Müsahibə

  • 7 612

“Ermənistan tərəfi buna məcburdur” - MÜSAHİBƏ

image

Müsahibimiz millət vəkili Eldəniz Səlimovdur

- Eldəniz müəllim, Ermənistan dövləti əsgərlərinin Qarabağa göndərilməsini qadağan edən qərar verib. Sizcə, artıq Ermənistan 10 noyabr razılaşmasının tələblərini yerinə yetirməyə başladığını demək olar?
- Beynəlxalq aləm Ermənistanı məğlub olmuş bir ölkə kimi tanıyır. Bunu Nikol Paşinyan da çox gözəl bilir. Buna görə də təbii ki, onların artıq bu bəyanatın tələblərini qəbul edib əməl etməkdən başqa çarələri yoxdur. Üçtərəfli bəyanata Azərbaycan və Rusiya necə əməl edirsə, Ermənistan tərəfi də buna məcburdur. Qarabağ əzəli Azərbaycan torpağı olub. Orada onların əsgərlərinin hərbi xidmət vəzifəsini yerinə yetirmələri onsuz da absurd bir məsələdir. Mən düşünürəm ki, Ermənistan tərəfinin verdiyi bu qərar düzgün olan və gecikmiş bir qərardır.
- Arturyan və Balasanyan kimi terrorçular isə hələ də Xankəndində qalmaqdadır. Onların məhv edilməsi üçün və ya həbs olunmaları üçün zamanın yetişdiyini söyləmək olar?
- Əslində bu cür şəxslərin fəaliyyəti daim qondarma və heç kəs tərəfindən tanınmayan bir qurumun rəhbərliyi altında həyata keçirilib və onlara qarşı zəruri tədbirlər görmək üçün kifayət qədər əsaslar var. Sadəcə siyasi proseslərdə hər şey öz zamanında və dəqiqliklə həyata keçirilməlidir. Onların son bəyanatları da bu cür tədbirlərin görülməsini sürətləndirir. Görünən odur ki, ermənilər hələ də öz səhvlərindən nəticə çıxarmayıblar. Düşünürəm ki, Paşinyanın bəyanatlarının nəticəsi olaraq baş verənlər bu şəxslər üçün də tam şəkildə keçərlidir.
- Azərbaycanlılara və türklərə qarşı qətliamlar törətmiş terrorçu Njde Qareginin Xocavənddəki abidəsinin tamamilə məhv edilməsi üçün əməliyyat keçirilməsi nə dərəcədə mümkündür?
- Hesab edirəm ki, hazırki şəraitdə ermənilərin bu abidəni ucaltması özündə zərərli yanaşmalar ifadə edən növbəti təxribatlardan biridir. Bəllidir ki, terrorçu Njde faşist Almaniyasının yaxın əməkdaşlarından biri olmaqla keçmiş Sovet İttifaqının barışmaz düşməni kimi xarakterizə olunur. Bu həm erməni faşizminin hələ də mahiyyət olaraq davam etdiyini, ermənilərin faktiki olaraq mövcud sülhə dəstək vermədiyini və bu məsələdə Rusiyanın yanında yer almayacaqlarını göstərən diplomatik cəhd kimi qiymətləndirilə bilər. Təsadüfi deyil ki, bu heykəlin hələ daha əvvəl Yerevanın mərkəzində qoyulması Rusiya Xarici İşlər Nazirliyinin də diqqətindən yayınmamışdı və nazirlik bu addımı tənqid edən müstəqil məruzə belə hazırlamışdı. Bu səbəbdən bunun nəticəsi Ermənistan üçün heç də yaxşı görünmür və Azərbaycan üçün belə bir şəraitdə həmin abidəni məhv etmək üçün keçiriləcək əməliyyatdansa, uğurlu diplomatiyanın daha əlverişlli nəticələr gətirəcəyinə əminəm.
- Son günlər Ermənistanın rəhbərliyi ardıcıl olaraq Moskvaya səfərlər edir. Bu günlər N.Paşinyanın da Rusiyaya səfər edəcəyi bildirilir. Paşinyanın bu səfəri zamanı Qarabağla bağlı yeni məsələnin müzakirəsi nə dərəcədə gözləniləndir?
- Əlbəttə ki, Ermənistan və Rusiya rəhbərləri arasındakı görüşdə Qarabağla da bağlı müzakirələrin olmaması inandırıcı deyil. Ən azından Rusiyanın davam edən sülhməramlı missiyası və ermənilərin son günlərdə zərərli aktivliyinin artmasına görə bu məsələnin gündəmə gəlməsi qaçılmazdır. Hesab edirəm ki, Ermənistan və xüsusilə də Paşinyan hadisələrin məcrasının onlar üçün müsbət bitməyəcəyini artıq çox bilirlər, ancaq bu görüşlər nəticəsində maksimum dərəcədə güzəştə nail olmağa çalışacaqlar. Fikrimcə, Qarabağ məsələsi də daxil olmaqla hər hansı ciddi siyasi güzəşt qarşılığında siyasi toxunulmazlıq və qorunma məsələsi də müzakirə mövzusu ola bilər.

sia.az

Digər xəbərlər