PDF Oxu

MİA

  • 2 901

Dmitri Kiselyov: “İlham Əliyev yeni dünya nizamının formalaşmasında fəal iştirak edən güclü geosiyasi oyunçudur” - MÜSAHİBƏ

image

“Russia Today” beynəlxalq media qrupunun baş direktoru, Rusiya Dövlət Tele-Radio Şirkətinin aparıcısı Dmitri Kiselyov “Moskva-Baku” portalına müsahibəsində Azərbaycan Prezidentinin ona müsahibəsində səsləndirdiyi fikirləri şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

-Dmitri Konstantinoviç, bugünkü geosiyasi vəziyyət fonunda Azərbaycan Prezidentinin sizə müsahibəsində səsləndirdiyi tezisləri necə görürsünüz və bu kimə mesajdır?

- Təbii ki, bunlar əhəmiyyətli bəyanatlardır. İlham Heydəroviç indi şahidi olduğumuz dünya xaosunun fonunda mütləq qala kimi görünür. O, sabitliyə və ənənəvi dəyərlərə sadiq qalan güclü geosiyasi oyunçudur. İlham Əliyev əvvəllər ona verilməyən sualları cavablandırıb. Kadrda onun cavablar haqqında necə düşündüyünü görürdünüz, o, nəinki klişelərlə cavab vermədi, həm də prinsipcə sualları bir növ kənara atmaq və ya cavab verməkdən yayınmaq istəmirdi; Azərbaycan Prezidenti qaldırılan mövzulara aydın və dolğun cavab verdi. Deyim ki, dövlət rəhbərlərinin müxtəlif cavab üslubları var. Mənim onlarla ünsiyyətdə təcrübəm var idi və məsələn, Qorbaçov belə cavab verməyi xoşlayırdı: siz ondan nəsə soruşursunuz, o da deyir: “Yaxşı, mən indi sizə bunu deyərəm...” Və sonra o, başqa mövzuda danışmağa başlayırdı. İlham Heydəroviç isə cavab verməkdən çəkinməyənlərdəndir. O, həmsöhbətini dinləyir, deyilən hər sözü dinləyir və dəqiq cavab verir, özünəməxsus yumor hissi və eyni zamanda, verdiyi cavablar dərin düşüncələrin və geniş siyasi təcrübənin, ölkəsinə sonsuz məhəbbətin bəhrəsidir.

-İlham Heydəroviçlə bir neçə dəfə görüşmüsünüz, bu dəfə sizi təəccübləndirən və ya sizin üçün yeni mənada açılan nəsə oldumu?

-Bilirsiniz, yəqin ki, mən hər dəfə görürəm ki, İlham Heydəroviç təkamül keçir: həm insani, həm də siyasi, lider kimi. Onun rəhbərliyi ilə ölkə sürətlə inkişaf edir. Liderin özünü inkişaf etdirməsi çox gözəldir. Eyni qabiliyyət avroromantizmdən reallığın tamamilə ayıq qavranılmasına qədər təkamül keçirmiş Vladimir Putində də var. İzah edim: Putin 2001-ci ildə Almaniyaya getdi və orada dostluq təklifi ilə Bundestaqda almanca danışdı, dedi ki, Avropaya inteqrasiya bizim də inteqrasiyamızdır, biz onun iştirakçılarıyıq. Almanlar onu alqışladılar və sonda bu təklifə passiv reaksiya verdilər. Sonra Rusiya prezidenti 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransında əlamətdar çıxış etdi. Amma əhəmiyyət vermədilər. Və nəticədə münasibətlər indi gördüyümüz vəziyyətə gəldi- Rusiya ilə Qərb arasında birbaşa hərbi qarşıdurmaya.

İlham Heydəroviç də təkamül keçir. Bir tərəfdən onun prinsipləri var, digər tərəfdən dəyişən dünya amili var ki, bu, liderdən bəzi fikirlərini dəyişməyi tələb edir, yeni qiymətləndirmələr və yeni hərəkətlər tələb edir. Mənə elə gəlir ki, bu, Azərbaycan üçün sevindirici haldır, çünki İlham Əliyev yeni hadisələrə, eyni zamanda, milli maraqlara xidmət edən ənənələrə çox həssas yanaşır. Və bu həssaslıq köhnə prinsiplərlə birləşərək onu çox müasir və sabit, siyasi cəhətdən şəxsi edir və bütün bunlar eyni zamanda Azərbaycana sabitlik verir. Azərbaycan lideri yeni reallıqları asanlıqla idarə edir. O, Qərbə, xüsusən də Fransaya daha çox şübhə ilə yanaşırdı. Müsahibəsində o, atasının dövlət başçısı kimi ilk xarici səfərinin də Fransaya olduğunu bildirdi. İndi isə Fransa Makronun dövründə tamam başqa ölkəyə çevrilib– fərqli prinsiplərlə, fərqli münasibətlə. İndi Azərbaycanla Fransanın münasibətləri nəinki pozulur, iki ölkə bir-birinə düşmənçilik edir. Amma İlham Heydəroviç əlbəttə ki, bununla bağlı kompleksə malik deyil, fransalı həmkarına və onun gördüyü işlərə, mən deyərdim ki, mənəvi güc mövqeyindən, mənəvi üstünlük mövqeyindən yanaşır. Bu, İlham Əliyevin lider kimi təkamülünə dair bir sıra nümunələrdən yalnız biridir.

-Artıq bir ilə yaxındır ki, (Azərbaycan tərəfindən indiyədək bu dərəcədə sərtlik olmayıb) prezident tərəfindən ABŞ-a qarşı sərt tənqidlər görürük... Səbəb nədir? Ritorika dəyişikliyinə görə? Axı ABŞ əvvəllər də Azərbaycan Respublikasına qarşı belə davranıb...

-Azərbaycanın dövlət kimi mövqelərinin möhkəmlənməsi ilə. Əliyevin siyasətçi kimi təkamülü ilə. Qərbin Bakıya qarşı güclənən düşmənçilik hərəkətləri bunlarla bağlıdır. Azərbaycan hakimiyyətinin bu hərəkətlərə reaksiyası ölkənin suverenliyini gücləndirməkdir. Bu, Qərbin xoşuna gələ bilməz- ona həmişə tabe etmək istədiyi zəif dövlət hakimiyyəti lazımdır, Ukraynadakı çevrilişlə olduğu kimi, ölkələri anti-Rusiyaya çevirmək lazımdır. Rusiya ətrafındakı perimetri dağıtmağa cəhd etməklə, onlar bir vaxtlar əldə edə bildikləri hakim mövqelərini qoruyub saxlamağa çalışırlar. İndi bu üstünlük artıq yoxdur, lakin qıcolmalar və isterikalar var.

Çox təhlükəli dövrdür. Bu vəziyyətdə Qərbin öz “tövsiyələrini” tətbiq etmək istəyənlər üçün əsas məsələ bunu düzgün qiymətləndirmək və “Aİ-yə daxil olmaq üzrə danışıqlara başlayaq” vədlərinə, bəzi başqa eyhamlara aldanmamaqdır. Bu cür təkliflərdən sonra Qərb getdikcə daha çox yeni şərtlər irəli sürməkdə davam edir. Bu sahədə artıq dünya təcrübəsi toplanıb, Qərbin xəyanəti, öz vədlərindən imtina etməsi təcrübəsi toplanıb. Sözlərinin üstündə durmağı bilmirlər. Yaxşı, bundan sonra onlarla necə davranmalısan?

İlham Heydəroviç Azərbaycanın tamamilə parlaq şəkildə keçirdiyi BMT-nin COP29 iqlim konfransına Bakının ev sahibliyi etməsinə Qərbin “münasibətini” açıqladı. O, prezidentin dediyi kimi “yalançı dördlüyün”- “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde” qəzetlərinin Azərbaycanın COP29-da sədrliyini hər cür yolla gözdən salmağa çalışdıqlarını təsvir edib. 80-ə yaxın dövlət və hökumət başçısının iştirak etdiyi belə bir mötəbər qlobal iqlim sammitinə ev sahibliyi edən Azərbaycan onu möhtəşəm tədbirə çevirdi. Bu Qərb mediası təşəkkür sözləri əvəzinə (baxmayaraq ki, Azərbaycan Qərbin belə təbliğ etdiyi “yaşıl” gündəmi müdafiə edir) Azərbaycanı aşağılamağa və COP29-un sədrliyinin nailiyyətlərini puç etməyə çalışdı. Qəbuledilməz haldır. Bu, Qərbin qeyri-səmimiliyinin növbəti nümunəsidir.

Müasir dövr xüsusilə dövlətlərə nümayiş etdirir ki, onlar Qərbin irəli sürdüyü cəfəngiyyatlara arxalana bilməzlər. Sizin öz proqramınız olmalı, öz suverenlik ideyanıza, milli maraqlarınıza arxalanmalısınız, dost dövlətlərə arxalanmalısınız, bu dostluqda ümumi dəyərlərə sadiq olmalısınız. Rusiya ilə Azərbaycan arasındakı münasibətlər müttəfiqlik münasibətləridir. Müttəfiqlərin Əməkdaşlıq Bəyannaməsi 22 fevral 2022-ci ildə imzalanıb. Rusiya ilə Azərbaycan arasındakı bu müttəfiqlik bugünkü beynəlxalq şəraitdə əvəzsizdir və onun gələcəkdə böyük inkişaf resursu var, İlham Heydəroviç müsahibəsində bunu təsdiqləyib.

Rusiya və Azərbaycan yeni, daha ədalətli dünya nizamının qurulmasında birlikdə iştirak edirlər. Daha ədalətli dünya nizamı çoxmərkəzli, çoxrəngli dünyadır. Bu dünyada isə ən önəmlisi özünüz olmaq və öz milli maraqlarınızdan çıxış etməkdir. Əgər siz xarici dövlətin milli maraqlarından çıxış edirsinizsə, o zaman bu, ölkənizi mütləq xoşbəxt etməyəcək. Buna misal olaraq Ukraynanı göstərmək olar. İndi Gürcüstan yenidən ölkəni sarsıtmaq cəhdləri ilə üzləşib.

İlham Əliyev mənfi manipulyasiyalara uğurla müqavimət göstərən hazırkı Gürcüstan hakimiyyətinə nümunədir. O, başa düşür ki, Qərb Gürcüstan vasitəsilə Qafqazı ələ keçirmək üçün növbəti cəhd edir. Əgər Ermənistan Qərbə getsə, Gürcüstanda turbulentlik yaşanır. Azərbaycan maraqlarına və yeni sabit dünya nizamının maraqlarına uyğundur ki, Gürcüstanda qanuni yolla seçilmiş hökumət güclənsin. Gürcüstan hökuməti Azərbaycanla münasibətlərini möhkəmləndirməkdə davam edir və mən, həqiqətən, ümid edirəm ki, Rusiya ilə diplomatik münasibətlərin bərpası kursunu təyin edib. Əgər əksinə olsa, Ukrayna hər şeyin necə bitdiyinin bariz nümunəsidir. O, bütün imkanlarını itirdi və Qərbdə heç nə qazanmadı, yalnız itirdi.

İlham Əliyev bu gün yeni dünya düzəninin görkəmli tərəfdarıdır. Və çox aktiv, bacarıqlı, bacarıqlı oyunçudur.

Rusiya və Azərbaycan bu gün Cənubi Qafqazda Qərbin regionda sabitliyi pozmaq cəhdlərinə qarşı xətti tutan oyunçulardır. Bu cəhdlərə qarşı mübarizə regional və geosiyasi baxımdan Azərbaycan üçün çox vacibdir. Bölgədə sabitlik onun inkişafı üçün şərtdir.

-Prezident Əliyev ölkədə rus dili amilinin vacibliyini bildirdi və bəzi dövlətlər tərəfindən rus dilinin siyasi səbəblərdən ayrı-seçkiliyə məruz qoyulmasını tənqid etdi...

-Azərbaycan hakimiyyətinin rus dilinə böyük dəyər verməsi bir daha Prezident İlham Əliyev tərəfindən səsləndirildi. Prezident Əliyev çox düzgün mövqe seçib ki, onun ölkəsində rus dili Azərbaycan dilinə, Azərbaycan dili də rus dilinə qarşı deyil. Yəni, “ya…/ya da…” seçimi yoxdur. O, xüsusilə qeyd edib ki, Azərbaycanda rus dili heç bir halda Azərbaycan dilinə, şəxsiyyətə və mədəniyyətə heç bir zərbə vurmur. Mən deyərdim ki, Əliyev bu yolla mədəni səxavət nümayiş etdirir ki, onun ölkəsində rus dili mədəni əlavə kimi çıxış edir. Prezident isə vurğulayıb ki, Azərbaycan üçün rus dili müxtəlif istiqamətlərdə dünyaya əlavə pəncərədir: məsələn, rus dilində çoxlu elmi əsərlər çap olunur. Azərbaycanda 320-yə yaxın məktəbdə rus dilində də təhsil sektoru var. Amma Ermənistanda təəssüf ki, bununla bağlı vəziyyət mürəkkəbdir. Yəni Ermənistan Respublikası özünü belə yanaşmadan məhrum edir. Əvvəllər Ermənistanın Rusiyanın forpostu olması nə qədər deyilsə də, son nəticədə görürsən: əslində tamam başqa mənzərədir.

Əliyev rus dilini qorumaq və inkişaf etdirmək siyasətini dəstəkləyir, azərbaycanlılara rus dilində danışmaq və oxumaq imkanı verir. Çexovun dediyi kimi: "Nə qədər çox dil bilirsinizsə, o qədər çox sayda insansınız”.

Əliyevin siyasəti, o cümlədən rus dili ilə bağlı siyasəti çox müdrik və uzaqgörən görünür.

- Müsahibəniz zamanı daha bir çox maraqlı mövzu qaldırıldı, hansı ki, bu, uzun illərdir ki, ortada olub və hətta Xüsusi Hərbi Əməliyyatdan əvvəl də qaldırılıb. Azərbaycan prezidenti Rusiya ilə Qərb arasında münasibətlərin normallaşdırılmasında Bakının potensial vasitəçilik imkanlarını təklif edib...

-Yeni dünya nizamı məsələsi sırf Rusiya ilə ABŞ arasında aparılan danışıqlardır. Çünki Rusiya Federasiyası indi məhz yeni dünya nizamı, yeni dünya uğrunda müharibə aparır. İstənilən sülh isə müharibənin nəticəsidir. Azərbaycan bunu çox gözəl bilir. Prezident İlham Əliyev isə şəxsən Rusiyanın bu vəziyyətdə mövqeyini və milli maraqlarını başa düşür.

İkinci Dünya Müharibəsindən yaranan böyük sülh bizim nəslə qədər davam etdi. Əbədi sülh deyilən bir şey yoxdur və indi bizim nəslimiz yeni dünya qurmaq şərəfi və çağırışının qarşısındadır. Ancaq yenə də müharibə yolu ilə baş verir. Rusiya elə bir vəziyyətə gətirildi ki, əlində silah öz milli maraqlarını müdafiə etmək məcburiyyətində qaldı.

Rusiya ilə Qərb arasında Soyuq Müharibənin həlli, ləğvi 1975-ci ildə Helsinki Yekun Aktının imzalanması idi. Belə bir "qarşılıqlı güzəşt" indi- konkret olaraq Rusiya ilə ABŞ arasında birbaşa hərbi toqquşma şəklində və ya hamımız üçün ədalətli olan sülhün təminatı haqqında Rusiya Federasiyası ilə ABŞ arasında razılaşmalar şəklində gələ bilər. Hamı üçün bərabər təhlükəsizlik şəraitinin formalaşdırılması üçün. Çünki nüvə balansını saxlayan Rusiya və ABŞ-dır. Və bu nüvə tarazlığı qlobal sülh üçün şərtdir.

Putin ABŞ-a, Tramp Rusiyaya getməyəcək. Amma onlar neytral ölkədə görüşməlidirlər. Onlar Finlandiyada bir dəfə görüşdülər, lakin bu ölkə hələ NATO üzvü olmayanda. Azərbaycan Qoşulmama Hərəkatının bugünkü liderlərindən biri kimi, təbii ki, bu cür danışıqlar üçün əlverişli platformaya çevrilə bilər. Bundan başqa, İlham Heydəroviçin qeyd etdiyi kimi, Rusiya və ABŞ Baş Qərargahlarının rəhbərləri bir müddət əvvəl Bakıda görüşüblər.

Tərcümə -Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər