Xəbər verildiyi kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nu təsdiq edib. Dəyişikliyə əsasən media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq maddi yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin isə əlavə dəyər vergisindən 3 il müddətinə azad olunub.
Azərbaycan dövləti sağlam cəmiyyətin formalaşması üçün ictimai institutların inkişafına həmişə dəstək verir. Ümumilli lider Heydər Əliyev də daim medianın, ictimai instututların inkişafı üçün bu sahələrə dəstək verib. Bu gün həmin siyasəti Prezident İlham Əliyev davam etdirir. Dövlət başçısı indiyə qədər də medianın inkişafı üçün müxtəlif səviyyəli dövlət dəstəkləri verib. Bu son fərmanla təsdiq olunan Vergi Məcəlləsinə dəyişikliklər medianın maddi-texniki bazasının, maliyyə müstəqiliyinin yaranması üçün çox böyük bir imkan yaradacaq.
Məlum olduğu kimi, hazırda media orqanlarının çoxu maliyyə problemləri ilə qarşılaşır, yeni qlobal çağırışlara uyğunlaşmaq, daha peşəkar fəaliyyət göstərmək üçün son texnologiyalardan istifadədə çətinlik çəkir. Media subyektlərinin vergilərdən azad edilməsi onların xərclərini xeyli azaldacaq, maliyyə gəlirlərini öz inkişafları üçün xərcləməsinə şərait yaradacaq. Nəticədə media orqanlarımız qısa müddətdə öz maddi-texniki bazasını, maliyyə imkanlarını gücləndirəcək, daha peşəkar kadrların cəlb edilməsini təmin edəcək və dünya səviyyəsində informasiya mərkəzlərinə çevriləcək.
Hazırda yazılı medianın getdikcə zəiflədiyini, onun yerini sosial şəbəkələrin tutduğunu görürük. Mətbuta orqanlarının madii vəziyyətlərinin zəif olması onların peşəkar və opreatix xəbər hazırlayıb yaymaq imkanlarını məhdudılaşdırır. Nəticədə sosial şəbəkə kanalları üstünlüyü ələ alır.
Klassik medainın yerini social medianın tutmasının problemi tərəfləri çoxdur. Sosial mediaya nəzarətin olmaması çox ciddi problemlər yaradır. Biz bunu müxtəlif vaxtlarda və kritik situyasiyalarda dəfələrlə görürük. Dezinformasiyalar, qərəzli, böhtan xarakterli mayteriallar çoxalır. Bundan hətta “reket jurnalistlər” biznes qururlar. Artıq sosial şəbəkələrdə on minlərlə kanal, səhifə açılıb və bunun adı media qoyulub. Oxucular da oxuyanda bunu mətbuat hesab edirlər. Bu halda istənilən dezinformasiyanı yaymaq, təxribat törətmək asanlaşır.
Mətbuat təkcə xəbər mərkəzi deyil, o analitik yazılar, araşdırmalar, müsahibələr hazırlamalı, müxtəlif problemləri işıqlandırmalıdır. Bunları etmək üçün isə mətbuiatln normal maddi-texniki bazası və kadr heyəti olmalıdır. Bunların olması üçün də maliyyə tələb olunur.
Hazırda oxucu auditoriyası minlərlə sayt arasında bölüşüb. Hər bir sayta məhdud sayda oxucu düşüb. Media orqanlarının sayının az olması daha effektlidir. Məsələn hər hansı bir hadisəni kütləyə çatdırmaq üçün iri media resursları daha effektlidir, bu halda çatdırılan məlumatı məhdud sayda oxucu kütləsi deyil, daha geniş kütlə oxuyar.
Xırda, zəif və çoxsaylı media orqanlarında təmərküzləşmə prosesi getməlidir. Bu təmərküzləşmə prosesinə əsasən bir neçə media orqanı birləşərək, böyük media mərkəzləri formalaşmalıdır. Kiçik saytların işçi qüvvəsi saxlaya bilməməsi və ya bir neçə nəfərlə ortaya ciddi media qoyması mümkün deyil. Onun xaricdə və ölkənin regionlarında müxbir postları yoxdur. Peşəkar işləmək üçün çoxsaylı kadrlar olmalıdır.
Dünyaya çıxmaq üçün çoxsaylı işçi qüvvəsi olan – peşəkart saytlar, qəzetlər, informasiya agentlikləri olmalıdır ki, dünyanın hər yerindən xəbər versin. Maraqlı təhlillər, araşdırmalar ortaya qoysun və nüfuz qazana bilsin. Bütün bunlar olmadan media subyektləri özünü maliyyələşdirə bilmir. Özünü maliyyələşdirə bilməyən media heç zaman peşəkar, tərəfsiz ola bilməz. Dünyada, ölkədə ictimaiyyət arasında nüfuz qazana bilməz.
Son zamanlar Medianın İnkişafı Agentliyinin bu sahədə həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Lakin bəzi sahələrdə də tənzimləmələr aparılmalıdır. Mediada azad reklam bazarı olmalıdır. Bu özünü maliyyələşdirmə prosesində əsas rol oynayır. Reklamların verilməsi strukturu qaydaya salınmalıdır.
Ona görə də, ilk vaxtlarda media orqanlarına maliyyə yardımı lazımdır. Hər hansı bir media özünü tam doğruldanadək ona edilən yardımlarla, peşəkarları ətrafına toplamalı və onları əlində saxlamağı bacarmalıdır. Peşəkarlıqdan kənar, təcrübəsi olmayan ucuz işçi qüvvəsinin olması mediada özünü doğrultmayan, yalnış materialların yayımlanmasına səbəb olur.
Media sektorunda ən əsas problemlərdən biri də, jurnalistlərin sosial vəziyyətidir. Azərbaycanda jurnalistlərin sosial vəziyyətinin ağır olması, çətin şəraitdə çalışması heç kimə sirr deyil. Bu sahədə çalışanların 80 faizindən çoxunun şəxsi mənzili yoxdur, onsuz da aşağı olan əməkhaqqının yarısı kirayə haqqına sərf olunur. Düzdür, cənab Prezidentin sərəncamı ilə jurnalistlər üçün 3 bina tikilib və paylanıb, amma ölkədə on minlərlə jurnalistin mövcudluğu şəraitində bu problemin həllindən danışmaq olmaz.
Təsəvvür edin ki, jurnalistlər eyni işə görə 10 -15 il öncə də eyni əməkhaqqı alırdı, indi də. Bu müddətdə başqa sahələrdə çalışanların maaşlarında dəfələrlə artımlar edilib, bazar-dükanda qiymətlər neçə dəfə artıb.
Başqa sözlə, jurnalistləri ölkənin aztəminatlı hissəsinə aid etmək olar. Azərbaycanda aylıq yaşayış minimumunun 250 manat olduğunu nəzərə alsaq, ortalama 500 manat əməkhaqqı alan jurnalistin ailəsində adambaşına bu məbləğdən xeyli aşağı vəsait düşdüyünü aydın görmək olar. Təxminən yaşayış minimumdan 2 dəfə aşağı. Belə bir ağır vəziyyətdə yaşayan, problemlərdən başı açılmayan insandan hansı iş keyfiyyəti, hansı peşəkarlıq, hansı iş həvəsi gözləmək olar?
Bütün bunlar isə media orqanlarının maliyyə imkanlarının zəif olması ilə bağlıdır. Ona görə də, dövlət güzəştlərinin və dəstəyinin rolu mühümdür. Dövlətin yardım və güzəştləri olmasa, bizim qəzetlər dərhal sıradan çıxar. Mübaliğəyə yol vermədən demək olar ki, bu gün çap mətbuatı əsasən dövlətin çiyinlərində ayaq tutub dayana bilir.
Həmçinin reklam bazarının olmaması da qəzetlərin öz maddi dayanıqlıqlarını təmin etməyə imkan vermir. O baxımdan, qəzetlərin çap, maaş-qonorar və digər xərclərini nəzərə aldıqda, onların maddi vəziyyətinin ağırlığını təsəvvür etmək çətin deyil. Şübhəsiz ki, dövlətin, MEDİA-nın qəzetlərə, jurnallara maddi dəstəyi olmasa, dövri nəşrlərin əksəriyyətinin mövcudluğu sual altına düşərdi.
Qəzet-jurnal yeganə media vasitəsidir ki, onun üçün pul ödəmək lazımdır, amma oxucuların çoxu internetdən pulsuz şəkildə istənilən məlumatı ala bilir, təhlilləri və araşdırmaları oxuya bilir.
Arzu edərdik ki, qəzet və jurnallar elə işləsin ki, onların "bu pulu verməyə dəyər” deyə düşünən oxucusu çox olsun. Onların satışdan və reklamdan gəlirləri artsın, onda ortada əsl peşəkar mətbuat olar və heç bir qüvvə onu sıradan çıxara bilməz. İnternet nə qədər inkişaf etsə də, hələ uzun müddət kitablara, qəzetlərə, jurnallara tələbat olacaq və olmalıdır. Bircə şərtlə ki, bu çap məhsulları səviyyəli materiallarla oxucuları cəlb edə bilsin.
Belə bir şəraitdə mətbuat orqanlarının vergidən azad edilməsi onlara öz xərclərinin bir hissəsinə qənaət etmək imkanı yaradacaq və həmin vəsaitlər mətbu orqanın inkişafına və əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilə bilər. Ona görə də, bu dəyişiklik və edilən güzəşt hər cəhətdən müsbət qiymətləndirilir.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb