Şam yanmırsa, yaşamır demək,
Onun da yaşamağı yanmağındadır...
Bəlkə də, xarakterinin, adına və peşəsinə həkk olunduğu nadir insanlardandır o. Adının haqqını verəcək qədər zərif, incə ruhlu, peşəsinin qiymətini verəcək qədər lətif, loğman insan idi Zərifə Əliyeva. Həkim üçün lazım olan bütün keyfiyyətlər –dürüstlük, məsuliyyət, zəka, xeyirxahlıq, etibarlılıq, fədakarlıq, nəzakət, iradə, cəsarət, təmkin, qətiyyət - bütün bunlar onun şəxsində cəmləşmişdi. Öz ömrünü şam edib xəstələrinə işıq olan dəyərli alimin bu il 100 illik yubileyidir.
Tarixən bütün ləyaqətli loğmanlar üçün öz ömrü yox, başqalarının ömrü əhəmiyyətli olub. Onları təbib, loğman edən də məhz bu xüsusiyyətləri olub. Azərbaycanın ictimai-tibb tarixində silinməz iz qoymuş belə böyük insanlardan biri də Zərifə Əliyevadır. Vəfatının 38-ci ilində belə insanların dünən aramızda imiş kimi xatırladığı, haqqında keçmiş zamanda danışmadığı böyük alim, dəyərli loğman... İnsan var, vəfatı ilə bir evdən gedir, insan var, bütöv bir eldən. Zərifə Əliyeva vaxtsız vəfatı ilə eldən gedən insanlardan idi.
Nur paylayan şəfalı əllər
Bu il görkəmli pedaqoq, istedadlı alim, bacarıqlı həkim, böyük ictimai xadim və ən əsası gözəl qadın, dəyərli ana kimi tanıdığımız Zərifə Əliyevanın 100 illik yubileyi tamam olur. Azərbaycan xalqı onu həmişə böyük ehtiramla yad edir. Dəyərli oftalmoloq alimimiz Zərifə Əliyevanın yüzlərlə insana işıq bəxş edib, qaranlığa həkk olan minlərlə insanı qərq olduğu qaranlıqdan çəkib çıxarıb. O zülmətə qərq olan gözlərə nur verib, köməksizlərə həmdəm olub- əsl insan, əsl həkim olub.
Dövrünün və dövrümüzün bir çox həkimi üçün əhəmiyyətsiz olan “Hippokrat andı” Zərifə xanım Əliyeva üçün toxunulmaz dəyər olub, o öz peşəsinə ömrü boyu vicdanla yanaşıb. Səmərəli və zəhmətsevər fəaliyyətində əsl insani dəyər olan vicdana, səmimiyyətə böyük önəm verib. Bütün bilik və gücünü, istedad və bacarığını insanların sağlamlığının qorunmasına və yaxşılaşmasına sərf edib, saysız-hesabsız müalicələri ilə göz xəstəliklərinin qarşısını almağa səy göstərib. Tibb elminin dövrümüzdəki texnoloji imkanlarının olmadığı bir zamanda o öz yenilikçi ideyaları ilə “olmaz!” deyilən çox şeyi oldurub, müalicəsi mümkünsüz hesab edilən çox xəstənin dərdinə əlacı mümkün qılıb.
Zərifə Əliyeva oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib. Fəaliyyəti boyunca onlarla araşdırmaya, elmi məqalələrə imza atan Zərifə Əliyeva nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Onun monoqrafiyaları özündən sonra bir çox xələfinə mayak olub.
Qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazıb. Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. O, həmçinin, Azərbaycanda oftalmologiya sahəsində ilk akademik qadın olub.
Zərifə xanım Azərbaycan tibb elminin tarixində, onun şöhrətlənməsində ləyaqətli yer tutmuş görkəmli alim və mütəxəssislərdən biri idi. Dünya tibb elminə yeni nailiyyətlər bəxş edib akademik adına yüksələn Zərifə xanım Əliyeva dəyərli ziyalı və alim kimi respublikamızın hüdudlarından kənarda da yaxşı tanınmışdı. Onunla birlikdə elmi iş aparanlar, çiyin-çiyinə çalışanlar, onun nailiyyətlərindən, yüksək mədəniyyətindən, nəcib xüsusiyyətlərindən hər zaman hörmət və ehtiramla danışıblar.
Hətta oftalmologiya patriarxı belə ona heyran idi
1979-cu ildə Oftalmoloqlar Cəmiyyətinin Moskvada keçirilmiş iclasında Zərifə xanımın möhtəşəm çıxışı həmin illərdə mətbuatda çox yazıldı. Zərifə Əliyeva peşəkar bir natiq kimi həkimin mənəvi tərbiyəsi, dövrün ən müasir tibb etikası və mənəviyyatı məsələləri haqqında çox maraqlı məruzə ilə çıxış edib. Onun bu məruzəsi o vaxt dünya mətbuatında, tibbi məcmularda böyük-əks səda doğurub. Həmin çıxışdan sonra Sovet oftalmologiyasının patriarxı, akademik M.M.Krasnov ona yaxınlaşaraq qarşısında baş əyib və onun əlindən öpüb: “Mənim sadəcə sözüm yoxdur! Sizə heyranam!” – deyib.
Görkəmli alim Nadejda Puçkovskaya da öz xatirələrində Zərifə xanımı böyük ehtiramla yad edir. O yazır ki, Zərifə Əliyevanın fəal təşkilatçısı olduğu oftalmoloq qurultaylarının birində iştirak edən nümayəndələrdən birinin ayağı sınır. Puçkovskaya onun müalicəsinə Zərifə xanımın necə can yandırdığını yaxşı xatırlayır: “O, hər gün xəstəxanaya gəlir, xəstənin halına qəlbən yanır, hətta lazım olan şeyləri öz evindən gətirirdi ki, müalicəyə xeyri dəysin. Zərifə xanım xəstəyə bir-iki gün deyil, bütün müalicə müddətində istisnasız hər gün baş çəkdi”.
Rusiyalı məşhur oftalmoloq, tibb elmləri doktoru, professor Z.M.Skripçenko Zərifə xanım Əliyeva haqqında xatirələrində onu “Qoruyucu mələk” adlandırır: "Bir dəfə Zərifə xanımla birlikdə həmkarlarımızdan birinin evində qonaq idik. O, yüksək intellektli adamların əhatəsində öz cəlbedici sadəliyi və həyat eşqi ilə seçilirdi. Siz təsəvvür edirsiniz, bir həkim fortepianoda musiqiyə xüsusi rəng verərək populyar melodiyalar, rəqslər ifa edirdi! O sanki tək həkim deyil, həm də peşəkar pianoçu idi. Zərifə xanım dinləyiciyə əsərin varlığını, mahiyyətini çatdırmağı bacarırdı. Zərifə Əliyevanın tələbələri ona professionallığın və müdrikliyin canlı nümunəsi olan professor kimi baxırdılar. O, həmişə məntiqli və eyni zamanda, səmimi danışırdı, yüksək nitq mədəniyyəti ilə seçilir və tələbələrində xüsusi həvəs yaradırdı”.
Məşhur oftalmoloq, akademik A.Nesterov da onun haqqında həmişə böyük ehtiramla “Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli həkim idi.” deyə danışırdı.
Ömrünü iki prezidentə həsr edən qadın
Ümummilli Lider Heydər Əliyev öz ömür-gün yoldaşı haqqında danışanda həmişə ondan güc aldığını, enerji qaynağının məhz Zərifə xanım olduğunu deyirdi. O, Zərifə xanımın ömrünün axırına qədər ləyaqətli ömür-gün yoldaşı, arxa-dayaq olmasından, həm işini, həm ailəsini hər şeydən uca tutduğunu qeyd edirdi. Zərifə xanımın vəfatından uzun illər sonra belə Heydər Əliyev onunla bağlı danışanda hər dəfə kövrəlir, göz yaşlarını boğa bilmirdi. Bir qadının dəyərini bundan artıq necə ifadə etmək olar ki?
Vəfatının 10-cu ildönümündə Ulu Öndər Heydər Əliyevin onun haqqında xatirələrindən: “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti hamıya məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar”.
Müzəffər lider yetişdirən ana
Bütün anaların ortaq dəyəri övladıdır. Bütün anaların ortaq sevinci tərbiyə etdiyi övladının böyüyüb vətəninə, xalqına faydalı insan olmasıdır. Analar bu zaman öz əsəri ilə qürur duyur. Zərifə xanım bu gün haqq dünyasında olsa da övladının – müzəffər liderin nailiyyətlərini görür, yetişdirdiyi övladı ilə fəxr edir.
Prezident İlham Əliyev anası haqqında hər zaman böyük ehtiram və məhəbbətlə danışıb. O Zərifə xanımın xüsusiyyətlərinə, mehribanlığına, təvazökarlığına həmişə heyran olduğunu deyir: “Anam, atamın yalnız ömür-gün yoldaşı deyildi, eyni zamanda bütün işlərdə ona dayaq olurdu, onu dəstəkləyirdi. Ailəmizdə olan ab-hava, mühit, valideynlər arasında olan münasibətlər əlbəttə ki, bizi də tərbiyə edirdi. Yəni, ailədə tərbiyəni valideynlərimizin bir-birinə münasibətlərini görərək alırdıq”.
Prezident xatırlayır: “1970-ci illərdə atam Azərbaycanda birinci katib vəzifəsində işlədiyi dövrdə Heydər Əliyevin həyat yoldaşının əlbəttə ki, müxtəlif imtiyazları və üstünlükləri ola bilərdi. Ancaq Zərifə xanım çox sadə bir insan idi, heç vaxt büruzə vermirdi ki, Heydər Əliyevin – birinci katibin həyat yoldaşıdır. Həmişə onun yanında sadə insanlar olurdu. Anam çox təvazökar idi. Bəziləri üçün o, necə deyərlər, son ümid yeri idi. Hətta tanımadığı adamlar belə müxtəlif xahişlərlə, müxtəlif şikayətlərlə onun iş yerinə gəlirdilər. O, çalışırdı ki, hər kəsə kömək göstərsin. Tanımadığı adamların xahişlərini gəlib atama çatdırırdı və o məsələlərin böyük əksəriyyəti öz həllini ədalətlə tapırdı. Zərifə xanım daim insanlara xidmət etmək, kömək göstərmək arzuları, amalları ilə yaşayırdı”.
Zərifə Əliyevanın bütün həyatı insanlara xidmətə həsr olunub. Yüksək vətəndaş mövqeyi, həssaslığı, insanlara qayğı və diqqəti sayəsində xalqın etimadını qazanan Zərifə xanımın insanlara faydalı təsirinin sirri məhz bu yaradıcı qüvvədə, tükənməz mənəviyyatdadır. Zərifə xanım dəyərdir, yaxşlığın insan formasıdır, hörmətdir, əxlaqdır, təvazödür, doğruluqdur. Dünyaya gəlməsinin 100-cü il dönümündə tibb elmində əvəzsiz izlər qoyan, bir ömür xalqının xidmətində olan böyük alimi hörmət və sevgi ilə xatırlayırıq.
Lalə Mehralı
Məqalə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının "Bir ömür xidmətinizdə...” mövzusundakı birgə müsabiqəsinə təqdim edilir