PDF Oxu

MİA

  • 4 842

Sergey Markov: Qərb ssenarisi Qafqaza gecpartlayan bomba yerləşdirməkdir - MÜSAHİBƏ

image

“ABŞ və Avropanın dəstəklədiyi yarımçıq saziş gələcəkdə Ermənistan və Azərbaycan arasında yeni müharibənin başlamasına imkan verəcək”

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov “Moskva-Baku” portalına müsahibəsində İrəvanın Bakı ilə qısaldılmış sülh sazişi imzalamaq istəməsinin səbəblərini şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Sergey Aleksandroviç, Ermənistan və Azərbaycanın heç bir konsensusa nail ola bilmədiyi bir neçə bənd olmadan İrəvanın Bakı ilə təcili sülh sazişi imzalamaq istəməsinin səbəbi nədir və bunun arxasında kim dayanır?

- Ermənistanın bu istəyi onu göstərir ki, İrəvan hələ də Qarabağın Azərbaycan olduğunu rəsmən tanımaq istəmir. Əks halda, niyə Ermənistan hakimiyyəti tərəddüd edir və Azərbaycan Respublikasına qarşı ərazi iddialarını öz Konstitusiyasından çıxarmağa hələ də razılaşmır? Onlar özlərinə gələcəyə imkan pəncərəsi qoymaq istəyirlər ki, nə vaxtsa bəlkə yenidən Qarabağın qaytarılması məsələsini gündəmə gətirsinlər, həm də siyasi məqsədlər üçün Qarabağ ərazisinə ermənilərin qayıdış məsələsini manipulyasiya etsinlər. Və bütün bunlar qərblilərin dəstəyi ilə ola bilər. Paşinyanın sxemi dünyaya nümayiş etdirməkdir ki, baxın, biz Ermənistan hakimiyyəti çox mehriban, yaxşı, konstruktivik və Azərbaycanla barışmağa hazırıq. Amma reallıqda belə bir şey yoxdur.

Mən deyərdim: baş verənlər, digər şeylərlə yanaşı, Ermənistanın müttəfiqlərini cəlb etmək üçün “vitrin” buraxmaq istəyidir. İrəvan Azərbaycandan gələn müəyyən təhlükə mövzusunda alverini davam etdirmək və mesajlar vermək istəyir: gəlin, bizə kömək edin. Və həqiqətən ona kömək edirlər.

Fransa, Aİ və ABŞ qeyd-şərtsiz İrəvanın şərtləri ilə bağlı sazişin tezliklə imzalanması zərurəti ilə bağlı Azərbaycana təzyiq göstərməyə çalışır. Qərb prinsipial olaraq Ermənistanın tərəfində oynayır, o cümlədən qondarma Ermənistan-Azərbaycan nizamlanması məsələsində.

Qərb ssenarisinə görə, Bakı ilə İrəvan arasında qeyri-qənaətbəxş sazişin imzalanması (yəni iki ölkə arasında real sülhün bərqərar olması üçün əsas məqamları sənəddə qeyd olunmayan saziş) gələcəkdə problemləri üzə çıxarmağa imkan verəcək. Azərbaycan və Ermənistan arasında yeni müharibə yaradacaq. Qərb silahlı münaqişələr vasitəsilə bütün dünyada hökmranlığa nail olub. O, Cənubi Qafqazı çəngəldə saxlamasını təmin etmək istəyir. Ortaya çıxan yeni münaqişənin köməyi ilə bölgəni idarə etmək istəyirlər.

Məsələn, Qərbin Azərbaycana qarşı üstünlüyü ən çox ondadır ki, neft və qazda nəzarət paketləri ona məxsusdur. Qərb isə çiy ətə cuman it kimi, Cənubi Qafqaza soxulur.

Aydındır ki, Azərbaycan heç bir qısaldılmış sülh müqaviləsi imzalamayacaq. O gözləyəcək.

- Biz görürük ki, bir müddət əvvəl Ermənistanın baş naziri bəyan etmişdi ki, ölkə Aİ-yə indi də daxil olmağa hazırdır. Sonra Ermənistan hakimiyyəti bəyanatlar verdi ki, indi vaxtı deyil. Lakin bununla yanaşı, respublikanın qərbyönlü adlanan partiyaları (baxmayaraq ki, baş nazirin partiyasını partiya adlandırmaq çətindir) ölkənin Aİ-yə üzvlüyünə dəstək üçün əhalidən rəsmən imza toplamağa başlayıb. Bu, Ermənistan hakimiyyətinin Avropa İttifaqına daxil olmaq üçün zəmin yaratmasıdır, amma yanlış əllər vasitəsilə? Yoxsa vəziyyət öz-özünə inkişaf edir, amma İrəvan üçün əlverişlidir?

- Düşünürəm ki, bu, biri ilə digərinin təsadüfüdür. Bəzən tərəflər də Avropa qrantlarına bağlanmaq və Aİ-yə daxil olmaq məqsədlərini həyata keçirmək üçün təşəbbüs göstərirlər. Paşinyan isə əhalinin təşəbbüsünə cavab verdiyini bu yolla nümayiş etdirmək istəyir.

Eyni zamanda, bu gün Ermənistanın Avropa İttifaqına daxil olması mümkün deyil. Fakt budur ki, Aİ artıq yeni üzvlərlə doymuşdur. O, obrazlı desək, həddindən artıq doymaqdan qusur. Aİ ölkələrinin əksəriyyəti yeni və kifayət qədər yoxsul Aİ üzvlərinin meydana çıxmasından qıcıqlanır. Və bu gün Aİ-yə üzv ölkələrin Ermənistanın Aİ-yə qəbuluna səs verəcəyini təsəvvür etmək fantastikdir. Amma Ermənistanın yarımüzvlüyü mümkündür ki, bu da respublikaya qeyd-şərtsiz imtiyazlar verəcək, eyni zamanda onun suverenliyinə məhdudiyyətlər qoyacaq. Ermənistan kiçik ölkədir. Təcrübə göstərir ki, o, öz suverenliyini məhdudlaşdırmaqdan qorxmur. İrəvan öz suverenliyinin bir hissəsini sərfəli şəkildə satmaq istəyir. Ermənistan hakimiyyəti hesab edir ki, onlar ölkənin suverenliyinin bəzi hissələrini özləri üçün hansısa prioritet şeylərə, siyasi və iqtisadi dəstək “parçalarına” dəyişə bilərlər. Bütün müşahidə edilən manipulyasiyalar nəticəsində İrəvan Aİ-yə üzv olmaq üçün namizəd ölkə statusunu görmək istəyir.

- Fransanın xarici işlər naziri srağagün yenidən Ermənistana səfər edib. Yenidən anti-Rusiya “şüarları” eşidildi. Həmçinin Parisin Ermənistanın ərazi bütövlüyünü, təhlükəsizliyini dəstəklədiyini və onun Azərbaycandan qorunmasına kömək edəcəyini... Sejournet də Fransanın Qarabağ ermənilərinə maliyyə vəsaiti ayırdığını bəyan edib...

- Fransa Xarici İşlər Nazirliyinin rəhbəri “saatları tutuşdurmaq” üçün Ermənistana gəlib. Azərbaycana təzyiq planı ilə irəliləyirlər. Paris Ermənistan Respublikasını silahla təmin etməyə davam edəcək ki, gələcəkdə İrəvanın Azərbaycana qarşı növbəti dəfə fəaliyyət göstərmək imkanı olsun.

- Ermənistanın baş naziri son vaxtlar Azərbaycanın Qarabağ ermənilərinə qarşı qondarma etnik təmizləmə ideyasını beynəlxalq ictimaiyyətə daha çox yaymağa başlayıb. Məqsəd nədir?

- Onlar həmişə bu mövzunu manipulyasiya edəcəklər. Bu, “soyqırım alverinin” yüngül formasıdır. Tanınmış texnologiya. İndi bir çox ölkələr tarixdə öz soyqırımını tapmağa çalışır. Tipik müasir siyasət.

- Nə üçün İran son vaxtlar Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan və Rusiyaya kifayət qədər aqressiv eyhamlar verir, bu nə deməkdir?

- Bu siyasətdir. İran bu gün Məsud Pezeşkian hakimiyyətə gəldikdən sonra Qərblə münasibətləri yaxşılaşdırmağa çalışır. Amma obyektiv olaraq Tehranın həm Rusiya, həm də Azərbaycanla konstruktiv və qarşılıqlı faydalı münasibətlərə ehtiyacı var. Ona görə də deyə bilərik ki, müəyyən mənada İran və Rusiyanın, eləcə də İran və Azərbaycanın bəzi sahələrdə müsbət gündəliyi olsa da, bəzi sahələrdə fikir ayrılıqları var. Müəyyən mənada, Rusiya ilə Türkiyə arasındakı münasibətlərdə olduğu kimi bənzətmə aparıla bilər.

İran Rusiya ilə sıx əməkdaşlıq edir. Üstəlik, Zəngəzur dəhlizi məsələsində Tehranın Ermənistanın tərəfində olduğunu desək, bu, Ermənistanın maraqlarından yox, özünün regionda təsir maraqlarına hörmət etmək istəyidir.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər