Şuşanın bülbül səsli xanandələrindən biri, muğam və opera müğənnisi, Azərbaycan SSR xalq artisti, İrəvanda türk dilində mahnı oxuyan xanəndə Əbülfət Əliyev 1926-cı ildə Şuşada anadan olub. Əbülfətin uşaqlıq illəri şuşalı musiqiçilərin ilin yaz və yay aylarında Cıdır düzü, Bazarbaşı kimi məkanlarda qurduğu məclisləri izləməklə, Seyid Şuşinski, Xan Şuşinski və Musa Şuşinskini dinləməklə keçib.
Atası Əsəd kişini çox erkən, hələ 7 yaşı olanda itirir. Ondan kişik Zahid adlı qardaşı, Məhbubə adlı bacısı olub. Bundan sonra anaları Mülayim övladlarını götürüb Füzuliyə, sonra da Ağdama köçür, kəndlərdə başaq yığmaqla güzəranlarını təmin edirlər. Təxminən dörd il Füzuli rayonunda yaşayır, sonra Ağdama köçürlər. Onun təhsilində Ağdamın 1 nömrəli şəhər məktəbi xüsusi rol oynayır, burada musiqi dərnəyinə yazılır, məlahətli səsi ilə diqqəti çəkir, məktəbin ictimai tədbirlərinə qatılır.
1938-39-cu illərdə Ağdam Müəllimlər evində Xan Şuşinskinin rəhbərliyi altında muğam sinfi açılıb. Xan Şuşinski uşaqlara qulaq asıb məsləhətlərini verirdi. Xan Əbülfətə qulaq asıb deyib: "Bala, sən məşqlərə gələrsən, səndən xanəndə olar". Gənclik yaşına hələ çatmayan, cəmi 16 yaşı olan Əbülfət bundan sonra dostu tarzən Elman Bədəlova birlikdə toylara getmək barədə düşünür, amma dostu “bizi bu yaşda heç kim toyuna aparmaz” deyir. Amma elə Çəmənli kəndinin ilk toy məclisində oxuyandan sonra onlar toyların ən tələb olunan xanəndə-tarzəni olur, Əbülfətin şöhrəti bütün Qarabağa yayılır.
Əbülfətin ilk ifalarını Seyid Şuşinski, Xan Şuşinski və Musa Şuşinski kimi sənətkarlar dinləyib, ona tövsiyyələr veriblər. 1945-ci ildə, 19 yaşında Bakıya gələrək dövlət radiosunda “Şuşanın dağları” mahnısını ifa edir. Elə həmin ildən etibarən Filarmoniyanın solisti kimi fəaliyyətə başlayır. 1946-cı ildə ilk eşqi Elza xanımla ailə qurur. Əbülfət Elzanı hələ Ağdamda pioner evindəki rəqs dərnəyində görüb aşiq olmuşdu. Onların bu evliliyindən Rauf adlı oğlanları, Rəisə adlı qızları doğulur.
1957-ci ildə ilk dəfə Opera teatrında Məcnun obrazını oynayır. Hüseynqulu Sarabskidən sonra Məcnunun ikinci ifaçısı məhz Əbülfət Əliyevdir. Rübabə Muradova ilə tərəf müqabili olduğu Məcnun rolu Əbülfəti çox məhşurlaşdırır. Uzun müddət Opera və Balet Teatrında çalışan xanəndə Kərəm, Şah İsmayıl rollarının da usta ifaçısı olub. 1964-cü ilin iyununda Azərbaycan SSR xalq artisti fəxri adını alıb.
Xanəndənin repertuarında "Dinə bilmədim", "Bu qala, daşlı qala", "Ay Pəri", "Endim bulaq başına", "Bülbüllər gəzər bağı", "Tel nazik", "Saçları burma", "Gəl-gəl", "Xal yanağında", "Qara gözlüm" kimi 400-dən çox xalq və bəstəkar mahnıları vardı. Onun ən sevilən mahnılarından “Ögey ana” filmində səsləndirilən “Eşqimin növrağı”, “O körpəmin anasıdır” mahnıları da çox sevilib. Əbülfət Əliyevi İranda, Hindistanda, Misirdə, Almaniyada çox bəyənən vardı, mütəmadi çıxış üçün bu ölkələrə gedirdi. Sovet dövründə İrəvanda qastrolda olarkən xəbərdarlıqsız türk dilində mahnı oxuyur. Türk dilində ifanı eşidən erməni tamaşaçıların arasında dərin bir səssizlik çökür, amma sonra bu mahnıya görə sərt tənqid olunur və dayanmadan Mərkəzi Komitəyə xanəndə haqqında tənqidi məktublar yazırlar. Nəticədə Əbülfət Əliyev töhmət alır.
Lakin aldığı töhmət onun sənətinə kölgə salmır. Şöhrəti gündən günə artan xanəndə 1971-ci ildə Moskvadan keçirilən Ümumdünya Musiqi Konqresinə dəvət edilir, onu UNESCO-nun xüsusi döş nişanı və diplomu ilə mükafatlandırırlar, ifasını ümumittifaq radiosu ilə yayımlayırlar.
Onun səhhətinə ilk zərbəni 1990-cı ildə Qarabağda baş verən hadisələr vurur. Bundan sonra xərçəng xəstəliyi baş qaldırır. Kədərini yanıqlı səsi ilə Zabul segahı oxumaqla ifadə edirdi. Lakin keçirdiyi sarsıntısına ifaları da dərman olmur, xəstəliyi sürətlə inkişaf edir. Elə həmin il, ad günündən 3 gün əvvəl, dekabrın 27-də, 64 yaşında vəfat edir.
Oğlu Rauf Əliyevin xatirələrindən: “Atam Şuşanı çox sevirdi. Doxsanıncı ilin yayında Qarabağın gərgin günləri idi, Şuşanın yolları bağlanmışdı. Atam Şuşanı görmək istəyilə alışıb-yanırdı. Şuşanın adını çəkəndə simasını kədər bürüyür, səsində bir qəhər hiss edilirdi... Çox vətənpərvər insan idi. İrəvana qastrol səfərinə gediblərmiş. Erməni tamaşaçıları onun ilk çıxışlarını sürəkli alqışlarla qarşılayırlar. Təkrar səhnəyə çıxanda tarzən Sərvər İbrahimova “gör indi türk mahnısı oxumaqla bunların kefinə necə soğan doğrayacağam” deyir. Səhnəyə çıxır, oxuyacağı mahnını elan etmədən tarzənə çalğıya başlamasını işarə edir.
Bayaqdan xanəndənin ifasını alqışla qarşılayan erməni tamaşaçıların üzərinə sanki qaynar su tökülür. Çıxışından dərhal sonra tənqid və məzəmmətlər başlayır. Bu mahnıya görə atamı çox incitdilər. Ermənilər rahat oturmadılar, Mərkəzi Komitəyə qədər şikayət etdilər, sonda töhmət aldı. Səhhətindən şikayət etməmişdi. Səsi korlanar deyə, soyuq su içməz, siqaret çəkməzdi. Spirtli içkilərdən də uzaq idi. 1990-cı ilin yayında ilk dəfə səhhətindən şikayətçi oldu, həkimə apardıq, mədə xərçəngi diaqnozu qoyuldu. Ancaq həkimlərin səyi, iynə-dərman bir nəticə vermədi. Ömrünün son 90 günü əziyyət çəkdi”.
Xan Şuşiniski onun Məcnununu gördükdən sonra “sənin bu işin zor işdir” deməkdən özünü saxlaya bilməyib. Bülbül “qorxuram tez baxım, sənin haqqında təəssüratlarım alt-üst ola” deyərək 25-ci tamaşaya qədər onun ifasına baxmaqdan imtina edib. 25-ci tamaşada ön cərgədə oturaraq həyəcanla Opera Teatrının yeni Məcnununun ifasını izləyib. Sonra da pərdə arxasına keçərək, xanəndənin əlini sıxaraq “artıq səhnəmizdə Məcnunumuz da var” deyib.
Əbülfət Əliyev Məcnunu 30 yaşında oynamışdı, 10 il sərasər bu rolu ifa etdi, lakin 40 yaşına çatanda Məcnunu oynamaq istəmir, “məhəbbət cavana yaraşır, şükür ki, mən də Məcnunu cavan yaşımda oynadım” deyərək sevdiyi rola əlvida deyib.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb