Ulu Öndər Heydər Əliyev nurlu əməlləri ilə öz adını mənsub olduğu xalqın, dövlətin, onun dəyərlərinin simvoluna çevirmiş şəxsiyyətdir

YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva
- Nurlana xanım, ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri vardır. Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır,Ümummilli Liderimiz Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyəti ilə bağlı fikirlərinizi bizimlə bölüşməyinizi istərdik...
- Zəngin və şərəfli ömür yolu keçmək, fenomenal keyfiyyətləri ilə milyonların qəlbində ölməzlik məşəli yandırmaq, millətinə azadlıq hissini bütün varlığı ilə yaşatmaq xöşbəxtliyi çox az liderlərə nəsib olur. Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıq missiyası verir. Bu baxımdan, Ulu Öndər Heydər Əliyev bütöv bir xalqın tarixinin yüksək zirvəsində özünə əbədi yer qazanmış dahi şəxsiyyətdir. Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Tarix xalqımız üçün çətin sınaqlarla keçib. Azərbaycanın dünyanın ən əlverişli məkanlarından birində yerləşməsi, zəngin sərvətlərə malik olması, saysız-hesabsız üstünlükləri həm də xalqımızın üzləşdiyi faciələrə səbəb olub.Yağılar torpaqlarımızın sərvətlərini ələ keçirməkdən ötrü üstümüzə hücum çəkib. Zəngin Vətənimiz azğın düşmənlərin hədəfinə çevrilib. Azərbaycan xalqı olmazın müsibətlərlə üzləşib. Milli kimliyimiz, dilimiz, inancımız, adət-ənənələrimiz ağır təhdidlərə məruz qalıb. Amma İlahinin lütfünə baxın ki, tarixin heç bir dönəmində bu xalqdan böyük şəxsiyyətləri, aydın bəsirətli mütəfəkkirləri də əsirgəməyib. O şəxsiyyətləri ki, ən çıxılmaz məqamlarda insanlara ümid olublar. Öz varlıqları ilə düşüncələrdə bir çıraq yandırıblar. Cəmiyyəti sarsılmağa qoymayıblar. Onların sayəsində Azərbaycan xalqı daim mübariz olub. Milli dövlətçilik dəyərlərimiz ən ağır sınaqlar altında da qorunub. Nəsillərdən-nəsillərə ötürülüb. Məqamı yetişdikcə cəmiyyət bu şəxsiyyətlərin zəkasının işığında bir araya gəlib Azərbaycanı bir neçə il ərzində əsrlər qədər inkişaf etdirib. Bu şəxsiyyətlər qalereyasında böyük fatehləri, şahları, sərkərdələri, alimləri, şairləri, filosofları, ustadları, mədəniyyət xadimlərini, maarifçiləri, müdrik dövlət adamlarını görə bilərik.
Tariximizdə onların hər birinin öz yeri var. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bu tarixdəki mövqeyini əvəzsiz edən əsas cəhət isə onun bu şəxsiyyətlərlə eyni ucalıqda durmaqla yanaşı, həm də ümumiləşdirici siqlətə malik olmasıdır. Heydər Əliyev şəxsiyyətində Babək qətiyyəti, Şah İsmayıl Xətainin dövlətçilik düşüncəsi, Nizami, Füzuli sözünün qüdrəti, XIX əsrdə tarix səhnəsinə çıxmış Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Zərdabi və başqa böyük maarifçilərimizin fikir dünyası, böyük düha sahibi olan şəxsiyyətlərin gələcəklə bağlı amallarına qədər bütün tarixi dəyərlərimizi və zənginliyimizi görmək olar. Heydər Əliyev sovetlər dövründə Azərbaycan dövlətçiliyini faktiki olaraq yenidən yaratdı. Onun sovet Azərbaycanında gördüyü cahanşümul işlər dövlət müstəqilliyimizin bərpasında mühüm rol oynadı. Müstəqil dövlətçiliyimizin sosial-iqtisadi, milli-mənəvi əsaslarını formalaşdırdı. Heydər Əliyev nurlu əməlləri ilə öz adını mənsub olduğu xalqın, dövlətin, onun dəyərlərinin simvoluna çevirmiş şəxsiyyətdir. Bu ad Azərbaycan üçün müstəqilliyin, qurtuluşun, inkişafın, bütövlüyün rəmzidir. Heydər Əliyev adı xalqımız üçün mənəvi yüksəlişin, milli intibahın, azərbaycançılığın, vətənə sevginin və layiqli xidmətin təcəssümüdür. Heydər Əliyev adı dünya üçün Azərbaycanı kökündən tanımağın, Azərbaycanın qüdrətini dərk etməyin ən düzgün vasitəsidir. Bütün bunlar barədə düşünəndə mən özümün, övladlarımızın, bütün xalqımızın həyatını göz önünə gətirirəm. Ulu öndər bizim hamımızın həyatında olub və bu gün də var: qocanın da, gəncin də, lap elə körpənin də. Ümummilli lider Heydər Əliyev onu şəxsən tanıyanların və tanımayanların da həyatında böyük bir iz qoyub. Çünki bizlər bu böyük insanın qurub-yaratdığı, dünyaya tanıtdığı ölkənin vətəndaşlarıyıq. Hər birimiz Ulu Öndərin gördüyü titanik işlərin şahidi və çoxumuz isə bilavasitə iştirakçısıyıq, onun rəhbərliyi ilə qurulub-yaradılanlardan bəhrələnmişik.
1969-cu ildə ali məktəbi yenicə bitirmişdim. Ulu Öndərin o vaxt keçirdiyi ilk plenumun - Azərbaycanın tarixinə "Avqust plenumu" kimi düşmüş həmin möhtəşəm tədbirin gedişini qəzetlərdən, radio və televiziyadan izləyirdim. Daxilimdə işləməyə, öyrənməyə, öyrətməyə, irəliyə getməyə bir həvəs oyanmışdı. "Biz, yəni, xalqımız artıq böyük, geniş bir yolun başlanğıcındayıq" - deyə fikirləşirdim və bunu özümün bir intuisiyam olduğunu hesab edirdim. Günlər, həftələr keçdikcə görürdüm ki, bu, reallıq olduğu üçün çoxları belə fikirləşir. O cümlədən, cavanların da fəaliyyətində, hərəkətlərində bir oyanış əmələ gəlməkdə idi. Dərk edirdik ki, respublikaya rəhbərlik edən bu uzaqgörən siyasətçinin başladığı böyük işlərə hamı dəstək olmalıdır. Quruculuq işlərində ilk növbədə, biz iştirak etməliyik, öhdəmizə isə böyük vəzifələr düşürdü. Beləcə, Ulu Öndər hər birimizin həyatına deməzdim ki, qiyabi, məhz əyani surətdə daxil olur, sanki hər birimizə həm ayrı-ayrılıqda, həm də hamımıza birlikdə rəhbərlik edir, yolgöstərənimizə çevrilirdi. Mən isə o gənclərdən biri idim. Elə bil ki, bu böyük insanı şəxsən tanıyırdım, onun göstərdiyi istiqamətdə həyat yollarında irəliyə getməyə can atırdım.Heydər Əliyevin o dövrdə Azərbaycanı ayağa qaldırmaq üçün gördüyü tədbirlər bu gün də gözümün qabağındadır. Qeyri-adi, fitri istedadı, təşkilatçılıq və idarəçilik məharəti, ən əsası, vətənpərvərliyi, milli ideallara bağlılığı ilə ilk gündən Azərbaycanın üzləşdiyi sosial-iqtisadi problemləri aradan qaldırmaq, qanunçuluğu və hüquq qaydalarını gücləndirmək, ciddi sosial bəlaya çevrilmiş korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə tədbirlərini genişləndirmək istiqamətində əzmkarlıq göstərir, mütərəqqi idarəçilik ənənələrinin bünövrəsini qoyur, cəmiyyətin normal inkişaf ahəngini təmin edirdi. Böyük öndər respublikamızın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirməklə onların həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərirdi. Onun insanlarla görüşlərini televiziya ekranlarından izləyirdik.
Əbədiyaşar liderin insanların çox yığışdığı yerlərə qəflətən gəlməsi, meydanlarda, dövlət idarələrində xalqın dərd-sərini, problemlərini, arzu və istəklərini yaxından öyrənməsi, vəzifəsinin öhdəsindən gələ bilməyən məmurlar barəsində sərt qərarlar verməsi haqda çoxlu sayda maraqlı faktlar danışmaq olar. Pambıq tarlalarınacan gedirdi. Hər yerdə insanlarla ünsiyyət qurur, söhbət edir, sual verir, cavab alırdı. Təsərrüfat sahələri inkişaf etdikcə Azərbaycanın rəhbəri xalqın gözündə ucalırdı, özünü yaxından tanıdırdı, respublikamız isə gündən-günə tərəqqi edirdi.
- Ulu Öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşırdı. Təsadufi deyil ki, 1969-1982-ci illər Azərbaycanın tarixinə elmin və təhsilin tərəqqi dövrü kimi daxil oldu…
- “Təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir!”, – deyən Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elm və təhsilin inkişafına ali diqqət və qayğı yetirmiş, bu sahənin hərtərəfli tərəqqisi üçün dövlət səviyyəsində bütün əməli tədbirləri həyata keçirmişdir. Heydər Əliyev üçün xalqın sabahı həmişə milli təhsil sistemi ilə bağlı olmuşdur. Bu əsas prinsip Ulu Öndərin Azərbaycana rəhbərlik etməyə başladığı ötən əsrin 70-ci illərindən özünü büruzə vermişdir. Heydər Əliyev Azərbaycan təhsilinin keyfiyyətini yüksəltmək, onun tədris və maddi-texniki bazasını gücləndirmək, təhsil işçilərinin cəmiyyətdəki nüfuzunu yüksəltmək üçün səmərəli fəaliyyət göstərirdi. Mən xalqımızın böyük oğlu Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkə həyatının ümumi yüksəlişi fonunda elm və təhsilə göstərdiyi böyük diqqət və qayğıya xüsusi nəzər salmaq istəyirəm. Ulu Öndər Azərbaycan təhsili haqqında danışarkən onun inkişafyönümlü xarakterini, təhsilin cəmiyyət və dövlətin inkişafına xidmət edən ən zəruri sahə olduğunu xüsusi vurğulayırdı. O, elmlərə əzmlə yiyələnməyi, daha çox bilik və bacarıqlar əldə etməyi və əsas diqqəti nurlu əməllərə yönəltməyi cəmiyyətin sarsılmaz dayaqlar üzərində qurulmasının ən vacib şərtlərindən biri hesab edirdi. Mübaliğəsiz deyə bilərik ki, Ümummilli Liderimizin təhsillə bağlı nitq və çıxışlarındakı hər hansı bir istiqamət konkret mahiyyət daşıyaraq zaman ötdükcə məzmun etibarilə daha zəngin və konseptual xarakterli müddəalara çevrilir. Onun müdrik və uzaqgörən təhsil siyasəti nəticəsində XX əsrin 70-80-ci illəri sözün əsl mənasında Azərbaycan təhsilinin intibah dövrü oldu. Həmin dövrdə Azərbaycanın şəhər, qəsəbə və kəndlərində 275 yeni məktəbəqədər tərbiyə müəssisəsi, 700-ə qədər yeni məktəb binası tikilib istifadəyə verilmişdi. Ulu Öndər Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə milli hərbi kadrların yetişdirilməsinə də xüsusi diqqət yetirirdi. Bunu faktlar da birmənalı şəkildə təsdiqləyir: təkcə 1982-ci ildə keçmiş sovetlər birliyinin ali hərbi məktəblərinə 550 nəfər azərbaycanlı gənc qəbul edilmişdi. Cəmşid Naxıçvanski adına Hərbi Liseyin yaradılması da Ulu Öndər Heydər Əliyevin adı və vətənpərvər fəaliyyəti ilə bağlıdır.
Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda 1970-1982-ci illərdə 5 yeni ali təhsil müəssisəsi yaradılmış, ali məktəb tələbələrinin sayı isə 70 mindən 100 min nəfərə çatdırılmışdı. Ümummilli Lider Heydər Əliyev respublikamızın siyasi rəhbərliyinə ilk gəlişindən dərhal sonra, 1970-ci illərin əvvəllərindən başlayaraq istedadlı və perspektivli tələbələrin, gənc tədqiqatçıların öz elmi səviyyə və dərəcələrini artırmaq üçün kütləvi surətdə Moskva, Leninqrad (indiki Sankt-Peterburq), Kiyev, Novosibirsk və Minskin, habelə SSRİ-nin digər nüfuzlu universitet və elmi-tədqiqat institutlarına ezam olunmaları siyasətini həyata keçirirdi. Hər il 1000-1400 nəfər azərbaycanlı gənc respublikamızdan kənarda ali təhsil almağa göndərilirdi. Məhz Ulu Öndərin şəxsi təşəbbüsü ilə 1970-1980-ci illərdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gənc ali təhsil almışdır. Hər il bu məqsədlə göndərilən gəncləri qəbul edən Ulu Öndər qüdrətli, qayğıkeş və tələbkar bir rəhbər kimi onları ürəkləndirir, böyük məsuliyyətlərini - istedadları, mədəniyyətləri, davranışları ilə qürbətdə xalqımızı təmsil etməyin məsuliyyətini anladır və xalqımızın, millətimizin gələcəyi naminə bütün bacarıqlarını sərf edərək İttifaqın aparıcı alimlərindən müasir elmin sirlərini dərindən öyrənməyi tövsiyə edirdi.
Mən Ulu Öndərin 1975-ci il avqust ayının 28-də keçmiş Sovet İttifaqının nüfuzlu ali təhsil müəssisələrinə təhsil almağa göndərilən tələbələrlə görüşündə söylədiyi aşağıdakı müdrik fikirləri xatırlatmaq istəyirəm: “Siz bu əsrin axırıncı onilliklərində və gələn əsrin əvvəllərində işləyəcəksiniz. O zaman elmi-texniki tərəqqi üfüqlərinin necə cazibədar olacağını bu gün təsəvvür etmək mümkündür. Sabahkı gün isə qarşınıza yeni, yüksək tələblər qoyacaqdır. Əgər mütəxəssis, həqiqətən, yaradıcı şəxsiyyətdirsə, o, sadəcə olaraq zamanla ayaqlaşmalı deyil, həmişə zamanı bir qədər qabaqlamalıdır. Bu isə o deməkdir ki, daim öyrənmək lazımdır, buna görə də bilik, bacarıq və vərdişin bünövrəsi möhkəm olmalıdır”. Qətiyyətlə deyə bilərik ki, Ulu Öndərimizin həmin uzaqgörən fikirləri qloballaşan dünyamızın müasir tələbləri və yanaşmaları ilə tam həmahəng səslənir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan təhsil siyasəti bu gün uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın elm və təhsil sahəsinə göstərdikləri miqyasıgörünməyən diqqət və qayğı nəticəsində ölkəmiz bu sahədə böyük nailiyyətlərə imza atıb. Bu gün də bütün dünyanı sarsıdan pandemiya dövründə Azərbaycan təhsili Dövlət Rəhbərinin müdrik siyasəti nəticəsində öz fəaliyyətinin yeni çalarları, üsulları ilə fəaliyyətdədir. Çox qürur duyuruq ki, Ulu Öndərin irsini, müqəddəs yolunu davam etdirən, Azərbaycanda hər kəsin inam, etimad ünvanlarından birinə çevrilən məkan - Heydər Əliyev Fondu var. Ulu öndər həyatı boyu mərhəmət, xeyirxahlıq, maarifçilik kimi dəyərlərin ən bariz daşıyıcısı olub və sevinirəm ki, Heydər Əliyev Fondu da bu dəyərləri illərdir ki, layiqincə nəinki öz ölkəsində, hətta bütün dünyada təbliğ edir.
- Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda siyasi fəaliyyətə başlamasının 50 illiyinə həsr olunmuş “Qüdrətli Azərbaycan naminə” adlı monoqrafiyanız öz maraqlı məzmunu, yüksək ideya-siyasi və bədii keyfiyyətləri ilə diqqəti cəlb edir. Bu yaxınlarda isə dövlətə və dövlətçiliyə məhəbbəti özündə əks etdirən “Azərbaycanı dəyişən məhəbbət” adlı kitabınız nəşr olunmuşdur. Kitab haqqında nə deyərdiniz?
- “Qüdrətli Azərbaycan naminə” kitabında dünya siyasətinin görkəmli siması, Azərbaycan xalqının Ümummilli Lideri, böyük düha sahibi Heydər Əliyevin siyasi fəaliyyətinin 50 illik dövrünü əhatə edən fədakar fəaliyyətinə, tarixi xidmətlərinə, xalqın nurlu gələcəyinə yönəlmiş ölməz ideyalarına işıq salınır. Görkəmli dövlət xadimi Heydər Əliyevin azərbaycanşünaslığa böyük töhfə kimi qiymətləndirilə biləcək uğurları bütövlükdə qədim və müasir tariximizin, milli ideologıyamızın, rəngarəng mədəniyyətimizin və elmimizin müxtəlif sahələrində aparılan elmi araşdırmaların zəngin metodoloji əsasıdır. Bu böyük şəxsiyyətin elmi-nəzəri irsi, eyni zamanda müstəqil Azərbaycan dövlətinin yaranması, qorunması, çıçəklənməsi və inkişaf etdirilməsi üçün elmi əsas rolunu oynaya bılər. Heydər Əliyevin həyat məktəbi, onun yaratdığı mənəvi dəyərlər tarixi bir reallıqdır. Bu məktəb xalqımızın ən qiymətli irsi, nailiyyəti və fərəh yeridir. Onu gələcək nəsillərə çatdırmaq isə hər birimizin Vətən qarşısında borcudur.Eləcə də kitabda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən müstəqil ölkəmizin müasir dünya standartlarına və yeni beynəlxalq çağırışlara uyğun beynəlxalq siyasi münasibətlər sistemində layiqli yer tutan genişmiqyaslı fəaliyyətləri, çoxcəhətli addımları işıqlandırılır.
Eyni zamanda, ölkənin ən böyük və aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası, örnəyə çevrilmiş Azərbaycan qadınlarının həyatı, fəaliyyəti, Qarabağ həqiqətləri təhlil edilir. İllərlə qələmə alınmış bu publisistik məqalələrdə Azərbaycanın uğurlu siyasəti, xalqın xoşbəxtliyi naminə öz töhfələrini vermiş şəxsiyyətlərin fəaliyyəti haqqında həqiqətlər təqdim edilir.
“Azərbaycanı dəyişən məhəbbət” kitabı tarix haqqında publisistik kitabdır – olmuşları yaşatmaq missiyasıdır. Həmin olmuşlar bilavasitə dövlətçiliklə bağlı olduğuna görə bu missiya vətəndaşlıq missiyasıdır. Tarixin inkişafını xalqının gələcəyinə istiqamətləndirməyi bacaran böyük tarixi şəxsiyyətlərin tarixi fəaliyyətini tarixiləşdirmək də bəşəriliyə xidmətdir. Məfkurəvi mövzusu dövlətçiliklə bağlı olan hər əsər vətəndaşlıq heysiyyətinin işığını tamamlayan işığa dönür. Bu işıq bu günün deyil, tarixin işığı görkəmində sabahlara nur parlayacaq işıqdır.
Bizim atdığımız hər bir addımda - istər ölkəmizin tərəqqisində, vətəndaşlarımızın xoşbəxtliyində, gənclərimizin inkişafında, sosial problemlərimizin həllində, insanlarımızın həyat tərzinin dəyişməsində, vətənimizin günü-gündən gözəlləşməsində, istərsə də bütün dünyada onun nüfuzunun artmasında və s. belə düşünürəm ki, Heydər Əliyevin ideyalarının sarsılmaz təməli var. Bu gün Ümummilli Lider hər bir azərbaycanlının tərəqqisində, qəlbində, məhəbbətində canlı bir sima kimi yaşayır. Biz Azərbaycana məhəbbəti, bu vətənə hörməti, dilimizə, dinimizə məhəbbəti, inkişafımıza, intibahımıza doğru addımlamağı, övladlarımıza vətənpərvərlik duyğularının aşılanmasını, ordumuza məhəbbətin, qayğının yüksəlməsininin hər birini Heydər Əliyevdən öyrənmişik. Bu gün Onun Azərbaycançılıq siyasəti vətənimizin ideyalarının, dövlətimizin siyasətinin təməlində fundamental dayaq kimi dayanır. Ulu Öndər heç bir zaman ölməyəcək. Onun nurlu dühası hələ neçə - neçə nəsillərin gələcəyinə işıq salacaq, ən böyük azərbaycanlıya həsr olunan kitablar isə tarixi canlandıraraq qürur səlnaməsinə çevriləcək. Düşünürəm ki, əsrlər keçəcək Azərbaycan xoşbəxt bir ölkə kimi, xalqımız xoşbəxt bir xalq kimi yaşayacaq. və onun səadətinin təməlində Ulu Öndərin Azərbaycançılıq siyasəti əbədiləşəcək.
- Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası və cənab Prezident İlham Əliyevin davam etdirdiyi siyasətin uğurları gözümüzün önündədir. Məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi kimi, Azərbaycan hazırda maraqların toqquşduğu yox, uzlaşdığı məkan kimi çıxış edir. Bu barədə nə deyə bilərsiniz?
- Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin müdrik siyasi kursunu, mütərəqqi dövlətçilik konsepsiyasını müasir dövrün çağırışlarına uyğun uğurla davam etdirməsi nəticəsində ölkəmiz öz inkişafında keyfiyyətcə yeni mərhələyə daxil olmuşdur. Bu baxımdan, son vaxtlar aparılan struktur və kadr islahatları diqqətəlayiqdir və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Aparılan islahatlar keyfiyyətə əsaslanan inkişafın təmin olunmasına, insan kapitalının keyfiyyət göstəricilərinin yüksəlməsinə, dövlətin və dövlətçiliyin möhkəmlənməsinə davamlı xidmət edir.
Cənab İlham Əliyev xalqmızın Ümummilli Lideri Heydər Əliyevin mənəvi-siyasi dövlətçilik irsinin layiqli davamçısıdır. Müstəqil Azərbaycan dövlətini qurub-yaratmış böyük tarixi şəxsiyyətin arzularını həyata keçirərək bu dövləti zamanın böyük inkişaf reallıqlarına yetirmiş varisdir. Azərbaycanla bağlı yarımçıq arzularını, başa çatmamaış planlarını, bu dövlət timsalında həyatının ən dəyərli mənəvi mirasını böyük inam və ümid hissi ilə Ona etibar etmiş Ümummilli liderin bu inamını xalq və dövlət qarşısındakı misilsiz xidmətləri ilə doğruldan nadir şəxsiyyətdir. Dövlətə rəhbərlik missiyasına "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" bəyanatı ilə başlayan cənab İlham Əliyev bu illərdə ölkə başçısı kimi üzərinə düşən bütün vəzifələri yerinə yetirdi. Xalq qarşısında vədlərinə əməl etdi. Ötən illəri Azərbaycanın sürətli inkişaf mərhələsinə çevirdi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir nailiyyət Ulu Öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun milli tərəqqi ideyalarının təzahürüdür.
Müstəqil dövlətimizin iqtisadi potensialının əsaslı şəkildə yüksəlməsi, maliyyə imkanlarının tarixi maksimuma çatdırılması, Azərbaycanın bölgədə əsas söz sahibinə çevrilməsi müasir tariximizin mühüm reallıqlarıdır. Bu gün ölkəmiz regionun siyasi mənzərəsini dəyişən möhtəşəm layihələrin təşəbbüskarıdır. Prezident İlham Əliyevin möhkən siyasi iradəsi və prinsipiallığı ilə möhtəşəm transmilli enerji və nəqliyyat layihələrinin reallaşmasını təmin etməsi ilə Azərbaycanın çağdaş tarixinin ən şanlı səhifələri yazıldı. Ölkəmiz indi Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Azərbaycan beynəlxalq Şərq-Qərb, Şimal-Cənub nəqliyyat qovşağı kimi məsuliyyətli vəzifəni layiqincə yerinə yetirir. Zamanın uzaq çağlarında karvanların əhatə addımları ilə tarixə nizam verən qədim İpək Yolu yenə Azərbaycandan keçir. Dünyanın müxtəlif səmtlərində ayrılan, kəsişən, çarpazlaşan yollar, ziddiyyətli geopolitik maraqlar Azərbaycanda birləşib öz axarında gələcəyə doğru davam edir. Azərbaycanın iştirakı ilə yeni bir tarix yazılır. Bütün bunlar, təbii ki, cənab İlham Əliyevin mətin və qətiyyətli addımlarının nəticəsidir. Azərbaycanın regional siyasətdə və dünya iqtisadiyyatında rolu və əhəmiyyəti getdikcə genişlənir. Beynəlxalq tərəfdaşlar Azərbaycanın gələcəyinə inanır, ölkəmizə, Onun rəhbərliyinə etibar edir. Zəngin sərhədlərə malik bu ölkədə böyük perspektivlər görür.
Azərbaycanla bağlanmış tərəfdaşlıq müqavilələrinin müddətinin zamanla uzadılması bu inamın, güvənin ifadəsidir. Yüksək intellekti, praqmatik düşüncəsi, müasir dünya siyasəti və iqtisadiyyatı haqqında dərin bilikləri, mütərəqqi ideyaları ilə müasir çağda təkcə bir xalqa, dövlətə deyil, ümumən bəşəriyyətə böyük faydalar gətirən Prezident İlham Əliyev beynəlxalq miqyasda sözünün böyük çəkisi olan Liderdir.Onun unikal siyasətində Azərbaycan bütün dünyanı birləşdirir. Azərbaycanın milli maraqları ilə bağlı dünyada cərəyan edən proseslərə dair Onun Öz baxışları var. Heç bir amil Azərbaycan Respublikasının Prezidentini Öz qətiyyətli mövqeyindən çəkindirmək gücündə deyil. Bütün dünyada Onun rəyi ilə hesablaşırlar. Çünki cənab İlham Əliyev yürütdüyü siyasətlə, mürəkkəb qlobal proseslərdə tutduğu düzgün mövqe ilə, ən əsası isə, Azərbaycana qazandırdığı sarsılmaz güc ilə dünyanın inamını qazanıb. Azərbaycanın regionda, ümumiyyətlə, dünyada söz sahibi olması, ölçülü-biçili mövqeyinin qəbul edilməsi, zərgər dəqiqiliyi ilə hesablanmış balanslı siyasi kursun və diplomatiyanın son nəticədə ölkəmizə böyük siyasi dividentlər qazandırması məhz bu amildən qaynaqlanır.
Cənab İlham Əliyev Heydər Əliyevin təkcə yarımçıq qalmış arzularını tamamlamadı. Minilliklər boyu Azərbaycan xalqının inkişafında, milli dövlətçilik ənənələrimizin formalaşmasında xidmətləri olmuş bütün dahi şəxsiyyətlərimizin əlçatmaz arzularını reallığa çevirdi. Mümkünsüz görünənləri mümkün etdi. Son dərəcə çətin tarixi-siyasi şəraitdə, geostrateji maraqların toqquşduğu meydanda Azərbaycanı zamanın sərt sınaqlarından şərəflə çıxardı. Məhz buna görə də bu fenomenal şəxsiyyətlərin formalaşdırdıqları dövlətçilik dəyərləri hər zaman xalq üçün bir mənəvi istinadgah olacaq. Onların xalqa, dövlətə qazandırdıqları tarixi nailiyyətlərin sirləri, fövqəlmürəkkəb durumlardan çıxış yolu tapmaq məharəti əsrlər sonra da əhəmiyyətini itirməyəcək, örnəyə çevriləcək. Milli dövlətçiliyimizin möhkəm təməl və ideyaları kimi yeni nəsillər tərəfindən uzun illər öyrəniləcək. Azərbaycan dövlətçiliyini, istiqlalımızı nurlandıran mayak kimi gələcəyə aydın yol göstərəcək.

yap.org.az