Çoxuşaqlılıq müasir dünyanın ölkədən-ölkəyə dəyişən rəqəmləri ilə xarakterizə olunan anlayışdır. Bir ölkədə 2 uşaq ailə üçün çox sayılır, digər ölkədə 5-6 uşaqlı ailələrin daha çox uşaq sahibi olmaq barədə arzuları var. Çoxuşaqlılıq fərqli ölkələrdə fərqli səbəblərlə - demoqrafik, iqtisadi, sosial və mədəni faktorlarla sıx bağlıdır.
Dünya ölkələrində doğum sayı fərqli olduğuna görə bir qadına düşən uşaq sayı da kəskin fərqlənir. Afrika ölkələri - Niger, Çad, Somali dünyada ən yüksək doğum nisbətinə sahib olan ölkələrdəndir. Bu ölkələrdə bir qadına düşən orta uşaq sayı 5-7 arasındadır. Bu çoxuşaqlılığı könüllü istəməkdən ziyadə, ailə planlaması, hamiləlikdən qorunma kontraseptivləri barədə məlumatsızlıqdan irəli gəlir. Cənubi Asiya və bəzi Orta Şərq ölkələrində - Pakistan, Əfqanıstanda da çoxuşaqlı ailələr daha çoxdur. Avropa, Yaponiya, Cənubi Koreya və Kanada kimi inkişaf etmiş ölkələrdə 3 və daha çox uşağı olan ailələr demək olar ki nadir rastlanır, bu ölkələrdə ailələr adətən 1-2 uşaqla kifayətlənirlər.
Adətən çoxuşaqlılığa təşviq edən əsas səbəb ənənəvi və dini dəyərlər olur. Xüsusilə də müsəlman ölkələrində ailədə çox uşaq bərəkət və ya ruzi kimi qiymətləndirilir. Lakin elə ölkələr də var ki orada xüsusilə uşaqların kənd təsərrüfatlarında ucuz işçi qüvvəsi olması ailələri çoxuşaqlılığa sövq edir. Bir sıra ölkələrdə isə sosial təminatı olmayan, gələcəyindən narahatlıq duyan valideynlər çoxuşaqlılığı qocalığa yatırım olaraq görürlər.
Bəzi ölkələrdə qadınların təhsilə, karyeraya verdiyi önəm artıqca ailədə doğulan uşaqların sayı azalır, bəzi ölkələrdə isə ailə planlaşdırmasının məhdudluğu, kontraseptiv vasitələrə çıxış məhdud olduğu üçün doğum sayı yüksək olur. Yəni əslində çoxuşaqlılıq bəzən seçim, bəzən məcburiyyət olur.
Çoxuşaqlılıq meyarları hər ölkədə fərqli təsnif edilir. Meyarlar, əsasən, sosial yardım, vergi güzəşti, dövlət dəstəyi, ev və ya torpaqla təminat, uşaqlar üçün bank hesabı, müxtəlif sosial imtiyazlardır. Rusiyada 3 uşağı olan ailələr dövlətdən mənzil və ya torpaq sahəsi alır, bu ailələrin uşaqları məktəblərdə pulsuz qidalana bilirlər, imtiyazlı nəqliyyat istifadəçiləri olurlar, hər ay dövlət uşaqpulu ödəyir, hər uşaq üçün dəyəri təxminən 10 min AZN olan kapitalı olan sertifikat təqdim edilir. Bu sənəd nağdlaşdırıla bilməz, mülk alan zaman ilkin ödəniş kimi təqdim edilə bilər. Fransada da 3 uşağı olan ailələr çoxuşaqlı statusu alır, onlara vergi güzəştləri edilir, uşaq pulu alırlar, kommunal güzəştləri və dövlət bağçalarına qəbulda üstünlükləri olur.
Almaniya qanunlarına görə, 3 uşağı olan ailə rəsmi olaraq çoxuşaqlıdır və bu meyar üçün təyin edilmiş bütün imtiyazlardan istifadə edirlər. 3 uşağı olan ailələrin uşaqpulu və digər sosial ödənişləri uşağın sayına görə artır. Eyni tətbiq Türkiyədə də aktivdir, 3 uşaqlı ailələr çoxuaşqlılıq meyarına uyğundur və dövlət tərəfindən imtiyazları var. ABŞ-da "çoxuşaqlı ailə" anlayışı qanunvericiliklə tənzimlənmir, lakin bir çox dövlət proqramı 4 və daha çox uşaq olan ailələri çoxuşaqlı sayır, ərzaq yardımı, ödənişsiz tibbi xidmət, digər sosial yardım proqramları uşaqların sayına görə tənzimlənir.
Ümumiyyətlə, BMT və UNICEF kimi qurumlar 3 və ya 4 və daha çox uşağı olan ailələri çoxuşaqlı kimi qiymətləndirirlər və imtiyazlarının olmasını dəstəkləyirlər. Azərbaycanda yalnız 6 uşağı olan ailələr çoxuşaqlılıq statusu ala bilir və hər uşaq üçün dövlət 140 AZN müavinət ödəyir. Uşaqlar bu məbləği 18 yaşınadək, əgər təhsilləri davam edirsə 23 yaşınadək ala bilərlər. Çoxuaşqlı ailənin əmək və məşğulluq güzəştləri olur, çoxuşaqlı analara iş yerlərində güzəştli şərtlər tətbiq olunur, əmək pensiyasına çıxışda əlavə hüquqları və sosial mənzilə müraciət imkanı olur.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti çərçivəsində hazırlanıb