İqtisadi tənəzzül Almaniya hakimiyyətini sərt addımlar atmağa məcbur edir
Avropanı cənginə alan sosial, iqtisadi, siyasi gərginlik bu qədim qitəni çıxılmaz vəziyyətə, həlli mümkün olmayan problemlərlə üz-üzə qoyub. Xüsusilə də, ABŞ-ın yeni prezidenti Donalt Trampın gömrük rüsumlarını artırması Avropa ölkələrinin iqtisadi-ticarət əlaqələrinə zərbə vurub. Bundan ən çox əziyyət çəkən isə sadə insanlardır. Ekspertlərin gəldiyi qənaətə görə, növbəti aylarda Avropada sosial, iqtisadi vəziyyət daha da ağırlaşacaq: “Növbəti aylar Avropa iqtisadiyyatları üçün acınacaqlı olacaq. Gəlirlər azalacaq, tənəzzülün başvermə ehtimalı var və faiz dərəcələri yüksəlməli olacaq, bu da ev təsərrüfatlarına və ailələrə daha çox təzyiq göstərəcək”.
Araşdırmalara görə, hazırkı mərhələdə vəziyyəti daha çox ağır olan dövlətlər arasında Fransa və Almaniya ön sırada yer alırlar. Bunu sözügedən ölkələrin rəsmi dairələri də etiraf edirlər. Almaniya Ticarət və Sənaye Palatasının rəhbəri Peter Adrian bildirib ki, Almaniya və onun iqtisadiyyatı tənəzzüldədir. Biz Avropada istehsalı yenidən koronavirusdan əvvəlki səviyyədən aşağı olan bir neçə ölkədən biriyik. Əhvali-ruhiyyə bəzən çox pis olur, xüsusən də orta şirkətlər arasında. Bazarda hər hansı bir yerə sərmayə qoymaq istəməmək ab-havası hökm sürür. Bununla belə başa düşmək lazımdır ki, koronavirus pandemiyası dövrü artıq başa çatıb, ona görə də istehsal həcmini artırmaq lazımdır. Almaniya iqtisadiyyatı sürətlə mənfiyə doğru gedir. Eyni zamanda, ilin sonunda iqtisadi artımın heç olmasa sıfır olacağı təqdirdə bunu xoşbəxtlik saymaq mümkün olacaq”.
Peter Adrian onu da qeyd edib ki, indiyədək bürokratik əngəllər alman şirkətləri üçün bir çox problemlər yaradır: “Buna görə də onlar müxtəlif bildirişlərə və sənədlərə çox vaxt sərf etməli olurlar. Eyni zamanda, dəyərli vaxt itirilir ki, bu da biznesdə yeni həllər və konsepsiyalar üzərində işləməyə sərf edilə bilər”.
Yeni kansler Fridrix Mertzi çətin sınaqlar gözləyir
Acınacaqlı vəziyyətin hökm sürməsi onu deməyə əsas verir ki, Almaniyada seçkilərdən sonra ölkənin yeni kansleri olan Fridrix Mertzi ağır və üzücü proseslər gözləyir. Yəni əhalinin sosial, iqtisadi durumu yaxşılaşmasa, vergilər azaldılmasa, kömürük rüsumlarının məbləğində dəyişikliklər olunmasa F.Merzi fəlakətlə üzləşə bilər. Hansı ki, bu zaman Almaniya ictimaiyyəti seçkiqabağı verdiyi vədləri yerinə yetirmədiyinə görə üsyanlar yolu ilə onu hakimiyyətdən uzaqlaşdıra bilər. Nəzərə almaq lazımdır ki, Almaniyada Bundestaqa keçirilən növbədənkənar seçkilərdə Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı (CDU/CSU) 28,6 faiz səslə qalib gəlib. Məlumata görə, seçkidə ikinci pilləni 20,8 faiz səslə “Almaniya üçün Alternativ” (AfD) partiyası tutub. Üçüncü pillədə isə 16,4 faiz səslə Almaniyanın hazırkı Kansleri Olaf Şoltsun təmsil etdiyi “Sosial Demokrat Partiyası” qərarlaşıb. Bununla yanaşı, “Yaşıllar” partiyası 11,6%, “Sol Partiya” isə 8,8% səslə Bundestaqda yerini təmin edib. “Sahra Vaqenknext İttifaqı” və “Azad Demokrat partiyası” 5 faizlik səs baryerini keçə bilmədiyindən parlamentdə təmsil olunmayacaq.
Almaniya mediası yazır ki, 2021-ci ildəki seçkilərlə müqayisədə “AfD” nəticələrini iki qat artırıb, Olaf Şoltsun partiyası isə tarixində ilk dəfə say baxımından Bundestaqda üçüncü pillədə yer alıb. Olaf Şoltsun rüsvayçı formada seçkidə uduzması onu göstərir ki, bu şəxs istər daxili, istərsə də xarici siyasətdə ciddi səhvlərə yol verib, yanlış, bağışlanması mümkün olmayan səhv siyasət aparıb. Ekspertlər iddia edirlər ki, Şoltsdan qalan böhranlı durum Mertzin hakimiyyəti dövründə daha da dərinləşəcək. Hətta vəziyyətin son dərəcə kritik xarakter alması ilə Almaniyanın yenidən parçalanması problemi yarana bilər. Bunu hakimiyyətə qarşı daim sərt mövqeyi və fəaliyyəti ilə seçilən Sol Partiyasını təmsil edən Türingiyanın baş naziri Bodo Ramelou KİV-lərə verdiyi açıqlamasında bəyan edib. O etiraf edib ki, Almaniya birləşmədən sonra ən ağır və böhranlı dövrünü yaşayır. Bodo Ramelou Almaniyanın Şərqi və Qərbi əyalətlərə bölünməsi riskinin yarandığını söyləyib: “Təəssüflər olsun ki, bu belədir. Almaniya dövlətinin idarə edilməsində ciddi qüsurlara yol verildiyindən ölkə parçalanma həddi ilə üzləşib”.
Almaniya 1990-cı illərə qayıdır
Məlum faktdır ki, İkinci Dünya müharibəsində rüsvayçı məğlubiyyətlə üzləşən Almaniya cəza olaraq iki yerə parçalandı. 3 oktyabr 1990-cı ilə qədər Almaniya Demokratik Respublikası və Almaniya Federativ Respublikası olaraq fəaliyyət göstərdilər. Sovetlər birliyinin dağılması ilə Almaniyanın da birləşməsinə imkanlar yarandı. Beləliklə, 3 oktyabr 1990-cı ildə Almaniya konstitusiyasına əsasən, ADR-Qərbi Berlinin AFR-in tərkibinə daxil olması ilə vahid Almaniya Federativ Respublikasının yaradılmasına qərarı verildi. Proses 2 may 1989-cu ildən 15 mart 1991-ci ilə qədər davam etmişdir. Almaniyanın birləşdirilməsinin elan edildiyi gün Alman Birlik Günü elan edilmişdir. Birləşmə prosesinin bir parçası kimi Berlin şəhərinin şərq və qərb hissələri də bir şəhər halında birləşdirilmiş və sonda ölkənin paytaxtı olmuşdur. Almaniya Sosialist Birlik Partiyası tərəfindən idarə edilən Şərqi Almaniyanın hökuməti 2 may 1989-cu ildən etibarən sarsılmağa başlamışdı. Bu tarixdə Macarıstan Avstriya ilə olan sərhədini açmış və bu Dəmir Pərdədə "dəlik açılmasına" səbəb olmuşdu. Sərhəd hələ də qorunurdu, lakin Panavropa pikniki və Şərq blokuna məxsus olan ölkələrin qətiyyətsiz reaksiyası qarşısıalınmaz hərəkatın işə düşməsinə səbəb oldu. Bu, Şərqi Almaniyada yaşayan minlərlə almanın Macarıstan vasitəsi ilə Qərbi Almaniyaya mühacirət etməsinə yol açdı. 1989-cu il inqilablarının bir hissəsi olan Sülh inqilabı və şərqdə yaşayan almanların etirazları nəticəsində 1990-cı ilin 18 martında Almaniya Demokratik Respublikası ilk azad seçkilərə getməyə məcbur oldu və danışıqlar nəticəsində iki alman dövləti tərəfindən Birləşmə Müqaviləsi imzalandı. İki alman dövləti və ölkədə hərbi qüvvələri olan 4 dövlət arasında digər danışıqlar nəticəsində "İki üstəgəl dörd müqaviləsi" (Almaniya ilə bağlı son razılaşma müqaviləsi) adı ilə tanınan müqavilə imzalandı. 15 mart 1991-ci ildə imzalanmış müqavilə birləşmiş alman dövlətinin tam suverenliyinin tanınmasını əks etdirirdi. İkinci Dünya müharibəsindən sonra suverenliyi qalib dövlətlər tərəfindən müəyyən məsələlərdə məhdudlaşdırılmış və işğal zonalarına parçalanmış Almaniya bu müqavilə ilə məhdudiyyətlərin bir çoxunu ortadan qaldırdı, lakin ölkədəki Sovet ordusu yalnız 1994-cü ilin avqustunda ölkəni tərk etdi.
Göründüyü kimi, eyni xalqın yenidən birləşməsi çətin və ağır proseslərdən sonra baş vermişdir. İndi isə siyasətçilərin, xüsusilə də hakimiyyətdə olan faşist təfəkkürlü məmurların səhv və yanlış siyasət aparmaları nəticəsində ölkə yenidən parçalanma təhlükəsi ilə üzləşib. Saksoniyada hakim olan XDİ də bu ştatın baş naziri Maykl Kretsxmeri bildirib ki, Şərqi Almaniya vətəndaşları özlərini təhqir edilən insanlar olaraq hiss edirlər. Çünki Qərbi Almaniya şərqdə yaşayanlara ikinci sort vətəndaşlar kimi baxırlar. Onun sözlərinə görə, hakimiyyət daha çox Qərbi Almaniya vətəndaşlarına diqqət ayırır. Qərbi Almaniyada yaşayan insanların daha yaxşı, firavan, yeni iş yerlərinin yaradılması ilə məşğulluğunun təmin olunmasına diqqət ayrılır: “Təbii ki, bu səhv siyasətdir, yanlış ayrı seçkilikdir. Hökumət dərin kök salan böhranı aradan qaldırmasa o zaman Almaniya yenidən parçalana və ötən əsrin 90-cı illərinə qayıdış baş verə bilər” .
Türingiya və Saksoniyada kütləvi aksiyalara qərar verilib
Hadisələrin inkişafı onu deməyə əsas verir ki, F.Mertzi Maykl Kretsxmerinin arzu etdiyi problemlərin aradan qaldırılmasına nail ola bilməyəcək. Çünki böhran dərindir və problemləri aradan qaldırmaq mümkün deyil. Bu isə onu təsdiq edir ki, həqiqətən də Almaniyanın yenidən parçalanması qaçılmazdır. Ölkənin bir neçə əyalətində, xüsusi ilə də Türingiya və Saksoniyada hökumətin siyasətinə etiraz olaraq küçələri çıxıb, kütləvi aksiyalar keçirməyə qərar vermələri proqnozların reallaşma ərəfəsində olduğunu göstərir. Məlumatlara görə, aprelin sonlarından başlayaraq Türingiya və Saksoniyada müxtəlif şüarlarla aksiyalara start veriləcək. Düzdür, Almaniya hakimiyyətinə yaxın media orqanları aksiyanın arxasında ifrat radikal qüvvələrin dayandığını qeyd edir və aksiya təşkilatçılarının onların tapşırıqlarını yerinə yetirdiklərini vurğulayırlar.
Bütün hallarda hakimiyyət vəziyyəti həll etməyə cəhd etməkdənsə, vəzifə bölgüsü uğrunda çarpışmalar aparır. Mertzi seçkilərdən iki aya yaxın vaxt keçməsinə baxmayaraq nazirlər kabinetini tam formalaşdıra bilmir. Xristian Sosial İttifaqının təmsilçiləri Mertzidən onlara kabinetdə daha çox yer verilməsini tələb edirlər. Ziddiyyətlərin kəskinləşməsi F.Mertzə əlavə problemlər yaradıb. Çıxış yolu isə yoxdur. Çünki hakimiyyətdə yer almaq istəyən vəzifə hərisləri ölkənin maraqlarını deyil, öz şəxsi mənafeyni düşünür və tələblərindən geri çəkilmək istəmirlər. Bütün bunlar onu deməyə əsas verir ki, ölkədə hökm sürən acınacaqlı vəziyyət həqiqətdən də Almaniyanın parçalanmasına gətirib çıxaracaq. Əgər Almaniya parçalansa, heç şübhəsiz ki, Avropa İttifaqı da dağılacaq. Ən azı ona görə ki, hazırkı mərhələdə Almaniya Avropa İttifaqında əsas çəkiyə və gücə malik dövlətdir. Almaniya mövcud deyilsə, deməli, Avropa İttifaqı da ola bilməz.
İLHAM ƏLİYEV