Müsahibə

  • 12 732

Əflatun Amaşov: "Sən vətəndaşsan, öz haqq səsini duyurmalısan" ÖZƏL - MÜSAHİBƏ

image

Xarici ölkələrdə yaşayan, Azərbaycan Milli Ordusunu dəstəkləyən, dinc yürüyüşlər edən azərbaycanlılarımıza qarşı ermənilər tərəfindən hücumlar edilib, bədən xəsarətləri yetirilib. Onlar bununla yürüşlərə mane olmağa çalışıblar. Bu Ermənistan siyasətinin iç üzünü göstərir. Ermənistan nəinki özünə qonşu olan Azərbaycanın torpaqlarının bir hissəsini işğal etməklə kifayətlənmir, eyni zamanda da xaricdə yaşayan soydaşlarımıza qarşı aqresiv təxribatlar həyata keçirir.Bu sözləri SİA-ya müsahibəsində Mətbuat Şurasının sədri Əflatun Amaşov bir sıra xarici ölkələrdə erməni təxribatçıları tərəfindən hücumə məruz qalan dinc azərbaycanlı aksiyaçıların qarşılaşdığı vəziyyətin xarici mediada işıqlandırılmasına nail olmaq, onların söz və ifadə azadlıqlarının təmin edilməsi istiqamətində təbliğatın hansı istiqamətdə aparılmasının effektivliyindən danışarkən deyib.

- Əflatun müəllim, erməni təxribatçıları tərəfindən hücumə məruz qalan dinc azərbaycanlı aksiyaçıların söz və ifadə azadlıqlarını təmin etmək üçün hansı vasitələrdən istifadə edə bilərik?
- Bizim missiyamız burada nədən ibarət olmalıdır? İlk növbədə azərbaycanlılarımızın dinc hərəkatları, dinc yürüşləri haqqında dünya ictimaiyyətinə geniş məlumat verməliyik. Eyni zamanda həmin dinc nümayişlərə mane olan, soydaşlarımıza hücum edən şəxslərin xislətini dünya ictimaiyyətinə göstərməliyik. Bir sıra istiqamətlərdə həyata keçirilməlidir. İlk növbədə xaricidə fəaliyyət göstərən təhkimli qurumlarımız, səfirliklərimiz, konsulluqlarımız və xaricidəki diaspora təşkilatlarımız bu istiqamətdə aktiv olmalıdır. Onlar məsələ ilə bağlı öz press-relizlərini hazırlamalı və bu məlumatları yerli təşkilatlara və xarici təşkilatlara yaymalıdır. Həmçinin, fürsətdən istifadə edib yerli kütləvi informasiya vasitələrinə çıxmalıdırlar. Məsələnin yerli hüquq mühafizə orqanlarının da diqqətində saxlamalı və bu məsələnin hüquqi qiymət almasına təkan verməlidirlər. Nümayəndələrimiz yerli mediadakı çıxışlarında da bu məsələnin hüquqi müstəvidə araşdırılmasını təmin etməlidirlər. Eyni zamanda bizim xaricidə yaşayan vətəndaşlarımız da həmin ölkələrdə ictimai fikirə təsir göstərə bilən kütləvi informasiya vasitələrinə müraciət etməli, görüşlər keçirtməlidirlər. Onlara qarşı edilən bu hücumlar haqqında məlumat verməli və bunun xarici mediada öz əksini tapmasını təmin etməlidirlər.
- Azərbaycanda fəaliyyət göstərən media vasitələri necə? Onlar bu prosesdə necə iştirak etməlidir?
- Azərbaycanda fəaliyyət göstərən yerli media vasitələrinin fəaliyyəti yalnız Azərbaycan dilində olan məlumatlarla kifayətlənmir, onlar müxtəlif dillərdə də məlumatlar yayırlar. Xarici dillərdə olan variantlarda və informasiyalarda hadisənin mahiyyəti göstərməlidir. Çünki, bizim yerli mətbuat orqanlarının həm xarici təşkilatlarda, həm də xarici ölkələrdə press-nümayəndələri var. Onlar bu nümayəndələrdən məsələ ilə bağlı agah olmalıdırlar. Xarici mətbuat nümayəndələri və xarici vətəndaşlar Azərbaycan saytlarına daxil olarkən bu məlumatlarla tanış olacaqlar. Həmçinin, bizim media əməkdaşlarımız dünyanın digər ölkələrinin media nümayəndələri ilə də əməkdaşlıq edirlər. Başqa aparıcı informasiya vasitələrində onlar bu məsələnin yer almasına nail olmalıdırlar. Bizim jurnalistlərin özlərinin də şəxsi əlaqələri mövcuddur. Ayrı-ayrı ölkələrdən olan jurnalistlərlə dostluq əlaqələri qurmuş media nümayəndələrimiz var. Bu əlaqələrdən də istifadə olunmalıdır ki, bu xəbərlər geniş yayılsın.
- Sadə vətəndaşlarımız bu prosesdə necə iştirak edə bilərlər? Başqa hansı vasitələrdən istifadə məsələnin geniş işıqlandırılmasında bizə köməklik göstərə bilər?
- Sosial şəbəkələrdə də bu kimi məlumatlar geniş şəkildə verilməlidir. Sosial şəbəkələr çox geniş əhatə dairəsinə sahibdir. Milyonlarla insanın bir yerə toplaşdığı internet platformasıdır. Müxtəlif faktların göstərilməsi üçün kifayət qədər şərait var. Azərbaycanlıların bu platformadakı izləyiciləri arasında xarici vətəndaşlar da var. Məlumatların burada işıqlandırılması və xarici ölkənin vətəndaşlarının da məlumatlandırma işi həyata keçirilə bilər.
- Əflatun müəllim, bəs, Mətbuat Şurasının necə, bu istiqamətdə fəaliyyətindən danışa bilərsinizmi?
- Mətbuat Şurası olaraq bu yaxınlarda Ümumdünya Mətbuat Şuraları Assosiasiyası ilə videokonfransı həyata keçirildi. Bu konfrans Azərbaycan Milli Mətbuatının 145-ci illiyinə həsr edilmişdi. Bu təşkilat bir sıra ölkələrdən nümayəndələri mövcud olan çox böyük təşkilatdır. Videokonfrans zamanı Azərbaycan mətbuatının tarixi haqqında məlumat verildi. Qədim və zəngin mədəniyyətimiz haqqında məlumat verildi. Eyni zamanda biz Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da konfransda məlumat verdik. Azərbaycan torpaqlarının 20 faizinin düşmən işğalı altında olduğunu və bunun nəticəsində 1 milyondan vətəndaş qaçqın düşdüyünü bildirdik. Eyni zamanda Tovuz hadisələri haqqında, düşmən tərəfin məkrli məqsədləri haqqında da məlumat verdik. Bu verilən informasiyalar onların öz mətbuat vasitələrində də yayımlanacaq. Bu kimi məsələlərlə bağlı nəinki jurnalistlər, sadə vətəndaşlar da sosial şəbəkələrdəki platformalarından xarici dillərdə öz haqq səslərini qaldırmalıdırlar. Bu da böyük fayda verir. Hansı sahədə olursan ol, sən vətəndaşsan və öz haqq səsini duyurmalısan.

sia.az

Digər xəbərlər