Metan qazı (CH₄) qlobal istiləşməyə səbəb olan istixana qazlarından biridir. Normalda metan qazı qoxusuzdur və təbii qazın tərkib hissəsidir. Təbii metan həm yerin altında, həm də dənizin dibində aşkarlana bilər. Digər kimyəvi maddələrlə qarışdıqda partlayıcı, metan qazının yüksək konsentrasiyası alovlandıqda ölümcül ola bilər. Yeraltı təbii metan qazı bu günədək bir çox mədəndə faciəli partlayışlara səbəb olub.
Evlərdə və iş yerlərində istifadə edilən təbii qazın təxminən 97%-i metan ehtiva edir və uyğun şərtlərdə istifadə edilmədikdə risk yarada bilər. Xüsusilə, təbii qazın qeyri-adekvat havalandırma ilə yandırılması qoxusuz və aşkarlanması çətin olan dəm qazının əmələ gəlməsinə səbəb ola bilər. Az miqdarda olsa belə, karbonmonoksit başgicəllənmə və ürəkbulanma kimi əlamətlərlə 20 dəqiqə ərzində təsirini göstərə bilər və bir neçə saat ərzində ölümlə nəticələnə bilər. Qazın sıxlığı artdıqda ölüm riski cəmi 3 dəqiqə ərzində baş verə bilər.
Ümumiyyətlə, metan qazı atmosferə ciddi zərər verən istixana qazlarından biridir və iqlim dəyişikliyində, qlobal istiləşmədə, buzlaqların əziməsində mühüm rol oynayır. Metan, karbon qazından (CO₂) təxminən 84-86 dəfə daha güclü istixana effekti yaradır. Bunun bariz nümunəsini Yer kürəsinin son 20 illik ekoloji nəticələrini analiz edərkən müşahidə etmək olar. Metan qazı az miqdarda olsa belə, atmosferi qızdırma gücü çox yüksək olan qazdır.
Metan qazı atmosferə yayıldıqda günəşdən gələn istiliyi özündə saxlayaraq Yer kürəsinin temperaturunu normadan artıq çoxaldır. Bunun nəticəsində də buzlaqlar əriyir, dəniz səviyyəsi qalxır, ekstremal hava şəraiti - quraqlıq, daşqın, tufan kimi fəlakətlər artır. Atmosferin aşağı qatında, yəni troposferdə metan qazı digər kimyəvi reaksiyalara girərək zərərli ozon (O₃) qatı əmələ gətirir. Bu isə insan sağlamlığı üçün zərərlidir. Düşünün, son 20 ildə dünyada astma, tənəffüs problemləri, ağciyər xəstəlikləri nə qədər artıb?
Metan qazı atmosferdə çox yığılanda təkcə iqlimə yox, insanlara və canlılara da ciddi təhlükələr yaradır. Özü qıcıqlandırıcı olmasa da, onun troposferdə səbəb olduğu ozon çirkliliyi astma və bronxit kimi xəstəliklərin artmasına səbəb olur. Ozonun artması astma tutmalarını artırır, ağciyərlərin funksiyasını zəiflədir, tənəffüs yollarının inkişafı pozulur. Qapalı mühitdə, mədənlərdə, kanalizasiya quyularında və ya zibilxanalarda metan qazı oksigenin yerini alırsa başgicəllənmə, yuxululuq, huşsuzluq, boğulmaya səbəb olur. Metan qazının yüksək səviyyədə olduğu yerlərdə oksigen çatışmazlığı yarandığı üçün beyin funksiyalarında zəifləmə yaranır, diqqət dağınıqlığı və yaddaş pozğunluqları meydana çıxır. Oksigeni zəiflətdiyi üçün ürək döyüntüsü artır, təzyiq və infarkt riski yaranır. Xüsusilə də körpələr, hamilə qadınlar və yaşlı insanlar metanın yaratdığı ozon çirkliliyinə daha çox məruz qalır.
Metan, istixana qazları içində ən güclü qaz hesab edilir. O, CO₂-dən 84 dəfə daha təsirlidir. Metan qazı atmosferdə çoxalanda Yer kürəsinin temperaturu sürətlə artırdığına görə buzlaqların əriməsi baş verir, bu da dəniz səviyyəsinin qalxmasına səbəb olur. Metan qazı atmosferdə yığılıb qaldıqda Yerdə də heç nə qaydasında olmur, ərzaq və su çatışmazlığı yaranır. Metan qazı qlobal istiləşməni artırdığı üçün meşə yanğınları artır, heyvanlar zərər görür, onların yaşayış mühiti daralır, biomüxtəliflik azalır, ərzaq zənciri pozulur. Qlobal istiləşmə artdıqca arktik bölgələrdə donmuş torpaqlar əriyir, onlar əridikcə içindəki metan havaya boşalır, bu da qlobal istiləşməni daha da sürətləndirir.
Metan qazının yaranmasının başlıca səbəbi insan əməlidir. Xüsusilə neft və qaz sənayesi metan qazının atmosferə atılmasında başlıca səbəbdir. Yer planetinin normadan çox çirkləndirilməsi, bataqlıqların artması, zibil poliqonlarının getdikcə böyüməsi, plastik materialların təbiətə atılması metan qazının yaranmasının səbəblərindəndir. Metan, təbii yollarla parçalana bilir, lakin bu proses üçün 10-12 il vaxt lazımdır. Bu müddət ərzində ciddi istilik ehtiva edə və dünyanı qlobal istiliyə düçar edə bilir.
Lalə Mehralı