PDF Oxu

MİA

  • 26 152

Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? – ELMİN SONU - (XVIII YAZI)

image

Elçin Bayramlı

əvvəli burada

https://sesqazeti.az/news/mia/1244135.html

XVIII YAZI

Dünyaya gələn ət parçasının dünyanın ən mürəkkəb şüurlu mexanizminə çevrilməsi möcüzəsinin arxasında kim və nə dayanır?

“Allah sizi heç bir şey bilmədiyiniz halda analarınızın bətnindən çıxartdı və sizə qulaqlar, gözlər və ürəklər verdi ki, bəlkə şükür edəsiniz”. (Nəhl, 16/78)

Keçən yazıda insanın ana bətnində necə formalaşdığı haqda maraqlı məqamlardan danışdıq. Bu yazıda isə dünyaya gələn varlığın formalaşmasındakı möcüzələrə toxunacağıq.

Hamiləlik dövrü başa çatdıqda, ani başlayan doğuş sancıları yeni həyatın başlanğıcından xəbər verir. Doğuş ağrılarını başladan və bu hadisənin ilk xəbərçisi olan oksitosin adlı bir hormondur.

Doğumun baş verməsi üçün doğuş zamanı uşaqlığın təsirli büzülməsi son dərəcə vacibdir. Bu hormon uşaqlıq yolunu təşkil edən əzələlərin çox güclü büzülməsinə səbəb olur. Ancaq bunu 9 ay 9 günlük müddət keçdikdən sonra edir. Nə tez, nə də gec... Çünki hər iki vəziyyət körpənin həyatını təhlükəyə ata bilər.

Qadın hamiləliyinin son anlarına çatdıqda müxtəlif orqanlar uşaqlığın ağzına doğru ifrazat ifraz etməyə başlayır. Beləliklə, oradakı toxumalar bu cərəyanlar sayəsində yumşalır və elastik olur. Uşağın doğulmasını və ana bətnindən çıxmasını asanlaşdırır. “Təsadüf” nəticəsində bu ifrazatlarda uşağı müxtəlif xəstəliklərin mikroblarından qoruyacaq kimyəvi maddələr vardır.

Beləliklə, yüksək dəqiqliklə həyata keçən uzun və mürəkkəb proseslərdən sonra insan bioloji və ruhi olaraq bir bədəndə maddi dünyada peyda olur. Bu andan etibarən ana orqanizmində heyrətamiz dəyişikliklər baş verir.

Yeni doğulan körpənin qidalanması üçün ana südünün ifraz olunması prosesi başlayır. Uşağın böyüməsi ilə paralel olaraq təkcə südün miqdarı deyil, bu möcüzəli mayedəki kimyəvi maddələrin tərkibi də dəyişir. Hətta körpənin oğlan və qız olmasından asılı olaraq südün təkibi və həcmi fərqli olur. Südün bu dəyişməsi uşağın davamlı inkişafı, orqanlarının formalaşması və toxumalarının möhkəmlənməsi üçün ən uyğun şəkildə baş verir.

Körpə üçün hazırlanan ana südü müxtəlif xəstəliklərə qarşı anticisimləri ehtiva edir. Ana südünün tərkibi körpənin ehtiyac duyduğu zülalları o qədər ustalıqla seçir ki, ana bədəni zəif və ya güclü olsun, körpəsinin ehtiyac duyduğu bütün zülalları təmin etməlidir. Çünki süd vəzinə yerləşdirilən “kompüter sistemi” körpənin ehtiyac duyduğu bütün maddələri çox yaxşı bilən bir kimya fabriki kimidir.

Ana və körpə arasındakı ünsiyyət, geniş araşdırmalar nəticəsində ortaya çıxan qəribə bir telepatik hadisədir. Körpənin mədəsində süd bitdikdə və turşuluq yarandıqda, ana südü refleksli olaraq ayrılır. Bu telepatik biologiyanın möcüzəsidir. Körpələr ac olanda ana bunu çox yaxşı hiss edir.

İndi isə orqanizmi proqramlaşdıran növbəti möcüzəyə keçək. Canlıların bədənləri ilə bağlı bütün məlumatlar onların hüceyrələrindəki DNT adlı molekullarda kodlanır. DNT molekulları hər hüceyrənin nüvəsində olan nəhəng molekullardır. DNT canlıya xas olan xüsusi ardıcıllıqla kodlaşdırılmış 4 fərqli tipdə olan nukleotid adlanan yüz minlərlə kiçik molekuldan əmələ gəlir. Bu, insanlar üçün də eynidir. İnsanların digər canlılardan fərqli olduğu kimi, hər bir insanın bir-birindən fərqli olmasının səbəbi də DNT-sindəki bu xüsusi ardıcıllığa görədir. DNT-ni təşkil edən nukleotidləri əlifbanın hərfləri ilə müqayisə edə bilərik. Dörd fərqli nukleotid olduğu üçün DNT molekulunu 4 hərfdən ibarət əlifba ilə yazılmış nəhəng ensiklopediya adlandıra bilərik.

DNT-dəki hərflərin düzülmə sırası insanın quruluşunu ən xırda detallarına qədər müəyyən edir. Boy, göz, saç və dəri rəngi kimi xüsusiyyətlərin yanında tək bir hüceyrənin DNT-sində bədəndəki 206 sümük, 600 əzələ, 10.000 eşitmə sinir şəbəkəsi, 2 milyon optik sinir şəbəkəsi, 100 milyard sinir hüceyrəsi və ümumilikdə 100 trilyon hüceyrənin planları mövcuddur. Əgər DNT-dəki bu genetik məlumatı kağız üzərində yerləşdirməyə cəhd etsəydik, hər biri təxminən 500 səhifəlik 900 cilddən ibarət nəhəng bir kitabxana yaratmalıyıq.

Yəni, hər hüceyrənin nüvəsində qədər insan bədəninin funksiyalarını idarə edəcək 1 000 000 ensiklopediya səhifəsi qədər kodlaşdırılmış məlumat var. Müqayisə üçün qeyd edək ki, hətta dünyanın ən böyük ensiklopediyalarından biri olan 23 cildlik “Britannica Ensiklopediyası”nın cəmi 25 min səhifəsi var. Dünyanın ən böyük ensiklopediyasından 40 dəfə böyük olan və milyonlarla məlumatı özündə cəmləşdirən məlumat anbarı mikroskopik hüceyrənin içərisində çox kiçik nüvədəki molekulda gizlənir. Bu, dünyada bənzəri olmayan, 920 cildlik nəhəng ensiklopediya deməkdir. Bu misroskopik ensiklopediyada çox nəhəng həcmdə- təxminən 5 milyard fərqli məlumat var.

Üstəlik, bu qeyri-adi məlumat dünyanın ilk yarandığı gündən bəri yaşayan yüz milyardlarla insanın hər birinin 100 trilyon hüceyrəsində eyni şəkildə mövcud olmuşdur.

İnsan bədənində 200 min genin olduğunu nəzərə alsaq, bu genləri təşkil edən milyonlarla nukleotidin təsadüfən düzgün ardıcıllıqla əmələ gəlməsi qeyri-mümkündür.

Nüfuzlu alim, bioloq Frank Salisbury bu qeyri-mümkünlük haqqında belə deyir:

“Orta ölçülü bir protein molekulunda təxminən 300 amin turşusu var. Buna nəzarət edən DNT zənciri təxminən 1000 nukleotiddən ibarət olacaqdır. Bir DNT zəncirində 4 növ nukleotid olduğunu xatırlasaq, 1000 nukleotid ardıcıllığı 41000 fərqli şəkildə mövcud ola bilər. Kiçik bir loqarifmin hesablanması ilə tapılan bu rəqəm ağlın dərk edə bilməyəcəyi qədər kənardadır”.

Bu rəqəm 10 rəqəminə 620 sıfır əlavə edilməklə əldə edilir. 10-dan sonra 11 sıfır 1 trilyonu təmsil etdiyi halda, 620 sıfır olan bir rəqəmi təsəvvür etmək həqiqətən mümkün deyil.

Nukleotidlərin təsadüfən bir araya gələrək RNT və DNT-ni əmələ gətirməsinin qeyri-mümkünlüyü fransız təkamülçü alim Paul Auger tərəfindən belə ifadə edilir:

“Təsadüfi kimyəvi hadisələrlə nukleotidlər kimi mürəkkəb molekulların meydana çıxması halında, məncə, 2 mərhələni aydın şəkildə ayırd etməliyik; fərdi nukleotidləri istehsal etmək- mümkün ola bilər- və onları çox xüsusi ardıcıllıqla birləşdirmək. Bu ikinci mümkün deyil”. Paul Auger, Theory of Physics and Biology, 1970, s. 118

Bu qeyri-mümkünlük haqqında Stanley Miller ve Francis Crick'in Kaliforniya Üniversitetindən olan həmkarı, məşhur təkamülçü alim Dr. Leslie Orgel, “həyatın RNT dünyasında başlamış ola biləcəyi” ehtimalını izah etmək üçün “ssenari” ifadəsini işlədir. Orgel “American Scientist” jurnalının 1994-cü ilin oktyabr nömrəsində dərc olunmuş “Yer üzündə həyatın mənşəyi” başlıqlı məqaləsində bu RNT-nin hansı xüsusiyyətlərə malik olması lazım olduğunu qeyd edir və bunun mümkünsüzlüyünü belə izah edir:

“Bu ssenarinin baş verməsi üçün ibtidai dünyadakı RNT-nin bu gün mövcud olmayan 2 xüsusiyyəti olmalıdır: zülalların köməyi olmadan özünü kopyalaya bilməsi və zülal sintezinin hər mərhələsini həyata keçirə bilməsi. Son dərəcə mürəkkəb quruluşa malik olan zülalların və nuklein turşularının (RNT və DNT) biri olmadan digərini əldə etmək mümkün deyil. Buna görə də belə nəticəyə gəlmək məcburiyyətində qalırıq ki, həyatın kimyəvi yollarla yaranması mümkün deyil”. (Leslie E. Orgel, "The Origin of Life on the Earth", Scientific American, oktyabr 1994, cild 271, səh. 78).

Bu faktı etiraf edən xeyli sayda nüfuzlu alim vardır;

- “DNT katalitik zülalların və fermentlərin köməyi olmadan öz işini yerinə yetirə, o cümlədən yeni DNT istehsal edə bilməz. Bir sözlə, zülallar DNT olmadan mövcud ola bilməz, lakin zülallar olmadan da DNT əmələ gələ bilməz”. John Horgan, "Başlanğıcda", Scientific American, cild. 264, fevral 1991, səh. 119.

- “Genetik məlumat onu şərh edən mexanizmlərlə (ribosomlar və RNT molekulları) necə meydana gəldi? Bu sual qarşısında özümüzü cavabla yox, heyrət və təəccüb hissləri ilə qane etməliyik”. Douglas R. Hofstadter, Gidel, Escher, Bach: An Eternal Golden Braid, New York: Vintage Books, 1980, s. 548.

Kök hüceyrələr insan bədənində təxminən 200 növ hüceyrənin mənbəyidir. Bir-birinin surəti olan kök hüceyrələr bir müddət sonra birdən-birə digər hüceyrələrdən fərqlənməyə başlayır. Bu fərqliləşmə ilə bədəndəki toxumalar kök hüceyrələrdən inkişaf edir. Enerji verən yağ hüceyrələri, yara sağaldan hüceyrələr və damar hüceyrələri bu toxumalardan bir neçəsidir.

Bölünmə yolu ilə çoxalmanın baş verməsi üçün ilk hüceyrə özünün surətini çıxarmalı və bu nüsxələr də öz növbəsində bölünərək oxşar nüsxələr çıxarmalıdır ki, zamanla eyni hüceyrədən milyonlarla nüsxə yarana bilsin. Lakin bütün bu proses göründüyündən daha mürəkkəb və sirlidir. Çünki bölünmə prosesinin bir mərhələsində kopyalanan hüceyrələrdən bəziləri başa düşülməyən bir nizama cavab olaraq bacı-qardaşlarından fərqlənməyə başlayır və tamam başqa bir quruluşa sahib olurlar.

Beləliklə, ortaq bir ana hüceyrədən olan hüceyrələr zamanla bölünmə prosesi ilə fərqlənir və ayrı toxumalar və orqan sistemləri meydana gətirirlər. Bəziləri işığa həssas olan göz hüceyrələrini, bəziləri qaraciyər hüceyrələrini, bəziləri isti, soyuğu və ya ağrını qəbul edən sinir hüceyrələrini və ya səs vibrasiyasını hiss edən hüceyrələr əmələ gətirir.

Bəs belə bir əmək bölgüsü necə yaranır? Bir hüceyrə tək başına göz hüceyrəsi olmağa qərar verə bilmədiyi üçün bu qərarı kim verir?

Bu hüceyrələrin malik olduğu DNT və ya genetik məlumat eynidir. Fərq onların istehsal etdikləri zülallardadır. Fərqli zülallar istehsal edən 2 hüceyrə də quruluş baxımından fərqlidir. Necə olur ki, bu qardaş hüceyrələr eyni hüceyrədən əmələ gəlsələr və eyni genetik məlumatlara sahib olsalar da, birdən-birə fərqli zülallar istehsal etməyə, fərqli quruluş və xüsusiyyətlər nümayiş etdirməyə başlayırlar? Bir-birinin tam surəti olmasına baxmayaraq, bir-birindən fərqli zülalların əmələ gəlməsi əmrini kim verib?

Təkamülün ən qatı müdafiəçilərindən biri olan alman alimi Hoimar von Ditfurth ana bətnindəki sirli inkişafdan belə danışır:

“Tək bir yumurta hüceyrəsinin bölünməsi nəticəsində bir-birindən bu qədər fərqli saysız-hesabsız hüceyrələr meydana gəlməsi və bu hüceyrələr arasında necə kortəbii əlaqə və əməkdaşlığın meydana gəldiyi alimlər üçün ən anlaşılmaz hadisələrdəndir”. Hoimar Von Dithfurth, "Dinozavrların səssiz gecəsi", Alan nəşriyyatı, c. 2, s.126.

Dünyanın ən böyük alimləri belə tək bir hüceyrənin necə inkişaf edərək müxtəlif orqan və toxumaları meydana gətirdiyini, 100 trilyon hüceyrəli son dərəcə mürəkkəb şüurlu bir mexanizmə- insana çevrildiyini izah edə bilmir...

“O, yaradan, kamilləşdirən, surət və surət verən Allahdır. Ən gözəl adlar Ona məxsusdur. Göylərdə və yerdə nə varsa, Onu mədh edər. O, Qüdrətlidir, Müdrikdir. (Quran, Həşr surəsi, 24).

Ardı olacaq

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər