2024-cü ildə Bakı şəhəri üzrə 1300-ə yaxın uşaq diabet xəstəliyi səbəbindən Respublika Endokrinoloji Mərkəzində qeydiyyata alınıb. Ölkə üzrə isə 3 minə yaxın uşaq şəkərli diabetdən əziyyət çəkir. Qeydiyyatda olan uşaqlara hər gün insulin inyeksiya edilir. Bu il TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə uşaqlar davamlı qlükoza monitorinq cihazı ilə təmin olunub.
Bədənin qidalanma mənbəyi olan şəkəri balanslaşdıran ən vacib hormonlardan biri insulindir. “Diabetes mellitus”, el dili ilə desək şəkər xəstəliyi bu hormonun pozulması səbəbindən yaranır. Əvvəllər böyüklərin xəstəliyi olaraq qəbul edilsə də indi uşaqların da şəkərli diabetdən əziyyət çəkməsi tez-tez rastlanır.
Diabet iki növə bölünür: Tip 1 və Tip 2. Əvvəllər "insulindən asılı diabet" adlanan 1-ci tip diabetdə qanda şəkərin toxumalara daxil olmasını təmin edən insulin hormonunun istehsal olunduğu mədəaltı vəzi hüceyrələri zədələnir. 2-ci tip şəkərli diabet toxumaların insulin hormonuna qarşı həssas olması nəticəsində yaranır, buna görə də qanda olan şəkər toxumalara daxil ola bilmir.
Uşaqlarda şəkər xəstəliyinə nəyin səbəb olduğu elmə dəqiq məlum deyil. Ailədə şəkərli diabet xəstələri olsa uşaqlar şəkərli diabetə meylli ola bilər, lakin bu genetik irsiyyət ailədəki hər uşaqda şəkər xəstəliyi yaranacaq demək deyil. Tip 1 diabet, insulin istehsal etməyə kömək edən mədəaltı vəzinin hüceyrələrində immun sistemi problemlərinin yaratdığı zərər nəticəsində yarana bilər. Tip 2 diabet yetkinlik dövründə daha çox rast gəlinsə də, uşaqlarda da nadir hallarda baş verə bilər. Xüsusilə 2-ci tip şəkərli diabetə meylli uşaqlarda artıq çəki (piylənmə) və daha az fiziki hərəkət diabetin yaranmasına səbəb ola bilər.
Uşaqlarda bir sıra əlamətlərin baş qaldırması diabet xəstəliyinin xəbərçisi ola bilər. Artan sidik ifrazı, yatağı islatmaq, həddindən artıq susuzluq və su istehlakı, ağızın quruması, həddindən artıq aclıq hissi, davamlı yorğunluq, arıqlamaq, depressiya kimi əlamətlər varsa uşaqlarda diabet xəstəliyinin yaranmasında şübhələnmək olar.
Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, səhər yeməyi körpə və məktəbyaşlı uşaqların böyüməsində və inkişafında ən önəmli faktordur. Təşkilatın məktəbli uşaqlarda diabet xəstəliyinin yayılması ilə bağlı araşdırmasında bildirilir ki, səhərlər yemək yemədikdə nahara qədər mədədə 4-6 saatlıq aclıq olur və bu da xüsusilə uşaqlarda şəkərli diabetə yol açır. Bu səbəbdən uşaqlarda diabetə rastlanma halları 12-13 yaşa qədər enib. Pediatr Pəri Həsənova səhər yeməyi yemədən evdən çıxan uşaqların bayırda dönər, bulka, şirniyyat, şokalad kimi karbohidratlarla zəngin qidaları yediyini və bu qidaların da diabetə təkan verən önəmli bir faktor olduğunu deyir.
Uşaqların digər bir böyük probleminin məktəb bufetləri olduğunu deyən pediatr bildirir ki, uşaqlar məktəbdə istədikləri hazır qidanı tapıb yeyə bilir: “Düzdür, bir-iki il qabaq bufetlərdən çipsi, kola kimi zərərli qidaları yığışdırdılar, amma yenə də peçenye, şokalad, bulkalar satılır. Üstəlik, evdə səhər yeməyi yeməyən uşağın cibinə valideyni də pul qoyur ki, dükandan, bufetdən nəsə alıb yesin. Uşaq da yolüstü mağazalardan çipsi, dönər, kola kimi zərərli qidaları alıb yığır çantasına, məktəbdə bu qidaları yeyir. Üstəlik bu qidaların mütəmadi qəbulundan sonra uşaqlarda mədə problemləri, bağırsaq narahatlıqları, qəbizlik yaranır”.
Pediatr valideynlərə uşaqların məktəb çantasına qoyulacaq qidaları da sadaladı: “Yaxşı olar ki, övladınızın çantasına qoz, fındıq, badam, şabalıd, meyvə və ya meyvə quruları qoyasınız. Uşağa mütləq səhər yeməyi yedirin, məktəbə qətiyyən ac göndərməyin. Səhərlər süd, yumurta, ağartı məhsulları yedirin. Əgər məktəbdə qalma saatı çoxdursa o zaman çantasına əlavə olaraq evdə hazırladığınız sendviç qoya bilərsiniz. Sendviçi təmiz ətdən hazırlanmış kotlet, pomidor və xiyar, göyərtidən hazırlaya bilərsiniz. Ketçup yerinə ev üsulu tomat istifadə edin, mayonezin istifadəsini məsləhət görmürəm”.
Anaların bir çoxunun səhərlər oyanmağa tənbəllik etdiyini də diqqətə çatdıran pediatr bildirir ki, bu tənbəllik uşaqların həyatına ciddi formada təsir göstərir: “Səhərlər uşaqların yemək yeməsi valideyndən asılıdır. Əgər onların marağına səbəb olan səhər yeməkləri hazırlansa, məsələn boşqabda maraqlı bəzəklər düzəldilsə, səhər yeməyinin vacibliyi barədə uşaqlarla söhbət edilsə nəticə effektiv olacaq. Unutmayın, səhər ac məktəbə göndərdiyiniz uşaq hər gün bir az da şəkərli diabetə yaxınlaşır”.
Qidalanma və pəhriz eksperti, həkim Rövşən Sadiqinin sözlərinə görə, səhər yeməyi böyüməkdə olan uşaqların gündəlik enerji və qida ehtiyacını ödəməsi ilə yanaşı məktəbdəki müvəffəqiyyətinə də təsir edir: “Axşam şam yeməyindən sonra yatan uşaqların səhər yeməyinə qədər 10-12 saatlıq zamanı yuxuda keçir, bu müddət ərzində təbii olaraq orqanizm axşam qəbul etdiyi qidanı həzmə göndərir, yenidən acır və yemək tələb edir. Yeni bir günə yemək yemədən başlamaq o ehtiyacı içimizdə boğmaq və bədənin tələbinə əhəmiyyət verməmək deməkdir. Xüsusilə də səhər yeməyi yeməyən uşaqların dərsdə diqqəti azalır, verilən tapşırıqları çətin qavrayır, dərsdə aktivliyi azalır. Səhər yeməyi uşaqlarda qavrama bacarığını artırır, çünki səhərlər sağlam qidalanma ilə uşaqların beynində enerji və diqqət artımı olur”.
Ekspert deyir ki, səhər yeməyində kifayət qədər zülal istehlak edilməlidir: “Xüsusilə, süd, taxıl məhsulları, sıyıq və ya kobud undan hazırlanmış çörək, meyvə vacibdir. Zehni fəaliyyətlərin tələb etdiyi enerji resurslarının ən mühümlərindən biri də meyvələrdir. Beynin oksigendən başqa yeganə enerjisi qlükozadır və bədənimiz qlükoza anbarına malik deyil. Yəni başqa vitaminləri bədənimiz özündə mühavizə edib anbar kimi saxlaya bilir, orqanizmin ehtiyacı olanda lazımı yerlərə ötürə bilir, amma bu qlükozada mümkün olmur. Qlükoza meyvələrdə hazır halda olur, ona görə səhərlər istehlak edilməlidir. Əgər səhər uşaqlara yedirə bilmirsinizsə mütləq məktəb çantasına qoyun, məktəbdə yesinlər. Meyvələrin tərkibindəki qlükoza qanda şəkərin miqdarını tənzimləyir, nə normadan aşağı düşməyə, nə də normadan yuxarı çıxmağa qoymur”.
Müsahibimiz də səhər yeməyi yeməyən uşaqların şəkərli diabetə tutulma riskini təsdiqlədi: “Səhərlər yemək yeməyən uşaqlarda qan şəkərinin səviyyəsi kəskin düşür, məktəbdə özünü yaxşı hiss etmir, halsızlıq, mürgüləmə, özündəngetmə, tərləmə, ürəkdə döyüntünün sürətlənməsi, mədə ağrısı, ürəkbulanması və sancılanma halları baş verir. Aparılan araşdırmalar da təsdiq edir ki, səhərlər yaxşı qəlyanaltı edən uşaqlar məktəbdə uğur əldə edir, səhər yeməyi yeməyən yaşıdlarından fərqlənir. Uşaqlara səhərlər karbohidrad mənbəyi kimi çovdar və ya kobud taxıl unundan hazırlanmış çörək, tərəvəz, meyvə və ya meyvə şirəsi, zülal mənbəyi kimi pendir, yumurta, süd və qatıq, yağ mənbəyi kimi nəhrə yağı, qoz, badam, fındıq, bal və ya doşab kimi sağlam qidalarla zənginləşdirilmiş bir menyu təşkil edə bilərik”.
Əgər övladınızı uzun zamandır səhər qəlyanaltısı etmirsə, məktəbə ac gedirsə və onda çox su içmə, tez-tez sidiyə getmə, çəkisində getdikcə azalma və halsızlıq müşahidə edirsinizsə şəkərli diabetdən şübhələnin. Orqanizm qandakı şəkəri istifadə edə bilmədiyi üçün bədəndəki yağları istifadə edir və buna görə də arıqlama baş verir, bu vəziyyətə qarın ağrısı, ürəkbulanma və tez-tez nəfəs alma da əlavə olunur. Nəzərə alın ki, uşaqlarda diabet elə ilk mərhələsindən insulinlə müalicə edilir, ona görə ilkin diaqnozun nə qədər erkən olması müalicədə bir o qədər irəliləmə imkanı verir. Övladınızın səhər yeməyinə diqqət edin, insulin asılılığı onların körpə bədənləri üçün böyük yükdür.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb