, çalışmalıyıq ki, Qərblə münasibətlərimiz normal qalsın. Çünki inteqrasiyamız yenə də Qərbə doğru olacaq.
- Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri zamanı öz qazımızın müəyyən hissəsinin Rusiyaya verilməsi haqqında razılıq əldə etdik. Bu güzəşt müqabilində Rusiyanın bizim mövqeyimizə daha yaxın olması lüzumu ortaya çıxdımı?
- Rusiyaya güzəşt edərək, bunun müqabilində Moskvanın bizə daha yaxın olmasına inanmaq sadəlövhlük olar. MDB-yə daxil olduqdan sonra da Rusiyanın bizim xeyrimizə bir qədər geri çəkiləcəyi düşünülürdü. Ancaq o, bunu etmədi. Azərbaycanın Rusiya ilə yüksək səviyyəli siyasi, iqtisadi münasibətlər qurmasına baxmayaraq, o, işğalçı Ermənistanı hər zaman dəstəkləyib və orada hərbi qüvvələrini yerləşdirib. Bu baxımdan, Rusiya ilə qardaşlıq deyil, sadəcə, qonşuluq münasibətlərini elə qurmalıyıq ki, ondan ölkəmizə təhlükə gəlməsin.
- Fazil bəy, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin rolu nədən ibarətdir və fəaliyyətini gücləndirməsi mümkündürmü? Ümumiyyətlə, Türkiyənin ölkəmizə hərbi sahədə yardım göstərməsi gözlənilirmi?
- Bunu dəfələrlə vurğulamasa da, Türkiyə istənilən anlarda Azərbaycana hərbi yardım göstərir. Xüsusilə, hərbi kadrların hazırlanmasında Türkiyənin bizə əvəzsiz xidmət göstərməsi danılmazdır. Türkiyə ilə münasibətlərimizin hər zaman yüksək səviyyədə olmasında fayda var. Bizim marağımızın təmin olunması üçün Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində olması çox vacibdir.
- Türkiyə bəzi Qərb dövlətlərinin təhdidi altında olduğu bir vaxtda, münaqişənin həlli istiqamətində Azərbaycana hansı yardımı göstərə bilər?
- Türkiyənin müəyyən qədər təhdid altında olmasına baxmayaraq, güclü dövlətdir və kifayət qədər nüfuz imkanları var. Türkiyə Azərbaycana lazımi səviyyədə yardım göstərməyə hazırdır.