Televiziyanın kəşfini cəsarətlə keçən minilliyin ən böyük kəşfi adlandırmaq olar. “Sehirli güzgü”nün reallığa çevrilməsi nağılları gerçəkliyə döndərməyin mümkünlüyünü göstərdi. “Uçan xalça” misalında olduğu kimi. İndi televiziya dünyamızın, həyatımızın güzgüsü rolunu oynayır.
Şərqdə ilk televiziya Bakıda, 1956-cı ilin fevralın 14-də ilk dəfə efirə çıxıb. “Diqqət, göstərir Bakı” sözləri ilə Azərbaycanın ilk televiziyası yayıma başlayıb. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi nümayiş etdirilib. Həmin tarix xalqımızın siyasi və mədəni həyatına böyük yenilik gətirib.
Bakı Televiziya Studiyasının fəaliyyəti xalqımızın mədəniyyətinin təbliğinə və inkişafına, insanların elmə, təhsilə marağının artmasına, ölkədə və dünyada baş verənlərdən tez xəbər tutmasına səbəb oldu. Düzdür, bundan qabaq 1926-ci ildə Bakıda Şərqin ilk radiosu- Bakı Radio Stansiyası fəaliyyətə başlamışdı və insanlar səsli şəkildə xəbərləri dinləyə, verilişlərə qulaq asa bilirdilər. Amma balaca bir “sehirli qutuda” dünyanın başqa yerlərinə baxa bilmək o dövrdə həqiqətən möcüzə idi.
Bakı Televiziya Studiyası əvvəlcə həftədə 3 dəfə, 1957-ci ildən isə 5 dəfə 2 saatlıq proqramla efirə çıxıb. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artırılıb. 70-ci illərdə gündəlik verilişlərin yayım həcmi 10, 80-ci illərdə 18 saata çatdırılıb. 2005-cı ilin yanvarından AzTV 24 saatlıq fasiləsiz yayıma keçib.
İlk rəhbəri Ənvər Əlibəyli olan Bakı Televiziya Studiyası SSRİ-də ən inkişaf etmiş televiziyalardan sayılırdı. 1985-ci ildə müxtəlif proqramlarla Mərkəzi Televiziyadakı çıxışlarına görə Sovet İttifaqı üzrə 4-cü yeri tuturdu.
1981-ci ildə tikilməsinə başlanan 310 metrlik teleqüllə hazırda dünyada ən hündür qüllələrdən biridir. Hazırda Azərbaycan televiziyasının yaydığı verilişlərə peyk vasitəsilə dünyanın əksər ərazilərində baxmaq mümkündür.
Sovet İttifaqının dağılmasınadək Bakıda yaşayanlar AzTv-dən başqa 2 ümumittifaq kanalına, respublikanın qərb və şimal bölgələrindəki tamaşaçılar isə əlavə olaraq daha bir neçə kanala baxmaq imkanı əldə etmişdilər. Məsələn, mən Tovuz şəhərində ümumilikdə 6 kanala- 2 Moskva, 1 Bakı, 2 Tbilisi və 1 Yerevan kanalına baxa bilirdim.
90-cı illərdə respublikada yeni telekanallar yaranmağa başladı. AzTV-nin 2-ci kanalı fəaliyyətə başladı. İlk özəl televiziya isə ANS idi. Maraqlıdır ki, növbəti özəl telekanallar əyalət şəhərlərində açıldı- Gəncədə (“Kəpəz” TV- 1992-ci il) və Tovuzda (“Tovuz” TV- 1993-cü il). Daha sonra ümumrespublika və regional kanalların sayı artdı.
Hazırda 10 respublika əhəmiyyətli telekanal, 10-dan çox regionali telekanal fəaliyyət göstərir. Lakin yeni telekanallar ana televiziyamızın ənənələrini davam etdirmədilər. Yeni dövrün- bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq biznes maraqları hər şeydən üstün tutuldu, bütün qəbuledilməz, cəmiyyətə yararsız nəsnələri efirə gətirildi. Milli-mənəvi dəyərlərin, elm və mədəniyyətin təbliği özəl kanalların çal-çağırı, şou verilişləri, serialları arasında itib batdı.
Tamaşaçının televiziya haqda təsəvvürü darmadağın oldu. Əvvəllər TV-də ancaq elmi-intellektual proqramlara, siyasi, iqtisadi, elmi, ədəbi-bədii, tarixi mövzularda ciddi verilişlərə, yuxarı səviyyəli filmlərə baxan tamaşaçının zövqü küçə səviyyəsində filmlər, ara qeybətləri, toy müğənniləri, savadsız və təcrübəsiz aparıcılar tərəfindən korlandı.
Özəl kanallar kütləni ələ aldı, lakin intellektual auditoriyanı itirdi. AzTv isə zamanla ayaqlaşa bilmir, müasir tipli verilişlər təşkil edə bilmirdi. Maliyyə, peşəkar və savadlı kadrlar, müasir texnologiya çatışmırdı. Belədə digər kanallarla rəqabətdə uduzurdu. Peyk antenlərinin və kabel televiziyasının inkişafı nəticəsində baxmaq imkanı olan kanalların sayı itib getdi. Belə bir güclü rəqabətdə tamaşaçı cəlb etmək həddən artıq çətin idi.
Lakin ədalət naminə qeyd etmək lazımdır ki, bir milli televiziya kimi o, tamaşaçıya yalnız səviyyəli verilişlər, filmlər, mahnılar və s teleistehsallar təqdim edirdi. Tamaşaçı AzTV-dən başqa digər kanallarda ciddi elmi, sənədli filmlərə, siyasi, iqtisadi, mədəni, sosial və s sahələrdə səviyyəli proqramlara baxa bilmirdi və ya çox nadir hallarda baxa bilirdi. Xüsusilə də, mədəniyyət sahəsində vəziyyət pis idi.
Televiziyanın (ümumilikdə KİV-in) 3 əsas vəzifəsi məlumdur- məlumatlandırmaq, maarifləndirmək, əyləndirmək. Bu sonuncu funksiyada təbii ki, səviyyəsiz şoular, küçə mahnıları yox, tamaşaçının mədəni istirahətini təmin etmək nəzərdə tutulur.
2005-ci ildə AzTv-nin bazasında İctimai Tv yaradıldı. Bu televiziyanın bu sahədə böyük xidmətləri oldu. Bu televiziya ilk vaxtlar tamaşaçı kütləsini cəlb edə bilmədi. Lakin son illərdə bu televiziya daha çox peşəkar, səviyyəli verilişlərlə tamaşaçıları öz ətrafına topladı.
Bununla belə cəmiyyətdə mədəniyyətlə bağlı ayrıca kanala ehtiyac yaranmışdı və bu barədə təkliflər səslənirdi. Azərbaycanda 1 əsrdən bəri yığılıb qorunan dəyərli kinoarxivin, teleistehsal fondunun yalnız AzTV-də olması “Mədəniyyət” kanalının onun nəzdində yaranmasını reallaşdırdı. Nəhayət, AzTv-nin 55 yaşının tamam olması günü efirdə yeni telekanal- Mədəniyyət telekanalı göründü.
Bu kanalda şedevr kinolar, tamaşalar, elmi sənədli filmlər, müxtəlif mövzulu televiziya filmləri, əbədi-bədii, tarixi-mədəni verilişlər- bir sözlə Azərbaycan və dünya mədəniyyətinin şedevrləri, həmçinin müxtəlif movzulu verilişlər efirə verilir.
Xüsusilə də, ötən əsrin filmləri, tamaşaları, mahnıları kimi çox dəyərli və maraqlı sənət əsərlərinin nümayişi təqdirəlayiqdir. Bunları kommersiya kanallarında görə bilmirik, onlarda hər gün ya qanlı qırğındır- (amerikan döyüş və qorxu filmləri), ya da çal-çağırdır (şou-biznes qaraçılığı).
Bu gün ölkədə televiziya adına məbəd kimi, məktəb kimi işləyən 3 telekanal var- AzTv, Mədəniyyət və İctimai TV. Bunlar yüksək mədəni zövqü olan, ciddi verilişlərə tələbatı olan intellektual qrupun kanallardır. Bu səbəbdən aşağı zövq səviyyəsinə malik tamaşaçı kütləsi də bu kanallara çox baxmır. Bilirsinizmi niyə? Çünki zövqlərini başqa kanallar korlayıb, onlara psixoloji abunə olublar, tamaşaçıya pul qazanmaq yolunda vasitə kimi baxan bu şou-biznes kanallarının qarşısından ayrıla bilmirlər.
Bu 3 telekanal mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin güzgüsüdür. Onlara bircə gün baxaq, düşünək, müqayisə edək, sonra seçim asan olacaq. Korlanmış, aşağı səviyyəyə endirilmiş zövqümüz yenidən yüksələcək, televiziya qarşısında mədəni istirahətin nə demək olduğunu anlayacağıq.
Əminəm ki, AZTV və ana televiziyamızın köynəyindən çıxmış digər 2 telekanal bəzi özəl kanalların əxlaqını, tərbiyəsini düşüncəsini pozmağa çalışdığı, mənən itirdiyimiz insanları cəmiyyətə qaytarmağa qadirdir.
Azərbaycan Televiziyası ölkəmizin, xalqımızın mədəniyyət məbədidir, vizual xəzinəsidir. Onun arxivlərində sayı-hesabı bilinməyən veriliş, kino, müxtəlif filmlər və s teleistehsallar qorunub saxlanır.
Məlum olduğu kimi, köhnə lentlər və onları oxudan aparatlar zamanın təsiri ilə sıradan çıxır. Onları yeni rəqəmsal arxivə köçürmək və gələcək nəsillər üçün qorumaq lazımdır. Hətta yaxşı olardı ki, bir çoxu internetdə yerləşdirilsin ki, ölkə və dünya tamaşaçıları üçün daha əlçatan olsun.
Mən bilmirəm, həmin arxivin yeni texnologiya ilə yeni disklərə və digər informasiya daşıyıcılarına köçürürüb qorunması nə səviyyədədir, amma internetdə rast gəldiyim köhnə bəzi teleistehsallar deməyə əsas verir ki, hər halda bu iş aparılır. Hərçənd bəzi məlumatlara görə, bu qiymətli arxivin bir hissəsi artıq korlanıb və itirilib.
Ana televiziyamızın üstünlüyü təkcə bunda deyil. Xalqın maarifləndirilməsi, onların bədii-estetik zövqünün yüksək səviyyədə formalaşması, bilik və dünyagörüşünün artırılması, milli və bəzəri dəyərlərin qorunması və təbliğ edilməsini özündə ehtiva edən proqram siyasətindədir.
Son vaxtlar AzTV-də çox ciddi dəyişikliklər baş verib. Xəbərlər sistemində, müəllif proqramlarında, efirin ümumi formatında, hətta dövlət siyasətinin əhaliyə çatdırılması formasında dəyişikliklər və irəliləyişlər göz qabağındadır. İndi AzTV-nin efirində ciddi problemlərin qaldırılması, nöqsanların göstərilməsi, neqativ halların tənqiinə daha çox rast gəlmək olar.
Bu gün Azərbaycanda fəaliyyət göstərən ən peşəkar kadrlar AzTV-də cəmləşib: redaktorlar, ssenaristlər, rejissorlar, montajçılar, operatorlar, rəssamlara burada öz potensiallarını oratay qoymçaq üçün imkanlar var.
Azərbaycan Televiziyası yaradıcı şəxslərə öz layihələrini AzTv-nin efrirində realaaşdırmağa imkan yaradır. AzTV öz əməkdaşları üçün treninqlərinin keçirilməsini və digər ölkələrin televiziyaları ilə təcrübə mübadiləsinin aparılmasını vacib hesab edir.
Peşəkarların yetişməsi üçün isə Azərbaycan Teleradiosunun imkanları genişdir: studiyalar, çəkiliş pavilyonları, zəngin maddi-texniki baza, ən müasir texniki imkanlara malik avadanlıqla təchiz olunan montaj otaqları. Dövlətimizin başçısının birbaşa diqqəti və qayğısı ilə həyata keçirilən islahatların məqsədi isə Azərbaycan Teleradiosunun nüfuzunu daha da artırmaq, tamaşaçı və dinləyicilərə yüksək səviyyəli proqramlar təqdim etməkdir.
Azərbaycan Televiziyası bügün ölkə teleməkanının mənbəyidir, məbədidir. Bu gün televiziyalarda olan peşəkar kadrların çoxu AzTv-nin süzgəcindən keçiblər və burada yetişiblər.
Həqiqətən də son vaxtlar ana televiziyanın siması tamamilə dəyişib. Efirə verilən proqramlar daha baxımlı, daha cəlbedicidir. AzTv süni peyklər vasitəsilə dünyanın demək olar ki, hər yerində yayımlanır. Hazırki telekanal bolluğunda ana televiziyamız yenə də öz tamaşaçı auditoriyasını saxlayır və getdikcə artırır.
Hər bir televiziyanın siması onun aparıcılarıdır. Bu baxımdan AzTv əvəzolunmazdır. Azərbaycan televiziyasının aparıcıları aydın səs tonu, səlis nitq qabiliyyəti, xoşagəlimli xarici görünüşü, yüksək efir mədəniyyəti ilə fərqlənir. Bu səbəbdən də, o, Azərbaycan teleməkanında öz ana televiziya statusunu layiqincə daşıyır.
67 yaşı münasibəti ilə Azərbaycan Televiziyasının bütün əməkdaşlarını təbrik edirəm. Həmçinin, digər televiziyaların da əməkdaşlarını. Bayramınız mübarək.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb