Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialının təşkilatçılığı ilə 25 Noyabr - Kəlbəcər Şəhəri Gününə həsr olunmuş “Təbiətin möcüzəsi - Kəlbəcər azaddır” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin önündə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, şəhid Ömər Şirinovun atası Muğan Şirinov, şəhid Şəhriyar Mehdiyevin atası Mübariz Mehdiyev, Vətən müharibəsi qazisi Elvin Hüseynov, Şərqi Zəngəzur DSMF-nin müdiri Amil Salmanov, Kəlbəcər Suvarma Sistemləri İdarəsinin rəisi Azər Xankişiyev, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi Kəlbəcər sektorunun baş məsləhətçisi Hikmət Şahmuradov, Kəlbəcər rayon 8 nömrəli tam orta məktəbin direktoru Rəna Nadirova və digərləri çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Kəlbəcər zəngin təbiəti, tarixi abidələri, qədim mədəniyyəti, mineral suları, dağlıq landşaftı və arxeoloji tapıntıları ilə seçilir. Kəlbəcər təkcə təbiət incisi deyil, həm də xalqımızın mənəvi yaddaşını, mədəni irsini yaşadan nadir məkanlardandır.
Uzun illər işğal altında qalan Kəlbəcərin 25 noyabr 2020-ci ildə azad edilməsi xalqımızın yenilməz iradəsinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və Ali Baş Komandanın qətiyyətli hərbi-diplomatik siyasətinin parlaq nəticəsi idi. Bu Qələbə həm də ədalətin bərpası və milli ləyaqətin təntənəsi kimi tarixə düşdü.
Natiqlər qeyd ediblər ki, bu gün Kəlbəcərdə genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə davam etdirilir: yol, enerji, su və rabitə infrastrukturu yenilənir, Baş Plana uyğun şəkildə yaşayış məhəllələri, məktəblər və sosial obyektlər inşa olunur: “Rayonun təbii və iqtisadi potensialı nəzərə alınaraq turizm, kənd təsərrüfatı və “yaşıl enerji” sahələrində yeni layihələr həyata keçirilir. Bir sözlə, bu gün azad Kəlbəcər yeni həyatını yaşayır, dirçəliş yolunda inamla irəliləyir”.