Rusiya Xarici İşlər Nazirliyi təkəbbürlü Ermənistan hakimiyyətini növbəti dəfə mühasirəyə almağa qərar verdi və sərt bəyanatla çıxış edərək Moskva ilə İrəvan arasında sistemli fikir ayrılıqlarının konturlarını aydın şəkildə göstərdi. Buna səbəb Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın son qalmaqallı açıqlamaları olub. Moskva heç vaxt olmadığı qədər açıq şəkildə bəyan etdi ki, Ermənistan siyasətindən razı deyil. “Əvvəla, mən istərdim ki, Ermənistanın yüksək rütbəli nümayəndəsi nəhayət qərar versin: ya normal dialoq olsun, hansı ki, bizim erməni tərəfi ilə belə təcrübəmiz olub, ya da belə bəyanatlarla davan etsinlər”,- Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi M.Zaxarova Ermənistanın getdikcə daha açıq-aşkar anti-Rusiya siyasətinə toxunaraq ultimatum formasında təklif edib.
M.Zaxarovanın ritorikasına görə, aydındır ki, Moskva İrəvanın özünə gəlməsini və öhdəliklərinə əməl etməsini, xüsusən də Rusiya prezidentinin də imzaladığı Üçtərəfli Bəyanata əməl etməsini gözləməkdən yorulub. Üstəlik, Moskva, əslində, İrəvandan Ermənistan ərazisindən çıxmaq təklifini gözləyirdi. Beləliklə, Rusiya XİN rəsmi nümayəndəsinin hazırkı bəyanatını birmənalı xəbərdarlıqdan başqa cür qiymətləndirmək çətindir. Bəs rusiyalı politoloqlar bu barədə nə düşünür?
Rusiyalı politoloq, “Vestnik Kavkaza” agentliyinin baş direktorunun müavini Andrey Petrov “Caliber” analitik mərkəzinə müsahibəsində qeyd edib ki, ilk növbədə onu nəzərə almaq lazımdır ki, Zaxarovanın brifinqlərdə səsləndirilən cavabları əvvəlcədən işlənib hazırlanır və hətta Mariya Vladimirovna yazılı mətni oxumasa da, sərbəst şəkildə cavab versə belə, bu onun improvizasiyası, bəzi şəxsi emosiyaları deyil, Rusiyanın rəsmi orqanlarının formalaşmış mövqeyidir.

“Onun dediklərinə, səsləndirdiyi incə ifadələrə əsasən, Moskvanın bu və ya digər geosiyasi münasibətlərlə bağlı həqiqətən nə düşündüyü barədə nəticə çıxara bilərik”,- politoloq vurğulayıb.
Belə olan halda, A.Petrovun qeyd etdiyi kimi, Rusiya Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın Rusiya üçün prinsipial məqamlarını pozmaq qərarından açıq şəkildə narazıdır.
“Bu, Zəngəzur dəhlizinin Ermənistan hissəsində hərəkətə nəzarətin Rusiya FSB strukturlarının sərhədçiləri tərəfindən həyata keçirilməsi ilə bağlı müddəadır. Necə ki, indi onlar İranla sərhəddədirlər. Nikol Paşinyan rejimi onları aradan götürməyə çalışsa da, bu barədə qərar verə bilmir. Eyni şəkildə Araz çayı boyu İran-Ermənistan sərhədi yaxınlığından keçəcək yol da əvvəllər təsdiq edilmiş razılaşmalara əsasən, Rusiya sərhədçiləri tərəfindən qorunacaq, bu da məntiqlidir, çünki onlar artıq oradadırlar.
Amma Ermənistan bu bəndə əməl etməyəcəyinə qərar verdi. Lakin o, heç bir məqamı yerinə yetirmək istəmir, onun üçün nəzarətin yalnız Ermənistanda olması vacibdir”,- rusiyalı politoloq əmindir.
Eyni zamanda, onun fikrincə, Ermənistan-Rusiya siyasi münasibətlərinin ənənələrini nəzərə alsaq, burada heç bir xüsusi problem yoxdur - əgər Rusiya sərhədçiləri İranla sərhədi qoruyursa, Zəngəzur dəhlizinə nəzarətin onların ixtiyarına verilməsi tamamilə məntiqlidir. “Ermənistan hərbçilərinin orada olmasının təhlükəsizlik cəhətdən heç bir xüsusi mənası yoxdur”, - ekspert hesab edir.
Amma Ermənistan, görünür, belə düşünmür və Rusiya sərhədçilərini erməni sərhədçiləri ilə əvəz etməkdə israrlıdır. Rusiya isə, A.Petrov bildirir ki, “bundan hədsiz qıcıqlanır, çünki bu, Ermənistanı Rusiyadan uzaqlaşdırmaq cəhdlərini nümayiş etdirmək üçün sadəcə bir növ üsul deyil, bu istiqamətdə əməli işlər görülür”.
“İrəvan Rusiya İkinci Qarabağ Müharibəsinin nəticələrinə yenidən baxılmasını qəbul etmir, 2020-ci il Üçtərəfli Bəyannaməsinə yenidən baxılmasını qəbul etmir və Ermənistan-Azərbaycan nizamlanmasında qeyri-rusiyalı vasitəçilik formatlarından söhbət gedəndə bunu vurğulayır. Rusiya isə təbii ki, öz sərhədçilərinin Zəngəzur dəhlizində, Ermənistan hissəsində yerləşdirilməsini istəyir ki, bu, ümumilikdə dəhlizin rahat işləməsi üçün həm faydalı, həm də konstruktiv olardı”, - politoloq qeyd edir.
Ekspert hesab edir ki, o zaman Ermənistanın özünün və ya ayrı-ayrı həvəskar erməni gömrükçülərinin, yaxud təhlükəsizlik işçilərinin hansısa yolla dəhlizin fəaliyyətinə mane olmaq cəhdlərindən qorxmağa ehtiyac qalmayacaq: “Rusiya bu marşrutun işləməsində maraqlıdır və bu marşrutla öz mallarını Avropaya və Asiyaya çatdıra bilər. Və Ermənistanın Zəngəzur dəhlizinin reallaşmasına qarşı atacağı istənilən addım Rusiyanı ancaq qıcıqlandıra bilər. Bu halda Moskvanın narazılığı həm də ondan qaynaqlanır ki, bu, ictimai formada edilib və bu, bir növ qapalı danışıqlar deyil, Mirzoyan, Paşinyan, Qriqoryan Rusiya nümayəndələrinə deyirlər ki, rus sərhədçiləri orada olmasın, lakin bu barədə erməni mətbuatı vasitəsilə açıq elan edirlər. Siyasətdə işlər belə aparılmır, bu, açıq-aşkar təxribatdır və qarşıdakına meydan oxumaqdır”.
Andery Petrovun fikrincə, Zaxarovanın Qriqoryana cavab bəyanatı kifayət qədər sərt formada xəbərdarlıq edir ki, Rusiya Ermənistanın qalmaqal yaratmaq niyyətindən xəbərdardır, Moskva İrəvanla konstruktiv əlaqə qurmaq istəyir, lakin “ermənilərin hücumçu ifadələrdən çəkinməyəcək, qalmaqallı bəyanatlara cavab verəcək: “Ümumiyyətlə, biz görürük ki, Ermənistan artıq hakimiyyətlər səviyyəsində anti-Rusiya ritorikasını gücləndirir və Paşinyan Aİİ-nin bütün sammitlərinə getsə də, bu, o demək deyil ki, Ermənistan Rusiya və Rusiyanın inteqrasiya layihələri ilə əməkdaşlığa hazırdır. Onun Rusiyadan narazılığını qurutmaq üçün ənənəvi kanalı var- Ermənistan müxalifəti. Əvvəllər hakimiyyət bunu onun vasitəsilə edirdisə, indi öz rəsmi məmurları vasitəsilə edir. Yəni əvvəllər müxalifəti günahlandırıb Ermənistanda demokratiyanın inkişaf etdiyini demək mümkün idisə, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın son müsahibəsi artıq Rusiya ilə əməkdaşlıq və münasibətlərin səviyyəsini azaltmaq üçün rəsmi bəyanat və İrəvanın rəsmi təklifidir. Təbii ki, Rusiya hakimiyyəti Ermənistanla əlaqələri saxlamaq, onu başqa təsir dairələrinə buraxmamaq üçün yollar, imkanlar axtarır. Moskva bu ölkəyə çoxlu resurs yatırıb və sırf indi Ermənistanda başçılıq edən anti-Rusiya hökuməti olduğuna görə hər şeyin itirilməsini istəmir. Ona görə də Ermənistan tərəfdən anti-Rusiya bəyanatları səslənəndə, Rusiyanın inteqrasiya layihələri tənqid olunanda təəccüblənməyə dəyməz. Hətta Ermənistan böyük ehtimalla KTMT-dən çıxacaq, lakin hələlik Aİİ-də qalacaq. Rusiya da buna cavab olaraq bəyanatlarının dərəcəsini artıracaq.
Bundan sonra Moskvanın hansı addımlar atacağını proqnozlaşdırmaq hələ çətindir, çünki indiyədək biz ancaq bəyanat mübadiləsi görmüşük. Amma hesab edirəm ki, Ermənistanın sözdən-işə keçəcəyi təqdirdə Moskva artıq konkret tədbirlər planını hazırlayıb”.
Rusiyalı politoloq, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsovanın fikrincə, Armen Qriqoryanın açıqlamaları həm Azərbaycanı, həm də Rusiyanı təəccübləndirib. Ekspert vurğulayır ki, Ermənistan əvvəl bir şey, sonra başqa şey deyir və İrəvanın siyasi bəyanatlarındakı bu çaşqınlıq, təbii ki, həm Azərbaycanı, həm də Rusiyanı qıcıqlandırır: “Onların əslində tərəflər arasında əvvəlki razılaşmaların üstündən xətt çəkmələri bizi təəccübləndirdi. Rusiya nəinki Ermənistanın Qərbə üz tutduğunu və onunla sıx əməkdaşlıq etmək istədiyini yaxşı başa düşür, həm də Qərb ölkələrinin Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq istəyini də görür. Məhz buna görə də Qərb son vaxtlar sülh danışıqlarında vasitəçi rolunda fəallaşıb”.

Politoloq deyir ki, Aİ, Fransa və ABŞ hazırda Ermənistanda fəal işləyirlər- bunlar müxtəlif siyasətçilərin oraya səfərləri və xüsusi xidmət orqanları səviyyəsində fəaliyyətdir: “Üstəlik, indi Ermənistana həm Avropa kəşfiyyatı, həm də Amerika kəşfiyyatı daxil edilir. Və təbii ki, onlar orada öz sistemlərini qururlar ki, bu da başqa ölkələrin maraqlarını pozacaq. Yəni, bu yolla Ermənistanı müstəqil ölkə deyil, öz vassalı edirlər. Şübhəsiz ki, bu, çox üzücüdür, çünki Ermənistanın həm Rusiya, həm də Azərbaycanla birlikdə yeni kursa və yeni siyasətə başlamaq, sülh müqaviləsi imzalamaq və kommunikasiyaları- o cümlədən Türkiyə ilə- blokdan çıxarmaq üçün bütün imkanları və şəraiti var idi.
Aydındır ki, sülh müqaviləsi və onun icrası Qərb ölkələrinin maraqlarına uyğun deyil. Ermənistanın problemi nə qədər çox olsa, Qərb də bir o qədər ona təsir edə, ram edə, şərtlərini diktə edə biləcək. Amma hətta coğrafi baxımdan- Ermənistan üçün Avropa və ABŞ hara, Rusiya hara. Yəni, tam aydındır ki, Qafqazda sülhün və sabitliyin olmasında əsl maraq kimə aiddir və kim guya sadəcə sülh və sülh yolu ilə nizamlanma üçün bunları edir. Ona görə də inanıram ki, Ermənistandan hələ belə ziddiyyətli bəyanatlar gələcək və Rusiya baş verənlərdən müvafiq nəticə çıxaracaq”.
D.Qrevtsova vurğulayır ki, Armen Qriqoryanın özünün kim olduğunu xüsusilə qeyd etmək lazımdır: “O, Soros komandasındandır və Moskvada çox bəyənilmir, çünki o, əsl satqındır və Ermənistanı Rusiya ilə toqquşdurmaq üçün hər şeyi edir. Ona görə də indi bu tərəfdaşla əməkdaşlıq baxımından belə qeyri-sabit vəziyyət yaranıb: etibarsız və gözlənilməz Ermənistan bütün mövcud razılaşmaların üstündən xətt çəkə bilər və bu, çox həyəcanverici siqnaldır. Moskva və Bakını məyus edən hər şey, təbii ki, Ermənistanı hər vasitə ilə özünə tabe etmək istəyən Qərbi sevindirir”.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb