PDF Oxu

MİA

  • 17 235

Rusiyalı ekspert: Laçın yolunda post qurmaq Azərbaycan üçün zəruri və məcburi idi - MÜSAHİBƏ

image

İqor Korotçenko: “Laçın yolunda Azərbaycan tərəfindən keçid məntəqəsinin quraşdırılmasına Qərbin kəskin mənfi reaksiyası təəccüblü deyil”

Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko “Moskva-Baku” portalına müsahibəsində Azərbaycanın Laçın yolunda keçid məntəqəsinin quraşdırılmasının Ermənistan-Azərbaycan nizamlanma prosesinin gələcəyi üçün nə demək olduğundan danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- İqor Yuryeviç, Azərbaycan bir neçə gün əvvəl Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasını elan edib. Baş verənlər Ermənistanın Laçın yolu ətrafında sonsuz təxribatları fonunda yaranmış vəziyyətin məntiqi nəticəsidirmi?

- Azərbaycanın bu addımı Ermənistanın üçtərəfli bəyanatın imzalanmasından keçən iki ildən artıq müddətdə erməni liderlərinin törətdiyi silsilə təxribatlardan sonra məcburi və zəruri tədbirə çevrildi. Son günlər baş verən təxribatlar- Ermənistan tərəfinin Laçın yolundan yan keçərək Qarabağa silah, canlı qüvvə, mina, döyüş sursatı daşıması, burada hərbi infrastruktur qurması Azərbaycanın səbrini daşırdı. Həmçinin ötən həftənin sonunda Şuşa ətrafında Azərbaycanın silahlı qüvvələrinə məxsus yük avtomobili İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra erməni diversantları tərəfindən quraşdırılan minalarla partladılıb. İşğaldan azad edilmiş Azərbaycan ərazilərində Ermənistan tərəfinin quraşdırdığı minaların 2021-ci ildə, yəni İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra istehsal olunduğu faktları ilk dəfə deyil.

İrəvanın siyasətinin konstruktivlik istiqamətində dəyişməsini uzun müddət gözlədikdən sonra Azərbaycanın qəbul etdiyi qərar indi Ermənistan tərəfinin Laçın yolundan cinayətkar istifadəsini qeyri-mümkün edəcək. İndi erməni tərəfi Qarabağda öz hərbi personalını rotasiya etdirə, Qarabağa silah-sursat verə bilməyəcək. Bu iş bitdi.

Baş verənlər Ermənistanın qeyri-konstruktiv siyasətinin nəticəsidir. Və bütün iddiaları, narazılıqları Ermənistan özü həll etməlidir. Belə olan halda Azərbaycan hakimiyyəti təhlükəsizliyin təmin edilməsi məsələsini rəhbər tutdu və bu nəzarət forması hüququndan istifadə etdi.

Azərbaycan bir daha siyasi iradə nümayiş etdirdi. O, özünü aldatmağa imkan verməyəcəyini göstərdi. 2,5 il Ermənistanın danışıqlara tam qadir olmadığını, İrəvanın isə Paşinyanın imzaladığı öhdəlikləri yerinə yetirmək istəmədiyini göstərdi. Yaxşı, Azərbaycan daha nə qədər gözləməli idi, Azərbaycan hərbçiləri, dinc əhali nə qədər erməni diversantlarının minaları ilə partladılmalı idi?! Azərbaycan işləri qaydasına saldı.

Ermənistanın gec-tez Azərbaycandan belə bir cavab alacağı heç kimə sirr deyildi, amma nədənsə erməni tərəfi ona hər şeyin icazəli olduğuna inanırdı. Bakının davamlı xəbərdarlıqlarına, izahat tələb etməsinə, hətta birbaşa məlumat ötürülməsinə baxmayaraq, İrəvandan heç bir adekvat reaksiya olmadı. Amma indi yeni reallıq gəlir, daha doğrusu, artıq gəlib. Azərbaycanın bu addımı üçtərəfli bəyanatı pozmur.

Rəsmi açıqlamalardan da göründüyü kimi, Azərbaycan öz qərarı ilə bağlı Rusiya sülhməramlı kontingentinin rəhbərliyini, eləcə də Rusiya-Türkiyə monitorinq mərkəzini xəbərdar edib. Hətta belə fors-major şəraitdə də Azərbaycan müvafiq olaraq Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatından irəli gələn öhdəliklərə sadiqliyini çox açıq şəkildə bəyan etdi. Keçid məntəqəsində yüklərə nəzarət, yoxlanış prosesini Azərbaycan tərəfi və Rusiya sülhməramlıları birlikdə həyata keçirəcək.

Humanitar, mülki yüklərin hərəkətinə heç bir maneə, təcili yardım maşınlarının, vətəndaşların keçməsində problem olmayacaq. Xankəndində adi mülki şəxs maşına minib Ermənistana gedib geri qayıda bilər. Yeganə fərq ondadır ki, yoxlama proseduru bütün dünyada olduğu kimi yolda da aparılacaq. Laçın yolu indi sülh yoluna çevrilir, indiyədək isə arxa qapı idi, oradan erməni nümayəndələrinin gördüyü hər şeyi gətirib çıxarmaq mümkün idi. Bu isə təkcə hərbi yüklərə aid deyildi, çünki Ermənistan Qarabağda təbii sərvətlərin qanunsuz olaraq yırtıcı yolla çıxarılması və Ermənistana ixracı həyata keçirib, bununla da öz kölgə fəaliyyətindən külli miqdarda gəlir əldə edib.

İrəvanın Azərbaycanın bu addımının hansısa “soyqırım” məqsədi daşıdığı barədə bəyanatlar səsləndirməsi növbəti təbliğat cəfəngiyyatıdır.

- Bu vəziyyətə “Zəngəzur dəhlizi” layihəsinin reallaşdırılması perspektivləri cəhətdən necə baxmaq olar? Axı biz xatırlayırıq ki, İlham Əliyev dəfələrlə qeyd edib ki, İrəvanın layihənin dəhliz məntiqindən imtina etdiyi bir şəraitdə Azərbaycanın nəzarəti Laçın dəhlizində əks olunacaq.

- Ermənistan ötən il baş nazir Nikol Paşinyan vasitəsilə Zəngəzur nəqliyyat dəhlizi layihəsini həyata keçirməkdən imtina etdi. O vaxtdan bəri İrəvandan bununla bağlı heç bir müsbət rəsmi şərh görmədik. Hər halda, üçtərəfli bəyanat var, Ermənistan Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan hissəsi arasında maneəsiz hərəkəti təmin etmək öhdəliyini öz üzərinə götürüb. Bu öhdəlik altında Ermənistan baş nazirinin imzası var. Amma İrəvan “Zəngəzur dəhlizi” layihəsinin həyata keçirilməsini anlaşılmaz şəkildə şərh etməyə cəhd etməkdə davam edir.

Ərazidə geri dönməz dəyişikliklər baş verir. O cümlədən Zəngəzur dəhlizi məsələsində. Azərbaycan bir daha göstərdi ki, sakit, səbirlə, amma öz yolunu tutub ədalət axtarır.

Mən həmişə demişəm ki, İlham Əliyev hər hansı bəyanat verirsə, bu sadəcə söz deyil, şüurlu siyasi mövqedir. İlham Əliyev dəfələrlə bildirib ki, Ermənistan təxribatlarını dayandırmalıdır, əks halda ona proporsional cavab veriləcək. Eşitmədilər. İkinci Qarabağ müharibəsinin nəticələri göstərdi ki, Azərbaycanın sözü əməldən uzaqlaşmır.

Azərbaycan özü Ermənistana sülh müqaviləsi imzalamaq təklifi ilə çıxış edir, Ermənistanı öz qonşusu hesab etdiyini, mehriban qonşuluq münasibətlərində maraqlı olduğunu, ərazi bütövlüyünün qarşılıqlı tanınmasında maraqlı olduğunu qeyd edir. Ermənistan tərəfi də buna məhəl qoymayıb. Nəticələri görürük. Azərbaycan çağırış və təhdidlərə necə cavab verə biləcəyini, cavab verə biləcəyini bir daha göstərdi.

- Paşinyan ikinci həftədir ki, informasiya nöqteyi-nəzərindən müəyyən mənada sülh məramlı olduğunu nümayiş etdirməyə çalışır. Aprelin 24-də “erməni soyqırımı” ilə bağlı keçirilən tədbirlərdə o, mahiyyətcə İrəvanın sülh strategiyasını, qonşuları ilə münasibətləri inkişaf etdirməyi seçdiyini bəyan etdi... Və paralel olaraq Ermənistan XİN Azərbaycanı bütün günahlarda ittiham edir.

- Nikol Vovayeviç siyasi demaqogiya sahəsindəki məharəti ilə məşhurdur. Təcrübə göstərir ki, onun dinc bəyanatları hər an düşmənçilik ritorikası ilə əvəz oluna bilər. Biz bunu, o cümlədən Ermənistan-Rusiya münasibətlərinin timsalında Ermənistanın KTMT-yə münasibətində görmüşük və görməkdə də davam edirik. Paşinyanın sözlərinin heç bir dəyəri yoxdur. Bu gün bir şey deyir, sabah başqa şey. Sülhsevər ritorika onun müəyyən hadisələrin necə inkişaf etməsindən asılı olaraq istifadə etdiyi bir növ siyasi mimikadır.

- Azərbaycana qarşı keçid məntəqəsinin quraşdırılmasına ilk mənfi reaksiya verən ABŞ və Fransa oldu. Onlar həmçinin bildirdilər ki, Azərbaycanın bu addımı hər iki tərəfin sülh prosesinə zərbə vurur... Amma həmişə olduğu kimi, Ermənistanın sülh prosesini pozmaq üçün dəfələrlə atdığı addımları xatırlamırlar.

- ABŞ və Fransa yaxşı bilirlər ki, Azərbaycan güclənir, bir dövlət kimi regionda, beynəlxalq aləmdə mövqelərini möhkəmləndirir, Ermənistanla münasibətlərin normallaşdırılması məsələsində mövqeləri möhkəm olaraq qalır. Qərb güclü Azərbaycanda maraqlı deyil. Azərbaycanın başında enerji, siyasi və iqtisadi sahədə əlaqələr quran, Qərbin hesablaşmaq məcburiyyətində qaldığı siyasətçi dayanır. Nikol Paşinyan isə sırf Qərb layihəsidir. Paşinyanın bütün uğursuzluqları isə, ilk növbədə, Qərb kuratorlarının uğursuzluqlarıdır. Ona görə də Azərbaycan tərəfindən keçid məntəqəsinin quraşdırılmasına Qərbin reaksiyası belə kəskin mənfi reaksiyadır.

Azərbaycan yaxşı bilir ki, müasir dünyada Qərbdə dost gözləmək olmaz. Ona görə də Azərbaycan diplomatiyası bu cür “narahatlıqlara” sakit, lakin sərt reaksiya verəcək. Çünki bütün qərarlar artıq verilib. Və siz geri oynaya bilməzsiniz. Öz ölkələrində erməni diasporunun maraqlarına xidmət edən amerikalı və fransız lobbiçilərinin Azərbaycan əleyhinə bəyanatlar vermək cəhdləri kimi - bütün bu bəyanatlar siyasi baxımdan əhəmiyyətsizdir.

- İrəvan artıq burada öz “informasiya-siyasi alətlərini” nöqtəli şəkildə tətbiq etməyə çalışır. Fransa Senatının “Respublikaçılar” fraksiyasının rəhbəri qəflətən Azərbaycanın yaratdığı keçid məntəqəsinin ərazisində peyda olub. Onu qəbul edən Ermənistanın baş naziri təbii ki, şikayət edib.

- Daha bir zarafatcıl, qəribə fransalı. Biz bunların çoxunu görmüşük. Onların mövqeyi dəyərsizdir. Fransa parlamentariləri indi Fransanın özündə gedən proseslərə daha çox diqqət yetirməlidirlər. Xalq üsyan etdi- biz Paris küçələrində yanğınlar, polisin nümayişçilərin kütləvi şəkildə döyülməsini görürük. Fransa vətəndaşların hüquq və azadlıqlarının kütləvi şəkildə pozulduğu ölkədir. Qoy bu fransız parlamentari Azərbaycana nəsə öyrətməkdənsə, bu gün Fransa hakimiyyətinin nümayiş etdirdiyi vətəndaşlarla rəftar üsullarının yolverilməzliyini Makrona desin. Paris bu gün kiməsə “demokratiya” öyrətmək üçün deyil, həll edilməli olan öz problemləri ilə məşğul olmalıdır. Düşünürəm ki, bu, tamamilə ödənişli bir fransız qəzəbidir. Fransada çox beləsi var. Və onların "bədən hərəkətlərindən" nə isti olur, nə də soyuq. Onlar Qarabağda formalaşmış reallığı dəyişə bilməzlər.

- Erməni Soyqırımı Günü ərəfəsində İrəvanda ənənəvi məşəl yürüşü keçirilib. Anladığımız qədər bunu Daşnaksütyun təmsilçisi, ötən il müxalifətə rəhbərlik etmiş müxalifətçi İşxan Saqatelyan təşkilatçı olub. Son bir həftə ərzində ikinci dəfə İrəvanın mərkəzi meydanında Azərbaycan və Türkiyə bayrağı yandırıldı...

- Bu, necə deyərlər, “acizlikdir”. Onların edə biləcəyi maksimum başqa dövlətin bayrağını korlamaqdır. Onlar artıq tarixi hadisələrin gedişatını dəyişə bilməzlər. Onlar Azərbaycanı nə sürətləndirə, nə də dayandıra bilərlər. Və belə hiylələrlə bir daha öz üzlərini- natamamlıqlarını, alçaqlıqlarını göstərdilər. Yeni bir reallıq gəldi, o, dönməzdir. Azərbaycan bu gün siyasət aparır, Ermənistan isə yelkən kimi izləyir- küləyin haradan əsməsindən asılı olaraq, öz siyasi prioritetlərinin vektorunu dəyişir. Azərbaycan sakit və inamla irəliləyir və qeyd-şərtsiz hörmətə layiqdir.

Cəmi 44 gündə İkinci Qarabağ müharibəsində qalib gələn Azərbaycan Prezidenti İlham Əliyev uğur nümunəsi kimi tarixə əbədi olaraq yazılacaqdır. Bununla bağlı dünya liderlərinin böyük əksəriyyəti tərəfindən Azərbaycana ancaq hörmət, onun nüfuzunun tanınması, xarici siyasətin düzgün həyata keçirilməsi ilə bağlı ifadələr səslənir. Hərbi nöqteyi-nəzərdən belə bir müharibədə 44 gündə qalib gəlmək fenomenaldır, şah əsərdir. Bu isə şəxsiyyət amilinin tarixdəki rolunu göstərir. 1990-cı illərdə Azərbaycanın böhranlı məqamında ölkəyə Heydər Əliyev başçılıq edirdi. İlham Əliyev onun işini davam etdirir. Azərbaycan xalqının və bütövlükdə Cənubi Qafqaz xalqının bəxti gətirib ki, Azərbaycanın belə lideri var. Regional və dünya sabitliyi nöqteyi-nəzərindən Azərbaycanın bu gün müasir dünyada, o cümlədən Qoşulmama Hərəkatının başında siyasi proseslərin proqnozlaşdırıla bilən və sabit inkişafında göstərdiyi səylərə qiymət verməliyik.

Rusiya Azərbaycanı dost dövlət hesab edir. İki dövlətin liderləri Müttəfiqlik Bəyannaməsini imzalayıblar, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Yenə də deyirəm: Kremlin gözünə erməni eynəyi taxmaq cəhdləri uğurlu olmayacaq. Biz Rusiya-Azərbaycan münasibətlərinin gələcəyinə nikbin baxırıq. Azərbaycan Rusiyanın əsl, fürsətçi olmayan dostudur. Biz çalışacağıq ki, Rusiya və Azərbaycan xalqlarının mənafeyi naminə əlaqələrimiz daha da sıx inkişaf etsin.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər