MİA

  • 9 335

Bakı ilə İrəvan arasında sülh sazişi üzrə danışıqlar niyə nəticə vermir? - Rusiyalı ekspertin şərhi

image

İqor Korotçenko: Qərb yaxşı bilir ki, Qafqazda hər an “aktivləşə” bilən gərginliyi, alovlanan silahlı münaqişəni saxlamaq onun maraqlarına uyğundur

Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko Qərb və Rusiya platformalarında Ermənistan-Azərbaycan danışıqları barədə “Moskva-Baku” portalına müsahibəsində maraqlı məqamları şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- İqor Yuriyeviç, Qərb indi yenidən Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinə fəal şəkildə qoşulub. Ötən həftə ABŞ-da iki ölkənin xarici işlər nazirləri arasında dördgünlük danışıqlar aparılıb, mayın 14-də Avropa İttifaqı Şurasının rəhbərinin vasitəçiliyi ilə Brüsseldə, iyunun 1-də isə Moldovada Fransa prezidenti və Almaniya kanslerinin iştirakı ilə Aİ forumunda iki ölkə liderləri arasında danışıqlar baş tutacaq. İntensivlik birmənalı olaraq səbəbsiz deyil, lakin Azərbaycan tərəfi bildirir ki, Bakının gözləntiləri hələ də özünü doğrultmayıb. Niyə heç bir nəticə yoxdur?

- Səbəb İrəvanın eyni siyasətidir ki, Ermənistan tərəfi ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə ədalətli və obyektiv şərtlərlə sülh müqaviləsi imzalamaq əvəzinə manevr etməyə, qeyri-konstruktiv dildən istifadə etməyə, sülh müqaviləsində Qarabağın statusu məsələsini özündə saxlamağa cəhd etməkdə davam edir. Elə etmək istəyir ki, separatçılar danışıqlar prosesində tərəf kimi mövqe tutsunlar. Amma bu mümkün deyil. Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Qarabağın erməni sakinləri dəfələrlə Bakıya gəlməyə və onların Azərbaycan Respublikasının hüquq sahəsinə inteqrasiyası üçün danışıqlara başlamağa dəvət olunublar. Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, danışıqlar prosesi iki istiqamətdə gedir- faktiki olaraq Bakı ilə İrəvan arasında sülh müqaviləsi və ölkələr arasında münasibətlərin normallaşdırılması, Bakı ilə Qarabağın erməni icması arasında onların reinteqrasiyasına dair danışıqlar- hansı ki, bu İrəvana aid deyil.

İrəvan separatçıları dəstəklədiyini göstərməyə və Qarabağ problemi səhifəsinin çevrilməməsinə çalışır. Bu, erməni siyasətidir.

Aydındır ki, danışıqların pozulmasına səbəb təkcə Ermənistanın qeyri-konstruktiv mövqeyi deyil, həm də Qərbin Cənubi Qafqazdakı hərəkətləridir. Qərb yaxşı bilir ki, Zaqafqaziyada hər an “aktivləşə” bilən gərginliyi, alovlanan silahlı münaqişəni saxlamaq onun maraqlarına uyğundur. ABŞ, Avropa İttifaqı, Fransa üçün bu ən yaxşı seçimdir. Çünki Azərbaycanla Ermənistan arasında davam edən qarşıdurma və qaynayan münaqişə kontekstində “çirkli suda balıq tutmaq”, Azərbaycana təzyiq göstərmək, Ermənistanı manipulyasiya etmək və Rusiyaya zərbə vurmaq, o cümlədən nəqliyyat kommunikasiyalarının inkişafına mane olmaq yolu ilə daha çox divident əldə etmək olar. Bu, regionda Rusiya üçün strateji əhəmiyyət kəsb edən “Şimal-Cənub” nəqliyyat dəhlizinə də aiddir.

Biz başa düşürük ki, Paşinyan bir neçə danışıqlar formatını- ABŞ dövlət katibinin, Avropa Şurasının rəhbərinin iştirakı ilə prosesə cəlb etmək üçün hər şeyi edir. Bunun arxasında Qərbin maraqları dayanır. Və bütün bunlar Nikol Paşinyanın razılığı ilə baş verir. Danışıqlarda müxtəlif qərbyönlü platformaların formalaşmasında əsas günahkar odur. O, ABŞ və ya Avropa İttifaqına arxalanaraq kursda müəyyən siyasi dividendlər əldə etməyə çalışır. Ermənistanın baş naziri Fransa prezidenti Makronu və artıq Almaniya kansleri Olaf Şolzu öz tərəfində danışıqlar prosesinə cəlb etməyə çalışır. Ona görə də Azərbaycan və Ermənistan liderlərinin iyunun 1-də Moldovada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində elan olunmuş görüşü sırf ermənipərəst sxem kimi görünür. Təbii ki, Azərbaycan Prezidenti bütün bunları görür. Amma danışıqlar prosesini davam etdirmək lazımdır, hər halda Bakı bu prosesdə güclü mövqedən çıxış edir. Axı Ermənistanın üçtərəfli bəyanatı yerinə yetirməsi prinsipcə kifayət idi. Amma o bunu istəmir.

Bütün bunların fonunda Kapitolidə Ermənistanın maraqlarını müdafiə edən lobbiçilərin səsi eşidilməkdə davam edir.

İrəvan həmçinin beynəlxalq təşkilatları sülh müqaviləsinə sənədin icrasının təminatçısı kimi daxil etmək istəyir. Burada heç bir beynəlxalq zamin ola bilməz. Çünki bu, Ermənistanın vəziyyəti öz tərəfində oynamaq üçün manipulyasiyasıdır.

Belə bir şəraitdə danışıqlar naminə danışıqlar, yəqin ki, heç kimə lazım deyil, amma Azərbaycan buna baxmayaraq, prosesə məsuliyyətlə yanaşaraq, danışıqlarda iştirak edir. Amma nə vaxta qədər görüşə bilərik? Axı, 2020-ci ilin noyabrından bəri nə qədər görüşlər gördük və məsələlər hələ də qalır.

İrəvanda terrorçuları vəsf edən abidələrin ucaldılmasının davam etdiyini görürük.

Bu cür faktlar toplusu açıq şəkildə göstərir ki, İrəvanla yalnız diplomatik və siyasi vasitələrlə razılığa gəlmək mümkün olmayacaq. Son illərin bütün təcrübəsi göstərir ki, yalnız siyasi və diplomatik vasitələrin Azərbaycanın məqsədyönlü hərbi hərəkətləri ilə birləşməsi istənilən real nəticə verir.

Danışıqlarda indiki vəziyyətdə heç bir möcüzə olmayacaq, möcüzələrə inanmıram. Ermənistanın baş naziri siyasi hazırcavablıq nümayiş etdirməkdə davam edir. Onun əsas vəzifəsi özünü və komandasını hakimiyyətdə saxlamaqdır. İnsanlar gücün maddi ləzzətlərini hiss etdikləri və özlərini yaxşı hiss etdikləri üçün hakimiyyətdən ayrılmaq istəmirlər. Oraya çatdıqdan sonra dişləri ilə onu didirlər. Bunun üçün cəmiyyətin əhvalını manipulyasiya etmək üçün Paşinyanın Qarabağ ermənilərinin maraqlarının müdafiəçisi obrazını canlandırması, hansısa qlobal missiyanı öz üzərinə götürməsi vacibdir. 2023-cü ilin may ayından etibarən Nikol Paşinyan təəssüf ki, Ermənistanın əvvəlki təhlükəli və zərərli, qeyri-konstruktiv münasibətindən, Azərbaycana qarşı ərazi iddialarından əl çəkə və Bakı ilə sülh sazişi bağlaya bilmir.

Paşinyan rejiminin könüllü olaraq mövcud reallıqları tanımağa razı olacağına dərin şübhələrim var. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat Zəngəzur dəhlizi layihəsini həyata keçirməkdən rəsmən imtina edən İrəvan tərəfindən tam yerinə yetirilmir, dövlət sərhədi demarkasiya və delimitasiya olunmur.

Ona görə də çox güman ki, vəziyyət Laçın dəhlizi ətrafında baş verən hadisələr əsasında inkişaf edəcək, o zaman ki, Azərbaycan əvvəlcə Ermənistandan kifayət qədər uzun müddət konstruktivlik gözlədi, amma bunu görmədi və ardıcıl təxribatlardan sonra orada nəzarət məntəqəsi yaratmağa məcbur oldu. Keçid məntəqəsi var idi, daha bir yeni reallıq meydana çıxdı. Yəni nəticəni belə qərarlar ərazidə qəbul ediləndə görürük. Ermənistan tərəfi isə belə qərarları tanımalıdır. Ermənistanda onlar ancaq de-fakto baş verən dəyişiklikləri başa düşə bilirlər. Fəryadlarla, iniltilərlə. Ermənistan artıq Azərbaycana hərbi yolla təsir edə bilmir. O, ancaq silahlı təxribatlarla yeni qeyri-sabitlik yaratmağa və regiona yeni oyunçular cəlb etməyə qadirdir ki, bu da faktiki olaraq Ermənistandakı bədnam Aİ monitorinq missiyasının simasında baş verib.

Danışıqlar masasında isə eyni konstruktivlik və səmərəsizlik böyük ehtimalla davam edəcək. “Danışıqlar üçün danışıqlar” sonsuza qədər davam edə bilər. Buna misal olaraq bir neçə onilliklər ərzində “diplomatik turizm” həyata keçirməklə, laqqırtı ilə məşğul olan, fəaliyyəti münaqişənin həllinə gətirib çıxarmayan Minsk qrupunun fəaliyyətini göstərmək olar. Və 44 günlük müharibə münaqişəni həll etdi və yeni reallığa gətirib çıxardı.

Bir şey dəqiqdir: Ermənistan xoşməramlılıq nümayiş etdirməsə, demaqogiya, populizm, siyasi söhbətlər etməkdə davam edərsə, sülh sazişi ilə bağlı müsbət nəticə gözləmək olmaz.

- Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında mayın 19-da Rusiya paytaxtında danışıqların keçiriləcəyi açıqlanıb. Liderlərin Rusiya ərazisində görüşündən də söhbət gedir...

- Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlar həmişə yeganə səmərəli danışıqlar olub. Çünki Moskva regionda sülhü hədəfləyir. Moskva həmişə postsovet məkanında gedən proseslərin fəal moderatoru olub. İkinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatların dayandırılması Rusiyanın fəal vasitəçilik səyləri sayəsində mümkün olub. Cənubi Qafqaz regionunda və Xəzərdə xarici oyunçuların olmaması Rusiyanın maraqlarına uyğundur. Düşünürəm ki, bu mövqe, bəlkə də Ermənistan istisna olmaqla, bütün regional oyunçular tərəfindən bölüşdürülür. Hətta Gürcüstan bu gün İrəvandan qat-qat məsuliyyətli və praqmatik davranır. Çünki Gürcüstanın siyasəti milli maraqlar üzərində qurulub. İrəvanın siyasətinin mərkəzində isə Paşinyanın siyasi sağ qalması cəhdi dayanır. Və bunlar iki böyük fərqdir.

Neçə dəfədir ki, Paşinyana və ondan əvvəlki Ermənistan hakimiyyətinə uzun müddətdir davam edən münaqişənin həlli üçün müxtəlif variantlar təklif olunub. Amma İrəvan hündür zəng qülləsindən hamının üstünə tüpürüb, oturacağını zənn edib. Erməni siyasi elitasının lovğalığı Ermənistan üçün fəlakətə səbəb olub.

- Sizcə, baş nazirin 9 may Qələbə paradı üçün Rusiya paytaxtına səfəri zamanı Putin və Paşinyan bağlı qapılar arxasında danışıqlar aparıblarmı?

- Çox güman ki, liderlər bu mövzuya Ermənistan-Azərbaycan danışıqlar prosesi ətrafında vəziyyət aspektində toxunublar.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər