PDF Oxu

MİA

  • 2 835

Tanrıya açıq məktub- 1-ci hissə (fəlsəfi esse)

image

Elçin Bayramlı

Öncə eşq olsun Sevimli, Mərhəmətli, Ədalətli, Qüdrətli və Söhrətli Uca Tanrıya!

Ki, O Qüdrətli Yaradan, ilahi sevginin və ilahi gözəlliyin son aspekti, hamının axtardığı Mütləq Həqiqət, Sonsuz Hakimiyyət Sahibi kimi saysız dünyaları ədalətlə idarə etmək iqtidarında olduğunu kainatın quruluşundakı mükəmməl nizam və möhtəşəm qanunauyğunluqla isbat edir.

İkincisi, artıq Özün bilirsən ki, Səni Maddi Kainatın ucqarlarında yerləşən Süd Yolu Qalaktikasının bir kənarında qərarlaşmış Günəş Sisteminin 3-cü planetindən- Yerdən narahat edirəm.

Üçüncüsü, ey Uca Tanrı, əvvəlcə bu günahkar bəndənin başından və yaşından yekə danışmagını, təklif, xahiş və müraciət etmək hüququndan sui-istifadə cəhdini bağışla.

Dördüncüsü, əgər böyük maddi və ruhi kainatların, saysız məxluqatın qlobal işlərindən vaxt tapa bilsən, bu aciz və biçarə bəndənin məktubunu da sonadək oxumağını xahiş edirəm.

Bu cəsarəti özümdə ona görə tapdım ki, Məzlumların Son Pənahı olmağın haqda, göndərdiyin bəzi müqəddəs kitablardan bəzi məxfi məlumatlar əldə etmişəm. Məxfi ona görə deyirəm ki, bəzi dinlərin bəzi savadsız xadimləri bəzi müqəddəs kitablarda yazılan bəzi aşkar söhbətləri başa düşməyib bəzi təbəələrin bəzi provakasion sualları qarşısında aciz qalanda bəhanə edirlər ki, guya Sən bu sözləri qəsdən sirli və gizli kodla yazmısan və ona görə də hər adam başa düşmür.

Amma mən Sənin demək olar ki, bizə göndərdiyin məsləhətlərin toplandığı bütün kitabları (Avesta, Baqavad-Qita, Tövrat, Zəbur, İncil, Quran və s.) oxumuşam və belə qənəatə gəlmişəm ki, əslində bu kitablarda sirli və kodla yazılmış heç bir söhbət yoxdur. Hər şey çox sadə və anlaşılandır. Çünki Sən bu kitabları ən savadsız bir bəndənin də anlaması və xilas olması üçün göndərmisən. Sadəcə, adamda gərək bir az məntiq, bir az dərrakə, bir az da maraq ola ki, bu sadə həqiqətləri anlaya. Təəssüf ki, Sənə tapınmayan bəzi adamların hərəsində bu şeylərdən biri və ya bir neçəsi çatışmır…

Ulu Tanrım, dünya və bəni-insan yaradıldığı gündən bəri öz ruhi görmə qabiliyyətini xeyli məhdudlaşdırıb. Öz gözümüzün qabağındakı ilahi möcüzələri görməyib, Sənin yaratdığın şeylərdə "oşibka" axtarırıq. Biz miskin biçarələr anlamırıq ki, bu kainat, bu dünya, bu insanlar, bu heyvanlar, bu bitkilər, bir sözlə gördüyümüz hər şey elə möcüzədir. Bu boyda möcüzələri qoyub, hələ də varlığına inanmaq üçün primitiv “möcüzələr” axtarırıq.

Bir para adamlar da, Səni xalq içində tamam rüsvay etməklə məşguldurlar. Yəqin bilməmiş olmazsan ki, bu adamlar üzdə özlərini Tanrı bəndəsi kimi göstərib, əslində Şeytana itaət edirlər. Haman bu məxluqlar bir çox yerlərdə müxtəlif biabırçı həngamələr çıxarmaqla, əslində, Sənin guya ağılsız və mazoxist olduğunu cəmaətə sübut etmək istəyirlər.

Məsələn, ora-bura Sənin müqəddəs adlarını yazıb, hamıya göstərirlər ki, görürsünüzmü Tanrı var (?). Gah məsum bir balığı tutub üstündə mismarla Sənin Adını cızırlar, gah da zoopark şirinin acından nərildəməsini Sənin adını çəkmək kimi qələmə verib dini şou düzəldirlər...

Güman ki, Özün də bilməmiş deyilsən ki, əslində, bu spekulyasiyalar Səni cılızlaşdırmaq və ağılsız kimi qələmə vermək cəhdləridir. Yoxsa ki, Sənin nəyinə lazımdır ki, mübarək adlarını ora-bura yazasan, yainki, heyvana-zada dedirdəsən.

Neçə min illərdir müdriklər “Tanrı” deyə bağırır, heç onları vecinə alan yoxdu, indi bu skeptik məxluqlar bir vəhşi heyvanamı inanacaqlar? Və yaxud da yaratdıgın dünyanın, kainatın hər yerinə elə imzan qoyulmayıbmı? Bu boyda imzanı görə bilməyən bəndələrin elə balaca və şübhəli cızma-qaralaramı inanacaqlar?

Mən bilirəm ki, Sən özünü belə ucuz reklam etməzsən və buna ehtiyacın da yoxdur. Əgər özünü xalqa göstərmək istəsən, elə mərdi-mərdanə çıxarsan meydana və deyərsən ki, ey günahkar bəndələrim, Mən burdayam, əgər Məni görə biləcək gözləriniz varsa, baxın. Bizim bir çoxumuz da heç nə görmərik, çünki hələ o səviyyədə kamilləşməmişik.

Sən maddi olmadığından bəşər oğlunun maddi gözləri Səni görə bilməz. Səni görmək üçün ən yüksək kamillik və müdriklik səviyyəsinə çatmaq, ruhi gözü açmaq lazım gəlir. Bu gözümüzü də elə kor ediblər ki, onu açmaq hər adamın işi deyil.

Üstəlik, bəzi din xadimlərinin dediyinə görə, Səni heç kim heç vaxt görməyib və görə də bilməz (?!). Ateistlər də bundan istifadə edib, orda-burda Sənə qarşı əks-təbliğat kampaniyası aparırlar ki, bir halda ki, Onu heç kim görə bilməyib, onda biz necə əmin olaq ki, Tanrı var?

Materialist elm hələ də Sənin varlığını “rəsmən” təsdiq etməyib, baxmayaraq ki, bunu təsdiq edən saysız hesabsız elmi faktlar var. Alimlərimiz teleskop-filan kəşf edib kainatda Səni axtarırlar, amma tapa bilməzlər!

Bizi bu müvəqqəti dünyaya göndərdikdən sonra neçə-neçə elçi göndərdin ki, bizə doğru yolu göstərsinlər. Möhşətəm möcüzələr göstərdilər, amma yenə adamlar Sənə inanmadı.

Hər ümmətə elçini öz içlərindən göndərirsən, onlar da onu uşaqlıqdan adi insan kimi tanıyırlar, sonra da onun ilahi elçi olduğuna şəkk edirlər. Bundan əlavə göndərəndə qoltuğuna Kitab verib göndərmirsən, vəyhlə, nə bilim mələk-filan vasitəsilə danışırsan. Onlar da Sənin Sözlərini başlayırlar öz ümmətlərinə çatdırmağa.

Bunun üstündən də bir çox zaman keçdikdən sonra, adamlar o sözləri təhrif edirlər. Ona görə də, mənim bir təklifim var, ey böyük Yaradan, gəl bu sözləri qəribçiliyə salma, bir də nə vaxtsa bizə elçi, kitab göndərmək istəsən belə elə: Birincisi, yaxşı olar ki, elçi yer əhlindən olmasın, ikincisi elə möhtəşəm möcüzələr göstərsin ki, adamların ağzı açıla qalsın, üçüncüsü Kitabı hazır şəkildə və elə materialdan düzəldib göndərmək lazımdır ki, nə odda yansın, nə suda batsın, nə redaktə oluna bilsin, nə başqa formada korlana bilməsin, dördüncüsü Səni inkar edənə və Şeytana uyana elə bu dünyadaca ağır cəza ver ki, başqalarına dərs olsun. Bəlkə o zaman bu camaat Sənə tam inanar və Yer üzündə yenidən Qızıl Dövr bərqərar olar.

Ardı olacaq

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər