Müsahibə

  • 8 273

Ermənistanın təxribatları sülhyaratma prosesinə zərbədir

image

Milli Məclisin deputatı Əli Hüseynli
- Əli müəllim, Ermənistan silahlı birləşmələri dövlət sərhəddində növbəti təxribatlar törədib. Azərbaycan Ordusu qarşı tərəfin təxribatlarına lazımi cavab verib. Baş verən bu hadisələri necə şərh edərdiniz?
- Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün intensiv danışıqların getdiyi bir zamanda və mövqelərin yaxınlaşması fonunda rəsmi İrəvan yenə öz ampluasına sadiq qalaraq bu prosesi pozmaq üçün təxribat əməllərinə əl atmaqdan çəkinmir. Məlum olduğu kimi, 12 sentyabr 2022-ci il tarixində gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Azərbaycan Ordusunun bu ərazisindəki mövqeləri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub.
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması istiqamətində Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən dərhal qəti cavab tədbirləri görülüb və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısı alınıb. Ermənistan tərəfi öz çirkin əməllərinə haqq qazandırmaq üçün guya Azərbaycan ordusunun Ermənistan ərazisindəki mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması barədə feyk məlumatlar yaysa da, Azərbaycan Müdafiə Nazirliyi bunun növbəti dezinformasiya olduğunu sübut edib.
Bu azmış kimi, Azərbaycan-Ermənistan sərhədində təxribat törədib hərbi toqquşma yaradandan sonra beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə Ermənistan növbəti diplomatik riyakarlığa başlayıb. Beynəlxalq təşkilatlara, KTMT-yə, Rusiya, ABŞ və Fransanın dövlət rəhbərlərinə müraciət edərək “Ermənistanı Azərbaycanın təcavüzündən qorumağa” çağırıb. Heç bir ünvandan dəstək ala bilməməsi isə Nikol Paşinyanın diplomatiyadan uzaq davranışlarının sadəcə siyasi avantüra olduğunu təsdiq edir.
-Sizcə, Ermənistan bu təxribatları hansı məqsədlə törədir? Bu hadisələrin sülh razılaşmasına təsir imkanlarını necə qiymətləndirərdiniz?
-Baş verən son genişmiqyaslı təxribat əməllərinin sülhyaratma prosesinə böyük zərbə vurduğu göz önündədir. Azərbaycan tərəfi hər zaman öz mövqeyinə sadiq qalaraq 10 noyabr 2020-ci il üçtərəfli Moskva bəyanatının və Brüssel razılaşmalarının reallaşmasına böyük töhfələr verməkdə davam edir. Azərbaycan Respublikası isə humanizm prinsiplərini rəhbər tutaraq, sentyabrın 8-də 5 nəfər Ermənistan hərbçisini azad etmiş və Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil vermişdir.
Görünən odur ki, Azərbaycan dövləti bölgədə dayanıqlı sülhə nail olunması istiqamətində bütün resurslarını ortaya qoyduğu və işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri apardığı bir vaxtda Ermənistan təcavüzə yol verməklə sülh prosesində maraqlı olmadığını nümayiş etdirir. Ona görə də baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün lazımi tədbirlər həyata keçirilməkdədir.
Qarşı tərəf və onun havadarları, nəhayət, anlamalıdırlar ki, xalqına və qüdrətli ordusuna arxalanan Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyəti ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı istənilən addımın qarşısının alınması üçün hər zaman yetərlidir və bu reallıq qarşısında Ermənistanın sülh prosesinə qoşulmaqdan başqa alternativi yoxdur.

yap.org.az

Digər xəbərlər