2,5 il əvvəl tərəflərin razılaşdığı Azərbaycan və Ermənistan arasında nəqliyyat və iqtisadi kommunikasiyaların bərpası mövzusunda Moskva, Bakı və İrəvan arasında müzakirələrin yeni mərhələsi təxminən bir aya yaxındır müşahidə olunur. Mayın 25-də üç ölkə liderlərinin Moskva görüşü olub. Mövzu təkcə Bakı və İrəvanın deyil, xüsusən də, vasitəçi kimi Moskvanın, eləcə də Türkiyənin diqqət mərkəzindədir.
Bu arada Ermənistan tərəfi bir həftədən çoxdur ki, Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqda davam edir ki, bu da nəqliyyat kommunikasiyalarının açılması prosesinə zərər vurur.
Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov Moskva-Baku portalına vəziyyəti şərh edib. Ekspertin fikirlərini oxucularımıza təqdim edirik.
- Bu məsələyə obyektiv baxsaq, Azərbaycan və Rusiya Ermənistandan tamamilə fərqli mövqelərdə, situasiyalarda çıxış edirlər. Ermənistan daxilində vəziyyət çox qeyri-müəyyəndir. Bununla belə, xarici siyasətində olduğu kimi, respublikanın elitası və respublika əhalisi arasında ölkənin gələcəyi, Azərbaycanla münasibətləri normallaşdırmaq üçün hansı siyasətin aparılmasının daha düzgün olacağı və onun indi də davam edib-etməyəcəyi barədə ümumi fikir yoxdur. Həmçinin, Ermənistanda siyasi və digər qərarların qəbulu üçün vahid sistem yoxdur. Nikol Paşinyan bəzən hərbi blokun nümayəndələrinin necə hərəkət edəcəyinə görə məsuliyyət daşımır və hərbi rəhbərlik separatçıların mövcudluğuna görə həmişə ərazidəki vəziyyətə kifayət qədər nəzarət edə bilmir. Ermənistanın baş naziri Bakı ilə münasibətlərin normallaşdırılması çərçivəsində konkret qərarlar qəbul edəndə radikalların necə davranacağını bilmir.

Ermənistanın gələcəyi ilə bağlı sual var, o, hara gedir- nəhayət, NATO və Aİ-yə, Qərbə doğru irəliləyirmi və onun eyni vaxtda iki kürsüdə oturması- Rusiya ilə Qərb arasında oynamaq üçün sonsuz cəhdləri nəyə gətirib çıxaracaq? Biz İrəvanın son dərəcə impulsiv hərəkətlərini çoxdan görmüşük- əvvəl bir istiqamətdə, sonra digər istiqamətdə.
Başqa bir məqam var ki, Paşinyan siyasi cəhətdən çətin vəziyyətdə olan ölkəsindən daha çox öz şəxsi gələcəyi ilə bağlı narahatdır. Ermənistanın baş naziri əmindir ki, əgər o, sülh müqaviləsini imzalasa, onda onun hakimiyyətdə qalması (və bəlkə də fiziki varlığı) sona çatacaq. O həm də ondan qorxur ki, bu yolla Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyətini hüquqi cəhətdən möhkəmləndirəcək.
Bildiyiniz kimi, bu gün amerikapərəst qüvvələr Ermənistanı fəal şəkildə ABŞ, Avropa İttifaqı, NATO ilə yaxınlaşmağa doğru aparır. Ermənistanı Avrasiya inteqrasiyası istiqamətində geri döndərməyə çalışan rusiyapərəst qüvvələr də var.
Paşinyanın indiki mövqeyi ikibaşlı çək-çevirdir. Nəticə etibarı ilə belə bir mövqe onun ya biri, ya da digəri üçün lazımsız olmasına gətirib çıxara bilər. Bu isə Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə, üçtərəfli sazişlərin həyata keçirilməsinə, Ermənistan-Rusiya münasibətlərinə çox təsir edir.
Bu amillərlə bağlı Nikol Paşinyan İrəvanın üçtərəfli bəyanatlarının icrasını hər hansı vasitə ilə ləngitməkdə davam edir.
Paşinyan danışıqlar aparmaq, görüşmək, vədlər vermək üçün lazımdır, amma yekun qərarlar qəbul etmək üçün deyil. Ona görə də Ermənistanın baş naziri bu gün ənənəvi taktikası çərçivəsində hər hansı bir sənəd imzalamır. Mayın 25-də Kremldə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan razılaşmalar nəticəsində belə görünürdü ki, tərəflər dəmir yolu ilə bağlı yeni sənəd imzalamaq üzrədirlər. Və sonda yenə heç nə. Demək olar ki, bir aya yaxın vaxt keçib, İrəvanla Bakı arasında prosesin necə işləməli olduğunun qavranılmasında bəzi müntəzəm “çətinliklər” ortaya çıxır. Və paralel olaraq, ərazidə- məhz Azərbaycanla Ermənistan arasında potensial dəmir yolunun çəkilişi zonasında- Naxçıvan bölgəsində gərginlik artır. Bu baxımdan, Laçın yolunun Ermənistan tərəfindən atəşə tutulması da göstəricidir.
Rusiya baş nazirinin müavini Overçukun Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılması məsələsində əsas çətinliklərdən birinin tərəflərin bir-birinə etimadsızlıq olması ilə bağlı tezisini şərh edərkən demək olar ki, münasibətlərin normallaşması ilə bağlı ideal mənzərə yaranıb. Azərbaycan münasibətləri və nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılması Paşinyanın siyasi və hətta fiziki gələcəyi üçün qorxu faktoru olmasaydı, radikalların hərəkətləri heç bir problem olmazdı. Təsdiq kimi Laçın yolundakı vəziyyəti təsəvvür etmək olar. Azərbaycanlılarla ermənilərin onilliklər boyu (və hətta daha çox) ən şiddətli düşmənçiliyinə baxmayaraq, erməni əhalisi Laçın keçid məntəqəsindən tam sakit, problemsiz keçərkən müntəzəm olaraq video kadrlar yayılır. Hər şey sakitdir, insancasına, heç kim qarşılıqlı iddialarla çıxış etmir, bir-birinə qarşı kobudluq etmir, təxribatlar təşkil etmir, heç kim heç kimə sataşmır. Azərbaycan sərhədçiləri, gömrükçüləri özlərini çox nəzakətli aparırlar. Hər şey sakit və problemsizdir. Yəni bu, azərbaycanlılarla ermənilərin normal təmaslarının nümunəsidir. Bu isə azərbaycanlılarla ermənilər arasında sülhün, normal münasibətlərin mümkünlüyünün belə müsbət sübutudur. Laçın dəhlizinin bu gün necə fəaliyyət göstərməsi göstərir ki, bütün bu məsələləri iki il əvvəl həll etmək olardı.
İlk üçtərəfli bəyanatın imzalanasından sonra 2,5 ildir ki, bəzi məqamlarda - məsələn, Zəngəzur dəhlizinin açılması məsələsində heç bir irəliləyiş yoxdur. Bu dəhlizin öz hissəsini ancaq Azərbaycan tərəfi tikir. Və bu dəhlizin həyata keçirilməsi Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı üçtərəfli bəyanatda açıqlanıb.
“Qorxunc azərbaycanlılar Laçın yolunda erməniləri öldürəcəklər” tezisləri siyasi və informasiya effektinə yönəlmiş qorxu hekayələridir.
Azərbaycan erməniləri “öldürmək” istəsəydi, bunu 2020-ci ildə edərdi. Amma o, müdrikcəsinə uzaqlara baxan, bütün siyasi riskləri dəyərləndirən İlham Əliyevin xoş niyyəti ilə bunu etməyib. 2020-ci ildə tökülən qan dayandırıldı. Obyektiv olaraq əməliyyat davam etsəydi, bütün məsələlər çoxdan öz həllini tapardı. Əvvəllər Ermənistan tərəfindən işğal edilmiş ərazi Azərbaycanın nəzarətinə qaytarılacaqdı. Bu ərazidə artıq separatçılar olmayacaqdı. Ermənistan Silahlı Qüvvələri olmayacaqdı. Azərbaycan özü üçün çətin, lakin diplomatik yol seçib. O, sülhə diqqət edərək və məqsədinə çatacağına qeyd-şərtsiz inamla seçim etdi. Və əminəm ki, uğur olacaq.
Ona görə də biz etimaddan danışanda- danışıqların aparılması və imzalanmış bəyanatların icrası baxımından- bunu bütün tərəflər, o cümlədən Ermənistan tərəfi də təsdiq etməlidir.
Bayaq qeyd etdiyim kimi, bu, sırf Avropa formuludur- nəyisə imzalamaq, sonra isə artıq imzaladığımız şeyi necə həyata keçirəcəyimizlə bağlı sonsuz danışıqlar aparmaq. Avropa İttifaqı bu formulun beynəlxalq münasibətlərdə çox fəal şəkildə təbliğini aparır. Hazırda danışıqların necə aparılması ilə bağlı əsasən Aİ təlimatlarına arxalanan Ermənistan belə bir ssenarini həyata keçirir.
Əgər Ermənistanın siyasi iradəsi olsaydı, hər şey çoxdan Azərbaycanla münasibətlərin normallaşdırılmasına dair sazişlərin bəndlərinin yerinə yetirilməsinin xeyrinə həll olunardı.
Bütövlükdə Ermənistanda sadə insanların heç bir siyasi çəkişməyə ehtiyacı yoxdur. Onlar yalnız sülh içində yaşamaq və yaxşı yaşamaq istəyirlər.
Azərbaycanda əhali Ermənistanın qurbanı olan xalq olmasına baxmayaraq, rəsmi Bakının siyasəti nəticəsində sülhə hazırdır, erməni əhalisi ilə təmaslara hazırdır. Azərbaycan müharibənin qalibi kimi hər zaman sülhə hazır olduğunu nümayiş etdirir. Və bu son dərəcə vacib amildir.
Aydındır ki, iki xalq arasında tarixi düşmənçiliyin mövcud olduğu, hər iki xalqın onilliklər ərzində münaqişənin olduğu bir şəraitdə əhalinin təmaslarında həmişə müəyyən “səhvlər” ola bilər. Heç kim bundan sığortalanmayıb. Amma mən şübhə etmirəm ki, Azərbaycan tərəfi erməni əhalisinin təhlükəsiz hərəkəti üçün hər şeyi edəcək. Çünki sülhün təşəbbüskarı məhz Azərbaycandır və rəsmi Bakı ermənilərin də təhlükəsizliyi üçün hər şeyi edəcək. Bu, dövlət siyasətidir.
Bunu rəsmi Bakının Qarabağın erməni icmasına danışıqlar üçün təklifləri də sübut edir. Yəni, 2020-ci ildə bütövlükdə bütün məsələləri güc yolu ilə həll etmək imkanı olan Azərbaycan bunu etmir, daima məsələləri diplomatiya yolu ilə həll etməyə çalışır. Ermənistanın qətiyyətsiz və bəzən konkret olaraq təxribat xarakterli siyasəti fonunda inanılmaz səbir nümayiş etdirir.
Ermənistan silahlı qüvvələrinin, erməni birləşmələrinin çıxarılması da üçtərəfli bəyanatın əsas məqamlarından biri kimi qeydə alınsa da, həyata keçirilmir.
Azərbaycan Qarabağın erməni əhalisinə də xoşməramlılıq nümayiş etdirdi. Bir sıra tamamlayıcı tədbirlər həyata keçirilib. Amma separatçıların təzyiqi nəticəsində Qarabağın erməni icması ilə danışıqlar aparmaq cəhdi, azərbaycanlıların “şər” olması tarixi düşüncəsi, uzunmüddətli siyasət hələ də problemlərlə üzləşir. Azərbaycan səmimi qəlbdən Qarabağın erməni əhalisini çoxmillətli Azərbaycan ailəsinə inteqrasiya etməyə dəvət edir.
Yeri gəlmişkən, başqa bir maraqlı məqam. Üçtərəfli bəyanatda bildirilir ki, nəqliyyat dəhlizinin təhlükəsizliyini Rusiya FSB təmin edəcək. Azərbaycan tərəfi bu yaxınlarda Bakının açıqladığı kimi bunu dəstəkləyir. Ermənistanın etdiyi budur ki, bəyan etməyə başlayır ki, əgər Bakı təhlükəsizliyi təmin edən Rusiya strukturlarının Ermənistanda olmasında israr edərsə, İrəvanın təhlükəsizlik üçün üçüncü ölkəni cəlb etmək hüququ var. Amma bu razılaşmada göstərilməyib.
Bu, üzr istəyirəm, çox gülməlidir - nə Aİİ, nə də KTMT-nin üzvü olmayan Azərbaycan sadəcə olaraq imzalanmış üçtərəfli sənəd əsasında razılaşır ki, Rusiyanın təhlükəsizlik strukturları nəqliyyat kommunikasiyalarına nəzarəti təmin etməlidir. Ermənistan bu strukturların üzvü olduğu halda deyir: "Yox, yox, Rusiya FSB yolmasın, biz NATO-nu dəvət edək, qoy təhlükəsizliyi təmin etsin".
Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması məsələsində Ankaranın yeni aktivləşməsinə gəlincə, Ərdoğanın Türkiyədə keçirilən prezident seçkilərində qalib gəlməsindən sonra mövzu yenidən son dərəcə aktuallaşıb. Eləcə də Moskva üçün. Hər iki ölkə kommunikasiyaların açlılmasında maraqlıdır.
Nəticə etibarı ilə əsas tezis dəyişməz olaraq qalır- əgər Ermənistan bu və ya digər səbəbdən nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasını həyata keçirmək istəmirsə, deməli, yalnız özünə pislik edir. Əsas maraqlı tərəflər öz milli maraqlarına ziyan vuran blokun qalmasıni istəyən Ermənistanın belə “oyunlarına” dözməyəcəklər.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb