MİA

  • 1 398

Uşaq və gənclərin fiziki, eləcə də mənəvi inkişafına göstərilən diqqət göz önündədir - TƏHLİL

image

İstənilən bir ölkənin, hətta cəmiyyətin gələcəyi məhz uşaq və gənclərdən, onların fiziki və mənəvi inkişafından bilavasitə asılıdır. Elə buna görə də hər bir cəmiyyətin, hər bir xalqın, hər bir ölkənin inkişaf göstəricisinin məhz uşaq və gənclərin fiziki və mənəvi inkişafı ilə əlaqədar olduğu bəlli olur.

Ümummilli Lider Heydər Əliyev uşaqların, ümumiyyətlə, gənclərin məhz bizim ölkəmizin, cəmiyyətimizin gələcəyi olduğunu açıq şəkildə ifadə edib. “Gənclər bizim gələcəyimizdir”, kəlamı ilə Ulu Öndər Heydər Əliyev bu həqiqəti, bu reallığı aydın şəkildə bəyan edib. Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi zamandan etibarən gənclər siyasətinə böyük önəm verilməsi, uşaq və gənclərə qayığının göstərilməsi də bu baxımdan heç də təsadüfi hesab olunmur. Ona görə təsadüfi hesab olunmur ki, Ulu Öndər məhz bizim, ölkəmizin, cəmiyyətimizin gələcəyinin gənclər olduğunu nəzərə alaraq gənclər siyasətinə xüsusi diqqət ayırıb. Bunu da nəzərə alaraq cəsarətlə deyə bilərik ki, ölkəmizin gənclər siyasətinin əsas istiqamətləri məhz Ümummilli Lider tərəfindən müəyyənləşdirilib. Artıq uzun illərdir ki, bu siyasət məhz Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Uşaqlara dövlət qayğısının davamlı olduğunun biz hamımız şahidi olmaqdayıq və bu qayğının getdikcə daha da gücləndirilməsi, eləcə də uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının belə diqqətinin artırılması sevindirici haldır. Eyni zamanda etiraf etmək lazımdır ki, Azərbaycanda uşaqlarla bağlı demoqrafik perspektivlərin müəyyənləşdirilməsi məqsədi ilə mütəmadi olaraq dövlət proqramlarının həyata keçirilməsi istiqamətində dövlət rəhbərimiz sərəncamlar imzaladığınnı da şahidiyik və bu da onu deməyə əsas verir ki, bu kontekstdə ardıcıl olaraq mühüm tədbirlər görülməkdədir. Artıq bu istiqamətdə görülən işlərin müsbət nəticələr verdiyini də görürük və deməli, ölkəmizdə məhz uşaq və gənclərin fiziki və mənəvi inkişafı məsələsi prioritet hesab olunur.

Bilirik ki, uşaq və gənclərin fiziki və mənəvi inkişafı ilə bağlı bir sıra sənədlər qəbul edilib. Bu isə diqqət və qayğının bariz nümunəsi deməkdir və həmin nümunəni biz görülən, reallaşdırılan bir çox işlərdə görməkdəyik. Məsələn, 2005-2009-cu illəri əhatə edən gənclərlə bağlı Dövlət Proqramı, 2007-ci ilin "Gənclər ili" elan edilməsi, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi" barədə ölkə rəhbərinin imzaladığı Sərəncam bu sahəyə diqqətin ən bariz nümunəsi sayılır. Dünyanın müxtəlif ölkələrində ən mötəbər, ən sayılıb-seçilən, ən nüfuzlu universitetlərində Azərbaycan gənclərinin təhsil alması məhz ölkəmizin üşaq və gənclərlə bağlı apardığı siyasətin müsbət nəticəsi olaraq qəbul edilir. Ona görə ki, xarici universitetlərdə təhsilini layiqincə başa vurduqdan sonra yararlı mütəxəssis olaraq həmin gənclər ölkəyə geri dönür və xalqımıza, dövlətimzə, cəmiyyətimizə öz töhfələrini verirlər.

Bəli, həqiqətən də Azərbaycan gəncləri, gəncliyimiz artıq beynəlxalq aləmdə seçilməyə başlayıb. Ən sevindirici və qürurverici məqam odur ki, gəncliyimiz hətta dünya gənclər hərəkatının aparıcı qüvvələri arasında belə yer almağa iddialıdır. Azərbaycan gənclərinin beynəlxalq miqyasda əməkdaşlığının son illərdə xeyli dərəcədə genişlənməsi fərəhli hal olmaqla yanaşı, həm də nəticənin qənaətbəxş olmasından xəbər verir. Belə ki, ölkəmizin gənclərinin artıq ikitərəfli və çoxtərəfli əlaqələrinin olduğu dövlətlərin sayının artmaqda davam etməsi heç də təsadüfi sayıla bilməz və nəticənin müsbət olması deməkdir. Nümunə üçün diqqətə çatdıraq ki, Azərbaycan gəncliyi "Dialoq və Əməkdaşlıq Uğrunda" İslam Konfransı Gənclər Forumu, GUAM ölkələrinin Gənclər Forumu, Dünya Türk Gəncləri Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi və "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı kimi beynəlxalq gənlər platformalarının təşəbbüskarı, eləcə də təsisçisi kimi artıq tanınıb və biz belə bir gəncliklə haqlı olaraq qürür duyuruq. Bununla yanaşı bir daha əmin oluruq ki, ölkəmizin apardığı gənclər siyasəti uğurlu nəticələr verməkdədir.

Unutmaq lazım deyil ki, uşaqların, gənclərin layiqli vətəndaş olması olduqca önəmli məsələ, olduqca vacib şərtdir. Bunun üçün də ilk növbədə uşaq və gənclərin mənəvi cəhətdən inkişafına diqqət yetirilməlidir. Belə bir diqqət ilk növbədə ailədə göstərilməlidir. Çünki uşaqlara, gənclərə ilk tərbiyə məhz onların doğulub, boya-başa çatdıqları ailələrdə valideynləri, ata-anaları tərəfindən verilir. Deməli, uşaq və gənclərin məhz məhz mənəvi cəhətdən tərbiyəli olmasından məsuliyyət ilk növbədə onların ailələrinin, valideynlərinin, ata-analarının üzərinə düşür. Buna görə də valideynlər nəzərə almalıdırlar ki, bu məsuliyyətli işi layiqincə görməli, övladlarını mənəvi cəhətdən mükəmməl şəkildə yetişdirmə, layiqli vətəndaş olaraq boa-başa çatdırmalıdırlar. Uşaq və gənclər, ilk növbədə, öz ailələrində layiqli vətəndaş kimi tərbiyə almalıdırlar.

Heç şübhəsiz ki, təhsil müəssisələrinin hər biri də öz növbəsində uşaq və gənclərin mənəvi cəhətdən inkişafında xüsusi rola malikdir. Ailə tərbiyəsinin ardınca uşaqlara tərbiyə ilk növbədə məhz orta təhsil müəssisəsində verilir. Məhz orta məktəblərdə uşaqlar təhsil və tərbiyə alırlar, cəmiyyətdə layiqli vətəndaş olmaları üçün yetişdirilirlər. Eyni zamanda gənc nəslin mənəvi tərbiyəsində xüsusi yeri orta məktəblərlə yanaşı, ali təhsil ocaqları, universitetlər tutur. Etiraf etmək lazmdır ki, gənclərin hər mənada sağlam yetişməsində təhsil ocaqlarının özünəməxsus yeri vardır. Bu baxımdan da hər kəs yaxşı bilir ki, uşaq və gənclərimizin layiqli vətəndaş olmaları üçün təhsil ocaqlarının, eləcə də həmin təhsil ocaqlarında çalışan pedoqoji kollektivin, müəllimlərin öhdəsinə böyük məsuliyyət düşür. Çünki tədris müəssisələrinin əsas vəzifəsi məhz gəncliyimizin milli ruhda, milli-mənəvi tərbiyədə yetişməsini təmin etməkdir və məhz bu baxımdan həmin müəssisələr, eləcə də o müəəssisələrdə çalışan pedaqoqlar uşaq və gənclərin düzgün tərbiyə almalarına, gələcəkdə cəmiyyətə sağlam düşüncəli vətəndaş kimi inteqrasiya olunmalarına, şəxsiyyət olaraq formalaşmalarına, milli ruhda böyümələrinə, təhsilə məsuliyyətlə yanaşmalarına birbaşa cavabdehlik daşıyırlar.

Məhz gənclərimizin 44 günlük Vətən Müharibəsində necə qəhrəmanlıq göstərdiklərinin bütün dünya şahidi olmaqla yanaşı, həm də ölkə rəhbərimizin, cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə gənclərimizin fiziki, milli və mənəvi ruhda necə yetişdiyinə, necə inkişaf etdiyinə də əmin oldu. Əmin oldu ki, vətən torpaqlarının hər qarışı üçün gəncliyimiz canından, qanından keçməyə hər an hazır olaraq yetişdirilib. Dünya ictimaiyyəti bir daha əmin oldu ki, Azərbaycan gəncləri vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərə hörmək və ehtiram hissi ilə yetişib, inkişaf edib. Heç şübhəsiz ki, hər kəs onun da fərqindədir ki, bütün bunların kökündə məhz ölkə Prezidentinin apardığı düzgün, düşünülmüş, məqsədyönlü siyasət dayanır və bunu təkzib etmək mümkün deyil. Fərqindədir ki, məhz bu siyasət ölkəmizin, onun torpaqlarının, ərazi bütövlüyünün, suverenliyinin gələcəkdə də daha etibarlı şəkildə qorunacağına indidən əmin olmağa əsas verir. Çünki belə bir uğurlu siyasətin yaradılması nikbin proqnozlar üçün əsaslı zəmin yaradır. Ona görə ki, ölkəmizdə uşaq və gənclərin fiziki, eləcə də mənəvi inkişafına göstərilən diqqət göz önündədir.

Müəllif: İnam Hacıyev

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı" istiqamətində hazırlanıb

Digər xəbərlər