PDF Oxu

MİA

  • 1 703

Oyuncaq bazarında təhlükəli oyun - ARAŞDIRMA

image

Təhlükəli oyuncaqlar uşaqların psixi və fiziki sağlamlığını zərbə altına qoyur

Uşaqların psixologiyasını formalaşdıran əsas elementlərdən biri də oyuncaqlardır. Son dövrlərdə bu sahədə hədsiz bolluq və çeşidlilik olsa da, keyfiyyət və məqsədyönlülükdə ciddi problemlər var. Bir çox oyuncaqların materialı kimyəvi maddələrdən hazırlandığına görə uşaq sağlamlığına zərərlidir, bəziləri isə onların psixologiyasına mənfi təsir göstərir.

SSRİ dövründə oyuncaqlar və uşaq ləvazimatları əsasən, İttifaq daxilində istehsal olunurdu, az bir qism isə xaricdən idxal olunurdu ki onların da tərkibi və keyfiyyəti ciddi yoxlanılırdı. Lakin Sovet İttifaqının dağılmasından sonra MDB məkanı bir sıra ölkələrin kimyəvi zavodlarının təhlükəli tulantılarından hazırlanmış məhsulların münbit bazarına çevrildi. Bu hallar Azərbaycanda da müşahidə edilir.

Bizim işbazlar Çin, BƏƏ, İran, Türkiyə və s. ölkələrin ən aşağı keyfiyyətli, bir çox hallarda isə xammalı zərərli olan, standartlara cavab verməyən məhsullarını ucuz qiymətə alaraq daşıyıb ölkəyə gətirməyə başladılar.

Ölkəmizə gətirilən oyuncaqların böyük əksəriyyəti Çin istehsalıdır. Çin oyuncaqları digər ölkələrin mallarından xeyli ucuz qiymətə təklif edilir və bu səbəbdən də çox satılır.

Qeyd edək ki, Nazirlər Kabinetinin 1 iyul 1993-ü ildə çıxardığı 343 saylı sərəncamına əsasən uşaq oyuncaqları sertifikasiyadan keçməsi vacib olan məhsullar və xidmətlər siyahısına daxildir. Bazara daxil olmazdan öncə bu məhsullara keyfiyyət sertifikatı verilməlidir.

Uzun illərdir ki, Çindən gətirilən bəzi oyuncaqların uşaqların səhhətinə zərərli olduğu haqqında həyəcan təbili çalınsa da, nə bazardan bu oyuncaqlar yığışdırılır, nə valideynlər bu malı almaqdan çəkinir, nə də puldan başqa heç nəyi düşünməyən işbazlar əməllərindən əl götürür.

Düzdür Dövlət Karantin Müfəttişliyi toksikoloji və kimyəvi tərkibli uşaq oyuncaqlarının ölkəyə gətirilməsinə qadağa qoyub. Amma təəssüf ki, bunun da faydası olmayıb, yenə bazar-dükanlar belə mallarla doludur.

Üstəlik, bir neçə qram kauçukdan hazırlanan və maya dəyərinin bir neçə qəpik olduğu aşkar bilinən oyuncaqların hansı əsasla bir neçə manata satılması sual doğurur.

Sirr deyil ki, bəzi oyuncaqlar sənaye və məişət tullantılarından hazırlanır. Bu da uşaqların zəhərlənməsinə, mənşəyi məlum olmayan xəstəliklərin yaranmasına səbəb olur. Bu cür oyuncaqlarla oynayan uşaqlarda müxtəlif tipli xəstəliklər əmələ gəlir.

Nüfuzlu həkimlər və psixoloqlar bir sıra oyuncaqların dizaynının uşaqlarda psixi pozğunlar yaratdığı, aqressivlik formalaşdırdığı qənaətindədirlər. Bir çox oyuncaqlarda isə, qorxunc insan və heyvanlar təsvir olunur, oyuncaq qorxunc səslər çıxarır, aqressiya yaradır. Bu da uşaqların psixologiyasına və sağlamlığına mənfi təsir göstərir. Əslində, oyuncaq uşağın yaşına uyğun hazırlanmalı, səslər uşaqlara uyğun çıxmalı və oyuncaq şit, parlaq rənglərlə boyanmamalıdır.

Həkimlərin dediyinə görə, böyük sənaye zavodlarının kimyəvi tullantılarından hazırlanan oyuncaqlar belə oyuncaqlar dəridə səpkilər və allergiyalar yaradır, mədə-bağırsaq funksiyasının pozulması ilə nəticələnir. Oyuncaqların içərisinə doldurulmuş tullantıların tərkibində hətta mərgümüş, kadmium-xrom və civə kimi ağır metalların duzları aşkarlanıb. Bir neçə dəfə isə oyuncaqların içində metallik civə tapılıb. Oyuncaqlarda fenolun çox olması bu maddənin böyrəklərdə, selikli qişada, qara ciyərdə yığılmasına səbəb olur, uşağın bağırsaqlarını və mədəsini zədələyir.

Araşdırmalar zamanı aydınlaşıb ki, bir sıra oyuncaqların istehsalında istifadə olunan zəhərli maddələr sonsuzluğa, xərçəngə səbəb olur, dəri xəstəlikləri və leykoz riskini artırır. Təkrar emal olunmuş plastik kütlədən daha ucuz məhsul başa gəldiyi üçün bu metoddan geniş istifadə edilir.

Müxtəlif ölkələrdə aparılmış araşdırmalara görə, əmzik və butulkaların hazırlandığı polimerin tərkibində stirol, dioksin florat, sink, Bisfenol-A kimi toksiki kimyəvi maddələr normadan xeyli yüksəkdir. Apteklərin çoxunda belə məhsullar satılır. Uzun müddət bu cür əmzik və süd butulkalarından istifadə edən uşaqların qara ciyərində və böyrəklərində müəyyən kansoregen maddələr yığılır.

Bəzi oyuncaqların tərkibində psixotrop maddələr ("Date Rape Drug"), həmçinin qamma-hidroksitbutirat (GHB) narkotik maddəsinə asanlıqla çevrilə bilən xüsusi kimyəvi birləşmə aşkarlanıb. Bu maddələr uşaqlarda ürəkbulanma və huşu itirməyə səbəb olur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, hər hansı oyuncağın ölkəyə gətirilməsinin sanitar-gigiyenik sertifikatı olmalıdır: “Əhali mağazalardan, pərakəndə satış obyektlərindən, keçidlərdən oyuncaq alarkən, bu sertifikatı tələb etməlidir. Əgər müxtəlif bəzəkli, rəngli oyuncaqlardan xoşagəlməz iy gələrsə, rəngi çıxarsa, həmin oyuncaqları almaq məsləhət deyil”.

Ekspertin sözlərinə görə, dövlət səviyyəsində uşaq ləvazimatları və oyuncaqların idxalı ciddi nəzarətə götürülməli, onların kimyəvi tərkibi lobaratoriyada yoxlanmalıdır.

Mövcud vəziyyətlə xarici ölkələrdə çoxdan mübarizəyə başlanıb. ABŞ, Rusiya, Avropa İttifaqı ölkələrində standartlara cavab verməyən oyuncaqlar satışa buraxılmır.

Rusiya İstehlak Nəzarəti İdarəsi tərəfindən aparılmış yoxlamalar bəzi oyuncaqların rənglənməsində parlaq, ancaq zəhərli boyalardan istifadə edildiyini ortaya çıxarıb. Bu boyaların tərkibində fenolun normadan 60 dəfə, qurğuşunun 10 dəfəyə qədər çox olduğu vurğulanır.

Görülən bu cür tədbirlər nəticəsində ölkəyə gətirilən və yerli istehsal olan oyuncaqlar sertifikatlaşdırılır, kimyəvi tərkibi araşdırılır, yalnız standartlara cavab verərsə, bundan sonra bazara çıxarılmasına icazə verilir.

Bu məhsullara xüsusi diqqət yetirilməlidir. Oyuncağın içərisi şiş olmamalı, çox parlaq rəngdə olmamalı, rəng buraxmamalı, təbii materialdan, ya da plastikdən hazırlanmalıdır. Əgər valideynlər zərərli oyuncaqlara pul verməkdən çəkinsələr, belə mallar avtomatik bazardan çıxar, işbazlar özlərinə başqa yol axtararlar.

Televiziya və mətbuat təəssüf ki bu mövzuya barmaqarası yanaşır. Halbuki, bu ən vacib sahədir və burada maarifləndirmə çox vacibdir. Bazara hər cür məhsul yol tapa bilər, amma biz onları almağa məcbur deyilik.

Ölkəmizdə bu sahəyə ciddi yanaşılmır. Əslində, bu laqeydlik milli genefondun zədələnməsinə səbəb olur, gələcək nəsillərin sağlamlığına ağır zərbə vurur.

Sovet dövründə respublikamızda bu profildə olan müəssisə- Bakı Oyuncaq Fabriki fəaliyyət göstərirdi. Bu fabrik artıq çoxdandır ki, dayanıb. Yenidən oyuncaq fabrikləri yaratmağın vaxtı gəlib çatıb. Çünki problemdən çıxış yollarından biri də yerli istehsalı gücləndirməkdir. Bu problemi kökündən həll etmək üçün dövlətimizin kifayət qədər imkanları var. Məsələn, dövlət bu sənayenin təşkilində müəyyən payçı kimi çıxış etməklə özəl sektoru bura cəlb edə bilər.

Bölgələrdə bir neçə oyuncaq fabriki açılsa, həm işsizlik probleminin həllinə kömək olar, həm də ildə on milyonlarla vəsaitin dövr etdiyi bu böyük bazarı özümüz təmin etmiş olardıq.

Gələcək nəslin sağlamlığını- milli genefondu qorumağımız hər cür digər sahələrin fövqündə dayanır. Bu işə təcili başlamaq lazımdır, onsuz da gecikmişik.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər