Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, hamımızın sevimlisi olmuş mərhum professor Famil Mehdi mətbuat janrlarının ümumi mənzərəsini bu cür xarakterizə edirdi: xəbər, hesabat, müsahibə, reportaj, korrespondensiya, məqalə, icmal, resenziya, məktub, mətbuat xülasəsi, zarisovka, oçerk, felyeton, pamflet və təmsil, şarj, parodiya. Ancaq bu siyahıya esse, söz, gündəlik, səfərnamə, bədii-publisist, tərcümeyi-hal, xatirə, bədii nitq, nekroloq və başqalarını da əlavə etmək lazımdır.
Dəyərli müəllimimiz Cahangir Məmmədli isə bu janrların hər birinin yaradıcılıq məqamında jurnalistin özünümüdafiə aktına çevrildiyini qeyd edir, vurğulayır ki, janr müəllifə özünüifadə üçün xüsusi imkan yaradır.
Təbii ki, jurnalistin peşəkarlıq səviyyəsinə yüksəlməsində janr məqamının böyük rolu var. Jurnalistlər zaman-zaman daimi yazdıqları janrların sayəsində püxtələşir, yaxşı xəbərçiyə, icmalçıya, oçerkistə, felyetonçuya, publisistə, ən başlıcası isə peşəkar jurnalistə çevrilirlər.
Bu qədər zəngin janrlara məxsus olduğumuz halda, gəlin görək, bugünkü müasir mətbuatımız onların hər birindən yararlana bilirmi? Bu janrları yaşada bilirikmi? Yoxsa onları çoxdan arxivdə saralmış vərəqlərin arasına göndərmişik...
Yoxa çıxan janrlar
Artıq məlum məsələdir ki, müasir mətbuatımızda janr bolluğundan, əslində varlığından danışmaq əbəs məsələdir. Çünki artıq bir-birindən maraqlı olan janrları illərdir ki, arxivə yola salıb bir neçə janrla qəzet çıxarır, agentliklər idarə edirik. Hansı ki, dövrün, zamanın dəyişməsindən asılı olmayaraq bu janrların yaşadılması istehsal etdiyimiz məhsulun daha da keyfiyyətli olmasına dəlalət edərdi.
Hazırda mətbuatımız xəbərçiliyə xidmət edir. Mətbuat, qəzet, agentlik deyiləndə düşünülən yalnız onlardan informasiya qəbul etməkdir. Çünki onlar əsasən xəbərə üstünlük verirlər. İndi artıq ölkəmizdə elə qəzetlər dərc olunmur ki, bir sayında mətbuat janrlarının bir neçəsini əhatə edən yazılarla rastlaşa, rəngarənglik görə, müxtəlif janrlarda yazılan yazıları oxuya biləsən və əlində həqiqətən də qəzet olduğunu hiss edəsən. Və yaxud sonuncu səhifədə fotojurnalistika janrına məxsus bir foto görüb fotonun dili ilə bir ictimai qınağın, təbiət mənzərəsinin, qeyri-adi nəyinsə şahisi olasan. Ya bircə dəfə bir karikaturaya rast gəlib keçmişi yada salasan. Yoxsa cəmiyyətimizdə karikaturalıq hadisə yoxdur?
İllərdir ki, janrları torpağa gömmüşük, havaya uçurmuşuq. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi hər il onlarla jurnalist verir mətbuatımıza. Onlar təhsil illərində janrlar haqqında bilik əldə etsələr də, elə ki iş yeri üçün mətbuata yerləşirlər, olurlar burada janrları unudanlardan biri və başlayırlar köhnə kəndə yenilik gətirmədən fəaliyyətə. Xəbər, xəbər, xəbər... Nə qədər xəbər?.. Hamı xəbər yazır. Bütün bunların günahkarı isə gənc jurnalistlər deyil, bizlərik. Biz onlara yol göstərməli, biz qəzetçilik ənənələrini yaşatmalıyıq ki, gənc jurnalistlər də bizdən nümunə götürsünlər.
Janr mətbuatın geyimidir
Bəli, necə ki, “geyim insanın yaraşığıdır”,- deyirik, janr da qəzetin geyimi və yaraşığıdır. Elə ki, həyatımızı “müasirləşdirdik”, biz yaman dəyişdik. Nə kitab oxuduq, nə köhnə filmləri izlədik, mahnıları dinlədik. Eləcə də geyimlərimiz dəyişdi. Ətəklərimiz dizdən iki qarış yuxarı, köynəklərimiz beldən bir qarış yuxarı qalxdı. Qadınlar ətəkdən çox şalvara üstünlük verdilər. Kişili-qadınlı saçlarımızı təbiətə naməlum rənglərə boyadıq. Qəzetlərimizi də eynilə özümüzə oxşatdıq. Əynindən paltarını(janrları) soyundurduq. Onları müasirləşdimək istərkən elə bir vəziyyətə gətirib çıxardıq ki, özü özündən utanmağa başladı. Baxdı ki, quruca canı qalıb ortalıqda. Nə janrı var, nə fotosu, nə dadı, nə də ki duzu...
Gəlin bu gün ölkəmizdə dərc olunan onlarla qəzetlərin bir günlük nömrəsini əlimizə alaq. Onların heç birində ən azından 3-4 janrı elə sayda görmək mümkün deyil. Nə felyeton, nə zarisovka, nə pamflet, parodiya, təmsil, nə icmal, oçerk, mətbuat xülasəsi və sair... Yoxdur. Artıq bu janrlardan tək bircəsini qəzet səhifələrində, agentliklərin xəbər lentində şam işığında iynə axtaranlar kimi axtarmağa başlamışıq. Lakin bəri başdan deyim ki, axtarmağa dəyməz. Çünki tapmaq mümkün olmayacaq, axtaranın da əziyyəti özünə qalacaq.
Xəbər, müsahibə, reportaj, təhlil... Vəssalam
Müasir mətbuatımız hazırda bu dörd janrla gündəlik işini qurur. Xəbər başda dayanır, söz yox ki. Həm də necə dayanır, eyni xəbəri bütün agentliklərin təqdimatı ilə. Agentliklərin özünün xəbər istehsalı bu gün elə bir vəziyyətdədir ki, adamın dəsmal götürüb hönkürtü ilə ağlamağı gəlir.
Müsahibə, reportaj isə müasir dövrün ən işlək janrlarıdır. Çünki bu janrlar etiraf edək ki, digər janrlardan daha asan başa gəlir. Suallar verilir, səslər yazılır, həmin cavablar və səslər əsasında da yazı hazırlanır. Bu yazıların redaktəsindən söhbət açmaq başqa bir mövzu olduğu üçün bu barədə danışmaq yerinə düşməz.
Qaldı ki, təhlilə. Bu adda janr əslində yoxdur. Biz analitik janrları müasirləşdirib təhlil etmişik. Belə ki, əgər xəbərdə konkretlik, dəqiqlik, fakt əsas götürülürsə, analitik informasiyalarda həmin fakt təhlil olunur. Analitik hesabat, analitik korrespondensiya, analitik müsahibə, söhbət, analitik şərh bu janrların özünəməxsus xüsusiyyətlərindən əlavə, həm də onun təhlili ilə seçilir, hadisələrin açılması, nəticə verməsi ilə müəyyənləşir.
Redaksiyalarımıza yeni işə qəbul edilən jurnalistlər də, necə deyərlər, gözlərini mətbuata açandan bunlardan başqa janr görmədikləri üçün yaşları 30-35-ə çatır, baxırsan ki, onlardan əvvəlki jurnalistlər nə idilərsə, bunlar da onların davamçılarıdır. Beləliklə də icmal, oçerk, mətbuat xülasəsi felyeton, zarisovka, pamflet, parodiya, təmsil mətbuat orqanlarından uzaq düşüb. Unudulub, yaddan çıxarılıb, göz görə-görə arxivə yola salınıb.
Hazırda mətbu orqanlarda və yaxud agentlik, saytlarda təsadüf nəticəsində bu janrlara rast gəlmək olur. Belə olanda isə ac adam yeməyə necə “hücum” çəkirsə, yazını oxumağa elə girişirik. Söz yox ki, bu barədə mənimlə eyni fikirdə olan onlarla jurnalist və ya oxucu var.
Maksim Qorki deyirdi ki...
...Söz sənəti heç bir zaman həyatı dərk etmək işinə bu qədər cəhdlə, bu qədər müvəffəqiyyətlə xidmət etməmişdir. Bunu xüsusilə oçerklərdə yaxşı görmək olar. Bu gözəl ifadələri Maksim Qorki söyləyirdi. Bir zamanlar mətbu orqanlarımızın bəzəyi olan oçerklər haqqında söyləyirdi. Yəqin xatırlayanlar olar ki, illər öncə nə qədər oçerklər yazılırdı. Həm də ovaxtkı mətbu orqanlarımız ona görə həm cazibədar, həm də maraqlı idi ki, bütün janrlarda yazılan yazıların sərlövhələrinin altında, ya da rubrikası olaraq janrların adı da verilirdi. Müasir mətbuatımızda isə təsadüf olaraq yaxşı bir oçerk oxuya bilsən də, nədənsə janr göstərilmir. Bəlkə də iddia edənlər olar ki, buna ehtiyac yoxdur. Çünki indi xeyli mətbuat başbilənləri yaranib. Lakin nə üçün ehtiyac yoxdur ki? Bunun özü bir xatırlatma deyilmi? Gənc jurnalistə göstərilən yol deyilmi? Nəticədə isə janrın yaşadılması deyilmi?
2020-ci ildə-ölkəmizdə İkinci Vətən müharibəsi zamanı düşünürdüm ki, oçerk janrı yenidən doğulacaq. Çünki müharibə bu janrın doğulması, həyata yenidən vəsiqə alması üçün gözəl imkanlar vermişdi. Oçerklər oxuduq da müharibə, şəhidlərimiz, Zəfərlə bağlı, lakin təqdimatda bunu görə bilmədik, gənclərimizə də bu səbəbdən təlqin edə bilmədik.
Oçerk həyatı obrazlı dərk etməyin və ona təsir göstərməyin vasitələrindən biridir. Başqa ədəbi janrlardan fərqli olaraq oçerk həyat hadisələrini konkret faktlar əsasında təsvir edir. Oçerk həyatda baş verən hadisədən, bir qəhrəmanın və ya kollektivin fəaliyyətindən bəhs edir. Bu janrda elə hadisələr və ya adamın işi təsvir edilir ki, həmin hadisə cəmiyyətin inkişafındakı amilləri əks etdirir, o adam hər kəsə nümunədir, ondan öyrənməli çox şeylər var. Oçerkdə bəhs etdiyimiz hadisəni xəbərdə də verə bilirik, lakin qısa və məlumat xarakterli. Lakin oxucuya oçerk vasitəsilə göstərdiyimiz təsiri, onda yaranan hissləri xəbərlə verə bilmirik axı. İnsanlar bədii üslubda yazılan yazıları daha çox oxumağı sevirlər, nəinki rəsmi. Bu səbəbdən də “hanı oçerklər?”,- deyib həyəcan təbilini dayanmadan-durmadan çalmağın vaxtıdır.
Resenziya deyiləndə...
Müasir mətbuatımızda yalnız yeni dərc olunan kitabları tərifləməklə resenziya janrının haqqının verildiyini zənn edənlər var. Lakin V. Belinski deyirdi ki, resenziya oxucunu istiqamətləndirməyə kömək edir, ən azı pis kitablara pul verməkdən çəkindirir.
Professor Cahangir Məmmədli isə yazır ki, resenziya latın dilindən olan resenziya (resensio) “baxış, məlumat, qiymət vermək, rəy” deməkdir. Azərbaycan dilində əslində, bu sözü rəy kimi istifadə etmək olar. Rəy-resenziya ədəbi əsərlər haqqında tənqidi fikirdir. Resenziya hər hansı çap məhsulu, kinofilm, incəsənət əsəri, teatr, televiziya, radio proqramları, qəzet, məqalə haqqında tənqidi baxışları əks etdirir.
2008-ci ildə “Azərbaycan” qəzeti resenziya mövzusunda ən yaxşı yazılarla çıxış edən qəzetlərdən olmuşdur. “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” rubrikası ilə verilən onlarla resenziya müxtəlif telekanallarda yayımlanan proqramların aşağı səviyyədə, milli mentalitetimizə uyğun olmayan şəkildə olmasından bəhs edirdi.
Müasir mətbuatda isə bu janrın mahiyyətini ortaya qoyan yazılarla təsadüf nəticəsində rastlaşmaq olur. Hansı ki, ölkəmizdə hər gün yüzlərlə kitab dərc olunur, film, tamaşalar nümayiş etdirilir, verilişlər işıq üzü görür onların əksəriyyəti yaxşı bir resenziyanın mövzusudur.
Bu arada, mən özüm də çoxdan bəri əsl resenziya yazmamışam, palaza bürünüb el ilə sürünmək prinsipinə əsasən mətbuatda dəbdə olan resenziyalardan yazmışam. Lakin 2009-cu ildə yazdığım “Müəlliflərindən əvvəl ölən kitablar” adlı resenziyanı da xatırladım. Hansı ki, çox səs-küyə səbəb olmuşdu.
Torpağa gömülən zarisovka, felyeton, pamflet, təmsil, şarj, parodiya
Digər mətbuat janrlarına bəlkə də 2-3 aydan bir rast gəlmək mümkün olar ki, zarisovka, felyeton, pamflet, təmsil, şarj və parodiyaya son illərdə əksər mətbuat orqanlarında rast gələn olubmu? Bu gün onlarla jurnalistə bu janrların mahiyyəti ilə bağlı sual verilərsə, inanıram ki, çoxları bilməyəcək. Çünki bu janrları əllərimizlə mətbuatımızdan yox etmişik. Kimsə bunlardan istifadə etməyin deməyib bizə. Bu janrları məhv edənlər jurnalistlərin özləridir. Hansı ki, janr xüsusiyyətinə görə kiçik ölçüdə olan bu yazılar mətbuat, cəmiyyət üçün olduqca əlverişli ola bilərdi.
Bu janrlarla pis məqsədlər, mövqelər açıqlanır. Mətbuatımızın Mirzə Cəlilləri, Sabirləri, Üzeyirləri, Sidqiləri yaşadılmaqla yanaşı, həm də cəmiyyətin eybəcərlikləri, görülən işlərə qara yaxanlar, haramzadə, rüşvətxorlar, savadsız, kütbeyinlər, cəmiyyətə yamaq olanlar tənqid odunda yandırılır, alovlanır.
Qısa, lakonik ifadə tərzi ilə başa gələn yazılar bütün dövrlərdə oxucunun gözlədiyi janrlar olub. Bəs indi necə, oxucu bu janrlarda yazı oxumaq istəmir? Əlbəttə, istəyir. Lakin biz mətbuat adamları özümüz öz oxucumuzun zövqünü dəyişməyə qalxmışıq. Yazırıq ki, oxucu da oxusun?
Oxucularla əlaqəsi olanların hər biri etiraf edər ki, onlar bu janrlarda yazıların dərc olunmaması üçün biz jurnalistləri qınayırlar. Deyirlər ki, jurnalistlər, yazarlar vardı o zamanlar, nələr yazırdılar, siz nə yazırsınız ki? Hanı o felyetonlar?..
Gəlin, oxucuların cavabını verək. Onlar bizdən tələb edirlər, biz isə müasir dövrün küləyinə tuş gəlib hara getdiyimizi bilmirik. Çox təəssüflər olsun.
Fotojurnalistika, haradasan?
Fotojurnalistika mətbuat janrları içərisində ən çətin, böyük məsuliyyət, peşəkarlıq tələb edən janrdır. Çünki burada söz yoxdur, təxəyyül, düşüncə, intuisiya, zövq vardır. Hər hansı qəzet janrında sözlər yazının başlanması və tamamlanmasını mümkün edirsə, müəllifin fikirləri ilə oxucu arasında əlaqə yaradırsa, fotojurnalistikada sözü düşüncə, zövq deyir.
Bəs nə üçün yoxa çıxarılıb bu janr? Axı vaxtilə qəzetlərin son səhifələrinin bəzəyi olurdu. İndi isə yoxluğa qovuşub. Bir foto ilə böyük bir mətləb ortaya qoyulurdu. Şəhərin, kəndin çirkli saxlanılan bir guşəsi sözlər olmadan ifadə edilirdi. Təbiətin bir gözəlliyi, möcüzəsi, turizm bölgələrinin bir əsrarəngizliyi fotolar vasitəsilə oxucu zövqünü oxşayır, onu məlumatlandırırdı. Müasir dövr qəzetlərinin səhifələrini isə bu gün şou xəbərləri, zorla qəzeti doldurmaq xarakteri daşıyan yemək reseptləri, diyet yeməkləri, dəb xəbərləri və əttökən digər yersiz materiallar tutur.
Beləliklə, çox təəssüf...
Uzun sözün qısası, fatihəsini verdiyimiz janrlar üçün çox təəssüf olsun. Onlar bu gün hər bir qəzetin də, saytın, agentliyin də yaraşığı, oxucu sayı ola bilərdilər. Lakin üzərindən xətt çəkdik onların. Sanki həkim bir xəstəliyin üzərindən xətt çəkir ki, mən bu xəstəliyi olan insana baxmayacağam. Müəllim dərs proqramından bir mövzunu çıxarır ki, bu dərsi şagirdlərə öyrətməyəcəyəm. Mühəndis binanın layihəsində nəyi isə ixtisara salır. Bunlar mümkün ola bilərmi? Əlbəttə ki, xeyr. Bunları etməyə heç kimin haqqı yoxdur. Bəs belə isə mətbuat janrlarını ixtisar etməyə, arxivə göndərməyə, əslində isə torpağa gömməyə kimin haqqı çatır? Bu sual barədə bütün mətbuat işçiləri düşünsə, məncə itirdiyimiz janrların xeyrinə olar. Bu səbəbdən də gələcəkdə davamçılarımızın bizə gülməməsi üçün qayıdış etməliyik. Əsl mətbuatımıza qayıtmalıyıq. Bizə nəyi necə öyrədiblərsə, onları davam etdirməyə qayıtmalıyıq. İtirə-itirə gedəriksə, illər sonra özümüz peşman olarıq, əziz mətbuat adamları. Gəlin, qələmi əlimizə onun haqqını verərək alaq!
Mətanət Məmmədova