Elçin Bayramlı
əvvəli burada
https://sesqazeti.az/news/mia/1233543.html
IX YAZI Başqa qalaktikaya məxsus gəmidə Günəş sisteminə təhlükəli səyahət
“Biz göyləri, yeri və onların arasında olanları oyun və əyləncə üçün yaratmadıq”- (Quran, Duxan surəsi, 38-39)
Kainatın möcüzəvi quruluşunu və yaranmasının elmi əsaslarını əvvəlki yazılarda təsvir etdik. İndisə Günəş sistemi ilə tanış olmaq vaxıtıdır. Beləliklə, başqa sivilizasiyanın nümayəndə heytəi qismində Andromeda qalaktikasından 5-ci kosmik sürətlə Süd yolu Qalaktikasına daxil olur və onun mərkəzinə yaxın yerləşən Günəş sisteminə doğru irəliləyirik.
Sistemin sərhədlərində ilk qarşılaşacağımız planet Pluton olacaq. Bu kiçik göy cismi, olduqca soyuq bir yerdir. Təxminən -238⁰ C qədər!.. Bu dondurucu soyuqluqdakı planetin çox nazik atmosferi var. Lakin bu atmosfer, sadəcə, eliptik bir orbitə sahib olan planetin Günəşə yaxın olduğu dövrlərdə qaz halında olur. Digər vaxtlarda isə, buz kütləsinə çevrilir. Bir sözlə, Pluton, ölü bir buz kütləsidir.
Yeri gəlmişkən, bir neçə il qabaq alimlər bu planeti “cığallıq etdiyi üçün” Günəş sisteminin rəsmi xəritəsindən çıxardılar. Məlum oldu ki, Pluton “bizi aldadıbmış”- heç vaxt Günəş ətrafında tam dövrə vurmayıbmış və sistemin sərhədlərində “qəribə”- tam olmayan orbital trayektoriyada “özü üçün” gəzirmiş.
Günəş sisteminin mərkəzinə doğru irəlilədikdə Neptunla qarşılaşırıq. Bu planet də olduqca soyuqdur: Səth temperaturu -218⁰ C. Hidrogen, helium və metan qazlarından ibarət atmosferi insan üçün zəhərlidir. Üstəlik, planetin səthində, sürətləri saatda 2000 km-ə çatan qorxunc fırtınalar əsir.
Mərkəzə doğru davam edirik və tezliklə Urana çatırıq. Uran özündə böyük miqdarda qaya və buz ehtiva edən bir "qaz planeti"dir. Atmosfer temperaturu -214⁰ C. Hidrogen, helium və metan tərkibli atmosferi həyat üçün qətiyyən əlverişli deyil. Adı kimi özü də qorxuludur.
Davam edirik və xeyli yol getdikdən sonra Saturna çatırıq. Günəş sisteminin bu 2-ci böyük planeti ətrafındakı halqalarıyla məşhurdur. Bu halqalar qaz, buz və toz parçalarından ibarətdir. Ən qəribə olan Saturnun quruluşudur. Bu,tam mənasıyla bir qaz planetidir, kütləsinin 75%-ni hidrogen, 25%-i isə, heliumdan ibarətdir. Sıxlığı suyun sıxlığından belə azdır. Əgər Saturna enmək istəsək, gərək gəmimiz üzə bilən "rezin qayıq" kimi düzəlmiş olsun. Temperatur bu planetdə də çox aşağıdır: -178⁰ C.
Bir qədər də irələyirik və Günəş sisteminin ən böyük planeti olan Yupiterə yaxınlaşırıq. Kütləsi yerin 318 misli olan Yupiter də “qaz planeti”dir. Planetin atmosferi hesab edilə biləcək üst hissələrindəki temperatur -143⁰ C-dir. Yupiter, üzərində heç bir quru parçası olmayan, dəhşətli bir şaxtanın hökm sürdüyü, yüzlərlə il davam edən böyük fırtınaların yaşandığı, maqnit sahəsi hər canlını dərhal öldürəcək qorxunc bir planetdir. Lakin onun vəzifəsi Yer planetini kosmik cismlərdən, quyruqlu ulduzlardan- asteroidlərdən qorumaqdır. Bu səbəbdən ona uzaqdan minnətdarlıqla baş əyib yolumuza davam edirik.
Yupiterdən sonra Günəş sistemində “çatışmayan” bir planetin yerində böyük asterodlər qurşağı fırlanır. Bəzi ehtimallara görə, bu vaxtilə bu orbitdə olmuş və naməlum səbəbdən darmadağın olmuş Faeton planetinin milyardlarla sayda olan qalıqlarıdır. Bəzi mifik ehtimallara görə, bu planetdə həyat mövcud olmuş, lakin sivilizasiya texnoloji cəhətdən son dərəcə güclü inkişaf edərək dəhşətli dağıntıya səbəb olan nüvə müharibəsi nəticəsində parçalanıb dağılmışdır. Xilas olanlar kosmik gəmilərlə həyat üçün yeganə imkan olan Yer planetinə köçüblər. Bu, elmi təsdiqlənmiş fakt deyil, sadəcə maraqlı fərziyyə olduğu üçün yazdıq. Bu asteroid qurşağından keçmək təhlükəlidir, birtəhər sivişib aradan çıxırıq.
Xeyli yoldan sonra qarşıda qırmızı planeti görürük. Marsın atmosferi böyük miqdarda karbon qazı ehtiva edən zəhərli qarışıqdır. Planetdə qətiyyən su yoxdur. Səthində böyük meteoritlərin toqquşmasından meydana gələn nəhəng kraterlər görünür. Çox güclü küləklər və aylarla davam edən qum fırtınaları cövlan edir. Temperatur -53⁰ C-yə yaxındır. Burada nə vaxtsa həyatın olduğu haqda bəzi fərziyyələrə baxmayaraq, Mars ölü planetdir. Burda enib yaxından baxmağa heç bir maraqlı mənzərə yoxdur, ona görə yanından keçib davam edirik.
Bir az sonra gəmimizin müşahidə ekranlarında gözəl bir planet görürük. Səthinin 70 faizini su təşkil etdiyi halda, sakinləri bura Yer planeti deyirlər.
Kosmosdan mavi mirvari kimi görünən bu səma cismi bioloji həyatın mövcud olduğu yeganə planetdir, üstəlik son dərəcə gözəl və zəngin bir dünyadır, lakin bununla yanaşı burada insanların mövcud olması səbəbindən yaşamaq üçün son dərəcə təhlükəli planetdir. Əgər gəminiz bu planetə aid deyilsə, planetin aşağı orbitinə ensəniz və bu gözəlliyi yaxından seyr etmək həvəsinə düşərək onun atmosferinə girsəniz sizə ballistik raketlərlə atəş aça bilərlər və səfəriniz yarımçıq qalar. Biz şərti olaraq başqa qalaktikaya məxsus gəmidə hərəkət edirik, ona görə də belə riskə getməyə dəyməz. Bu səbəbdən, onun yanından sakitcə sivişib Günəşə doğru davam edirik və qarşımızda Veneranı görürük.
Yerdən baxdıqda səmada ən parlaq ulduz kimi görünən bu planeti öz aramızda “Dan ulduzu” adlandırırıq. Venerada daha əvvəl rast gəldiyimiz dondurucu soyuqların əksinə, qızmar istilik hökm sürür. Temperatur səthdə təxminən 450⁰ C-yə qədər çatır. Sıx karbon qazı və kilometrlərlə qalınlığa malik sulfat turşusu təbəqəsindən ibarət ağır atmosferinin təzyiqi səthdə 90 atmosferə çatır. Buna görə də, planetə həmişə məhvedici turşulu yağışlar yağır. Cəhənnəmi xatırladan belə bir mühitdə, heç bir canlı yaşaya bilməz. Ona görə də, bu planetdən də aralı keçərək sistemin sonuncu planetinə doğru irəliləyirik.
Merkurinin ən qəribə xüsusiyyəti, öz ətrafında görünməmiş dərəcədə yavaş fırlanmasıdır. Belə ki, Merkuri Günəş ətrafında 2 dəfə fırlandıqda, öz ətrafında yalnız 3 dəfə fırlanmış olar. Yəni, burada 2 il cəmi 3 günə bərabərdir. Gecə ilə gündüzün bu qədər uzun davam etməsi nəticəsində planetin bir üzü qızmarlaşdığı halda, o biri üzü şaxtadan donur. Nəticədə gecə ilə gündüz arasındakı temperatur fərqi təxminən 1000⁰ C-yə çatar. Əlbəttə ki, belə bir mühit, heç bir canlının sağ qalmasına imkan verməz. Burada artıq səyahətimizə son verməliyik, çünki Günəşə yaxınlaşmaq haqda fikirləşməyə belə dəyməz. Kainatda bundan qorxulu hərəkət möcvud deyildir.
Beləliklə, aydın olur ki, ən azı Günəş sistemində yeganə həyat forması yalnız Yer planetində mümkündür. Yer kürəsi digər planetlərdən fərqli olaraq atmosferindən relyef formalarına, temperaturundan maqnit sahəsinə, elementlərindən Günəşə olan məsafəsinə qədər, istənilən tarazlığı, tamamilə həyat üçün əlverişli şəkildə yaradılmışdır.
Bunlarla yanaşı planetlərin ölçüsü də həyat üçün əhəmiyyətlidir. Planetimizi, Pluton kimi “cırtdan” və ya Yupiter kimi nəhəng planetlərlə müqayisə etdikdə aydın olur ki, Yer Planeti ən optimal ölçüdə formalaşdırılıb.
Amerikalı geoloqlar Frank Press və Raymond Siever Yer kürəsinin bu uyğunluğu haqqında belə yazırlar:
“Yer kürəsinin böyüklüyü tam lazımi həddədir. Əgər indikindən daha kiçik olsaydı, cazibə qüvvəsi çox zəifləyəcək və atmosferi öz ətrafında tutub saxlaya bilməyəcəkdi, daha böyük olsaydı isə, bu dəfə də cazibə qüvvəsi çox güclənəcək və bəzi zəhərli qazları da tutub saxlayaraq atmosferi öldürücü hala gətirəcəkdi...”. F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, səh. 4.
Planetimizin quruluşu haqda elmin heyrətini digər amerikalı alim belə təsvir edib:
“Yer kürəsi; atmosferi və okeanlarıyla, mürəkkəb biosferiylə, uyğun şəkildə oksidləşdirilmiş qabığıyla, zəngin silisium yataqlarıyla, çökmə və ya maqmatik süxurlarıyla, zəngin buzlaqları, səhraları, meşələri, tundraları, otlaq sahələri, şirin sulu gölləri, kömür və neft yataqları, vulkanları, heyvanları, bitkiləri, maqnit sahəsi, okean dibi relyefi və hərəkətli maqmasıyla... heyrətləndirici dərəcədə mürəkkəb sistemdir”. Amerikalı geoloq J. S. Lewis.
Yerin atmosferi və səthi ilə yanaşı, daxili quruluşu da həyat üçün xüsusi quruluşa malikdir. Bu daxili quruluşdakı təbəqələr sayəsində, Yer müəyyən maqnit sahəsinə malikdir və bu maqnit sahəsi həyatın qorunub saxlanması üçün çox əhəmiyyətlidir.
Press və Siever bu vəziyyəti belə izah edir:
“Yer kürəsinin nüvəsi çox böyük həssaslıqla tarazlanmış və radioaktivlik vasitəsilə qidalanan istilik mühərrikidir... Əgər bu mühərrik daha yavaş işləsəydi, qitələr indiki strukturlarına sahib olmazdılar... Dəmir heç vaxt əriməz və mərkəzdəki maye nüvəyə enməzdi və beləliklə də, Yerin maqnit sahəsi heç vaxt əmələ gəlməzdi... Əgər Yer kürəsinin daha çox radioaktiv yanacağı olsaydı və dolayısilə daha sürətli istilik mühərrikinə sahib olsaydı, vulkanik buludlar Günəşi örtəcək qədər qalın olar, atmosfer həddən artıq dərəcədə sıxlaşar və Yer səthi də demək olar ki, hər gün vulkanik partlayışlar və zəlzələlərlə sarsılardı”. F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, səh. 4
Yerin nüvəsinin quruluşundan qaynaqlanan bu maqnit sahəsi həyatımız üçün böyük əhəmiyyətə malikdir. Atmosferdən xeyli kənaradək uzanan bu sahə sayəsində Yer kürəsi kosmosdan gələn təhlükələrdən qorunur. Günəşdən və digər ulduzlardan gələn öldürücü kosmik şüalar planetimizin ətrafındakı bu qoruyucu qalxandan keçə bilmirlər. Xüsusilə də, Yer kürəsinin on minlərlə kilometr uzaqlıqda maqnit halqalar meydana gətirən “Van Allen” radiasiya qurşaqları Yer kürəsini bu öldürücü enerjidən qoruyur.
Bəhs olunan plazma buludlarının Xirosimaya atılan gücdə 100 milyard atom bombasına bərabər olduğu hesablanmışdır. Eynilə kosmik şüalar da çox şiddətli ola bilir. Lakin Yerin maqnit sahəsi, bütün bu öldürücü şüaların yalnız 0,1%-nin keçməsinə imkan verir və 0.001%-lik hissəsi də atmosfer tərəfindən udulur.
Əgər Yer kürəsinin bu maqnit qalxanı olmasa, Yer üzündəki həyat tez-tez öldürücü şüalarla məhv olacaq, ümumiyyətlə, heç vaxt mövcud olmayacaqdı.
Bu vəziyyət Quranda belə ifadə olunub: “Biz göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər” (Ənbiya surəsi, 32).
Beləliklə, buraya qədərki yazılarımızda kainatın mükəmməl quruluşunun və planetimizdə həyatın məqsədli şəkildə yaradılmasının elmi dəlillərini yığcam formada verdik. Yekun olaraq, nəticə nə çıxır? Kainat və həyat təsadüfənmi meydana çıxıb?
Bununla bağlı məşhur britaniyalı riyaziyyatçı və Stiven Hokinqin yaxın əməkdaşı olan professor Dr. Roger Penrose “Big Bang”-in digər mümkün nəticələri ilə müqayisədə canlıların yaşaya biləcəyi bir mühit ehtimalının nə qədər olduğunu təyin edib.
Penrose-un müəyyənləşdirdiyi 10 üstü 123-də 1 ehtimal təşkil edir! Bu 1 rəqəminə 123 sıfırın əlavə edilməsi ilə əmələ gəlir və bunu insan beyni ilə heç cür təsəvvür etmək mümkün deyildir. Bu, hətta kainatdakı bütün atomların sayından ağlagəlməz dərəcədə böyükdür.
Riyaziyyatda 10 üstü 50-də 1-dən kiçik ehtimallar “sıfır ehtimal” sayılır. Ancaq bəhs etdiyimiz rəqəm 10 üstü 50-də 1-dən, elmdə adı belə mövcud olmayan ədəd qədər böyükdür. Bir sözlə, bu rəqəm bizə kainatın və həyatın təsadüfən yarandığını iddia etməyin qətiyyən mümkün olmadığını göstərir.
Prof. Penrose ağıl həddini aşmış bu rəqəmi belə şərh edir:
Bu rəqəm bizə Yaradanın məqsədinin nə qədər kəskin və aydın olduğunu göstərir. Bu, həqiqətən də qeyri-adi rəqəmdir. Bunu natural ədədlərlə belə yazmaq olmaz, çünki 1 rəqəmindən sonra 123 sıfır qoymaq lazımdır. Kainatdakı bütün protonlara və bütün neytronlara sıfır yazsaq belə, yenə də bu rəqəmi yazmaqdan çox geri qalacaqdı. Rocer Penrose, İmperatorun Yeni Ağlı, 1989; Maykl Denton, Təbiətin taleyi, Nyu York: The Free Press, 1998, səh. 9.
Şübhəsiz ki, belə mükəmməl bir kainatda yaşamağımız kor-koranə təsadüflərin, şüursuz atomların verdiyi qərarların və ya onların yaratdığı nizamın nəticəsi deyil. Sonsuz qüdrət və hikmət sahibi olan Uca Yaradan “Quran”da göylərin və yerin bir məqsədlə yaradıldığını bizə belə bildirmişdir:
Biz göyləri, yeri və onların arasında olanları ancaq ədalət üçün yaratdıq. O saat, şübhəsiz ki, yaxınlaşır; Elə isə (onlara qarşı) gözəl rəftar edin. (Hicr surəsi, 85)
Biz göyləri, yeri və onların arasında olanları oyun və əyləncə üçün yaratmadıq. Biz onları ancaq haqq olaraq yaratdıq. Lakin onların çoxu bilmir. (Duxan surəsi, 38-39).
ardı olacaq
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb