“Ərəbcədən daxil olan sözlərin istifadəsi, xüsusilə reklam sahəsində və qanunlarda müzakirə olunan məsələlərdəndir. Biz bəzi reklam çarxlarında arxaik sözlərin istifadəsini qəbul etmişik, lakin proqram və yayım kontentində bu məsələ hələ geniş araşdırılmayıb və regionlar üzrə təhlil aparılmayıb. Üstəlik, sahədə ciddi subyektivlik mövcuddur”. SİA xəbər verir ki, bu sözləri Audiovizual Şuranın sədri İsmət Səttarov Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilmiş konfransda bildirib.O qeyd edib ki, yayımların monitorinqi olduqca çətin məsələdir: “Hər gün TV və radio reklamlarında ümumilikdə 800 saata yaxın kontent yayımlanır, amma hazırda bu işlə cəmi 6 nəfərlik komanda məşğuldur. Fiziki olaraq, gündəlik 150-dən artıq kanalı izləmək mümkün deyil. Ona görə bu məsələ sistemli yanaşma tələb edir”.İsmət Səttarov bildirib ki, son çıxışlardan sonra məsələ yenidən gündəmə gətirilib və tədbirlər planı hazırlanıb: “Qısa müddət ərzində süni intellekt əsasında xüsusi proqram təminatı hazırlanaraq işə salındı. Azərbaycan dilində ən çox işlənən qeyri-standart və yad mənşəli sözlərin siyahısı tərtib edildi və iki həftə ərzində yayımlara analiz aparıldı. Nəticələr maraqlıdır: məsələn, "okey" sözü müxtəlif kanallarda onlarla dəfə işlədilib; bəzi kanallarda 3 dəfə, digərlərində 10 dəfə, bəzilərində isə 50 dəfədən çox istifadə olunub”.O əlavə edib ki, yaxın günlərdə həmin sözlərin statistikası hər bir kanala təqdim olunacaq, ilk 3 ay ərzində xəbərdarlıqlar ediləcək və aparıcılar bu sözlərdən istifadə etməməyə təşviq olunacaqlar: “Bu mərhələdən sonra Şura tərəfindən daha sərt tədbirlər, o cümlədən cərimələr tətbiq ediləcək. Məqsədimiz cəzalandırmaq deyil, keyfiyyətli monitorinq aparmaq və dilin düzgün istifadəsini təmin etməkdir”.Audiovizual Şuranın sədri vurğulayıb ki, proses sistemli şəkildə və birgə əməkdaşlıqla aparılmalıdır: “Mən bütün ictimaiyyətə, xüsusilə bu sahədə çalışan insanlara müraciət edirəm ki, bu məsələlərdə birgə işləyək, məsuliyyəti bölüşək və real addımlar ataq”.
Müəllif: Günel Fərzəliyeva